Suda boğulan saman çöpündən yapışar

Prezidentliyə namizədliyi təsdiq edilməyən Rüstəm İbrahimbəyovun yersiz hay – küyünü belə qiymətləndirirlər

 “Milli Şura”nın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyinin Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmaması ermənipərəst kinorejissoru bərk hiddətləndirib. Hətta o, bu barədə məhkəməyə müraciət etmək qərarına gəlib. R. İbrahimbəyov dərhal xarici kütləvi informasiya vasitələrinə müsahibə də verib və  MSK-nın onun namizədliyini qeydə almaması barədə qərarını  qeyri-qanuni adlandırıb. Deyib ki,  “MSK bu barədə düzgün qərar çıxarmayıb. Ona görə də, mən onları məhkəməyə verməyə hazırlaşıram”.

Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədlik məsələsi ortalığa atılandan bəri tanınmış hüquqşünaslar, ekspertlər və hüquq müdafiəçiləri deyirdilər ki, onun namizədliyi təsdiq olunmayacaq. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

 Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13.3.4-cü maddəsinə əsasən başqa dövlətlər qarşısında öhdəliklər anlayışını izah etmək olar. Belə ki, bu, xarici dövlətdə 5 ildən artıq yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan, qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.  Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin “başqa dövlətlər qarşısında öhdəliyi olmayan...” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 1 avqust 2003-cü il tarixli qərarında deyilir ki, “başqa dövlətlər qarşısında öhdəliyi olmayan” müddəasının hüquqi mənası “vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərin olmamasını ehtiva edir” kimi izah edilir.

Bütün bunları bilə - bilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi “Milli Şura” seçicilərin “təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Rüstəm  İbrahimbəyovun yersiz hay-küy salması onun və  ərtafındakıların savadsızlığından irəli gəlir. Qoca kinorejissorun namizədliyinin təsdiq edilməməsi haqqında MSK - nın qəbul etdiyi qərar ölkə Konstitusiyası və seçki qanunvericiliyi  ilə əsaslandırılıb. Məgər “Milli Şura” seçicilərinin “təşəbbüs qrupu”, həmçinin bu oyuncaq qurumun başbilənləri bilmirdilərmi ki, onların prezidentliyə namizədi Rüstəm İbrahimbəyov  Azərbaycan Respublikasının ərazisində, özünün qeyd etdiyi kimi, 74 il ərzində daimi yaşamayıb? Son 10 ildə isə R.İbrahimbəyov Azərbaycanda  cəmi 1163 gün kiçik fasilələrlə yaşayıb. Göründüyü kimi, bu,  Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Prezidenti seçilmək üçün namizədlərə dair tələblərə ziddir.  R.İbrahimbəyovun namizədliyinin təsdiq edilməməsi təkcə Azərbaycanda yaşamaması ilə əlqələndirilməyib. “Təşəbbus qrupu ” tərəfindən təqdim edilmiş sənədlər araşdırılarkən kinorejissorun eyni zamanda iki dövlətin - Azərbaycan Respublikasının və Rusiya Federasiyasının vətəndaşlığına malik olmaqla ikili vətəndaşlığının  və başqa ölkələr qarşısında öhdəliyinin olması faktı da  üzə çıxmışdır. Rüstəm İbrahimbəyov özü də bunları imzası ilə təsdiqləyib.

 Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların mövcud olmamasını və namizədin təsdiq edilməsinin qeyri-mümkünlüyünü müəyyən etmişdir. Təbii ki,  faktiki və hüquqi əsaslara görə  Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin  irəli sürülməsinin təsdiq edilməsi qeyri - mümkün hesab edilib.

Siyasətdən və qanunlardan bixəbər olan Rüstəm İbrahimbəyov isə MSK - nın bu qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edəcəyini bildirib. “Suda boğulan saman çöpündən yapışar”  el məsəli məhz belə savadsızlara, qanunvericilik aktlarından bixəbər olanlara aiddir. Söz yox ki, o, “Milli Şura”nın prezidentliyə vahid namizədi olmaq istəmirdi. Çünki onun nə həvəsi, nə  siyasi savadı, nə də siyasi iradəsi var ki, gəlib Azərbaycanda seçicilərlə görüş keçirsin və ortalığa bir platforma qoysun. “Yeni Müsavat” qəzetində dərc olunmuş bir məlumatda da Rüstəm İbrahimbəyovun prezident seçkilərinə qatılmaq fikri olmadığı öz əksini tapıb. Qəzetin 28 avqust 2013 - cü il tarixli sayında dərc olunan bir məqalədə qeyd edilir ki, Rüstəm İbrahimbəyov bildirib ki, “Milli Şura”nın vahid namizədliyinə onun nəzərədə tutduğu adamlar olub. Bu o deməkdir ki, qoca kinorejissorun özü proseslərin əvvəlindən  vahid namizəd olmaq fikrində olmayıb. O, Cəmil Həsənlinin, Rafiq Əliyevin və Mehman Əliyevin prezidentliyə vahid namizəd olmasını təklif edib. R.İbrahimbəyov deyir: “Sonradan iş elə gətirdi ki, məni seçdilər. Mən də məcbur oldum və bu təklifi qəbul etdim”.

R.İbrahimbəyov  prezident seçkilərinə qatılmayacağını çox yaxşı bilirdi. Ona görə də elə birinci gündən özünə “dublyor” axtarışına girişmişdi. Onu da qeyd edək ki, “Milli Şura”nın prezidentliyə namizədi Cəmil Həsənlini də bu qondarma qurumun üzvləri seçməyib. Onun namizədliyi Rüstəm İbrahimbəyovun sifarişi idi. Bunu ermənipərəst kinorejissorun özü də təsdiqləyir. O, “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasında bidirib: “Cəmil Həsənlinin namizədliyini “Milli Şura”ya mən təklif etmişəm. Aydındır ki, “Milli Şura” kimi bir qurumdan hər kəsin namizədliyi belə asanlıqla keçə bilməzdi. Mən göstəriş verdimsə, demək keçməli idi".

“Milli Şura”nın necə qurum olması, kimlərin sifarişini yerinə yetirməsi, hansı məzhəbə qulluq etməsi və üzvlərinin hansı xislətin sahibi olmaları hamıya bəllidir. Hər halda Milli Məclisin deputatı  Elton Məmmədovun bu qondarma qurum haqqında dediklərini  diqqətə çatdırmağı  özümüzə borc bildik:" Əvvəla, “Milli Şura” səmimi birlik deyil və səmimi dayaqlara söykənmir. Burada təmsil olunan partiya və siyasətçilər sivil müxalifətçiliklə deyil, dövlətçilik əleyhinə fəaliyyət göstərirlər. Dövlətinə və millətinə bağlı olmayan heç bir qüvvənin uğur qazanmaq, xalqın dəstəyini əldə etmək imkanı yoxdur. “Milli Şura”nın yaradılması zamanı ortaya çıxan müzakirələr, qurumda təmsil olunan şəxslərin müxtəlif ermənipərəst beynəlxalq dairələrin sifarişlərini icra etməsi bu qurumun həm də antimilli bir fəaliyyət ortaya qoyduğuna şübhə yeri qoymur. Azərbaycanda hakimiyyətin mənbəyi xalq olduğuna görə, məkrli beynəlxalq dairələrin və onların buradakı qeyri-rəsmi emissarlarının ölkədə sabitliyi pozmaq cəhdləri nəticə verə bilməz. Bu mənada “Milli Şura”nın iflası uğraması təbii bir hadisədir. Burada təəccüblü bir şey yoxdur. Ölkə maraqlarını ayaq altına atmağa hazır olan, müxtəlif ermənipərəst beynəlxalq təşkilatların sifarişlərini icra edən və bundan utanmayan qurumun taleyi elə belə də olmalı idi. Əgər “Milli Şura”nın sədri və prezidentliyə vahid namizədi elan olunan Rüstəm İbrahimbəyov ermənilər üçün darıxdığını söyləyirsə, daha bir müxalifət təmsilçisi Əkrəm Əylisli erməniləri mədh eləyən roman yazırsa, bu onların milli kimliyini açıq şəkildə ortaya qoyur".

Rüstəm İbrahimbəyov Azərbaycana gəlməməsinin bir səbəbini də “Milli Şura” üçün xaricdə maliyyə vəsaiti toplaması ilə əlaqələndirmişdi. Deyəsən, qoca kinorejissor ianə toplamağa, dilənçilik etməyə adətkar olub. O, indi də dilənmək üçün Azərbaycan xalqına əl açıb və hər bir kəsdən 1 manat istəyir. Prezident seçkilərində “Milli Şura”nın prezidentliyə namizədi üçün açılacaq hesaba hərənin 1 manat köçürməsi barədə yalvar - yapış edib. Görünür, erməni lobbisinin verdiyi çirkli pulları keyf məclislərinə, ermənilərlə yeyib - içməyə sərf etdiyindən təbliğat kampaniyasına pul qalmayıb. Digər tərəfdən 5 ay ərzində hər ay Azərbaycandakı muzdlu nökəri  reneqat Eldar Namazova göndərdiyi 20 min - ümumulikdə 100 min dolların taleyindən də bir xəbər yoxdur. R.İbrahimbəyovun “hərə 1 manat  versin” çağırışından sonra  “Milli Şura”dakı müsavatçılar, cəbhəçilər, eldarçılar, rəsulçular, lalə - şövkətçilər və digər antimillilər prezidentliyə namizədlərinin təbliğat kampaniyasına vəsait toplamaq barədə düşünürlər. Onlar hələ hakimiyyətə gəlməmişdən xalqdan pul yığmağa başlayıblar. Görünür, hakimiyyətə gəlsələr, camaatın cibində olan son qəpiklərini də əllərindən alacaqlar.

Son vaxtlar “Milli Şura” üzvləri daha bir yalana əl atıblar. Onlar bu qurumdan prezidentliyə vahid namizədin  guya izlənilməsi, ona qarşı təxribatlar törədilməsi barədə şayiələr yaymağa başlayıblar. Bu da suda boğulanın saman çöpünə əl atmasına bənzəyir. Çünki yaxşı bilirlər ki, prezident seçkilərində heç nəyə nail ola bilməyəcəklər. Hətta, öz tərəfdarları Rəsul Quliyev də “Milli Şura”nın prezidentliyə  vahid namizədinin prezident seçkilərində ən çoxu  0,2 - 0,5 faiz səs toplayacağını bildirib.

Radikal müxalifət prezident seçkilərində acınacaqlı məğlubiyyətini indidən dərk edib. Ona görə bu məğlubiyyəti ört - basdır etmək üçün indidən gündə bir bəhanə uydururlar.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında