Rüstəm Məmməd İbrahimoviç məğlubiyyət acısından yayınaraq dublyoru Cəmil Həsənlini irəli verdi

Qoca rejissor özü də bekar dayanmır, “sobrazim”lə məşğuldur: hərədən bir manat

Nüfuzlu siyasətçilər, tanınmış ekspertlər deyəndə ki, çirkin əməllərlə, antimilli fəaliyyətlə məşğul olan, ermənipərəst xarici dairələrin tapşırığını yerinə yetirən radikal müxalifət həmişə özü-özünü ifşa edib, onda bu düşərgədən etiraz səsləri yüksəlir. Haray-həşir  salırlar ki, bəs bizə iftira atırlar, “biz aydan arı, sudan duruyuq”. Daha demirlər ki, Azərbaycan cəmiyyəti bunların dabbaqda gönünə bələddir, xalq sizin hansı yuvanın quşu olduğunuzu çox yaxşı bilir.

Budur, kinodramaturq Rüstəm Məmməd İbrahimoviçin antiAzərbaycan dairələrindən toplayaraq hər ay Bakıya, “Milli Şura”ya göndərdiyi 20 min manatın başına daş salan  reneqat Eldar Namazov indi çıxılmaz vəziyyətdə qalıb. Nə edəcəyini bilməyən buqələmun məcbur qalıb Rüstəm Məmməd İbrahimoviçin “1 manat kampaniyasına” dəstək verir və buna çox ciddi ehtiyacdan irəli gəldiyini deyir. Göndərilən 100 min dolları bütünlüklə mənimsəyəndə axırı belə olacaqdı.

Bunlar xaricdəki ağalarından aldıqlarını ora-bura dağıdır,  erməni dostları ilə Moskvanın bahalı restoranlarında qonaqlıqlara sərf  edir, sonra da üz tuturlar Azərbaycan xalqının vətənpərvər övladlarına ki, bəs, bizə heç olmazsa hərəniz bir manat verin. Doğrusu, kinossenarist Rüstəm Məmməd İbrahimoviçin Ostap Benderin, KVN-çi Vado Korovinin  “bağışlayın, sizdə 1 manat olmaz?” deyən qəhrəmanının səviyyəsinə yuvarlanması, həqiqətən də, acınacaqlı mənzərədir. Onun bu biabırçı kampaniyası kinodramaturqun növbəti düşünülməmiş addımıdır. Çünki, bununla o, “Milli Şura”nı, əslində, nə qədər adamın dəstəklədiyini özü ortaya qoyur. Kampaniyanın sonunda yığılan vəsaiti sayıb əhalinin neçə faizinin bunları dəstəklədiyini sorğusuz-filansız aşkar etmək mümkündü. Ancaq sonda məlum olacaq ki, bunları özlərindən başqa, heç kəs dəstəkləmir.

Xalqın dağıdıcı müxalifəti və onun timsalında “Milli Şura”nı dəstəkləmədiyini bilən Rüstəm Məmməd İbrahimoviç hansı açıqlamanı versə də, necə biabırçı təşəbbüslərlə çıxış etsə də, ümidini yalnız xaricdəki antimilli dairələrə bağlayıb. “EL” hərəkatının ali məclisinin sabiq sədr müavini Əflan İbrahimov Rüstəm Məmməd İbrahimoviçin onunla bağlı səsləndirdiyi ittihamlara cavab verərək bu reallığı dilə gətirib. Bildirib ki, kinodramaturqun bir neçə simaya qulluq etdiyi bəlli oldu:  “Rüstəm bəy! Məndən fərqli olaraq özünüzə xaricdən dəstək axtarırsınız. Demək sizin ixtiyarınız sizin özünüzdə deyil”.

Əflan İbrahimov deyib ki, xalqın içərisində yaşamayan  Rüstəm bu xalq üçün nə yaxşılıq edə bilər axı? Yanlışlıq Rüstəm İbrahimbəyovdadır:  “Bu hakimiyyət sənin üçün hər cür şərait yaradıb. Daha bu dövlətdən niyə narazısan? Əslində, Rüstəm İbrahimbəyovun hakimiyyətlə davası mülk, torpaq davasıdır, xalqın mənafeyi deyil. Rüstəm bəy! Bilməliydiniz ki, mənimlə mübarizə aparmaq eldarların, eldənizlərin, əli kərimlilərin işi deyil”.  Bəli, hamı bilir ki, Rüstəm Məmməd İbrahimoviçin ixtiyarı xarici ölkələrdə müxtəlif siyasi dairələrin əlindədir. Özü kəndiri  boynuna bağlayaraq ucunu gah Rusiyada, gah ABŞ və Qərb ölkələrindəki dairələrə təqdim  edir. Rusiya isə son vaxtlar onun kəndirindən imtina edib. Ona  görə də Rüstəm Məmməd İbrahimoviç və onun “Milli Şura”dakı tərəfdarları yeni sahib axtarışına başalayıblar.

“Milli Şura”nın “başbilənləri” Londona səfər arzusundadırlar. Rüstəm Məmməd İbrahimoviçdən, onun dublyoru Cəmil Həsənlidən, Müsavat Partiyasının başqanı   İsa Qəmbərdən, “El” hərəkatının sədri reneqat Eldar Namazovdan, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdan ibarət olan heyətin səfəri 5 gün çəkəcək. Proqrama əsasən, “Milli Şura” üzvlərinin Britaniyaya səfərini “Article XlX” təşkilatının əlaqələndiricisi Rebekka Vinsent təşkil edib. Şura üzvləri əvvəlcə İngiltərə XİN-də akkreditasiyadan keçəcəklər. Daha sonra onların parlamentdə baronessa Koksla görüşü olacaq. Həmin gün axşam Koksun villasında dublyor Cəmil Həsənlinin şərəfinə ziyafət veriləcək. “Milli Şura” üzvləri sonra BBC-nin qonağı olacaqlar və “Hard Talk” tok-şousunda iştirak edəcəklər.

Səfərin sonunda isə “Article XlX” təşkilatında görüş olacaq. Görüşdə 2010-cu ildə “Article XlX”un təşəbbüsü ilə yaradılmış və bir sıra QHT-lərin daxil olduğu Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun gələcək fəaliyyəti müzakirə olunacaq. “Milli Şura” üzvləri həmçinin 2011-ci il hadisələrinə görə həbs olunmuş bloqqerlərlə, Snoudenin işi ilə bağlı Böyük Britaniyanın xüsusi xidmət orqanlarının təzyiqlərinə məruz qalmış “The Guardian” qəzetinin əməkdaşı Qlenn Qrinvald və onun həyat yoldaşı Miranda ilə görüşəcəklər, fəaliyyəti dayandırılmış “News Of The World” nəşrinin keçmiş ofisində olacaqlar, bu ilin ortalarında Londonda partladılmış məscidin yerini ziyarət edəcəklər.  Proqram bundan ibarətdir.

Buqələmun Eldar Namazov müsahibəsində bildirib ki, London səfərini “Milli Şura”nın ABŞ və Avropa səfərlərinin davamı da saymaq olar: “Göründüyü kimi, beynəlxalq birlik Azərbaycanda demokratikləşmə prosesini davamlı olaraq diqqət mərkəzində saxlayır”. Birincisi, boş şeydən hay-küy salmaq, qarışqanı böyüdüb fil etmək müxalifətin köhnə adətidir. Buna görə də reneqatın Londona səfəri böyütməyə, “qeyri-adi” bir hadisə və ya “qeyri-adi” hadisələrin davamı kimi ictimaiyyətə sırımağa çalışması  başadüşüləndir. Ancaq unutmaq olmaz ki, “Milli Şura” məhz bundan əvvəlki səfərlərdən sonra acınacaqlı duruma düşdü, az qaldı parçalansın. Hələ indiyə kimi şurada olan partiyaların ağzını bir yerə yığmaq mümkün olmayıb. Əgər London səfəri də bu səfərlərin davamıdırsa, onda deməli  Qərb “Milli Şura” layihəsinin tabutuna, necə deyərlər, sonuncu mıxını çalmağa hazırlaşır. Qərb Azərbaycanda demokratiyanın inkişafında maraqlıdır. Amma bu məsələdə gah Moskvanın, gah Vaşinqtonun, gah Brüsselin, imkanı olsa İran və Çinin də qucağına atılmağa hazır olan hərdəmxəyal müxalifətlə deyil, sabit, prinsipial və dəyişməz mövqeyi ilə dünyada nüfuz qazanmış mövcud iqtidarla işləməyə üstünlük verir. 

“Yeni Müsavat” qəzeti yazır: “Qərb İbrahimbəyov məsələsində nə qədər ehtiyatlı davranırdısa, Cəmil Həsənli ilə təmaslarda ciddi şəkildə maraqlı olduğunu ortaya qoyur. Rusiya Prezidentinin Bakı səfəri ərəfəsi verilən ”Stop" işarəsi neçə vaxtdır dəyişiklik arzulayan cəmiyyətdə kifayət qədər ruh düşkünlüyü yaradıb. İndi bir paytaxt (Moskva) oyundan çıxır, başqa bir paytaxt (London) dövriyyəyə girir və müxalifətə əl uzadır. Qorxmadan və çəkinmədən. Həm də bu təmaslar neçə vaxtdır “Rusiya kimliyi” (pasportu) səbəbindən seytnotda olan müxalifətə yarışdan geri qalmamaq üçün ciddi dəstək və ayaqlanmaq üçün nəfəsdir. Müxalifətin kifayət qədər dəyərli zaman itirdiyini nəzərə alsaq, bu dəstəyin nə qədər “önəmli” olduğu aydın görünür".  

Reneqat Eldar Namazov qəzetin elə həmin nömrəsində dərc edilmiş müsahibəsində deyir ki, “Milli Şura”nın nümayəndə heyətini Londona Böyük Britaniyanın ictimai təşkilatları dəvət ediblər. Belə olan təqdirdə Qərb dövlətlərinin onlara dəstək verməsi barədə deyilənlər ağ yalandır. Lakin bir azərbaycanlı kimi hər birimizi məyus edən məsələ başqadır. Görəsən,  müxalifət ideoloqları niyə bu qədər rəzil, müstəqil və suveren dövlətçilik prinsiplərinə zidd təbliğat yolu seçiblər. Azərbaycan seçicisinin beyninə yeritmək istəyirlər ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqı yox, xarici qüvvələrdir. Sonra da gileylənirlər ki, xalq bizim çağırışımıza qoşulmur. Guya London bunlara “əl uzadır”, “seytnotda olan müxalifətə nəfəs verir”. Özünüz etiraf edirsiniz ki, sizə xalqın yox, xaricdəki day-dayıların dəstəyi daha önəmlidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində “9 xarici dövlətin dəstəyi ilə hakimiyyətə gələcəyik”- deyən müxalifətdən bundan artıq nə gözləmək olar?

Bu dəfə düşərgədaşları reneqat Eldar Namazovu elə pərt ediblər ki,  hara gedirsə getsin hövsələsi çətin ki düzələ. Məsələ bundadır ki, o,  kinodramaturq Rüstəm Məmməd İbrahimoviçin seçki qərargahının rəhbəri olduğu halda, yeni namizəd Cəmil Həsənlinin seçki qərargahına reneqat deyil,  Arif Hacılı və Həsən Kərimov rəhbər təyin olunublar.   “Yeni Müsavat”a müsahibəsində, özünün bu qərargahda hansı rol oynayacağı barədə suala cavabında deyib: “Milli Şura”nın növbəti sessiyası bu məsələyə həsr olunacaq. Biz sessiyada vəzifə bölgüsü aparacağıq”. Buradan da görünür ki, Eldar Namazov pərtliyini gizlətmək üçün konkretlikdən qaçır. İşarə vurur ki, əslində İbrahimbəyovun dublyoru olan Cəmil Həsənli özbaşına belə qərar qəbul edib. Son sözü “Milli Şura”nın sessiyası deyəcək. Açıq-aydın görünür ki, “Milli Şura”da söz sahibi olmaq üstündə 3 nəfər arasında gərgin mübarizə gedir: Eldar Namazov, İsa Qəmbər, Əli Kərimli.  Eldar Namazov Rüstəm Məmməd İbrahimoviçə arxalanaraq dublyor Cəmil Həsənlini əlində saxlamağa çalışır. Lakin Cəmil Həsənlinin addımları onun Müsavat və AXCP-yə daha çox etibar etdiyini və ya onlardan daha çox qorxduğunu  göstərir. Ona görə də sessiyanı gözləmədən öz seçki qərargahına Arif Hacılı və Həsən Kərimovu rəhbər təyin etməyə razılaşıb.

Cəmil Həsənli isə maraqlı açıqlama verib. O bildirib ki, gediləcək bir yol var:- Rəsulzadə - Elçibəy yolu. Onsuz da Azərbaycan cəmiyyəti radikal müxalifət düşərgəsindən ehtiyat edir, onun antimilli qüvvələrlə əməkdaşlığını narazıçılıqla izləyir. Dublyor Cəmil Həsənlinin bu açıqlaması narahatlığı daha da artırıb. Çünki, həm Rəsulzadə, həm də Elçibəy 1-2 ildən artıq hakimiyyətdə qala bilməyib Bakını tərk ediblər. Biri xarici dövlətin təzyiqlərinə tab gətirməyib ölkədən, digəri isə Surət Hüseynovun təzyiqinə tab gətirməyib paytaxtdan gedib. Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənli fərarilərin yolunu tutur. Amma xalqımız xarici və daxili təzyiqlərə boyun əymədən dövləti qoruyub-saxlayan Heydər Əliyevin yolunu dəstəkləyir.

Kimdir Cəmil Həsənli ki, indi haqq-ədalət carçısı olub, düşüb ortalığa? Bir qayda olaraq iqtidar-müxalifət düşərgələri arasında var-gəl edən Cəmil Həsənlinin daha çox şəxsi maraqlar prizmasından çıxış etməsi, o qədər də uzaq olmayan yaxın keçmişimizdə olmuşdu. 2005-ci ilin parlament seçkilərində mandata görə təmsil etdiyi AXCP-ni tərk edən, tərəfdaşlarının “xəyanət” ittihamı ilə üzləşən Cəmil Həsənli deyildimi? Fərhad Əliyevdən pul alıb onun müdafiəsini təşkil edən Cəmil Həsənlinin bu rüşvətxor və korrupsionerdən nəyi artıqdır?  AXCP-də olduğu dövrlərdə ölkədə insan hüquq və azadlıqlarının pozulduğundan danışan dublyor Cəmil Həsənli deputat olandan sonra susmağa üstünlük verdi. Bəs millət vəkilinin getdiyi  “Rəsulzadə-Elçibəy yolu” harada qalmışdı? İndi də əlinə metr alıb sovet vaxtının “zemlomer”ləri kimi torpaq ölçür.

Bu arada, Türkiyənin tanınmış sənətçisi Sezen Aksu “Milli Şura”ya dəstək verib.  Sənətçi öz “İnstaqram” səhifəsində  şuranın son mitinqinin fotosunu paylaşıb. Şəklin altında isə yazıb: “Azərbaycanda Taksimdəki hadisələr yaşanır. Qardaşlarımı dəstəkləyirəm. Ana müxalifətə dəstək”.  Əslində, bu, heç də təəccüblü deyil. Əgər Sezen Aksu “Milli Şura”ya qarşı tənqidi fikirlər səsləndirsəydi, bu, qəribə görünərdi. “Sarı gəlini” erməni dilində oxuyan, erməni kapellasını müşayiət edən, əksər mahnılarının bəstəkarı erməni olan, hərdən bir Azərbaycanın ünvanına atmacalar atmağı sevən birisi “Milli Şura”dakı Rüstəm Məmməd İbrahimoviç  onun dostu Əkrəm Naibov kimi  ermənipərəst ünsürlərlə mənəvi yaxınlığını, ideya birliyini hiss edir və buna görə də dəstək verir. Yoxsa, Akif Nağını tərifləyəsi deyildi ki. Digər tərəfdən, yəqin Sezen Aksunun erməni sponsorları sənətçini yaxşıca həvəsləndiriblər. Belə olmasaydı, sənətçi erməni lobbisinin, xaricdəki antimilli  dairələrin Azərbaycandakı “etibarlı” tərəfdaşlarını dəstəkləməzdi.

Rauf KƏNGƏRLİ,

  “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında