Azərbaycanın xarici siyasəti ölkəmizin milli maraqlarını tamamilə təmin edir

Neft diplomatiyası və geostrateji amillər mövqeyimizi daha da gücləndirir
Azərbaycanın bugünkü xarici siyasətinin bütün istiqamətləri hamıya məlumdur. Heç kəsə sirr deyil ki, dövlətimiz və dövlət başçımız Heydər Əliyev siyasi kursunu davam etdirərək, bu kursun əsas tərkib hissələrindən olan xarici siyasətdə konkret mövqe nümayiş etdirir. Həmin mövqe bundan ibarətdir: ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, müstəqil dövlət siyasəti yeridilməsi və nəhayət, təbii sərvətlərdən respublikanın inkişafı, xüsusən, milli maraqların təmin edilməsi məqsədiylə istifadə olunması.
Həm daxili, həm də xarici ekspertlər qətiyyətlə söyləyirlər ki, Azərbaycanın xarici siyasəti region ölkələri arasında ən uğurlu siyasətdir. Çünki bu siyasət müstəqil Azərbaycana təkcə regionumuzda və postsovet məkanında deyil, eləcə də bütün dünyada özünəməxsus nüfuz qazandırmışdır.
Bu gün dünyada elə bir beynəlxalq təşkilat yoxdur ki, Azərbaycan orada konkret və cəsarətli təkliflərlə çıxış etməsin və ya rəsmi Bakının təşəbbüsləri cavabsız qalsın. Xüsusilə regiondakı beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılması məsələsində Azərbaycan özünəməxsus söz sahibinə çevrilmişdir. Bunun bir neçə səbəbi vardır. Əvvəla, Azərbaycan 1993-cü ilin yayından sonra müstəqil dövlət siyasəti yeritməyin nümunəsini yaratmışdır. Bəzi gənc müstəqil dövlətlər xarici siyasətdə "gah nala, gah mıxa" döydükləri zaman Azərbaycan ortaya konkret siyasi mövqe qoymuşdu.
Müəllifi ulu öndər Heydər Əliyev olan həmin mövqe ondan ibarət idi ki, biz işğalçı Ermənistan istisna olmaqla (yeri gəlmişkən, həm ulu öndərin özü, həm də Prezident İlham Əliyev dəfələrlə vurğulayıblar ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən və qaçqın-köçkünlər öz yurd-yuvalarına qaytarıldıqdan sonra biz Ermənistanla da bütün sahələrdə əməkdaşlığı bərpa edə bilərik) dünyanın bütün ölkələri və bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu şəkildə, hərtərəfli əməkdaşlığa hazırıq.
Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır və heç bir ölkənin bizim daxili işlərimizə müdaxiləsinə imkan verməyəcəkdir. Azərbaycan istənilən ölkə ilə qurduğu siyasi, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı öz xalqının və dövlətinin maraqları çərçivəsində davam etdirəcəkdir. Sadaladığımız bu siyasi istiqamətlərin ardıcıllıqla və qətiyyətlə icra edilməsi gənc müstəqil Azərbaycana beynəlxalq aləmdə yetərincə nüfuz və hörmət qazandırmışdır. Hansısa xarici ölkənin vassalı kimi mövcud olan, kiminsə təbəəliyində yaşamağı şərəf sayan Ermənistan isə nəinki dünya siyasətçilərinin, hətta beynəlxalq aləmdəki erməni diaspor təşkilatlarının da gözündən düşmüş, özü haqqında "oyuncaq dövlət" obrazı formalaşdırmışdır.
İkinci, Azərbaycanın geosiyasi əhəmiyyəti, Avropa ilə Asiyanı, Şərqlə Qərbi birləşdirən tarixi iqtisadi əməkdaşlıq yolunun üstündə yerləşməsi, xüsusən, Orta Asiyadan gələn yolların Xəzər dənizi vasitəsiylə Avropaya çıxışını təmin elə bilməsi bu ölkəyə beynəlxalq əhəmiyyətli subyekt statusu vermişdir. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi son 15 ildə Azərbaycanın beynəlxalq əhəmiyyətini birə yüz artırmışdır. Bu layihələr nəinki Azərbaycanı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli ölkələrdən birinə çevirmişdir, hətta min kilometrləri əhatə edən Şanxay- London iqtisadi əməkdaşlıq yolunun reallığa çevrilməsinə də zəmin yaratmışdır.
Üçüncü, Ermənistan başda olmaqla bir çox gənc müstəqil dövlətlərdə (yeri gəlmişkən, müstəqilliyin ilk illərində Azərbaycan da o sırada idi) ölkəyə beynəlxalq siyasətdən və dünya idarəçilik prinsiplərindən bixəbər olan siyasətçilər rəhbərlik ediblər. Çox təəssüf ki, Ermənistanda həmin tendensiya hələ də davam edir. Azərbaycanda isə 1993-cü ilin yayından sonra ölkəyə ən ali bəşəri dəyərlər səviyyəsində siyasi kurs yeridən Heydər Əliyev və onun siyasətini ardıcıllıqla davam etdirən İlham Əliyev rəhbərlik ediblər.
Bu, çox önəmli məsələdir. Çünki bu gün dünya ictimaiyyəti separatçılığı, dini, etnik ayrı-seçkiliyi, şovinizmi, militarizmi, terrorçuluğu qəbul etmir.
Ermənistanda bu gün həmin halların hamısı mövcuddur. Azərbaycan isə tolerantlığın, dini dözümlülüyün, milli azlıqların ölkədə bərabərhüquqlu vətəndaş kimi yaşamasının, qarşılıqlı etimadın, mehriban qonşuluğun, daxili siyasətdə ədalətin, xarici siyasətdə isə qətiyyətin bariz nümunəsini yaratmışdır. Bütün bunlar beynəlxalq aləmdə hamının xüsusi əhəmiyyət verdiyi məqamlardır.
Məhz bu məqamlara görə Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilir. Çünki bu ölkənin konkret siyasi mövqeyi, kəsərli lideri və zəngin təbii sərvətləri vardır. Məhz bu səbəbləri əsas götürən istənilən dövlət Azərbaycanla siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsinə can atır və buna nail olur.
Dünyanın əksər ölkələrinin Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verməsinin daha bir səbəbi isə ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Heydər Əliyev siyasi dühasının məhsulu olan "Əsrin müqaviləsi", həmin müqavilədən sonra imzalanan 30-a qədər digər sazişlər, əsas ixrac neft və qaz kəmərləri, neft-qaz ixracatının şaxələndirilməsi, Avropanın bütün ölkələrinin bu məsələyə böyük maraq göstərməsi və bu qəbildən olan bir çox məsələlər barədə ətraflı söz açmağa ehtiyac yoxdur. Önəmlisi odur ki, ölkəmizin neftinə və qazına maraq gündən-günə artır. Hələ ötən ilin dekabrında dünyanın kütləvi informasiya vasitələri yazırdılar ki, Hindistan şirkətlərinə aid gəmilər Bakı-Ceyhan kəməri ilə nəql olunan neftlə doldurularaq Aralıq dənizindən yola düşmüşlər. Bu gün isə artıq Hindistanın şirkətləri deyil, dövlətin özü Azərbaycanla neft sektorunda müəyyən sazişlər imzalamaq təklifi ilə çıxış edir.
Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Hindistanın Azərbaycandakı səfiri Debnat Şou iyulun 28-də azərbaycanlı mətbuat təmsilçiləri ilə görüşərkən deyib ki, Dehli Azərbaycanla ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır: "Ancaq bizi daha çox Azərbaycanla neft-qaz sahəsində müəyyən müqavilələrin imzalanması maraqlandırır".
Bir sözlə, Azərbaycanın xarici siyasəti gənc müstəqil dövlətimizə beynəlxalq aləmdə böyük nüfuz qazandırır. Neft diplomatiyamız isə bu nüfuzun coğrafiyasını genişləndirir. Yəni Azərbaycanın sözünü deyən, istənilən problemin müzakirəsi zamanı Bakının mövqelərini dəstəkləyən ölkələrin siyahısı gündən-günə genişlənir.{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında