Beynəlxalq müşahidəçilər 9 oktyabr - prezident seçkilərini demokratik, şəffaf, ədalətli seçki kimi yüksək dəyərləndirdilər

 

 

 

Kanadadan Sheila Copps: “Seçkilərin ədalətli, şəffaf və demokratik şəkildə keçirilməsi aydın hiss olunur. Diqqətimi çəkən məqamlardan biri də odur ki, bir insan iki dəfə kağız götürmür. Bu da o deməkdir ki, seçki prosesində heç bir saxtakarlığa yol verilmir. Bununla yanaşı, vətəndaşlar öz səslərini ardıcıllıqla verirlər. Saatlar keçdikcə seçicilərin sayında xüsusi aktivlik nəzərə çarpır. İnsanlar yüksək əhval-ruhiyyədə məntəqələrə gələrək, səslərini verirlər. Azərbaycanda seçki prosesinə çox məsuliyyətlə yanaşıldığı ortadadır”.

 

Filippini təmsil edən Domini Torrevillas Suarez: “4 seçki məntəqəsində müşahidə aparan zaman səsvermədə kişilərin çoxluq təşkil etdiyinin şahidi oldum. Əvvəlcə, qadınların az olması diqqətimi çəksə də, saatlar keçdikcə tarazlıq yarandı. Qadın seçicilər arasında da xüsusi aktivlik müşahidə edilir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanda prezident seçkiləri texniki cəhətdən yaxşı təşkil olunub. Səsvermə prosesi normal keçir, hələlik qayda pozuntuları müşahidə olunmayıb. Bizim olduğumuz məntəqələrdə hər şey yaxşı təşkil edilib. Hər məntəqədə seçici siyahılarının olması, yerli və beynəlxalq müşahidəçilərin səsvermənin gedişini izləməsinə şərait yaradılması xoşumuza gəldi. Çünki bu, Azərbaycanın demokratiyasının əsas göstəricilərindən biridir”.

 

ATƏT Parlament Assambleyasının (PA) müşahidə missiyasının rəhbəri Doris Barnet: “Son 20 ildə bütün dünyada, o cümlədən Azərbaycanda seçki prosesi yaxşı tərəfə dəyişib. Biz seçki prosesində maraqlıyıq və onun Azərbaycanda neçə keçirildiyini bilmək istəyirik”.

 

GUAM-ın baş katibi, bu təşkilatın Müşahidə Missiyasının rəhbəri Valeri Çeçelaşvili: “Mən də daxil olmaqla GUAM-dan olan müşahidəçilər bir sıra seçki məntəqəsinə baş çəkdik və orada seçkilərə yaxşı hazırlığın şahidi olduq. Ümumilikdə mənim qiymətləndirməm müsbətdir. Biz gördüklərimizdən çox məmnunuq. Azərbaycan demokratik seçki nümunəsi göstərməyə qadir olduğunu sübut etdi”.

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanes Lenarçiç: “ATƏT DTİHB-nin 300-dən çox müşahidəçisi səsvermənin monitorinqini həyata keçirir. Hələlik aparılan müşahidənin nəticələri barədə şərh vermək tezdir və qurumun bütün müşahidəçiləri öz hesabatlarını təqdim etdikdən sonra missiya öz qiymətləndirməsini elan edəcək. Bizi ümumi mənzərə maraqlandırır. Bu, mozaika kimidir, biz hələlik onun ayrı-ayrı hissələrini görürük. Hər hansı müşahidəçinin məntəqədə gördükləri mozaikanın yalnız bir hissəsidir. 

 Azərbaycanda fəaliyyət göstərmiş uzunmüddətli missiya seçki kampaniyasının ayrı-ayrı mərhələləri - kampaniyanın KİV-də işıqlandırılmasını, MSK-nın və ümumən seçki administrasiyasının fəaliyyətini, namizədlərin apardığı kampaniyanı müşahidə edib. Bu gün müşahidəçilər səsvermənin gedişini və məntəqələr bağlandıqdan sonra səslərin sayılması prosesini də izləyəcəklər".

 

 “Ədalətli seçkilər uğrunda” Təşkilatından olan beynəlxalq müşahidəçi, İsraildən olan vəkil Yakob Qriqori: “Azərbaycanda seçki texniki cəhətdən yaxşı təşkil olunub. Səsvermə prosesi normal keçir, pozuntular müşahidə olunmayıb. Biz Bakıdakı 6 məntəqədə olduq. Bizim olduğumuz məntəqələrdə hər şey yaxşı təşkil edilib. Hər məntəqədə seçici siyahılarının olması, yerli müşahidəçilərin səsvermənin gedişini izləməsinə şərait yaradılması xoşumuza gəldi. Ümumən vəziyyət normaldır və biz hər hansı qanun pozuntusu qeydə almadıq. Adları seçici siyahılarında olmayan seçicilərin adları xüsusi siyahıya salınır və sonradan MSK tərəfindən təsdiqlənir. Beləliklə, onlar öz səsvermə hüququndan istifadə edə bilirlər”.

 

Serbiya parlamentinin nümayəndəsi, beynəlxalq müşahidəçi Vladimir İlic: “Səsvermə prosesi başlayandan bir neçə seçki məntəqəsində olmuşuq. Bu mərhələ üçün hər şey qaydasındadır və normaldır. Hələlik heç bir problemlə qarşılaşmamışıq”.

 

Gürcüstan parlamentinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Georgi Sereteli. “Azərbaycanda prezident seçkiləri sakit, normal şəkildə, qanuna uyğun keçirilir. Bu ana kimi biz Binəqədi və Biləcəridə 8-9 seçki məntəqəsində olduq. Bəzi seçki məntəqələrində seçici sıxlığı müşahidə olunub. Məntəqələrdə çoxlu müşahidəçilər var, nöqsan yoxdur. Bir çox məntəqələrdə veb-kameralar var. İndi görək günün ikinci yarısında seçki prosesi necə keçiriləcək. Əgər bu cür davam etsə, sonda bu proses tərəqqi kimi qiymətləndiriləcək”. 

 

Qayana Parlamentinin spikeri, beynəlxalq müşahidəçi Rafael Trotman. “İnsanlar həvəslidir, məntəqələrdə çoxsaylı seçici müşahidə olunur. Çox aktiv və davamlı səsvermə prosesi gedir. Bir məntəqədə açılış mərasimində iştirak etdim. Himn oxundu, çox bəyəndim. Açılışdan əvvəl himnin oxunması bu prosesə necə ciddi yanaşıldığını göstərir. Əvvəllər başqa ölkələrin də seçki proseslərində iştirak etmişəm. Onu deyə bilərəm ki, burada keçirilən seçkilər bütün normalara uyğun şəkildə aparılır”.

 

ATƏT-in müşahidə missiyasının üzvü, Slovakiya parlamentinin deputatı Andrey Kolesnikov: “Səsvermə prosesi çox yaxşı şəkildə təşkil edilib”.

 

Türkiyə parlamentinin CHP-dən olan deputatı Ensar Oğut: “Seçkilər çox gözəl, demokratik, şəffaf keçirilir, kameralar quraşdırılıb. Seçicilərə heç bir təzyiq göstərilmir. İnsanlar tam sərbəst şəkildə səs veriblər. Onların baş barmaqlarına boya da vurulur. Seçkidə kim qalib gəlirsə-gəlsin, uduzan adamın əlini sıxsın”.

 

Avropa Parlamentinin Çexiyadan olan deputatı Jiry Mastalka: “Səhər müşahidələrə başladığımız üçün deyə bilərəm ki, insanlarınız savadlıdır və qanuna uyğun şəkildə səsvermə hüquqlarından istifadə edirlər. Mən olduğum yerlərdə heç bir pozuntu, hətta heç bir şikayət belə eşitmədim. Seçki prosesi normal keçir”.

 

Polşa parlamentinin üzvü Tadeuş Vozniak: “Biz Azərbaycanda demokratiyanın necə inkişaf etməsini izləyirik. Bu vaxta qədər bir neçə seçki məntəqəsində olmuşuq və heç bir pozuntu müşahidə etməmişik. Ümumiyyətlə, deyə bilərəm ki, seçki prosesi normal keçir”.

 

 

Türkiyəli millət vəkilləri Əli Özgündüz və Malik Əjdər Özdəmir: “Seçki prosesi sakit və öz axarı ilə davam edir. Seçicilər üçün hər cür şərait yaradılıb. Məntəqədə seçicilər üçün yaradılan imkan təqdirəlayiqdir. Hər kəs gəlib öz səsini sakit və rahat şəkildə verir. Yəqin ki, gün ərzində onlar öz səslərini fəal şəkildə verəcəklər”.

 

Filippini təmsil edən Amado Valdez: “Apardığım müşahidələr nəticəsində gördüm ki, əhalinin prezident seçkilərinə inamı olduqca böyükdür. Seçkiyə olan axın yüksəkdir. Səhərə nisbətən günortaya yaxın olduğumuz məntəqələrdə seçicilərin sayı daha çox idi. Bu da yəqin ki, vaxtdan irəli gəlir. Səhər tezdən olmasına baxmayaraq, hər kəs seçki məntəqələrinə yüksək əhval-ruhiyyədə gəlir. Bu da diqqətimi çəkən məqamlardan biri oldu. Azərbaycanda prezident seçkilərinin bu qədər demokratik və şəffaf keçirilməsini gözləmirdim. Gözlədiyimizdən daha da uğurlu nəticə ilə qarşılaşdıq”.

 

Türkiyədən Gözde Dizdar: “Seçki prosesinə nəzər yetirdikdə hiss olunur ki, Azərbaycan bu işə çox ciddi hazırlaşıb. Hər şey yüksək səviyyədə təşkil olunub. Bununla yanaşı, seçki prosesini izləyən müşahidəçilər arasında müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələrin olması ölkənizin güvənini daha da artırmış olur. Prezident seçkiləri Azərbaycan xalqının taleyində çox əhəmiyyətli rola malikdir. Çünki kimin prezident seçilməsi bundan sonra dövlətinizin inkişafını və 5 illik gələcəyini təyin edəcək. Ona görə də mən belə düşünürəm ki, Azərbaycan xalqı seçki məsuliyyətini dərk edir. Onlara heç bir müdaxilə edilmədiyini də nəzərə alsaq, demokratik seçim etməkdə kifayət qədər sərbəst olduqlarını deyə bilərik. Buna görə də indidən seçkilərdə qalib gələcək prezidentə uğurlar arzulayırıq. Seçkilərin özü bütün beynəlxalq standartlara cavab verir”.

 

MDB müşahidə missiyasının üzvü Anna Karzalova: “İndiyə qədər gördüklərimi normal qiymətləndirirəm. Mənim olduğum məntəqə vaxtında açıldı. Gördüyümüz təcrübəyə əsasən səsverməyə ilk olaraq yaşlı nəslin nümayəndələri gəliblər”.

 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyasının rəhbəri Habib Kaabaçi:  “Biz artıq bir neçə seçki məntəqəsində olmuşuq, müşahidələr aparmışıq və indiyə qədər müşahidələrimizdən seçkinin yüksək səviyyədə təşkil olunduğunu deyə bilərəm. Bu, demokratiyanın və yaxşı idarəçiliyin göstəricisidir. Seçkilərdə gənclər aktiv iştirak edirlər. Bu seçkinin insanların etimadını doğruldacağına və insanların düzgün seçim edəcəklərinə əminəm”.

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) iki müşahidəçi - Barbara Miller və Dmitri Serov: “17 saylı Yasamal üçüncü seçki dairəsinin 30 saylı məntəqəsində Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdik. Seçici fəallığı yüksəkdir”.

 

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) nümayəndə heyətinin rəhbəri Jose De Venesiya: “Azərbaycanda seçkilər çox sakit demokratik şəkildə həyata keçirilir. Seçki prosesində bizi narahat edən heç bir məqam yoxdur. Hələlik, hər şey demokratik və sakit qaydada davam edir. Qeyd edək ki, seçkilər prosesində bu saata qədər heç bir qanun pozuntusu qeydə alınmayıb”.

 

İndoneziyadan olan beynəlxalq müşahidəçilər Menera Artaul və İnkiriband Robert İmmanuel: “Seçki normal, şəffaf şəraitdə keçir, hər hansı pozuntu halı yoxdur, müşahidəçilərə seçkini müşahidə etmək üçün normal şərait yaradılıb”.

 

MDB Parlament Assambleyasının təmsilçisi olan beynəlxalq müşahidəçi Nataliya Kondratenko: “Səsvermə tam şəffaf və demokratik keçir, indiyədək prosesə heç bir müdaxilə halı müşahidə olunmamışdır. Hazırda MDB PA-nın 3 təmsilçisi Göyçayda, iki təmsilçisi isə Ağdaşda seçki prosesini izləyir. Vətəndaşlar seçki məntəqələrinə gələrək müstəqil şəkildə istədikləri namizədə səs verirlər”.

 

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının baş katibi, həmsədri, Nepal, Vyetnam və Koreya müşahidəçilər qrupunun rəhbəri Çunq Ey Yonq: “Azərbaycanda seçkilər demokratik və sülh şəraitində keçirilir. Azərbaycan da Koreya kimi, demokratik istiqamətdə inkişaf edən ölkədir. Müşahidələrimiz əsasında deyə bilərəm ki, ölkənizdə seçkilər şəffaf keçirilir. Seçici fəallığı hiss olunan dərəcədədir. Azərbaycanın bizi müşahidəçilər qismində seçkilərə dəvət etməsi ölkənizin demokratiyasından və özünə olan güvənindən xəbər verir. Biz müşahidələrimiz zamanı bu güvənin nə dərəcədə doğru olduğunun şahidi oluruq. Azərbaycanda seçkilər gözlədiyimizdən də sakit və şəffaf keçirilir”.

 

Bolqarıstandan olan  müşahidəçi Həmid Həmid: “Azərbaycanda seçki ab-havası çox yüksəkdir. Bütün seçicilərdə xüsusi aktivlik müşahidə edilir. Seçkilər şəffaf keçirilir. Vətəndaşlar demokratik şəraitdə səslərini verir, heç bir problemlə qarşılaşmırlar. Saatlar keçdikcə seçici aktivliyi də xüsusi nəzərimizə çarpır”.

 

 

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev: “Azərbaycanda seçki kampaniyası kifayət qədər sakit keçir. Seçicilərin səsvermədə öz hüquqlarını ifadə etmələri üçün bütün şərait yaradılıb”.

 

 

Türkiyənin “Hürriyyət” qəzetinin dünənki sayında Azərbaycanda seçki mühiti, seçkinin nəticələrilə bağlı fikirlər, eləcə də rəy sorğuları yer alıb: “10 namizədin yarışdığı seçkilərdə hazırkı Prezident İlham Əliyevin qalib gələcəyi birmənalıdır. Qəzet “Cihan” xəbər agentliyinə istinadən yazır ki, İlham Əliyevin reytinqi seçki təbliğatı müddətində beynəlxalq müstəqil təşkilatların apardığı sorğu və araşdırmaların heç birində səksən faizdən aşağı düşməyib. Mütəxəssislərin fikrincə, Əliyevin seçicilərin 80 faizindən çoxunun səsini ala biləcəyinin əsas səbəbi ölkədə yaşanan iqtisadi sabitliklə bağlıdır”. 

 

19 saylı Nərimanov rayon birinci seçki dairəsinin  məntəqələrində müşahidə aparan 16 siyasi təşkilatın təmsil olunduğu Latın Amerikası və Karib dənizi ölkələrinin siyasi təşkilatlarının konfransı sədri Qustavo Karvajal Moreno: “Seçki fəallığı cox yüksəkdir. Barmaqlara mürəkkəb vurulması təcrübəsini alqışlayıram. Müşahidələrim zamanı hər hansı qanun pozuntusuna rast gəlməmişəm”.

 

İranın Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçisi, İran-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri Əhəd Qəzai: “Biz artıq 5-6 seçki məntəqəsində olmuşuq, müşahidələr aparmışıq və indiyə qədər müşahidələrimizdən əhalinin səhər saatlarından seçkilərdə aktiv iştirak etdiyinin şahidi olmuşuq. İndiyədək Azərbaycanda keçirilən bir neçə seçki prosesini müşahidəçi kimi izləmişəm. Bu dəfəki seçkini o birilərdən fərqləndirən cəhətlərdən biri əhalinin hələ ilk saatlardan aktiv olaraq səsvermədə iştirak etməsidir. Seçkinin keçirilməsi prosesində nizam və intizamın olduğunu müşahidə etdim. Heç bir qanun pozuntusu ilə rastlaşmadıq. Seçki elə təşkil olunub ki, qanun pozuntusunun olması üçün şərait yoxdur”.

 

63 Saylı Sabirabad birinci seçki dairəsinin 8 saylı şəhər seçki məntəqəsində səsverməni müşahidə edən  Amerikanın ölkəmizdəki səfirliyinin nümayəndələri Dotokumaşe Desilva və Qarsiya Juan Karlos: “Hələki heç bir qanun pozuntusu ilə rastlaşmamışıq”.

 

Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Yuri Çokan: “Azərbaycanda prezident seçkiləri üçün hər şey yüksək səviyyədə hazırlanıb. Seçkilər ştat rejimində keçir, səhər saatlarında məntəqələrin açılması ilə əlaqədar bütün prosedurlarda iştirak etmişik, yəni bura seçki qutularının möhürlənməsi, seçki bülletenlərinin sayılması, müşahidəçilərin qeydiyyata alınması daxildir. Bütün seçki məntəqələrində logistika yaxşı səviyyədədir. Bakıda bir çox seçki məntəqələrində və şəhərdən kənarda veb-kameralar quraşdırılıb. Biz səhər saatlarından insanların seçki məntəqələrinə gəlməsinin şahidi olmuşuq. Hətta məntəqələrin birində növbə yaranıb”.

 

Almaniya Bundestaqının keçmiş üzvü Uolter Kolbou: “Biz altı seçki məntəqəsində olduq, onlarda çox yüksək seçici fəallığı müşahidə olunurdu. Adamlar səs vermək istəyirdilər və belə imkana malik olduqlarına görə şad idilər. Seçki məntəqələrində müxtəlif partiyaların nümayəndələrinin görünmələri xoş təsir bağışlayan fakt idi”.

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasından Azərbaycanda prezident seçkilərinin gedişini izləyən bolqarıstanlı müşahidəçi Enio Savov: “Mən çox şadam ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıdayam. Bolqarıstanda Azərbaycandakı demokratik proseslər də daxil olmaqla ölkənin inkişafını böyük maraqla izləyirlər. Əminəm ki, bu seçkilər müstəqil inkişaf edən Azərbaycanın demokratik inkişaf yolunu bir daha göstərəcək”.

 

Avropa Parlamentinin Polşadan olan üzvü Yaçek Vlosoviç: “Məntəqələrdə müxtəlif namizədlər və ölkələrdən olan müşahidəçilər iştirak edirlər. Mən dünyada seçkilərin müşahidə olunması üzrə bir çox missiyaların tərkibində işləmişəm. Böyük təcrübəsi olan bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan seçkiləri çox yaxşı təşkil edib. Azərbaycanda seçici fəallığı Avropa İttifaqı (Aİ) ölkələrindən çox yüksəkdir”.

 

Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunda Çexiya nümayəndə heyətinin lideri Miroslav Ouzki: “Təşkilatçılıq baxımından hər şey çox gözəldir. Heç bir neqativ hal qeydə alınmayıb”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında