Qarşıdan gələn prezident seçkiləri tamam fərqli inkişaf mərhələsinə təsadüf edir. Elə bir mərhələyə ki, mövcud həyat reallıqları fonunda bu gün kiminsə səhv etməsi, yanılması istisnadır. Seçim anında vətəndaşın mövqeyinə təsir edəcək, onu tərəddüdlə üzləşdirəcək hansısa mühüm amil, yaxud da ciddi siyasi qüvvə gözə dəymir. Müdrik xalqımız iddiası ilə imkanları heç zaman uzlaşmayan ifrat radikal qüvvələrin məğlubiyyətlərini qabaqcadan bilir. Həmişəki kimi, seçki prosesinin demokratikliyinə əsassız yerə şübhə yaratmağa çalışan bu nihilist, radikal qüvvələrin bir illik uğursuz hakimiyyət illəri hələ unudulmayıb. Keçmişə dönmək, ağır faciələri, fəlakətləri həyatında bir daha yaşamaq istəməyən ölkə vətəndaşı, əslində, xaos və anarxiya ilə sabitlik, inkişaf və tərəqqi arasında prinsipial seçim etməli olub.
Təbii ki, bu müdrik seçim heç zaman təsadüfi “meydan qəhrəmanları”nın, hakimiyyəti bəsit məqsədləri üçün vasitə hesab edənlərin xeyrinə olmayıb. Xalqımız onun rifahı, firavanlığı üçün çalışan, ölkəni inamla irəliyə aparan, vətəndaşların həyatında böyük irəliləyişlərə səbəb olan əməli, praktik siyasətə səs verib.
Bu gün müxalifət düşərgəsində baş verənlərin təhlili onu deməyə əsas verir ki, “birlik” imitasiyası yaradan, cəmiyyətə özlərini “yeni qüvvə” kimi təqdim edən “psevdoqəhrəmanlar” əslində ənənəvi dağıdıcı və inkarçı xislətdən hələ də azad ola bilməyiblər. Bu qüvvələr öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Düşərgə təmsilçilərinin vaxtaşırı müxtəlif adlar altında “birlik” formatları yaratmaları da ictimai rəyə hesablanmış süni addım kimi dəyərləndirilə bilər.
20 ilə yaxın müddətdə müxalifətdə olan radikal partiya rəhbərlərinin bir müddət öncəyə qədər prezidentliyə “vahid namizəd” məsələsində güzəştə getməyə hazır olduqları kinorejissor Rüstəm İbrahimbəyovun siyasi portretinin cizgilərinin açılması ümumən düşərgənin əsl simasını açıb göstərmiş oldu. Ötən illərin seçki təcrübəsi də təsdiqləyir ki, hakimiyyətə gəlmək üçün hər cür vasitəyə əl atan, hətta iğtişaşlar törətməkdən belə çəkinməyən bu insanlar üçün müqəddəs sayıla biləcək heç nə yoxdur.
Ümummilli maraqlar pərdəsi altında gizlənən və “ermənilərsiz Bakı çox darıxdırıcı görünür” fikrinin müəllifi olan R.İbrahimbəyovun “siyasi maska”sının açılması onun kimliyi barədə dolğun təsəvvür yaratdı. Öz sahəsində müəyyən uğurlar qazanmış bu şəxsin antimilli düşüncəyə sahib olmasını, erməni təəssübkeşliyini sübuta yetirən kifayət qədər faktlar var. Bu baxımdan kinorejissorun Rusiya mətbuatına verdiyi açıqlamalarını nəzərdən keçirmək kifayət edər. O, “Rosbalt” agentliyinə verdiyi müsahibədə əsl ermənipərəst simasını açıqlığı ilə ortaya qoydu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ermənilərin maraqlarına uyğun mövqe sərgiləməsi kinorejissorun antimilli şəbəkəyə xidmət etdiyini yəqinləşdirməyə imkan verdi. Milli maraqlardan dəm vuran müxalifətin antiazərbaycan mövqeli “vahid namizəd” seçimi də bu baxımdan paradoks yaratdı.
Radikalların ağızdolusu “ziyalı” hesab etdikləri R.İbrahimbəyov ziyalıya xas olan heç bir meyara da cavab vermir. Çünki ziyalının yeganə fəaliyyət amalı xalqın mənafeyini düşünən, onun sabahını prioritet hesab edən, dövlətin, dövlətçiliyin qorunmasına xidmət göstərən əsl vətəndaşlıq mövqeyi olmalıdır. Əsl ziyalı mövqe dəyişikliyindən, avantürizmdən uzaq olmalıdır. Bu insan isə zaman-zaman ermənilərə olan “sevgi”sini açıq bəyan edərək gündəmdə qalıb. Bununla da ziyalı missiyasını ləyaqətlə daşıya bilmədiyini nümayiş etdirməklə xalqın nifrətini qazanıb.
