Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Slutskinin başçılıq etdiyi müşahidə missiyası ölkəmizdə seçkiqabağı vəziyyətin monitorinqinin yekunlarına əsasən aralıq hesabat təqdim etmişdir.
Hesabatda deyilir ki, 2013-cü il avqustun 15-də MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PAA) ünvanına Azərbaycan Respublikası Milli Məclisinin sədri O.S.Əsədovun adından Azərbaycan Respublikasında növbəti prezident seçkilərinə hazırlığın və seçkilərin keçirilməsinin müşahidəsində iştirak etməyə dəvətnamə daxil olmuşdur.
MDB PAA-dan olan beynəlxalq müşahidəçilərin uğurlu işinin təmin edilməsi üçün 2013-cü ilin avqust ayında Sankt-Peterburqun və Bakının bir sıra ali məktəblərinin yüksək ixtisaslı alim və mütəxəssislərinin daxil olduğu ekspert qrupu yaradılmış, bu qrup Azərbaycan Respublikası Prezidenti seçkilərində MDB PAA-dan olan beynəlxalq müşahidəçilər üçün analitik və informasiya-sorğu materialları hazırlamağa başlamışdır.
Aralıq hesabatda qeyd edilir ki, ekspertlər Azərbaycan Respublikası Prezidenti seçkilərini tənzimləyən qanunvericiliyin təhlili və onun beynəlxalq seçki hüququ standartlarına müvafiqliyi; Azərbaycanın siyasi sisteminin və onun ən mühüm təsisatlarının təhlili; Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilməsinin tarixi; Azərbaycan Respublikası seçki orqanları sistemi və onun ayrı-ayrı elementlərinin fəaliyyəti; dövlət hakimiyyəti orqanlarının seçkilərin təşkilati, maddi-texniki və maliyyə təminatı üzrə fəaliyyəti; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilməsinə hazırlıq üzrə fəaliyyəti (prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi, seçicilərin siyahılarının tərtib edilməsi, dairə və məntəqə seçki komissiyalarının formalaşması) məsələləri üzərində cəmləşdirmişlər.
MDB PAA-nın Demokratiyanın, Parlamentarizmin İnkişafı və Seçkilərin Monitorinqi Beynəlxalq İnstitutunun ekspert qrupu aparılmış təhlil nəticəsində bu qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və digər dövlət hakimiyyəti orqanları Azərbaycan Respublikasının elektoral qanunvericiliyində növbəti prezident seçkilərinin başlanğıc mərhələsi üçün nəzərdə tutulmuş prosedurları onların həyata keçirilməsi müddətləri, habelə seçkilərdə iştirak etmək arzusunu bildirmiş bütün şəxslərə bərabər və qərəzsiz münasibət baxımından qüvvədə olan hüquq normalarına tam müvafiq şəkildə keçirilmişdir.
Məruzədə qeyd edilir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası müvəqqəti olaraq xaricdə yaşayan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məsələsi üzərində fəal iş aparır. Məsələn, Azərbaycan vətəndaşının xaricdəki seçki məntəqələrində seçkilərdə iştirak etməsi üçün onun Azərbaycan səfirliklərinin saytlarında anket doldurması kifayətdir. Bundan sonra ona xaricdəki seçki məntəqəsinin ərazisində səs vermək imkanı almaq barəsində elektron vasitələrlə bildiriş göndərilir.
Hesabatda kütləvi informasiya vasitələri barəsində qeyd edilir ki, monitorinqin başlanğıc dövründə (1 avqust – 9 sentyabr 2013-cü il) KİV-də seçkilər gününün təyin edilməsinə, ictimai rəy sorğularının nəticələrinin işıqlandırılmasına, öyrədici və informasiya xarakterli seminarlar keçirilməsinə, seçki komissiyalarının və hakimiyyət orqanlarının səsvermənin keçirilməsinə hazırlıq üzrə fəaliyyətinin, seçicilərin siyahılarının dəqiqləşdirilməsi üzrə fəaliyyətinə, Azərbaycanın bütün səlahiyyətli qurumlarının namizədləri dəstəkləyən imzalar toplanması üzrə fəaliyyətinə həsr olunmuş materiallar üstünlük təşkil etmişdir.
Hesabatda deyilir: “Seçki məntəqələrində quraşdırılmış veb-kameraların sayının artırılması sayəsində arzu edən hər kəs üçün seçki dairələrində baş verən hadisələri MSK-nın saytından videomüşahidə etmək üçün Azərbaycan Respublikasında gerçəkləşdirilən imkan, xüsusən səsvermə günündə, seçki prosesinin şəffaflığının daha yüksək dərəcəsinə şərait yaradır. Azərbaycanda bundan əvvəlki seçkilərdə (2010-cu il noyabrın 7-də keçirilmiş parlament seçkilərində) seçki məntəqələrinin 10 faizində (yəni 500 seçki məntəqəsində) veb-kameralar quraşdırılmışdı. 2013-cü il oktyabrın 9-da keçiriləcək seçkilərdə isə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, seçki məntəqələrində səsvermə üçün otaqların 20 faizində (Azərbaycanın bütün rayonlarında yerləşən 1000 seçki məntəqəsində) veb-kameralar quraşdırılacaqdır”.
MDB PAA-dan olan beynəlxalq müşahidəçilər qrupu 2013-cü il avqustun 1-dən sentyabrın 9-dək olan dövrdə MDB PAA-nın Demokratiyanın, Parlamentarizmin İnkişafı və Seçkilərin Monitorinqi Beynəlxalq İnstitutunun və onun Bakı filialının ekspert qrupunun köməyi ilə prezident seçkilərinin keçirilməsinə hazırlığın monitorinqi əsasında bu qənaətə gəlmişdir ki, seçkilərin keçirilməsinə hazırlıq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş “Təqvim planı”nda nəzərdə tutulmuş həcmdə və müvafiq müddətlərdə həyata keçirilir.
Beynəlxalq müşahidəçilər qrupunun fikrincə, bu mərhələdə Azərbaycan Respublikasında seçkiqabağı kampaniya seçkilərin keçirilməsinə dair beynəlxalq standartlara və milli elektoral qanunvericiliyə uyğun olaraq sakit və konstruktiv şəraitdə keçir. Azərbaycan Respublikasında seçki prosesinin bütün iştirakçılarının bərabərliyi, hakimiyyət strukturlarının fəaliyyətinin transparentliyi, seçkilərin kafi həcmdə maliyyələşdirilməsi, seçkilərin keçirilməsinə hazırlıq üzrə fəaliyyətin sistemli xarakteri təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında milli qanunvericiliyin beynəlxalq seçki standartlarına müvafiqliyi barədə Rəydə Azərbaycan Respublikasının seçki qanunvericiliyi hüquqi baxımdan təhlil edilir, vurğulanır ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş aktiv və passiv seçki hüququnun məhdudlaşdırılması halları beynəlxalq standartlara müvafiqdir və dünya praktikasında hamılıqla qəbul edilmişdir.
Sənəddə deyilir: “Beləliklə, milli qanunvericilik Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilərkən ümumi seçki hüququ prinsipinə riayət olunmasını əsasən təmin edir. Bu qanunvericilik bütövlükdə 1990-cı il Kopenhagen sənədinin müddəalarına (7.3 bəndi) və MDB Konvensiyasına (Maddə 2) uyğun olmaqla, həm aktiv, həm də passiv seçki hüququnun həyata keçirilməsi zamanı ayrı-seçkilik xarakterli məhdudlaşdırma və istisnalara yol vermir”.
Beynəlxalq müşahidəçilər xülasə kimi qeyd edirlər ki, aparılmış təhlildən göründüyü kimi, milli seçki qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlığın və seçkilərin keçirilməsinin hüquqi tənzimlənməsi bütövlükdə beynəlxalq seçki standartları ilə uzlaşdırılmışdır. Bu qanunvericilik Azərbaycan Respublikası Prezidenti seçkilərinin bütün mərhələlərini kifayət qədər dürüst və tam tənzimləyir, ən mühüm beynəlxalq sənədlərin seçkilərin müstəqil seçki orqanları tərəfindən təşkil edilməsi şərti ilə, habelə seçki hüquqlarının müdafiəsi və elektoral mübahisələrin həlli üçün hüququn tətbiqi mexanizmlərindən istifadə edilməklə, ümumi və bərabər seçki hüququ, gizli səsvermə əsasında keçirilməsi barədə tələblərinə riayət olunmasını təmin edir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.