İşlər belə getsə, 9 oktyabrdan sonra Rüstəm Məmməd İbrahimoviç qapazı jurnalistlərin yox, müxalifətçi dostlarının başına vurmalı olacaq

Əvvəlcə  onu qeyd edək ki,  son günlər “Milli Şura” üzvlərini yüksək  canfəşanlıqla, ürəkdən  təbrik edənlər olub. Çünki həmin qurumu yaradanlar nəticədə nəyəsə nail olacaqlarını gözləsələr də, onların etibar edib pul-para verdiyi adamlar şuranın hələ seçkiyə xeyli qalmış dağılacağını, SİDSUH, DUH, DUBB, Demkonqres kimi qohum-əqrabasının yanına gedəcəyini gözləyirdilər.

Çünki həm Rüstəm İbrahimbəyovun siyasətdən tamamilə bixəbər olması, o üzdən də  bu qurum üzvlərinə qeyri-səmimi münasibəti, həm də şurada cəmləşənlərin məkrli, qərəzli, fitnə-fəsadlı əməlləri “Milli Şura”nın sonunu sürətlə yaxınlaşdırırdı. Amma son anda kimsə -  yəni, siyasətin nə olduğunu anlayanlardan biri - bunlara yol göstərdi və “Milli Şura”nın ömrünü heç olmazsa seçkiyə qədər uzatmaq üçün münasib variant düşündülər. Bu variant Cəmil Həsənlinin ehtiyat vahid namizəd kimi ortaya atılması idi. Ona görə də kimlərsə qurum üzvlərini təbrik edir ki,  “Milli Şura” bu addımla ən azı oktyabra qədər yaşayacaq. Böyük uğurdur. Heç bir sosial bazası, aydın məramı, xalqa və ya dövlətçiliyə xidmət edəcək konsepsiyası, ən başlıcası, siyasi təfəkkürü olmayan insanların özgənin vəsaiti hesabına ərsəyə gətirdiyi bir qurum üç ay, dörd ay yaşaya bilirsə, bəziləri bunu uğur kimi qəbul edirlər. Nə olsun ki, o biri seçkilərdə olduğu kimi, bu seçkidə də böyük fərqlə uduzacaqlar. Amma gələcəkdə deyəcəklər ki, bizim filan tarixdə, filan adda, üç ay sərasər fəaliyyət göstərmiş siyasi  təşkilatımız da var idi.

Doğrudur, Cəmil Həsənliyə etibar edilən məsələ ona xoşbəxtlik gətirmək və ya onun adının tarixə düşməsini təmin etmək məqsədi daşımır. Bu professor sözün həqiqi mənasında müxalifətin  9 oktyabr 2013-cü il məğlubiyyətinin məsuliyyətini daşımaq kimi bir yükün altına göndərilir. Bəs Cəmil müəllim həmin yükü çəkə biləcəkmi? Əlbəttə, bu sualın cavabı bizlik deyil. “Milli Şura”da o barədə düşünməli olan kəslər çoxdur.

Yeni yaradılan qurum dünyaya yeni gələn körpə kimidir. Onu dünyaya gətirənlər elə ilk gündən beşiyi başında dayanmalıdırlar. Rüstəm İbrahimbəyov isə nəinki Bakıya gəlmədi, üstəlik, beynəlxalq aləmdə sərgərdan gəzib-dolaşmaqla məşğul oldu.  Amma, insafən “Milli Şura”nın alimentini kəsmədi. Əflan İbrahimovun mətbuatda etiraf etdiyi kimi,  Eldar Namazova ayda 20 min dollar göndərirmiş ki, “Milli Şura” adlandırdıqları qurum “ayaq tutub yerisin” və Bakıda xaos, anarxiya, özbaşınalıq ab-havası yaratsın.  Eldar Namazov da həmin pulları neyləyibsə, heç ən yaxın ətrafı da bilmir. Ona görə də bəzi müsavatçılar Əli Kərimlinin acığına  Eldar Namazovun ünvanına ironiya və sarkazmla yoğrulmuş ifadələr işlədirlər:  “Rüstəm bəyin xaricilərdən alıb Bakıya göndərdiyi vəsait öz təyinatı üzrə işlədilsəydi, onda  paytaxtda qan tökülməsi ilə nəticələnən hadisələr törədilərdi. Eldar Namazova eşq olsun ki, həmin erməni pullarını götürüb öz pulu kimi qoyubdu cibinə. Burada pis nə var ki?”

Yeri gəlmişkən, bu qoca ədib təkcə məcazi mənada övladı olan “Milli Şura”nı deyil, eləcə də sözün müstəqim mənasında olan övladını da taleyin ümidinə buraxaraq ölkədən qaçıb. Söhbət Azərbaycan Kinematoqrafçılar İttifaqının direktoru, ittifaqın sədri Rüstəm İbrahimbəyovun çoxsaylı həyat yoldaşlarından biri Leyla Əfəndiyevanın uşağından gedir. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Kinematoqrafçılar İttifaqında aparılmış yoxlamalar nəticəsində Leyla Əfəndiyevaya qarşı cinayət işi açılıb. Bu isə o deməkdir ki, Rüstəm İbrahimbəyovun həqiqi övladı da “Milli Şura”sı  kimi çətin anlarını yaşayır. Daha bu sənə siyasi təşkilat deyil ki, kiminsə ümidinə buraxasan. Bu, övladdır. İstənilən sadə insan bu məqamda övladının yanında olmağa çalışardı. Rüstəm bəy isə öz şəxsi maraqları naminə ermənilərlə dostluq, tərəfdaşlıq  edirsə, onda bir övlad bu boyda vətəndən artıq deyil ki.  Vətəndən imtina edirsə, övladından da imtina edə bilər.

Bundan başqa, “Milli Şura”ya,  Rüstəm İbrahimbəyova, Eldar Namazova və onların digər düşərgədaşlarına  ağır zərbə olan başqa bir məsələ də var. Belə ki, hələ ilin əvvəlindən bəri Rüstəm İbrahimbəyovun siyasətə qatılması, Eldar Namazovun “El” adlı nə isə quraşdırması, Ziyalılar Forumunun əriyib elin xəşilinə qarışması, “müxalifətçilik  veteranı”, “əməkdar radikal” kimi adlara layiq görülmüş İsa Qəmbərlə Əli Kərimlinin Eldargilin ayağına getməsi və bu kimi digər əcaib-qəraib əməllər barədə söz açanların böyük əksəriyyəti deyirdi ki, bu layihələrin arxasında Rusiya dayanır. Əvvəla, Rusiya konkret olaraq bir adam və ya bir partiya və ya mərkəz deyil. Rusiya  Azərbaycanın dostu və müttəfiqi olan böyük bir dövlətdir və ona görə də  Moskvada bu adamları bəsləyib qızışdıranların Rusiya dövlətinə qətiyyən dəxli olmadığı hamıya gün kimi aydın idi.Ancaq buna baxmayaraq  İbrahimbəyov və onun özünə layiq komandası Azərbaycan miqyasında kimlərisə aldatmaq üçün  məsələni elə dolaşdırırdılar ki, guya Rusiyanın onları dəstəkləməsi  barədə deyilənlər yüzfaizli həqiqətdir. Sonra nə oldu?

Sonra məlum oldu ki, bu adamların həmin cılız oyunlarının sifarişçisi də, təşkilatçısı da Rusiyadakı bəzi ermənipərəst qüvvələr və bilavasitə ermənilərdir. Əslində bunu özləri çoxdan bilirdilər. Dost ölkənin dövlət başçısı Vladimir Putinin Bakıya səfərindən sonra isə həm ölkəmizdə, həm də Rusiyada hamı Kremlin Bakıya münasibətinin aydın təsdiqini gördü. Sadə insanlar bundan məmnun olsalar da, müxalifətin İbrahimbəyov qanadının başına daş düşən kimi oldu. Putin Bakıya gəlib qayıdana kimi İbrahimbəyovçular deyirdilər ki, ilk mitinqimizə 50-60 min adam toplayacağıq. Putinin səfərindən sonra bu rəqəmi özlərinə xas təfəkkürlə “yuvarlaqlaşdırdılar” -  mitinqə 20 min adam çıxaracağıq.  Mitinq günü isə meydanda minə yaxın adamla qaldılar və bunun günahını bir-birində görərək didişməyə başladılar. Ancaq günah onların heç birində deyildi. Günah “Bizi Rusiya dəstəkləyir” – deyib onları aldadan qoca yalançıda idi. Cəzasını da özü çəkir.

İndi “Milli Şura”ya inanan yoxdur, dalısınca getməyə həvəsi olan da. Seçkidən sonra isə bütün bu “bədbaxtçılıqların” (ifadə Rəsul Quliyevindir - red.) günahkarı  bilavasitə Cəmil Həsənli olacaq. Cəmil Həsənli təkbaşına müxalifətin bütün ayıblarını ört-basdır edə bilməz ki. Lap elə etsə də mütləq günahkar hesab olunacaq.   Kaş  ki, o zaman Rüstəm İbrahimbəyov İslandiyada, Mozambikdə və ya Qvatemalada  kino çəkməkdə olaydı. Yoxsa bu dəfə qapazı müxaliflərin başına vuracaq. Amma, bəlkə də, qayıtmadı. Çünki artıq meydanda tək qaldığının fərqindədir.

P.S. “Yeni Müsavat” qəzetinin 28 avqust tarixli nömrəsində Rüstəm İbrahimbəyovun daha bir nağılvari müsahibəsindən söz açılır. Həmin müsahibədə Rüstəm müəllim deyir, xaricdəki hüquq fondlarının birinin fikrincə, o, vətəndaşlıqdan imtina ilə bağlı ərizə yazdığı gündən həmin ölkənin vətəndaşlığından çıxmış olur. Bizim ekspertin məsləhəti: Rüstəm İbrahimbəyov həmin nağılları Rusiya hökumətinə izah etsin. Ancaq hər ölkə “nağılla” yox, öz qanunları ilə idarə olunur.   

İttifaq  MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında