BMT Baş Məclisinin 68-ci sessiyası çərçivəsində ümumi müzakirələr keçirilmişdir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sessiyada çıxış etmişdir. Nazir demişdir ki, builki ümumi müzakirələr sülh, təhlükəsizlik və davamlı inkişafa ciddi təhdid və çağırışların olduğu bir dövrdə baş tutur. Ekoloji, iqtisadi və sosial göstəricilər onu nümayiş etdirir ki, tərəqqi və inkişaf modellərinin dəyişdirilməsinə və yeni mühitə uyğunlaşdırılmasına ehtiyac vardır. Builki ümumi müzakirələr aktual mövzuya - “2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyi: şəraitin yaradılması”na həsr olunmuşdur. Bu, indiyədək əldə edilmiş tərəqqinin qiymətləndirilməsi və mövcud əngəllərin aradan qaldırılması üçün yeni yolların müəyyən olunmasına imkan yaradır.
E.Məmmədyarov demişdir ki, kəskin yoxsulluğun və çoxsaylı məhdudiyyətlərin aradan qaldırılması və gələcək inkişafın prioritetlərinin müəyyən olunması üçün qəbul edilmiş Minilliyin İnkişaf Hədəfləri dünyada müsbət fərqlərin yaradılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan artıq donor ölkəyə çevrilmiş, Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf səylərinə öz töhfəsini vermişdir. Bu, ölkənin tarixində və onun beynəlxalq arenadakı fəaliyyətində yeni bir səhifədir. Bu məqsədlərlə yaradılmış ayrıca dövlət qurumu olan Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi 20-dən çox ölkədə artıq müxtəlif yardım layihələrini həyata keçirmişdir. Öz növbəsində Heydər Əliyev Fondu da müxtəlif humanitar və sosial proqramlar icra etmişdir.
Son zamanlar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanın aclıqla mübarizədəki uğurlarını təqdir etmiş və etiraf etmişdir ki, Azərbaycan Minilliyin İnkişaf Hədəflərinin birincisini, yəni zəif qidalanma ilə bağlı hədəfə nail olmuşdur. Bununla yanaşı, Azərbaycanın gender bərabərliyi, qadınların hüquqlarının genişləndirilməsi və QİÇS/HİV-lə mübarizə sahələrində də tərəqqinin əldə edildiyi vurğulanmışdır.
Nazir demişdir ki, 2015-ci ildən sonrakı dövr üçün Azərbaycanın nəzərdən keçirdiyi əsas sahələrdən biri informasiya və kommunikasiya texnologiyaları sahəsidir ki, bu sahə inkişaf və tərəqqinin hərəkətverici qüvvəsidir. İKT-yə çıxış səviyyəsinin artırılması hədəfinə nail olmaq məqsədi ilə bu sahədə investisiyaların təşviq olunması, əhalinin xüsusi ehtiyaclarını nəzərə almaqla, yeni vasitələrin yaradılması və beləliklə də, İKT-nin imkanlarından davamlı inkişafın əldə edilməsində daha yaxşı istifadə olunmasına ehtiyac vardır. Azərbaycan regional Avrasiya Rabitə İttifaqının təsis edilməsi ilə bağlı təklif irəli sürmüşdür ki, bu platforma internetə çıxışın dəstəklənməsi və İKT sahəsində geniş əməkdaşlıq üçün mühüm rol oynaya bilər. BMT-yə üzv dövlətlərin cari ilin sentyabr ayında qəbul etdikləri qətnamə ilə bu təklifimizə verdiyi dəstək bizi daha da həvəsləndirir. Biz gələcəkdə maraq göstərən hökumətlər və digər qurumlarla bu istiqamətdə əməkdaşlıqda maraqlıyıq.
Dünyanın hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulması ilə üzləşdiyini vurğulayan Azərbaycan xarici siyasət idarəsinin rəhbəri demişdir ki, hazırda planetimizdə yüz minlərlə insan təcavüz, hərbi işğal, etnik təmizləmə, beynəlxalq ictimaiyyət üçün ən ciddi narahatlıq doğuran cinayətlərin müqabilində güclənməkdə olan cəzasızlıq mədəniyyətindən əziyyət çəkir.
20 il bundan əvvəl, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək, Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləmişdir. Bu qətnamələrdə TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə etmiş və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq etmiş və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.
Bu qətnamələrdə, həmçinin beynəlxalq humanitar hüququn pozulması halları, xüsusilə Azərbaycanda böyük sayda mülki əhalinin zorakılıqla qovulması, mülki əhaliyə qarşı hücumlar və ölkənin ərazisinin bombardman edilməsi xüsusi vurğulanmışdır.
TŞ-nin sədri tərəfindən 1992-1995-ci illər arasında qəbul edilmiş çoxsaylı bəyanatlar da bu mətnlər əsasında tərtib edilmişdir. Ümumiyyətlə, yuxarıda qeyd olunan qətnamələr bu problem üzrə açıq şəkildə ifadə olunmuş ən kəsərli və icbari qərarlar olaraq qəbul edir ki, Azərbaycana qarşı hərbi güc əməlləri törədilmiş və bu kimi əməllər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Dərin təəssüf doğurur ki, TŞ-nin ilk növbədə işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması kimi qəti tələbləri hələ də icra olunmamış və ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri hələ də nəticə verməmişdir.
Nazir vurğulamışdır ki, bunun müqabilində Azərbaycana qarşı davam edən təcavüzün səbəb olduğu əsas problemlərin təcili həllindən beynəlxalq birliyin diqqətini yayındırmaq məqsədi ilə Ermənistan tərəfindən mövcud vəziyyətin təhrif edilməsi istiqamətində addımlar atılır, TŞ-nin qətnamələrinin əhəmiyyəti aşağı salınır və onların müddəaları təhrif olunur.
Bundan əlavə, Ermənistanın davam edən işğalçılıq iddiaları və işğal nəticəsində formalaşmış cari status-kvonu möhkəmləndirmək məqsədi ilə Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi davamlı əməlləri və yüz minlərlə məcburi köşkünün öz yurd-yuvalarına qayıtmasına maneə olması həll prosesinə açıq təhdid yaradır və beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhlükə doğurur.
BMT-də irəli sürdüyümüz təşəbbüsümüz ilə 2005-ci və 2010-cu illərdə ATƏT-in rəhbərliyi altında faktaraşdırıcı və faktqiymətləndirmə missiyaları işğal olunmuş ərazilərə səfər etmişdir. Hər iki missiya tərəfindən bu ərazilərdə məskunlaşma, sərhədlərin geniş şəkildə yenidən cızılması, ilkin coğrafi adların dəyişdirilməsi və mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə ayrı-seçkilik münasibətinin bəslənilməsi kimi qeyri-qanuni əməllər sənədləşdirilmişdir.
Amma bu missiyaların hazırladıqları tövsiyələr kağız üzərində qalmışdır. Bundan əlavə, Suriya ermənilərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal edilmiş ətraf yeddi rayonunda yerləşdirilməsi barəsində son məlumatlar və bu ərazilərə və oradan uçuşların təşkil edilməsi cəhdləri və digər bu kimi qeyri-qanuni əməllər Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan torpaqlarını işğal etmək siyasəti yürütdüyü barədə sübutları ortaya qoyur.
Bu baxımdan beynəlxalq birliyin münaqişənin danışıqlar yolu ilə həllinə əngəl törədən bütün əməllərin dərhal və qeyd-şərtsiz dayandırılmasının zəruriliyini israrla tələb etməsi olduqca vacibdir.
Çıxışına davam edən E.Məmmədyarov demişdir ki, Ermənistanın işğalçı siyasətinin uğurla nəticələnməsi mütləq şəkildə qeyri-mümkündür. Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir və belə də olacaqdır. Möhkəm və davamlı həllə nail olmağın və iki qonşu dövlət arasında sivil münasibətlər qurmağın yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarına riayət edərək onların öz doğma yurdlarına qayıtmasının təmin olunmasıdır.
Beynəlxalq hüquq və TŞ-nin müvafiq qətnamələri də elə bunları tələb edir və bunlar da münaqişənin həll olunması prosesində heç vaxt sövdələşmə məsələsi ola bilməz. Ən başlıcası isə Azərbaycan heç vaxt öz ərazi bütövlüyünə və ya öz vətəndaşlarının hüquq və azadlıqlarına xələl gətirə bilməz.
BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarına, xüsusilə 51-ci maddədə əks olunmuş müddəalara xələl gətirmədən Azərbaycan münaqişənin həll olunması prosesinə başlamış və buna sadiq qalmaqda davam edir.
Şübhə etmirik ki, bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları əmin-amanlıq şəraitində Azərbaycanın bu regionunda yaşayacaqlar. Ona görə də Dağlıq Qarabağın hər iki icması arasında sülh, razılaşma və birgə yaşama istiqamətində səylərin davam etdirilməsi vacib və həyati əhəmiyyət kəsb edir. Biz xüsusi diqqət yetirilməli olan bu məsələləri bütöv barışıq prosesinin vacib aspektləri kimi nəzərdən keçiririk.
Rəsmi Bakı BMT-nin üzvü olan dövlətlərin müxtəlif formatlarda Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən və onun ərazi bütövlüyü və suverenliyinə aid olan məsələlərə münasibətdə nümayiş etdirdikləri prinsipial mövqelərini yüksək qiymətləndirir. Biz BMT Nİzamnaməsinin məqsəd və prinsiplərinin qorunmasında beynəlxalq birliyin davamlı qətiyyətinə və onun Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyinə güvənirik.
Nazir E.Məmmədyarov demişdir ki, biz İsrail ilə Fələstin arasında birbaşa danışıqların bərpa olunması sayəsində Yaxın Şərqdə sülh prosesində ruhlandırıcı inkişafı qeyd etmək istərdik. Bütün regionu bürümüş mövcud təhlükəli vəziyyət sülh prosesinin müvəffəqiyyətli olmasını əvvəlkilərdən də artıq dərəcədə zəruri edir. Tərəflərin iki dövlət əsasında həllə nail olmaları üçün göstərilən beynəlxalq səylərə münasibətdə məsuliyyətli yanaşma nümayiş etdirmələri və bu məqsədi təhlükə altına qoya biləcək əməllərdən çəkinmələri mütləq şəkildə vacibdir.
Fələstindəki iqtisadi, maliyyə və humanitar vəziyyət, xüsusilə regiona humanitar yardımın çatdırılmasının təmin olunması kimi məsələlər davamlı beynəlxalq diqqətin və yardımın davam etdirilməsini tələb edir. Bu ilin iyun ayında Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Müqəddəs Qüds şəhərinə dəstək məqsədilə Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfranslarına ev sahibliyi etmişdir. Konfransa qatılan İƏT-in üzv ölkələri və beynəlxalq təşkilatlar Fələstinin iqtisadiyyatı, səhiyyə və təhsil sistemi və infrastruktur layihələrinin təkmilləşdirilməsinə töhfə vermək üçün maliyyə öhdəlikləri ilə çıxışlar etmişlər.
Biz Suriyanın kimyəvi silah ehtiyatının mühafizəsi və məhv edilməsi üzrə BMT TŞ-də qəbul olunmuş 2118 (2013) saylı qətnaməni müsbət qarşılayırıq. Ümid edirik ki, BMT TŞ-də nümayiş etdirilən bu yekdil və qəti mövqe Suriyada münaqişənin aradan qaldırılması üçün siyasi həllin tapılmasına, Suriya xalqının üzərinə düşən əzab-əziyyətlərə son qoyulmasına və tərəflərin beynəlxalq hüquqa uyğun olaraq öz öhdəliklərini yerinə yetirməsinin təmin olunmasına töhfəsini verəcəkdir.
Azərbaycanın Suriyada kimyəvi silahlardan istifadə edilməsini və xüsusilə mülki insanların qətlə yetirilməsini kəskin şəkildə pislədiyini diqqətə çatdıran E.Məmmədyarov demişdir ki, 2118 (2013) saylı qətnamə kimyəvi silahların istifadəsinin beynəlxalq hüququn ciddi pozuntusu olduğunu təsdiq etmiş və onu beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan əməl kimi qəbul etmişdir.
2012-ci il 30 iyun tarixli Cenevrə kommunikesini təsdiq etməklə və Suriya üzrə beynəlxalq konfrans çağırmaqla, TŞ sülh yolu ilə keçid prosesi, sabitlik və barışığa nail olmaq üçün zəmin yaratmışdır. Amma bütün tərəflərin silahlı zorakılığı dayandırması, siyasi proseslərdə konstruktiv şəkildə iştirak etməsi və Cenevrə kommunikesinin həyata keçirilməsinə öhdəlik daşıması mütləq şəkildə vacibdir.
E.Məmmədyarov çıxışını aşağıdakı sözlərlə bitirmişdir: “Yekunda ümidvar olduğumu bildirmək istərdim ki, daha güclü və səmərəli BMT naminə üzv dövlətlər 68-ci sessiyada uğurlu addımlar atmağa müvəffəq olacaqlar. Biz fərdi dövlətlərin milli inkişaf hədəflərinin həyata keçirilməsinin gücləndirilməsində və bu təşkilat tərəfindən qəbul olunmuş qərar və qətnamələrin həyata keçirilməsinin təmin olunmasında BMT sisteminin davamlı öhdəliyini və fəaliyyətini səbirsizliklə gözləyirik”.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.