“Mən Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mövqeyi ilə tanış oldum. Bildirmək istəyirəm ki, Dövlət Departamentinin ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı bu cür qeyri-obyektiv, qərəzli bəyanatı heç bir reallığa əsaslanmayan sənəddir”.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən prezident seçkiləri barədə bəyanatı ilə bağlı APA-nın sorğusuna cavab olaraq demişdir.
A. Qasımov bildirmişdir ki, bu bəyanat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hazırladığı hesabata əsaslanır: “Əvvəla qeyd etmək istəyirəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu məşvərətçi qurumdur. Onun qərarları və hesabatları yalnız tövsiyə xarakteri daşıyır. ABŞ Dövlət Departamentinin belə bir qurumun hesabatına əsaslanan fikirlər söyləməsi başa düşülən deyil. Ölkəmizdə keçirilən prezident seçkilərinin gedişini dünyanın müxtəlif ölkələrindən, nüfuzlu beynəlxalq təşkilatlardan, o cümlədən Avropa Parlamentindən, Avropa Şurasından, MDB-dən, İslam Əməkdaşlıq Təşkilatından və ayrı-ayrı beynəlxalq təsisatlardan çoxsaylı müşahidəçilər missiyası izləyib. Onların hamısı seçkilərin şəffaf, ədalətli və tam demokratik şəraitdə keçirilməsi ilə bağlı müsbət rəy veriblər. Xüsusilə qeyd etmək istərdim ki, ABŞ-ın xeyli sayda senatorları və konqresmenləri də bu fikirləri təsdiqləyirlər. Lakin bu rəylərin heç biri ATƏT-in və bu təşkilatın hesabatına istinad edən Dövlət Departamentinin bəyanatında qətiyyən nəzərə alınmayıb. ABŞ Dövlət Departamentinin qeyri-obyektiv qiymətləndirməsi ilə bağlı belə bir məqamı diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan cəmi 20 ildir ki, öz müstəqilliyini əldə edib. Bu qısa müddətdə ölkəmizdə demokratik təsisatlar yaradılıb, bütün səviyyələrdə ədalətli seçkilərin və digər demokratik prinsiplərin təmin olunması istiqamətində irəliyə doğru mühüm addımlar atılıb. 200 ildən artıq demokratik inkişaf yolu seçmiş Amerika Birləşmiş Ştatlarının özündə isə seçki sistemi və seçki prosesi ilə bağlı ciddi problemlər mövcuddur. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, ABŞ-da seçki sistemi ilə bağlı qanunvericilik mexanizmi bu vaxta kimi tam işlənib hazırlanmayıb.
2004-cü ildə ABŞ-da prezident seçkilərində iştirak edən çoxlu sayda müşahidəçilər - yeri gəlmişkən deyim ki, bunların əksəriyyətini elə ATƏT müşahidəçiləri təşkil ediblər - belə neqativ halları qeyd ediblər ki, 2002-ci ildə ABŞ-da başlanmış seçki islahatları prosesi hələ tamamlanmayıb. Səsvermə üçün bülletenlərin əl ilə hesablanması və yoxlanmasına imkan verməyən maşınlardan istifadə olunur, doldurulmuş bülletenlərin seçki məntəqələrinə faksla yollanılmasına icazə verilir, təkcə müxtəlif ştatlarda deyil, hətta eyni bir ştat ərazisində belə müxtəlif səsvermə prosedurları mövcuddur. Seçki məntəqələrində polis-təhlükəsizlik tədbirləri gücləndirilir.
ATƏT müşahidəçiləri belə bir fakta da diqqət yetiriblər ki, ABŞ seçicilərinin 20 faizə yaxınının “otkrepitel” sistemi ilə səs verməsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsi gizli səsvermə prinsipini təmin edən 21-ci bəndinin kobud surətdə pozulması deməkdir.
Ümumiyyətlə, müşahidəçilərin rəyinə əsasən, ABŞ seçki sistemi mənən köhnəlib. Belə ki, 2000-ci ildə keçirilən prezident seçkilərində səsvermə zamanı səslərin sözün əsl mənasında barmaqlarla hesablanması hallarına yol verilib.
ABŞ-da bildiyiniz kimi, birbaşa səsvermə təcrübəsi yoxdur və seçicilər kollegiyası tərəfindən həyata keçirilir ki, bu da öz növbəsində ciddi problemlər yaradır. Namizədlər teledebatlarda çıxış hüququ tam təmin edilmir. Belə ki, əsas teledebatlar yalnız iki partiyanın namizədləri arasında aparılır. ABŞ-da seçicilərin qeydə alınması sisteminin zəifliyi ucbatından hər seçkidə milyonlarla amerikalının səsi nəzərə alınmır. Ötən prezident seçkiləri zamanı təkcə iki partiyanın deyil, müstəqil müşahidəçilərin də seçki məntəqələrinə buraxılmasında problemlər mövcud olub.
ABŞ seçki sistemində yeni praktikaya əsasən əvvəlcədən seçici siyahısına daxil olmayan şəxslərə “müvəqqəti” bülletenlərin verilməsi də problemlər doğurur. ABŞ-ın bir sıra ştatlarında beynəlxalq müşahidəçilər seçki məntəqələrinə gələrsə cinayət təqibinə məruz qala bilər.
Bir daha qeyd etmək istəyirəm ki, ABŞ Dövlət Departamentinin Azərbaycan Respublikasında prezident seçkiləri ilə bağlı bəyanatı qeyri-obyektiv və qərəzlidir".
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.