Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

 

Sentyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti  iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 11 sentyabr 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra Əli Nadir oğlu Əliyevin prezidentliyə Vətəndaş və İnkişaf  Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması barədə məsələyə baxılmışdır. Qeyd edilmişdir ki, namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün MSK-ya təqdim edilmişdir. Komissiya qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasların olduğunu müəyyən etmişdir. Namizədin müdafiəsi üçün ən azı 40 min etibarlı seçici imzası toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrindəki etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur.

Mərkəzi Seçki Komissiyası Əli Əliyevin namizədliyinin qeydə alınmasından imtina barədə qərar qəbul etmişdir.

İclasda İlqar Eldar oğlu Məmmədovun prezidentliyə öz təşəbbüsü ilə irəli sürülmüş namizədliyinin qeydə alınması məsələsinə də baxılmışdır. Onun da namizəd kimi qeydə alınması üçün hüquqi əsasların mövcud olmadığı bildirilmişdir. Həmin şəxsin səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur.

 Mərkəzi Seçki Komissiyası İlqar Məmmədovun namizədliyinin qeydə alınmasından imtina olunması barədə qərar qəbul etmişdir.

İclasda Sərdar Calal oğlu Məmmədovun  prezidentliyə Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması barədə də qərar çıxarılmışdır.

Komissiya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən təyin edilmiş Niyaməddin Orduxanovu MSK-nın məşvərətçi səs hüquqlu üzvü kimi təsdiqləmişdir.

İclasda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədi ilə püşkatma komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının müəyyən olunması və efir vaxtının bölgüsü cədvəlinin dərci məsələsinə də baxılmışdır. Mərkəzi Seçki Komissiyası İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədi ilə Komissiyanın 3 üzvü və Katibliyinin media və ictimai əlaqələr şöbəsinin müdirindən ibarət püşkatma komissiyası yaratmışdır. Püşkatmanın sentyabrın 16-sı saat 12.00-da keçirilməsi barədə qərar qəbul edilmişdir. MSK, həmçinin qərara almışdır ki, püşkatma komissiyası ayrılmış efir vaxtının (həftəlik ümumi həcmi 6 saat olan, həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 21.00-dan başlamaqla hər dəfə 1 saat, həftədə 3 saat radioda, 2-ci, 4-cü və 6-cı günləri isə 19.00-dan başlamaqla TV-də hər dəfə 1 saat, həftədə 3 saat) bölgüsünü püşkatma yolu ilə təmin etsin.

İclasda cari məsələlərə də baxılmışdır.

Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında