Elnur ASLANOV: “Biz Azərbaycanda açıq və şəffaf seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılmasında qərarlıyıq”

 

 

 

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ölkədə demokratiyanın inkişafı və rifahın yüksəlməsi istiqamətində

son 20 ildə tərəqqi əldə edildiyini bildirib.

APA-nın məlumatına görə, Elnur Aslanov Türkiyənin “Today’s Zaman” qəzetinə müsahibəsində Azərbaycanı Şərq mentalitetinə və Qərb praqmatizminə malik ölkə adlandırıb. E. Aslanov eyni zamanda qeyd edib ki, ölkədə demokratiya inkişaf etsə də, görməli hələ çox iş var.

Azərbaycanın gələn ay keçiriləcək prezident seçkilərinə hazırlığından danışan şöbə müdiri deyib ki, 1000 səsvermə məntəqəsi veb-kameralarla təchiz olunub: “Dünyanın istənilən yerindən hər kəs səsvermə prosesini müşahidə edə bilər. Biz Azərbaycanda açıq və şəffaf seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasında qərarlıyıq. ATƏT DTİHB, AŞPA, Avropa Parlamenti və MDB kimi təşkilatların müşahidə missiyaları seçki günü prosesi izləyəcəklər”.

E.Aslanov bildirib ki, bu yaxınlarda keçirilən sorğular hazırkı Prezident İlham Əliyevin rəqiblərindən fərqli olaraq, böyük üstünlüyə malik olduğunu göstərir: “Bugünkü müxalifət liderlərinin cəmiyyətin inkişaf etdirilməsi ilə bağlı konkret təşəbbüsləri yoxdur”.

Azərbaycan iqtisadiyyatından danışan E.Aslanov ölkə iqtisadiyyatının Cənubi Qafqaz regionunun 80 faizini təşkil etdiyini, bunun da Azərbaycanın inkişafının bariz göstəricisi olduğunu vurğulayıb: “Bakı və əyalətlər dəyişilir, hökumət 1 milyon iş yeri açıb, gənclərə ayrılan vəsaitlər son 10 il ərzində 100 dəfə artıb. Bu, 9 milyonluq əhali üçün çox vacib rəqəmdir”.

Ölkədə internet azadlığına toxunan E.Aslanov vurğulayıb ki, hökumət hər zaman məhdudiyyətlərə qarşı çıxış edib: “Həmişə də belə olacaq. Hökumət şəffaf, açıq internetin və onun sürətli inkişafı ideyasını dəstəkləyir. Onlarla veb TV və radio fəaliyyət göstərir. “Facebook” sosial şəbəkəsi Azərbaycanda siyasi aktivlik üçün platformanın nümunəsidir. Heç bir hökumət üçün sosial medianı nəzarətdə saxlamaq mümkün deyil. Bizim bunu etmək arzumuz və niyyətimiz yoxdur”.

Cənubi Qafqazdakı vəziyyətdən danışan E.Aslanov qeyd edib ki, təbii ehtiyatlarla zəngin olan Azərbaycan vacib geostrateji mövqeyə malikdir. Ölkənin İran və Rusiya ilə münasibətlərini şərh edən şöbə müdiri bildirib ki, hər iki ölkə regionda stabillik və rifah üçün vacib rol oynayır, Azərbaycan isə hər iki ölkə ilə əlaqələrin dərinləşməsində maraqlıdır. E.Aslanov Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana uğurlu səfərini xatırladıb və İran-Azərbaycan əlaqələrinə xələl yetirmək istəyən bəzi qüvvələri tənqid edib.

Bununla belə, o, İranın Ermənistanla sıx əlaqələrə malik olmasını qınayıb: “İran tərəfindən Ermənistana tanınan iqtisadi imtiyazlar bu ölkəni işğalçılıq siyasətini davam etdirməyə həvəsləndirir və rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe sərgiləyir. Türkiyə 1993-cü ildə Azərbaycanla həmrəylik göstərərək, Ermənistanla sərhədi bağlayıb və bu ölkə ilə diplomatik əlaqələrə malik deyil. İran Ermənistanı təcrid məsələsində Türkiyə və Azərbaycana qoşulsa, Ermənistan özünü konstruktiv aparacaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında