Elnur ASLANOV: Bu gün müxtəlif ölkələrdə təhsil alan tələbələrimiz Azərbaycanı xaricdə layiqincə təmsil etməyə qadir olan böyük intellektual qüvvədir

Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) XI Yay Forumu öz formatına görə əvvəlkilərdən fərqlənir. Forumda daha çox sayda dövlət  rəsmiləri, məmurlar iştirak edirlər. Tədbirdə həm perspektiv planlar, həm də gənclərin qarşısında duran vəzifələr müzakirə olunacaqdır. Xarici işlər, Mədəniyyət, Təhsil, İdman və Gənclər nazirliklərinin  və digər qurumların, fondların təmsilçiləri gənclərin nələri edə biləcəyi haqda fikir mübadiləsi aparacaqlar.

AzərTAc xəbər verir ki, bu sözləri ASAIF-ın XI Yay Forumunda iştirak edən Azərbaycan Respublikası  Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə müsahibəsində demişdir.

Bildirmişdir ki, bugünkü tədbir o qədər də uzaq olmayan bir ənənəyə əsaslanır. Hələ 30-40 il bundan əvvəl ulu öndər Heydər Əliyev hər il azərbaycanlı gəncləri  keçmiş Sovet İttifaqının müxtəlif respublikalarının nüfuzlu ali məktəblərində  təhsil almağa göndərərkən  məhz avqustun son günlərində onlarla görüşür,  öz nəsihətlərini və tövsiyələrini  verirdi. Ulu Öndər keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərini bitirdikdən sonra Azərbaycana  dönəcək gənclərin respublikamıza, gələcəkdə isə  müstəqil dövlətimizə hansı töhfələri verə biləcəkləri haqqında öz fikirlərini  bildirirdi. Bu gün həmin ənənəni uğurla davam etdirən ümummilli liderimizin layiqli varisi Prezident İlham Əliyevin  bu sahədə siyasətinin başlıca məqsədi  qara qızılın insan kapitalına çevrilməsi xəttinin həyata keçirilməsindən ibarətdir.

Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, bu gün ənənəyə sadiq olaraq   avqustun son günlərində bir sıra dövlət  qurumlarının təmsilçiləri xaricdə təhsil alan və ilk dəfə təhsil almağa gedən gənclərimizlə görüşür, Prezidentimizin tövsiyələrini onlara çatdırırlar. Bu görüşlərdə, həmçinin  dövlətimizin  başçısının son illərdə Azərbaycanda həyata keçirdiyi siyasət, ölkəmizin sürətli inkişafı naminə reallaşdırdığı sosial-iqtisadi təşəbbüslər, eyni zamanda, bir çox iri layihələrdən söhbət açılır. Gənclərimizin Azərbaycan həqiqətlərinin xarici ölkələrdə təbliği istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılır.

Elnur Aslanov demişdir ki, xaricdə təhsil alan gənclərin əsas vəzifəsi Azərbaycana yüksək ixtisaslı kadrlar kimi dönməkdir. Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında da əsas məqsəd kimi ölkədə yeni kreativ, intellektual, təşəbbüskar gənclər təbəqəsinin yetişməsi önə  çəkilmişdir. Kreativ və təşəbbüskar gənc dedikdə dövlətçiliyin maraqlarının qorunması məqsədini də qarşımıza qoymalıyıq . Azərbaycan gənclərinin xaricdə istər ölkəmizin nailiyyətlərinin, istərsə də xalqımızın ən ağrılı  problemi olan Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin ədalətli mövqeyinin  bilavasitə təbliğində çox böyük rolu olmalıdır. Gənclər istər konfransların təşkilində, istərsə də  müxtəlif  simpoziumlarda fəal  iştirak etməklə  dövlətimizin maraqlarını,  ağrılı problemlərini çatdırmalıdırlar. Çox təəssüf ki, bəzi hallarda erməni lobbisi bu məsələlərdə daha fəal olur.Bu gün xaricdə təhsil alan tələbələrimizin sayı 10 mindən artıqdır. Yadda saxlamaq lazımdır ki, bu,  həm gənclərdən ibarət böyük Azərbaycan diasporudur,  həm də ölkəmizi xaricdə layiqincə təmsil etməyə qadir olan böyük intellektual qüvvədir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında