Sentyabrın 2-də Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu işə başlamışdır. AzərTAc xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Forumun plenar iclası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun moderatorluğu ilə keçmişdir.
Elnur Aslanov bildirmişdir ki, dünyanın 21 ölkəsinin dövlət qurumlarından, beyin mərkəzlərindən, elmi-tədqiqat institutlarından, universitetlərindən 70-dən artıq nümayəndənin iştirak etdiyi forum alimlərin, rəsmi şəxslərin, beynəlxalq ekspertlərin səmərəli fikir mübadiləsi baxımından əhəmiyyətlidir.
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov forumda məruzə ilə çıxış etmişdir.
Novruz Məmmədov müstəqilliyini bərpa etdiyi vaxtdan ötən 22 il ərzində Azərbaycanda bütün sahələrdə əldə edilmiş nailiyyətlərdən, dinamik iqtisadi inkişafdan, xüsusilə də ölkəmizin xarici siyasətdəki uğurlarından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışmışdır.
Prezident Administrasiyası rəhbərinin müavini bildirmişdir ki, XXI əsrdə dünyada bir çox problemlərin yaşandığı dövrdə həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan mürəkkəb geosiyasi regionda öz inkişafını, sabitliyini, təhlükəsizliyini təmin edə bilmişdir. Məlumdur ki, hazırkı dövrdə bütün bunlara nail olmaq çox çətin məsələdir. Respublikada ölkənin maraqlarına cavab verən zəruri addımlar atılmış, vətəndaşlarla qarşılıqlı anlaşma yaradılaraq bütün sahələrdə uğurlar qazanılmış və Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Azərbaycan rəhbərliyi ölkənin maraqlarına cavab verən zəruri addımları atmış, vətəndaşlarla qarşılıqlı anlaşma yaradaraq bütün sahələrdə uğur qazanmış və regionun lider dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan vaxtilə yardıma ehtiyacı olan bir ölkədən donor dövlətə çevrilmişdir. Azərbaycan hazırda başqa dövlətlərə investisiya yatırır, humanitar yardımlar göstərir.
Novruz Məmmədov diqqətə çatdırmışdır ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 50 ölkəsi sırasındadır. Son 10 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə artmış, bir milyon 200 min yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 46,7 faizdən 6 faizə enmişdir. Bütün bunlar ölkədə əhalinin rifahının yüksəlməsindən, iqtisadiyyatın dinamik inkişafından xəbər verir.
Prezident Administrasiyası rəhbərinin müavini diqqəti Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlara yönəldərək qeyd etmişdir ki, enerji təhlükəsizliyi son illərdə dünyanın ən mühüm məsələlərindən birinə çevrilmişdir. Bu istiqamətdə gedən proseslər bəzən dünyada cərəyan edən siyasi prosesləri müəyyənləşdirir. Azərbaycan enerji layihələrini tərəfdaşları ilə birlikdə həyata keçirir. Lakin məlumdur ki, Azərbaycanın təşəbbüsü və iştirakı olmadan bu layihələrin heç birini reallaşdırmaq mümkün deyildi. Enerji sahəsində Azərbaycan postsovet məkanında Qərb ilə əməkdaşlıq edən ən mühüm dövlətdir.
Azərbaycanın uğurlu xarici siyasətindən danışan Novruz Məmmədov bildirmişdir ki, bu sahədə əsas prinsiplər qonşularla mehriban münasibətləri və bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Bildirilmişdir ki, bu gün Azərbaycanın 57 ölkədə səfirliyi, 10 baş konsulluğu, 20 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq və regional təşkilatlarla uğurla əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində ən böyük nailiyyət isə ölkənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Prezident Administrasiyası rəhbərinin müavini təəssüflə qeyd etmişdir ki, problemin həlli ilə bağlı ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki, heç bir irəliləyişə nail ola bilməmişdir. Bu isə Azərbaycanın qarşısında cavab axtarılması tələb olunan suallar doğurur. N.Məmmədov demişdir: “Beynəlxalq aləmdə gedən proseslərə nəzər saldıqda görürsən ki, son 5-6 ildə dünya ictimaiyyətinin ən çox bəhs etdiyi məsələ qlobal iqtisadi böhrandır. Lakin bu gün dünyada daha bir böhran hökm sürür - beynəlxalq hüquq böhranı. Məhz bu böhran digər böhranların da baş verməsinə gətirib çıxarır. Təəssüf ki, beynəlxalq hüquqda ədalət prinsipi pozulur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birlik tərəfindən ədalətli mövqe nümayişini görə bilmirik. Azərbaycanın Avropa İttifaqı, ATƏT, NATO kimi qurumlarla yüksək səviyyəli əməkdaşlığına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş qətnamələrdən irəli gələn tələblər yerinə yetirilmir. Bu da beynəlxalq hüquq böhranın göstəricisidir. Beynəlxalq hüquq böhranı isə ciddi narazılığa gətirib çıxaran ən böyük böhrandır”.
Prezident Administrasiyanın rəsmisi vurğulamışdır ki, cəmiyyət inkişaf etdikcə ölkələr daha sivil olmalıdır, onların arasında bir-birinin münasibətlərini tənzimləməsi mexanizmi daha uğurla işləməlidir, lakin təəssüf ki, bu gün bunu görmək mümkün deyildir.
ABŞ-da fəaliyyət göstərən “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridman dünyada gedən siyasi proseslərdən, Azərbaycanın region, bütövlükdə Avropa üçün əhəmiyyətindən, ABŞ ilə əlaqələrinin inkişafından, xüsusilə də ölkəmizin uğurlu enerji siyasətindən bəhs etmişdir.
Corc Fridman bildirmişdir ki, Avropa ilə Asiyanın qovuşuğunda önəmli geostrateji mövqeyə malik olan Azərbaycan uğurlu balanslaşdırılmış xarici siyasət yürüdür. Qeyd edilmişdir ki, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev o vaxt bir çox ölkə rəhbərlərindən fərqli olaraq dünyanın dəyişdiyini yaxşı başa düşürdü və siyasətini də məhz buna görə qururdu. Təqdirəlayiq haldır ki, bu gün həmin siyasət uğurla davam etdirilir.
Amerikalı alim diqqətə çatdırmışdır ki, iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə xüsusi önəm verən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. O, həmçinin vurğulamışdır ki, Azərbaycan artıq Avropanın bir hissəsinə çevrilmişdir və təkcə bu qitə üçün deyil, bütün dünya üçün xüsusi önəmə malik bir dövlətdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov öz çıxışında Azərbaycanın tolerantlıq modeli, ölkəmizdə multikulturalizmə verilən önəm haqqında danışaraq bildirmişdir ki, bu tolerantlıq ənənələri beynəlxalq münasibətlər sistemində mühüm yer tutur.
Komitə sədri dini tolerantlığın tarixi kökləri və dövlət-din münasibətləri barədə forum iştirakçılarına məlumat verərək demişdir ki, Azərbaycanın dünyaya örnək ola biləcək nadir tolerantlıq modelinin əsasında xalqın zəngin mədəniyyətə əsaslanan milli xüsusiyyətləri ilə yanaşı, dövlətin qarşılıqlı hörməti və anlaşmanı təşviq edən siyasəti dayanır. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gün də davam edir.
E.İskəndərov bildirmişdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, BMT və UNESCO-nun birgə imzaladığı memorandum əsasında Azərbaycanda Milli Tolerantlıq Mərkəzi yaradılmışdır. Bu mərkəzin fəaliyyəti Azərbaycanın tolerantlıq, multikulturalizm ənənələrini tədqiqinə, bu işə xarici mütəxəssislərin cəlb olunmasına şərait yaratmağa yönəlmişdir.
Komitə sədri, həmçinin Azərbaycanın tolerantlıq modelinin bütün dünyada daha geniş təbliğinin zəruriliyini vurğulamış və diqqətə çatdırmışdır ki, yaxın vaxtlarda həm BMT-nin, həm də UNESCO-nun baş qərargahlarında, eyni zamanda Avropa Parlamentində “Azərbaycan tolerantlıq məkanı” mövzusunda fotosərgi və konfransların keçirilməsi planlaşdırılır.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski öz məruzəsində diqqəti Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və əsas aktorlardan biri kimi qəbul edilməsinə yönəltmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, səriştəli xarici siyasət nəticəsində Azərbaycan son 10 ildə qlobal proseslərin fəal iştirakçısına çevrilmişdir. S.Çernyavski ölkəmizdə iqtisadiyyatın və nəqliyyat infrastrukturunun əhəmiyyətli dərəcədə inkişaf etdiyini xüsusilə vurğulamışdır. O, həmçinin Azərbaycanda ekoloji məsələlərin həllinə xüsusi diqqət yetirilməsinin, neftlə çirklənmiş ərazilərin təmizlənməsinə dair dövlət proqramlarının həyata keçirilməsinin, yaşıllaşdırma və abadlıqla bağlı böyük işlərin görülməsinin təqdirəlayiq olduğunu söyləmişdir. Rusiyalı alim Azərbaycanda gənclərin inkişafı, məşğulluq probleminin həlli istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə toxunan S.Çernyavski problemin sülh yolu ilə həlli istiqamətində heç bir nəticə əldə olunmamasından təəssüfləndiyini bildirərək qeyd etmişdir ki, bu gün Azərbaycan dövləti münaqişə nəticəsində məcburi köçkünə çevrilmiş bir milyondan artıq insana külli miqdarda vəsait sərf edir. Torpaqların uzun müddətdən bəri işğal altında qalması isə xalqın yaddaşında sağalmayan yaraya çevrilmişdir.
Sonra suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr aparılmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.