Dünya birliyi Azərbaycandakı demokratik idarəçiliyin nəticəsini ədalətli və şəffaf seçkilərdə görür

 

 

Azərbaycanın müstəqillik tarixinə nəzər saldıqda bir daha şahidi oluruq ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin uğurla davam etdirilməsi ölkəmizin beynəlxalq aləmdəki mövqeyini getdikcə möhkəmləndirmiş, əlaqələrini genişləndirmişdir. Son on ildə Azərbaycan inkişafının intibah dövrünü yaşadı. Bütün sahələr üzrə ölkəmiz rekord göstəricilərə nail oldu, regionların siması büsbütün dəyişdi, dünya standartlarına cavab verən yeni müəsssisələr yaradıldı. Respublikamız sürətli inkişaf yoluna qədəm qoyaraq kosmik ölkəyə çevrildi, dünyanın ən mötəbər beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi və bu quruma sədrlik etdi.

 Hazırda ölkəmiz Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə, valyuta ehtiyatlarının 91 faizinə nəzarəti öz əlində cəmləşdirib və bütün regional layihələrin əsas müəllifinə çevrilib. Bu dövr ərzində Azərbaycan insanının maddi rifah halı xeylı yaxşılaşmış, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə düşmüş, siyasi institutlar və vətəndaş cəmiyyəti təşkilatlarının sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılmış və onlara dövlət tərəfindən maddi dəstək verilmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, bu müddət ərzində milli maraqların qorunması, milli mənəvi dəyərlərimizin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Reallaşdırılan uğurlu daxili və xarici siyasət Azərbaycanla hər kəsin hörmətlə və saygıyla davranmasının vacib olduğunu bütün dünyaya sübut etdi.

 Demokratik proseslərin, azad sözün, müstəqil mətbuatın inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilməsi Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə artırdı. Bütün bunlar müstəqil dövlətimizin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Bu müddət ərzində respublikamızda bələdiyyə, parlament və prezident seçkilərinin keçirilməsinə yaradılmış əlverişli şərait, dövlət başçısının şəffaf və ədalətli seçkilərin təşkili üçün yüksək siyasi iradə nümayiş etdirməsi demokratik proseslərin inkişafına xüsusi önəm verməsinin nəticəsi kimi dəyərləndirilməlidir.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DNİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara cavab olacaq “Azərbaycan Respublikası: müsbət idarəçilik modeli” sərlöhvəli təhlili yazıda göstərilən tutarlı faktlar beynəlxalq təşkilatın ikili standart nümayiş etdirməsindən xəbər verir. Bu cavab bir daha təsdiqləyir ki, bəzi beynəlxalq təşkilatlar ölkəmiz haqqında hələ də qərəzli olduqlarını ört-basdır edə bilmirlər. Görünür Azərbaycanın demokratik yolla sürətli inkişafı və dünya birliyində reytinqinin yüksəlməsi ermənipərəst beynəlxalq qurumları hiddətləndirib. Onlar prezident seçkiləri ərəfəsində belə qərəzli hesabatlarla könül bulandırmağa çalışırlar.

Seçkilər hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biridir. 1993-cü ildən bəri ölkəmizdə keçirilən seçkilər bir daha təsdiqlədi ki, Azərbaycan xalqı seçki mədəniyyətinə malik, seçim etmək bacarığı olan bir xalqdır. İndiyə qədərki seçkilər sübut edib ki, millət öz taleyini həvalə etdiyi insanı seçməkdə heç vaxt yanılmayıb. Artıq ölkəmizdə azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsi öz təsdiqini tapıb. Ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün beynəlxalq təcrübəyə əsaslanan mükəmməl hüquqi baza vardır. Bələdiyyə, parlament və prezident seçkilərinin şəffaf, azad və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Əvvəlki illərdən bu günədək Azərbaycanda keçirilən seçkilər ildən-ilə təkmilləşdirilib. Ölkədə davamlı ictimai-siyasi sabitlik hökm sürür, ən əsası ölkə başçısının özünün demokratik seçkilərin keçirilməsi üçün siyasi iradəsi mövcuddur.

Cəmiyyətimiz gündən-günə daha da inkişaf etdiyi, yeni demokratik dəyərləri əxz etdiyi üçün qanunvericiliyin, o cümlədən seçki qanunvericiliyinin təkmilləşdirilməsi təbii sayılmalıdır. Azərbaycan hakimiyyəti hər zaman seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərə həssaslıqla yanaşmışdır. Avropa Şurası Venessiya Komissiyası ilə seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə aparılan işin yekun nəticəsi olaraq 2008-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin müxtəlif maddələrinə 91 əlavə və dəyişikliyin edilməsi sənədin daha da təkmilləşdirilməsinə xidmət etmişdir. Azərbaycan Respublikasının 2010-cu il 5 mart və 18 iyun, 2011-ci il 1 fevral, 2012-ci il 20 aprel və 2013 - cü il 30 aprel tarixli qanunlarına əsasən Seçki Məcəlləsi daha da təkmilləşdirilmiş, insanların seçmək və seçilmək hüququnun məhdudlaşdırılması tam aradan qaldırılmışdır. Bu da ölkəmizdə insanların hüquq və azadlıqlarının qorunmasının daim dövlətin diqqət mərkəzində saxlanılmasının bariz nümunəsidir.

Avropa Şurası Venessiya Komissiyası ilə uzunmüddətli məsləhətləşmələrdən sonra yenilənən, daha demokratik sənəd olan Seçki Məcəlləsi beynəlxalq təşkilatlar tərəfindən də olduqca müsbət qiymətləndirilib. Avropa Şurası Venessiya Komissiyasının rəhbərliyi məhz üzərində yeniləndirmə aparılan Seçki Məcəlləsinin azad və ədalətli seçkilər keçirmək üçün yaxşı baza rolunu oynaya biləcəyini bildirib.

 Ümumiyyətlə, son on il ərzində Azərbaycanda azad, ədalətli, şəffaf, demokratik və beynəlxalq standartlara uyğun seçki keçirilməsi hakimiyyətin qarşıya qoyduğu prioritet məsələlərdən olmuşdur. Beynəlxalq müşahidəçilərin ölkəmizdə keçirilən seçkilərin nəticəsi olaraq yaydıqları bəyanatlar da qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsindən xəbər verir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il mayın 11-də parlament seçkilərindən bir qədər əvvəl imzaladığı “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” sərəncamı ölkəmizdə keçirilən seçkilərin daha da demokratikliyinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir. Sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramların hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın həyata keçirilməsi, seçki prosesinə qanunazidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının hüquqi məsuliyyətə cəlb edilməsi, televiziya kanallarında deputatlığa namizədlərin bərabər əsaslarla təbliği və siyasi platformaların müzakirəsini təmin edən proqramların hazırlanması, deputatlığa bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər imkanların yaradılması, ixtisaslaşmış ictimai rəyçilər tərəfindən “exit poll” prosesinin aparılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmini, seçici vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq, dürüst tərtibi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər əksini tapmışdır.

Sərəncamdan sonra seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-də “Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” növbəti sərəncam imzalamışdır. Azərbaycan hakimiyyətinin müasir demokratik standartlara uyğun seçkilərin keçirilməsi istiqamətində siyasi iradəsi, o cümlədən, seçki praktikasının ildən-ilə təkmilləşdirilməsi dövlət başçısının müşahidə olunan bəzi nöqsanları tez bir zamanda aradan qaldırmaqda qətiyyətini nümayiş etdirir.

Seçki praktikasının mütəmadi olaraq təkmilləşdirilməsi istiqamətində maarifləndirmə işi daim diqqət mərkəzində saxlanılmışdır. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli prezident sərəncamlarına uyğun olaraq seçki komissiyalarının sədrləri və üzvləri arasında kurslar təşkil edilmişdir. Bu kursların təşkili seçki prosesində öz səmərəsini açıq şəkildə büruzə verir. Azərbaycanda seçici siyahılarının tərtibi də beynəlxalq standartların tələbləri səviyyəsində həyata keçirilir. Təcrübə göstərir ki, bizim ölkəmizdəki seçici siyahılarının tərtibi bir çox Avropa ölkələrindəki prosedurlardan müsbət mənada fərqlənir. Ona görə də radikal müxalifət nümayəndələrinin seçici siyahıları məsələsini dramatikləşdirmələri yersizdir. Məsələn, əksər xarici ölkələrdə seçici seçkilərdən əvvəl seçici siyahısına düşmək üçün özü müraciət etməlidir. Əgər həmin ölkələrdə seçicinin adı müəyyən olunmuş vaxtda seçici siyahısına düşməsə, sonradan həmin seçicinin adının seçici siyahısına salınması mümkün olmur. Azərbaycanda isə seçici siyahıları davamlı olaraq yenilənir. Hətta Seçki Məcəlləsinə görə, seçici səsvermə günü şəxsiyyət vəsiqəsini təqdim etməklə adını siyahıya əlavə edə və səs verə bilir. Bu da ölkəmizdə seçicilərin səsvermə hüququnun təmin olunması üçün əlverişli şəraitin yaradılmasından xəbər verir. Onu da qeyd edək ki, məntəqələrdə seçkilərin müşahidəçilər tərəfindən izlənilməsi baxımından Azərbaycanda keçirilən seçkilər dünyada ən qabaqcıl yerlərdədir.

Azərbaycanın beynəlxalq qurumlarla uğurlu əməkdaşlığı seçkilərin demokratik, şəffaf keçirilməsində mühüm rol oynayır. Bu sahədə ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla və seçki praktikası zəngin olan dövlətlərlə əməkdaşlığı təqdirə layiqdir. Hər dəfə ölkəmizdə seçki keçirilən ərəfədə beynəlxalq təşkilatlarla birlikdə tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Mərkəzi Seçki Komissiyası beynəlxalq qurumlarla əməkdaşlıq etmək üçün daim hazırdır və heç bir əməkdaşlıqdan imtina edilmir. Azərbaycan hökuməti ölkədə demokratik və Avropa standartlarına cavab verən seçkilərin keçirilməsinə mühüm önəm verir və bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, daim bu əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bildirir. Hakimiyyət seçki prosesinin əhəmiyyətini nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatların MSK və seçki komissiyalarına, onların üzvləri üçün treninq və seminarların təşkili, əhalinin seçkilərlə bağlı məlumatlılığının artırılması sahələrində yardımı yüksək qiymətləndirilir.

 Hazırda Azərbaycan mühüm seçki kampaniyası ərəfəsindədir. Məlum olduğu kimi, bu il okrtyabrın 9 - da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Qətiyyətlə demək olar ki, dünya birliyi bu il də Azərbaycanda ədalətli, şəffaf və demokratik seçkilərin şahidi olacaq. Bunu seçkilərlə əlaqədar aparılan hazırlıq işləri də təsdiqləyir. Bu məqsədlə regionlarda Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda sessiyaları keçirilmişdir. Tədbirdə Prezident Administrasiyasının rəsmisi, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltz və dairə seçki komissiyalarının sədrləri, həmçinin rayon icra hakimiyyətinin rəhbərləri də iştirak etmişlər. Həyata keçirilən seminarlar və tədbirlər seçkilərin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verir.

Məlum olduğu kimi, seçkilər ölkənin növbəti beş illik taleyini həll edir. Ona görə də Azərbaycan dövləti bu prosesə çox həssaslıqla yanaşır. İndiyə qədər keçirilmiş seçkilərdə seçki məntəqələrinin 10 faizində veb-kameralar quraşdırılmışdısa, builki prezident seçkilərində artıq məntəqələrin 20 faizində veb-kameralar quraşdırılacaq. Söz yox ki, dünyanın heç bir yerində ideal seçkilər keçirilmir, əgər kimsə bunu iddia edirsə, düşünürəm ki, düzgün demir. Çünki seçkilər milyonların iştirak etdiyi prosesdir. Bütün bunlara baxmayaraq, ölkəmizdə keçirilən seçkilərdə mütəşəkkilliyin və obyektivliyin təmin olunması üçün bütün imkanlardan istifadə edilir. Hazırda dünya ictimaiyyətinin diqqəti Azərbaycana yönəlib. Artıq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 310 peşəkar müşahidəçisinin Azərbaycandakı prezident seçkisi prosesini izləyəcəyi barədə məlumat verilib. Bu, yalnız bir beynəlxalq təşkilatın müşahidəçiləridir. Seçki prosesinə qədər beynəlxalq müşahidəçilərin sayı daha da artacaq. Hesab edirəm ki, sürətlə inkişaf edən Azərbaycanın qarşısında çox böyük vəzifələr durur. Azərbaycanın gələcək rifahı demokratik cəmiyyət quruculuğundan keçir və prezident seçkiləri bu prosesin uğurla aparılmasına bir sübut olacaq.

Ölkədə azad, demokratik və şəffaf seçki mühiti yaradılıb. Prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin sayı da bunu təsdiqləyir. Bütün siyasi partiyaların iştirakı üçün bərabər imkanlar yaradıldıb. Bunun nəticəsidir ki, artıq 22 nəfər Mərkəzi Seçki Komissiyasına müraciət edərək prezident seçkilərinə namizəd kimi qatılmaq arzusunda olduğunu bildirmişdir. Onlardan 21 namizəd ilkin mərhələni keçərək MSK-dan imza vərəqələrini almış və onların hər biri bərabərhüquqlu şəkildə imza toplamaq kampaniyasını həyata keçirmişlər. Son olaraq 10 namizəd prezidentlik uğrunda mübarizəyə başlayıb. Bu isə o deməkdir ki, seçkilərin azad və ədalətli keçirilməsi üçün tələb olunan əsas prinsiplərdən biri, rəqabətlilik prinsipi tam şəkildə təmin olunub. İndi cəmiyyətin ən müxtəlif spektrini təmsil edən nümayəndələr seçki yarışına qoşularaq öz potensialını səfərbər ediblər. Müşahidələr göstərir ki, bu dövrədək olan bütün seçki prosesi qanunvericiliyin tələbinə uyğun şəkildə təşkil edilib. Əminliklə demək olar ki, bu cür münbit mühit axıra kimi davam edəcək və Azərbaycan 9 oktyabr gününü demokratiyanın növbəti təntənəsi kimi tarixə yazmağı bacaracaq.

Ancaq təəssüflər olsun ki, seçkilərin keçirilməsi və onların nəticələrinin dəyərləndirilməsi ilə bağlı qərəzli tendensiyalar yenə də müşahidə olunur. Bəzi xırda nöqsanları şişirdib elə təqdim edirlər ki, guya seçkilərə hazırlıq antidemokratik yöndə aparılır, bu da bütün seçkiləri şübhə altına almaq cəhdi olur.Adını azərbaycanlı qoyan bəzi antimilli dairələrin bu işdə ermənipərəst təşkilatlarla əməkdaşlığı hər birimizdə ikrah hissi qoğurur. Ermənilərin çaldığı havaya oynayan beynəlxalq təşkilatlardan biri olan “Human Rights House” şəbəkəsinin Azərbaycandakı seçkiqabağı mühiti narahatedici kimi təqdim etməsi qərəzlidir və bu, mövcud reallığı təhrif edir. Bu təşkilat ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməklə yanlış və subyektiv məlumatlar yaymaqla seçki öncəsi ölkəmizdə çaşqınlıq yaratmağa cəhd edir.

Prezident seçkilərinə xeyli vaxt qalsa da, Azərbaycanda prezident seçkisinin saxtalaşdırılacağını elan edən bu qurum bununla nəinki öz qeyri-ciddiliyini və qeyri-professional fəaliyyətini, həm də konkret sifariş yerinə yetirdiyini göstərir. Təsadüfi deyil ki, çoxsaylı erməni diaspor təşkilatları “Human Rights House”un tərəfdaşları kimi çıxış edir. Məndə olan məlumata görə, bu qurumun katibliyində maliyyə işlərinə Saro Saroyan adlı erməni baxır.

 “Human Rights House” şəbəkəsi demokratiyanın, haqq - ədalətin tərəfdarıdırsa, 20 il ərzində bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətini tənqid edəydi. Bu işğal nəticəsində 20 ildən çoxdur ki, öz evinə qayıda bilməyən, fundamental insan hüquqlarından məhrum edilən 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın haqqında bir dəfə də olsun məsələ qaldıraydı. Bütün bunlardan sonra bu təşkilatın demokratiyadan, haqq - ədalətdən danışması, özünü obyektivliyin tərəfdarı kimi göstərməsi siyasi riyakarlıqdır.

Təbii ki, seçki həm də siyasi güclərin mübarizəsidir. Bu gün siyasi qüdrətə malik, xalqın dəstəyini qazanacağına əmin olan siyasi qurumlar yalnız və yalnız normal seçkinin baş tutmasına çalışır. Bu işdə maraqlı olmayan qüvvələr isə hazırda bir sıra bəhanələrlə seçkini pozmağa yönəlik addımlar atmaq niyyətindədir. Sözsüz ki, onların bütün addımları gücsüzlükdən, özünə əminsizlikdən və ən əsası siyasi konsepsiyasızlıqdan qaynaqlanır. Xalqın etimadını əldə edə bilməyən bu qüvvələr nə yolla olursa-olsun Azərbaycan dövlətçiliyinə, seçki mədəniyyətinə ziyan vurmaq, imicinə xələl gətirmək istəyirlər. Amma onlar hər zamankı kimi istəklərinə nail ola bilməyəcəklər. Azərbaycan bu il keçiriləcək prezident seçkiləri ilə demokratik proseslərin inkişafına xüsusi önəm verdiyini bir daha sübut edəcək.

Mirkazım KAZIMOV,

 Milli Məclisin deputatı,

 Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında