Avropa Şurası Parlament Assambleyasının sədarət komitəsi Sərsəng su anbarı ilə bağlı qətnamə təklifini qəbul etmişdir

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədarət komitəsində Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiq edilmişdir.

Bu barədə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovun verdiyi məlumatda bildirilir.

E.Süleymanov qeyd etmişdir ki, AŞPA-nın sədarət komitəsi sentyabrın 1-də “Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair” qətnamə təklifini təsdiqləyərək baxılmaq üçün büroya göndərmişdir. Komitə, eyni zamanda, büroya qətnamə layihəsinin məruzəçi təyin edilmək üçün sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinə göndərilməsini tövsiyə etmişdir.

E.Süleymanov demişdir ki, həmin qətnamə təklifi onun təşəbbüsü ilə iyunun 25-də Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə təqdim edilmişdir. Deputat qətnamənin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirmişdir ki, sənəddə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsi kəskin şəkildə pislənilir və təcavüzkar ölkənin gücdən bu şəkildə sui-istifadə etməsi qeyri-insani davranış hesab olunur.

Eyni zamanda, assambleya Ermənistan hərbi qüvvələrini su anbarı və bütün əlaqədar irriqasiya sistemləri üzərindəki qeyri-qanuni nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırır. Qətnamədə beynəlxalq ictimaiyyət hər hansı hərbi təxribat planlarının qarşısını almaq və kütləvi insan itkilərinə səbəb olacaq qəza və ya təbii fəlakətə hazır olmaq üçün təcili tədbirlər görməyə çağırılır.

Milli Məclisin deputatı vurğulamışdır ki, sədarət komitəsinin qətnamə layihəsini təsdiqləməsi çox vacib addımdır və bir qayda olaraq onun büroya göndərdiyi tövsiyələr geri qaytarılmır. Prosedur qaydalarına əsasən sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin təyin etdiyi məruzəçi məsələ ilə bağlı məruzə hazırlayacaqdır. Bu məruzə AŞPA-nın plenar iclasında müzakirə ediləcəkdir.

E.Süleymanov bildirmişdir ki, rəhbəri olduğu təşkilat üç ay əvvəl Sərsəng su anbarı ilə bağlı genişmiqyaslı layihə həyata keçirməyə başlamışdır. AŞPA-da qətnamə təklifinin qəbul edilməsi də bu layihənin tərkib hissəsidir.

Sonda E.Süleymanov Sərsəng su anbarındakı mövcud vəziyyətlə bağlı sentyabrın 7-də Tərtərdə beynəlxalq konfrans keçiriləcəyini söyləmişdir. Onun sözlərinə görə, tədbirdə məruzə ilə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də çıxış edəcəklər. Konfransın işini geniş işıqlandırmaq, problemin ciddiliyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün tədbirə Qərbi Avropa ölkələrini təmsil edən çoxlu sayda tanınmış xarici jurnalistlər dəvət olunmuşlar.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında