Azərbaycan Respublikası: müsbət idarəçilik modeli

 

 

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara cavab olacaq “Azərbaycan Respublikası: müsbət idarəçilik modeli” sərlövhəli təhlili yazı hazırlanmış və həmin material sentyabrın 9-da qurumun saytında yerləşdirmişdir. Həmin materialla http://www.esisc.org/upload/publications/analyses/the-republic-of-azerbaijan-a-model-of-good-governance/Analysis%20-%20The%20Republic%20of%20Azerbaijan%20A%20model%20of%20good%20governance.pdf  ünvanında tanış olmaq mümkündür. AzərTAc materialın xülasəsini təqdim edir.

ESİSC-nin materialının “Ön söz” bölməsində oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində səs verəcək seçicilərin sayı, namizədlərini irəli sürmüş partiyalar barədə məlumat verilir. Materialda deyilir: “Aylardan bəri Azərbaycan hökuməti azad, ədalətli, şəffaf və obyektiv seçkilərin təşkilinə olan öhdəliyini dəfələrlə bəyan etmişdir. Bu müstəvidə ölkə hüquqi çərçivəsini təkmilləşdirmiş və beynəlxalq təşkilatlarla yaxın əməkdaşlığa verdiyi əhəmiyyəti vurğulamışdır. Bundan əlavə, hakimiyyət qurumları şəffaflığı təmin etmək məqsədi ilə mühüm səylər göstərmişdir. Məsələn, internet vasitəsilə müşahidə ediləcək səsvermə məntəqələrinin sayı 10 faizdən 20 faizə çatdırılacaqdır. Məntəqələrdə quraşdırılacaq veb-kameraların sayı da artırılacaqdır. Əvvəlki seçkilərdə 500 kamera quraşdırılmışdısa, 2013-cü il prezident seçkilərində 1000-ə yaxın kameranın quraşdırılacağı bildirilir. Bütövlükdə seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına müvafiq və şəffaf keçiriləcəyini sübut edir”.

Bir sıra beynəlxalq müşahidəçilərin Azərbaycanda seçkilərə hazırlıq prosesini və seçkiqabağı vəziyyəti müsbət qiymətləndirdiklərinin vurğulandığı materialda bildirilir: “Həmin təriflərə baxmayaraq, təəccübümüzü ifadə etmək legitim olar ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) ölkəni qeyri-müvafiq olaraq, avtoritar rejim kimi təqdim edərək, ötən iyirmi ildə Azərbaycan demokratiyasının əldə etdiyi bütün nailiyyətləri təkzib etməklə, düşünülmüş mənfi hesabat dərc etmək qərarı vermişdir”.

Materialda daha sonra deyilir: “Hazırkı hesabatda göstərəcəyimiz kimi, ATƏT-in bu tənqidi qiymətləndirmələri reallığa uyğun gəlmir. Azərbaycandakı vəziyyətin və ATƏT-in qarşılaşdığı yeni məsələlərin qısa təhlilindən sonra Azərbaycan demokratiyasına alternativ baxış təqdim edəcək və ATƏT hesabatının müəllifləri tərəfindən qaldırılmış əsas məsələlərə cavab verməyə çalışacağıq. Biz də Qərbi Avropa və Şimali Amerika daxil olmaqla, dünyada Azərbaycandakı sistemlə digər bir neçə seçki məcəlləsini müqayisə edəcəyik. Beləliklə, Azərbaycanın öz demokratik prosesini möhkəmləndirmək məqsədilə xaricdən dərs götürməyə ehtiyacı olmadığını nümayiş etdirəcəyik”.

ESİSC-nin materialında Azərbaycanın yerləşdiyi coğrafi məkan, ərazisi, əhalisinin etnik tərkibi və sayı, üzvü və təsisçisi olduğu beynəlxalq qurumlar barədə ətraflı məlumat verilir və bildirilir: “Hazırda 30000-ə yaxın etnik erməni heç bir ayrı-seçkilik olmadan Azərbaycanda yaşayır, halbuki Ermənistanda heç bir etnik azərbaycanlı yaşamır. Azərbaycan ermənilərinin bir hissəsi hazırda rəsmi Bakının nəzarətindən kənardakı işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayır”.

ATƏT-in böhran vəziyyətində olduğunun və bunun səbəblərinin şərh edildiyi materialda gənc müstəqil Azərbaycanın müharibə şəraitində demokratiya yolu ilə uğurla irəlilədiyi vurğulanır və bildirilir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağ da daxil olmaqla ölkə ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edilmiş, həmin dövrdə siyasi qeyri-sabitlik hökm sürmüşdür. 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə gəlmiş və müharibə vəziyyətinə baxmayaraq, möhkəm siyasi sabitlik yaratmış və ölkəni inkişaf yoluna çıxarmışdır. Materialda bildirilir ki, bu məsələ ATƏT-in hesabatlarında da qeyd olunur: “Seçki Ermənistan ilə davam edən münaqişə şəraitində keçəcək və Azərbaycanın əhəmiyyətli hissəsinin işğal altında olması, çox sayda məcburi köçkünün olması seçkilərin idarəsini çətinləşdirir”.

Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair ATƏT-in hesabatlarında bu qurumun özü-özünü təkzib etdiyi bildirilir. Yazıda 2008-ci ildə keçirilən prezident seçkilərinə dair ATƏT-in hesabatından sitat gətirilir: “ATƏT-in öhdəliklərinə və digər beynəlxalq standartlara riayət edilməsində əhəmiyyətli irəliləyiş qeydə alınmışdır”.

Materialda Azərbaycanın ATƏT-in tövsiyələrinə cavab verdiyi bildirilərək qeyd olunur: “Qərəzsiz müşahidəçilər Azərbaycan hakimiyyətinin ATƏT-in tövsiyələrini yerinə yetirməyə hazır olmasını şübhə altına ala bilməz. ATƏT-in Seçki Müşahidə Missiyası 2008-ci il prezident seçkiləri ilə bağlı 27 tövsiyə vermiş və onlardan 19-u artıq icra edilmiş və ya faktiki olaraq tətbiq olunmuşdur”. ATƏT-in hesabatında suveren Azərbaycan Respublikası tərəfindən guya icra edilmədiyi iddia edilən 9 tövsiyədən mətbuat azadlığı və mediaya çıxışın asanlaşdırılmasına dair 3 tövsiyə Azərbaycan reallığı ilə bağlı məlumatsızlığı göstərir. Qəzet açmaq çox asandır. Yeganə hüquqi tələb adının qeydiyyata alınmasıdır. “Azadlıq”, “Müsavat” və digərləri kimi müxtəlif radikal və hökumətə qarşı olan qəzetlər fəaliyyət göstərir. Bundan başqa, elektron media tamamilə azaddır və adətən hökumətə qarşı kəskin mövqe tutur.

Təəccüblüdür ki, ATƏT-in hesabatı Azərbaycanda mətbuat azadlığı məsələsini az inkişaf etmiş ölkə baxımından nəzərdən keçirir. KİV-lərin keyfiyyətinin Avropa İttifaqındakı kimi ən yaxşı yeni informasiya texnologiyaları ilə təmin edildiyini bilavasitə görmək imkanımız oldu.

Tətbiq olunmayan digər beş tövsiyə müstəqil dövlətdə tətbiq edilə bilməz. Onların həyata keçirilməsi Azərbaycanın ATƏT-in dövlət işlərinə qarışmaq hüququnu tanıdığını nəzərdə tutur. Hökumət hər hansı bir şəkildə dövlət müstəqilliyi və suverenliyinin qorunması olan əsas missiyasında uğursuzluğa düçar ola bilməz.

ESİSC-nin materialında ATƏT-in hesabatında Azərbaycanın siyasi həyatı ilə bağlı fikirlər də tənqid edilir və bildirilir ki, ölkədə 55 siyasi partiya mövcuddur. Bu partiyaların fəaliyyətinin qanunlarla və digər normativ-hüquqi aktlarla tənzimləndiyinin qeyd olunduğu yazıda deyilir: “40-dan çox siyasi partiya mövcud hökumətə müxalifət mövqeyində dayanır. 11 partiya, o cümlədən 8 müxalifət partiyası Milli Məclisdə 84 deputatla təmsil olunur. Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası, Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 deputat yerinə malikdir. Milli İstiqlal Partiyası, Kommunist Partiyası, Müsavat Partiyası, Müasir Müsavat Partiyası, Demokrat Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası kimi bir sıra müxalifət partiyaları fəaliyyət göstərir. Həmin partiyalar yerli hökumət səviyyəsində seçilmişlər və hazırda bələdiyyələrdə təmsil olunurlar”. 

Materialda daha sonra deyilir: “Siyasi partiyalar haqqında” Qanuna əsasən, Milli Məclisə keçirilmiş son seçkilərin nəticələrindən asılı olaraq siyasi partiyalar Qərbi Avropada olduğu kimi dövlət büdcəsindən maliyyə vəsaiti almaq hüququ əldə edir. Bu məqsədlə 2013-cü ilin dövlət büdcəsində 2,5 milyon manat vəsait nəzərdə tutulmuşdur. Qeyd edilən Qanunun 17-1.2-ci maddəsinə görə, vəsaitin 10 faizi seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalara verilir. Hazırda bu meyara uyğun gələn siyasi partiya yoxdur. Dövlət büdcəsində siyasi partiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaitin 40 faizi parlamentdə təmsil olunan partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi isə Milli Məclisdə təmsil olunmuş partiyalara deputatların sayına görə verilir".

Materialda, həmçinin Azərbaycan Respublikasının Seçki Məcəlləsinin qərəzli şəkildə tənqid olunduğu bildirilir: “Gördüyümüz kimi, qanun seçicilərin və namizədlərin hüquqlarını geniş şəkildə müdafiə edir. Aydındır ki, bəzi problemlərin, xüsusilə, ucqar dağ rayonlarında səsvermə əməliyyatlarının lazımi qaydada həyata keçirilməsinə zərər verə biləcəyi iddia edilə bilər. Buna baxmayaraq, bir daha xatırlatmaq lazımdır ki, Azərbaycan torpağının böyük hissəsinin erməni qonşusu tərəfindən işğal edildiyi səbəbindən müharibə şəraitində olan gənc demokratik dövlətdir. Bu amilləri nəzərə alaraq, demokratiya və insan hüquqlarının təşviqinə həsr edilmiş beynəlxalq təşkilatın yalnız 20 ildə əldə edilən irəliləyişləri daha məmnuniyyətlə qarşılaması gözlənilən olardı.

Həqiqətən də söyləmək lazımdır ki, geniş şəkildə demokratik dövlətlər kimi tanınan bir sıra ölkələrdə səsvermə əməliyyatları qüsursuz deyildir".

2009-cu ilin martında Azərbaycanda keçirilmiş referendumun prezidentə əsl xalq dəstəyi olduğunu, dövlət başçısının iki müddətə seçilməsi limitinin ləğvinin əhalinin böyük əksəriyyəti tərəfindən müsbət qarşılandığını vurğulayan ESİSC bu məsələdə də ATƏT-in qərəzli mövqe tutduğunu bildirir və yazır: “Hökumət və hər kəsdən öncə Prezident İlham Əliyev müharibə şəraitində olan inkişaf etməmiş bir keçmiş sovet respublikasını müasir bir dövlətə çevirə bilmək etimadını qazanmışdır. Prezidentin tərəfdaşları da, həmçinin dövlət məsələlərini idarəetmə sahəsində səriştəsinə görə ona minnətdardırlar. Bu, Azərbaycana sabitlik, tərəqqi və artmaqda olan çiçəklənmə gətirmişdir, halbuki digər keçmiş sovet respublikaları hələ də siyasi qarışıqlıq və iqtisadi tərəddüdə məruz qalmışlar.

Bundan əlavə, qeyd etmək lazımdır ki, dünyada bir çox demokratik ölkələr dövlət və hökumət başçılarının yenilənmə müddətinin sayına məhdudiyyət qoymurlar. Misal üçün, Böyük Britaniyaya nəzər saldıqda, Baş nazirlər Marqaret Tetçer və Toni Bleyerin ardıcıl olaraq üç seçkidə qalib gəldiyini görə bilərik. Almaniyada isə kansler Angela Merkel hazırda üçüncü müddətə öz namizədliyini irəli sürür və keçmiş kansler Helmut Kol 16 il hakimiyyətdə qalmışdır. Saylar və ya nümunələr həqiqətən də iki dəfədən daha çox ardıcıl müddətdən istifadə etmiş siyasi liderlərin çoxluğunu göstərir".

ATƏT-in hesabatlarında Ermənistana münasibətdə Azərbaycana daim ikili standartlardan yanaşıldığı bildirilir. ATƏT-in missiya nümayəndələrinin hesabatlarında Azərbaycanda yalnız müxalifət təmsilçilərinin, Ermənistanda isə hakimiyyət tərəfdarlarının fikirlərinə yer verilir. Materialda deyilir: “ATƏT-in hesabatında bildirildiyi və bizim vurğuladığımız bu iki məqam Azərbaycan Respublikası və Ermənistan Respublikasında vəziyyəti izah etməyə gəldikdə ikili standartların göstəricisidir. ATƏT ekspertlərinin Ermənistanda tam məmnun şəxslər tapdığı halda, Azərbaycanda seçki sisteminə qarşı yalnız qəzəbli mövqe bildirən şəxslər ilə rastlaşmasına inanmaq qeyri-mümkündür”. 

ESİSC yazır: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda siyasi vəziyyəti əks etdirən belə bir ağır sənəd təqdim etməsinin səbəbi insanda maraq yaradır. Bir daha xatırlatmaq lazımdır ki, Azərbaycanın həm enerji resursları, həm də Rusiya, Türkiyə və İran ilə qonşuluq baxımından nadir geosiyasi mövqeyi bu ölkəni dünyanın böyük qüvvələri üçün əsas fikir obyektinə çevirir. Məhz buna görə də, Azərbaycan qərəzli tənqid obyekti olmuşdur”.

Material bu fikirlərlə tamamlanır: “İnkar etmək olmaz ki, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bir istisnadır, hətta bu bölgədə bir sıra ölkələrin və hökumətlərin model kimi istifadə edə biləcəyi düzgün idarəçilik nümunəsidir.

Kənardan müşahidə edən şəxs sabit sosial rifah, qadınlar üçün Avropa İttifaqına üzv dövlətlərdəkinə çox yaxın şərait və dini azlıqlara qarşı tam hörmət hissi olduğunun şahidi ola bilər.

Gəlin unutmayaq ki, demokratiyanın və vətəndaş azadlığının bu əsas göstəriciləri ərazisinin əhəmiyyətli hissəsini, o cümlədən Dağlıq Qarabağı Ermənistanın işğalı nəticəsində itirmiş və 1 milyon vətəndaşı qaçqın və məcburi köçkün olan bir ölkədə mövcuddur. 

Xarici işğala məruz qalmış digər dövlətləri narahat etdiyi kimi, böyük narahatçılığa baxmayaraq, gənc Azərbaycan Respublikası sosial rifaha, vətəndaş hüquqlarına və demokratiyaya hədəflənmiş siyasi kursunu davam etdirir. Belə bir şücaətə ATƏT-in aşağı dəyər verməsi və son tövsiyələri ilə ölkənin heyrətamiz tərəqqisinin üzərinə kölgə salmaq istəyi insanı yalnız dəhşətə gətirə bilər.

Məntiqli və siyasi etika Qərb demokratiyalarından başlayaraq, beynəlxalq qurumların Azərbaycan Respublikasını seçdiyi yolda (sosial tərəqqi və parlament demokratiyası) dəstəkləməsinə səbəb olacaqdır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında