Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar verdiyi bəyanata münasibətdə öz dərin təəssüfünü bildirir, bu bəyanatı qəbuledilməz hesab edir. 

Prezident seçkiləri 52000 yerli və 1300 əcnəbi müşahidəçinin iştirakı ilə Azərbaycan Respublikasının Konstitusiyası və seçki qanunvericiliyi əsasında azad, demokratik, ədalətli və şəffaf mühitdə keçirilmiş, Azərbaycan xalqı sərbəst və şüurlu şəkildə öz iradəsini ifadə etmişdir.

Seçkinin nəticələri və ümumilikdə seçki prosesi Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının müşahidə qrupu, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların, habelə 100 ölkənin seçki müşahidə missiyası tərəfindən azad, demokratik və ədalətli kimi qiymətləndirilmişdir.

Seçki prosesində qanunvericiliyin tələblərinə uyğun olaraq namizədlərin qeydiyyata alınması, seçki təbliğat-təşviqat kampaniyalarının aparılması, sərbəst toplaşma və özünü ifadə azadlığının təmin edilməsi üçün bütün zəruri tədbirlər tam şəffaf şəkildə həyata keçirilmişdir. 

Ümumiyyətlə, bu seçkilər beynəlxalq və yerli müşahidəçilərin də qeyd etdikləri kimi, Azərbaycanın demokratik yolla inkişafı prosesində irəliyə doğru daha bir vacib addım olmuşdur. Seçki prosesinin təşkili bir daha onu sübut edir ki, Azərbaycan Respublikası Hökuməti qəbul etdiyi beynəlxalq öhdəliklərinə uyğun olaraq demokratik prosesin vacib elementi olan seçkilərin keçirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində nəzərəçarpacaq dərəcədə nailiyyətlər əldə etmişdir.

Bəzi seçki məntəqələrində tək-tük pozuntu hallarına və texniki qüsurlara yol verildiyi təqdirdə bu barədə Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq strukturlara müraciət edilməsi əvəzinə, bunların ümumiləşdirilmiş formada bütün seçki prosesinə aid edilməsi, prezident seçkilərinin beynəlxalq standartlara cavab verməməsinin iddia edilməsi və siyasi mülahizələrlə seçkilərə kölgə salınması cəhdləri heç bir halda ədalətli hesab edilə bilməz. Bu kimi yanaşma ABŞ-ın Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur və eyni zamanda, tam şəkildə qərəzli və qəbuledilməz olaraq, seçkilərdə azad iradəsini sərbəst şəkildə ortaya qoymuş Azərbaycan vətəndaşlarına münasibətdə hörmətsizlik kimi qiymətləndirilir.

Bir daha qeyd etmək istərdik ki, Avropa Parlamenti, AŞPA və İƏT daxil olmaqla, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti və eyni zamanda, Azərbaycan, ABŞ və Fransadan olan beş müstəqil təşkilatın keçirdiyi “exit-poll” sorğularının nəticələri hazırkı Prezident İlham Əliyevin tam və inamlı qələbəsini təsdiqləyir.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında