Naxçıvan Muxtar Respublikası Ali Məclisində elm və təhsil müəssisələrində qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: “Elm və təhsilin inkişafı hər bir ölkədə prioritet sahədir. Həyata keçirilən tədbirlər nəticəsində hər il ali təhsil müəssisələrinə qəbul olunan və xaricdə təhsil almağa göndərilən tələbələrin sayı artır, ölkəmizdə müxtəlif elm sahələri yaradılır, elmin iqtisadiyyata tətbiqi genişləndirilir. Bütün bunlar isə elm və təhsil sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsini, bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsini tələb edir”.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli elm və təhsil müəssisələrində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov və Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayev müzakirə olunan məsələ ilə bağlı məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “Muxtar respublikada təhsil sahəsində ardıcıl tədbirlər görülür. Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Onlar ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunurlar. Bütün bunlar onun üçündür ki, təhsil daha səmərəli idarə olunsun, təhsil bazası daha da möhkəmləndirilsin, məktəbli və gənclərin ən qabaqcıl təhsilə yiyələnmələrinə əlverişli şərait yaradılsın”.
Ali Məclisin sədri mövcud nöqsanlara da toxunmuş, işdə ciddi dönüş yaratmaq üçün aidiyyəti təşkilatlara konkret tapşırıqlar verərək demişdir: “Yaradılanların müqabilində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tədris prosesinin qanunvericiliklə müəyyən edilmiş standartlara uyğun qurulmasını təmin etməlidirlər.”
Muxtar respublikada bütün sahələrdə iş həcminin artırılmasının və müasir texnikanın tətbiqinin ixtisaslı kadrlara olan tələbatı da artırdığına diqqəti çəkən Ali Məclisin sədri demişdir: “Bununla bağlı əmək bazarının öyrənilməsi və ayrı-ayrı peşələrə olan tələbatın düzgün müəyyən edilməsi indi daha böyük əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə peşə təhsili üzrə kadr hazırlığını mövcud tələbatlar nəzərə alınmaqla aparmalı, buna uyğun olaraq kursların yaradılması təmin edilməlidir”.
“Muxtar respublikada elm sahəsində bir sıra tədqiqat işləri aparılır. Amma nəticə baxımından səmərəli təkliflərin sayı azdır”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri bu sahədə dönüş yaratmalı, aparılan elmi tədqiqatların səmərəliliyinə diqqəti artırmalı, elmin iqtisadiyyata tətbiqi genişləndirilməli, elmi- tədqiqat institutları ali təhsil müəssisələri ilə əlaqəni möhkəmlətməlidirlər. Gənc tədqiqatçıların hazırlanması sahəsində tədbirlər gücləndirilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin qısa müddətdə nəşrə verilməsini təmin etməlidir.
Dövlət Gömrük Komitəsinə tapşırılmışdır ki, muxtar respublikaya gətirilən məktəbli ləvazimat və geyimlərinin keyfiyyətinə nəzarət etsin, məktəbli və tələbələrin, eləcə də müəllimlərin sağlamlığına mənfi təsir göstərən, keyfiyyət sertifikatı olmayan məhsulları muxtar respublika ərazisinə buraxmasın.
Müşavirədə digər sahələrlə bağlı tapşırıqlar da müəyyənləşdirilmiş, qeyd olunmuşdur ki, qaldırılan məsələlər icra üçün nəzarətə götürülməli, daxili nizam-intizam diqqət mərkəzində saxlanılmalı, təhsilin səviyyəsi yüksəldilməlidir.
Ali Məclisin sədri qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində müşavirə iştirakçılarına uğurlar arzulamışdır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.