Azərbaycanın ötən əsrdə ərazi işğalına, kütləvi şəkildə qırğınlara, deportasiyaya, hətta soyqırımı kimi cinayətə məruz qalması kifayət qədər ciddi faktlarla, dəlillərlə sübut olunur. Əlbəttə, kimlərsə bu gün özünü korluğa qoyub əsrin əvvəllərində üzləşdiyimiz faciələrə skeptik yanaşmaq niyyətinə düşə bilər. Əsrin sonuna doğru azərbaycanlıların kütləvi deportasiyası, ərazilərimizin işğala məruz qalması, bir milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi, nəhayət, Xocalı soyqırımı danılmaz, inkarolunmaz faktlarla təsdiqlənib. Milli hissini itirmiş bəziləri bu faktları unutmağa çalışsalar da, bu inkarolunmaz həqiqət ən azı arxiv sənədləri, istintaq materialları, foto, video və audiovasitələrlə sübuta yetirilir. Özünü dünya çapında tanınmış kinorejissor sayan R.İbrahimbəyovun isə üzləşdiyimiz faciələri ssenariləşdirmək imkanı olsa da, sadəcə olaraq buna getmədi. Öz sahəsində erməni vəhşiliyinin dünya miqyasında tanıdılması istiqamətində kifayət qədər iş görmək imkanı olsa da, bu şəxs ötən illərdə buna heç cəhd belə göstərməyib. Məlum olduğu kimi, R.İbrahimbəyovun ssenarisi əsasında rusiyalı kinorejissor Nikita Mixalkovun çəkdiyi “Günəşdən usanmışlar” filmi 1994-cü ildə “Oskar” mükafatına layiq görülüb. Sual olunur ki, R.İbrahimbəyova milli fəlakətlərimizlə bağlı kino çəkməyə nə mane olub? Bunu yalnız belə cavablandırmaq olar: ermənilərə olan sevgi və yaxud da milli heysiyyətsizlik!
Xalq olaraq böyük zərbələri təkcə düşmənlərimizdən deyil, həm də bəzən “sapı özümüzdən olan baltalar”dan da almışıq. Torpaq itkilərimizin, faciələrimizin çoxsaylı səbəbləri sırasında milli xəyanət amilini də zaman-zaman ürəkağrısı ilə etiraf etməli olmuşuq. Bəli, Azərbaycanda boya-başa çatanların, onun çörəyi və suyu ilə qidalanan, havasını udanların, ad-san, şan-şöhrət, sərvət sahibi olanların bu torpağa, Vətənə xəyanətkar münasibətinə zaman-zaman rast gəlmişik. Bu “üzdəniraqlar” təkcə antimilli düşüncə ilə deyil, həm də şübhəli erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq, faciələrimizi danmaq, bütün günahları azərbaycanlıların üzərinə atmaq kimi manqurt mövqeyi nümayiş etdirmişlər.
Özünü “yazıçı”, “ziyalı” adlandıran Əkrəm Naibovun simasında biz artıq belə bir zərbəni almışıq. R.İbrahimbəyovun da son 10 ildəki hərəkətlərini kənardan hətta müşahidə etmək belə kifayət edərdi ki, onun qeyri-ciddi, öz mənafeyindən uzağı görməyən, həqiqəti danmaq yolu ilə fərqlənmək, yalançı qəhrəman obrazı yaratmaq kimi xəstə təxəyyülün daşıyıcısı olduğunu görəsən. Kinorejissorun ermənilərə olan münasibəti onun əsl şəxsiyyət və ziyalı məqamına heç zaman yetişə bilməyəcəyini, mənəviyyatda “piyada” olduğunu göstərdi. Prezidentliyə namizəd olan bir şəxsin ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər tərəfindən soydaşlarımızın kütləvi şəkildə deportasiya olunması zamanı nümayiş etdirdiyi mövqe də bu adamın əsl xislətini cəmiyyətə göstərmişdi. Erməni vəhşilərindən zorla canını qurtararaq Bakı şəhərinə pənah gətirən soydaşlarımız barədə R.İbrahimbəyovun “Bu insanlar Bakının simasını pisə doğru dəyişəcəklər” fikrini bildirməsi onun nəinki Vətən və dövlət, millət hissindən, hətta kosmopolit insana da xas ali insani keyfiyyətdən – vicdan və ədalət hissindən məhrum olduğunu üzə çıxardı. İnsanın nəyinsə xatirinə həqiqətə, haqqa qarşı çıxması, hətta vicdanının (əgər varsa!) səsinə qulaq asmaması ən sonuncu yoldur.
“Milli Şura”da təmsil olunan müxalifət partiyaları rəhbərlərinin kinorejissor Rüstəm İbrahimbəyovla bu yaxınlarda Tbilisidə erməniyə məxsus “Vera Palace” hotelində görüşmələri bu şəxslərin milli heysiyyətdən uzaq olduqlarını bir daha təsdiqlədi. R.İbrahimbəyovun “erməni xəstəliyi”nə yoluxan qurum üzvlərinin də antimilli mövqe tutmaları onların antiazərbaycançı şəbəkənin təsiri altında fəaliyyət göstərdiklərini sübuta yetirdi. Bu fakt kinorejissorun “dəstə”sinin Azərbaycan torpaqlarının 20 faizini işğal edən, bir milyondan artıq soydaşımızı qaçqın və köçkün vəziyyətinə salan ermənilərə olan böyük məhəbbətinin təzahürü kimi də dəyərləndirilə bilər. Tbilisi görüşü “Milli Şura”nın ümummilli maraqlar pərdəsi altında gizlənərək antiazərbaycançı şəbəkənin “beşinci kolon”u olduğunu sübuta yetirdi. Bu qurum faktiki olaraq milli maraqlarımızı şəxsi maraqlara satan manqurtlaşmış bir dəstəyə çevrilib.
Kiminsə millət, Vətən təəssübkeşliyi, milli qürur hissi olmaya bilər. Amma vicdansızlıq elə bir keyfiyyətdir ki, həqiqəti həyasızcasına danmaq, milyonlarla insanın haqq bildiyini nahaq kimi qələmə vermək formasında təzahür edir. Ziyalı saydığımız R.İbrahimbəyov faciələrimizə biganə münasibətilə hətta adi vicdan hissindən belə məhrum olduğunu sübuta yetirib.
Xatırladaq ki, 1990-cı il
20 Yanvar tarixində sovet rəhbərliyi Azərbaycan xalqının milli-azadlıq mübarizəsi ruhunu qırmaq üçün Bakıda qırğın törədən zaman özünü “ziyalı” sayan R.İbrahimbəyov səsini belə çıxarmamışdı. Bakıdakı qanlı qırğından sonra onu və doğmalarını izləyən ağır təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev mərkəzin Bakıda keçirdiyi vəhşiliyə qarşı kəskin bəyanat vermişdi. Bəyanatda deyilirdi: “Bildiyiniz kimi, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim”.
Göründüyü kimi, Azərbaycanın ən ağır günlərində belə R.İbrahimbəyov xalqın yanında olmadı. Bununla belə, fəaliyyəti Azərbaycan dövləti tərəfindən kifayət qədər yüksək dəyərləndirilən R.İbrahimbəyov ən qəddar düşmənimiz olan ermənilərə böyük sevgi nümayiş etdirərək xalqın inam və etimadını itirmiş oldu.
R.İbrahimbəyov “Milli Şura” üzvlərini cizgi filmlərindəki personajlar kimi oyuncaq duruma salıb. “Pulu kim verirsə, musiqini də o sifariş edir” prinsipini leytmotiv seçən R.İbrahimbəyov qurumda təmsil olunan “oyuncaq siyasətçi”lərin “maliyyə bosu” olduğunu çılpaqlığı ilə ortaya qoydu. Kinorejissorun mətbuata verdiyi açıqlamanı xatırlatmaq istərdik: “Mən bizim siyasi partiyaların liderlərindən soruşuram: seçki kampaniyasına böyük miqdarda pullar lazımdır, onların isə pulları yoxdur və onu təşkil eləyə bilmirlər. Yaranmış problemlərin çoxunu ancaq mən həll edə bilərəm. Həll eləmək üçün də bu dəqiqə Azərbaycanda olmalı deyiləm. Bu gün xaricdə qalmağım çox şeyləri həll edir. O cümlədən vəsait problemini”.
R.İbrahimbəyovun ikili vətəndaşlığının olması ümumiyyətlə onun seçkidə iştirakını mümkünsüz edir. Kinorejissorun bir müddət əvvəl öz tərəfdarlarına söylədiyi “Rusiya vətəndaşlığı məsələsini həll etmişəm” fikrinin də yalan olduğu üzə çıxdı. Avqustun 22-də Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) mətbuat üzrə əməkdaşı Zalina Vladimirova öz açıqlamasında Rüstəm İbrahimbəyovun avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət etdiyini və sənədlərinin baxılması üçün qəbul edildiyi haqda ona qəbz verildiyini deyib.
Z.Vladimirovanın verdiyi digər sensasiyalı məlumat isə Rüstəm İbrahimbəyovun ABŞ-da daimi yaşayış izninin olmasıdır. FMX əməkdaşının sözlərinə görə, R.İbrahimbəyovun quruma təqdim etdiyi sənədlər arasında ABŞ-da daimi yaşayış izni verən sənəd də var. Bu isə “Milli Şura” sədrinin ABŞ dövləti qarşısında da ayrıca öhdəliyinin olmasından xəbər verir. Z.Vladimirovanın verdiyi məlumata görə, R.İbrahimbəyovun vətəndaşlıqdan imtina etməsi prosesi 2014-cü ilin birinci rübünə qədər uzana bilər. Səbəb isə sənədlərin gec təqdim edilməsi və ABŞ-da daimi yaşayış izninin olmasıdır ki, bunun üçün Rusiya tərəfi ABŞ-a xüsusi sorğu göndərərək R.İbrahimbəyovun daimi yaşayış izninin ləğvini tələb edəcək.
Qeyd edək ki, bu məlumat R.İbrahimbəyovun namizədliyi ilə bağlı sənədləşmə prosesinin daha da qəlizləşdiyini göstərir. Bu məsələdə daha bir maraqlı məqam Rusiya Federal Miqrasiya Xidməti əməkdaşının açıqlamasının “Milli Şura” sədrinin bugünə qədər dediyi sözlərlə uyğunluq təşkil etməməsidir. Sonuncu dəfə “Milli Şura” üzvlərinin 30-31 iyulda keçirilən Tbilisi toplantısı zamanı R.İbrahimbəyov bildirmişdi ki, artıq vətəndaşlıqdan imtina üçün Rusiya hökumətinə müraciət edib. Amma FMX sözçüsünün açıqlamasından belə məlum olur ki, müraciət avqustun 13-də edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində Azərbaycan Respublikasının prezidentliyinə namizədlərə aid tələblər nəzərdə tutulub. Bu tələblər aşağıdakılardır: 1) şəxsin yaşı 35-dən aşağı olmamalıdır; 2) Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamalıdır; 3) seçkilərdə iştirak etmək hüququna malik olmalıdır; 4) ağır cinayətə görə məhkum edilmiş olmamalıdır; 5) başqa dövlətlər qarşısında öhdəliyi olmamalıdır; 6) ali təhsilli olmalıdır; 7) ikili vətəndaşlığı olmamalıdır.
Əsas Qanunun 100-cü maddəsində prezidentliyə namizədlərə aid yeddi tələb müəyyən edilib və bu tələblərdən hər hansı birinin yerinə yetirilməməsi müvafiq şəxsin namizədliyinin qeydə alınmaması üçün əsas ola bilər. Göstərilən tələblərdən biri - “başqa dövlətlər qarşısında öhdəliyinin olmaması” müddəası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 1 avqust tarixli qərarında şərh edilib. Konstitusiya Məhkəməsinin qərarları bütün ölkə ərazisində məcburi qüvvəyə malikdir. Əlbəttə, kimsə Konstitusiya Məhkəməsinin bu və ya digər qərarı ilə və ya hüquqi mövqeyi ilə razılaşmaya bilər, yaxud onu fərqli şəkildə şərh edə bilər. Amma belə bir rəyin və ya şərhin heç bir hüquqi əhəmiyyəti olmayacaq; Konstitusiya Məhkəməsinin qərarları qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Digər dövlət qarşısında öhdəliyi olan şəxs Azərbaycan Respublikası Konstitusiyasının 121-ci maddəsinə görə nəinki prezident seçilə bilməz, heç baş nazir, baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə də təyin edilə bilməz. Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsinə əsasən, belə bir insan Milli Məclisə deputat seçilə bilməz. Bu tələbin əsasında dayanan başlıca ideya isə ondan ibarətdir ki, başqa bir dövlət qarşısında öhdəlik həyata keçirən və deməli, həmin dövlətdən müəyyən dərəcədə asılılığı olan şəxsə mühüm dövlət vəzifələri həvalə oluna bilməz.
Prezident seçkiləri yaxınlaşdıqca prosesdə iştirak edəcək namizədlərin sayı da artmaqdadır. İndiyə qədər 20 nəfər prezident seçkilərində iştirak etmək üçün sənədlərini MSK-ya təqdim edib. Namizədlərin sayının çox olması ölkəmizdə demokratiyanın mühüm göstəricilərindən sayılsa da, belə bir mühüm ali posta iddialı şəxslərin bəzilərinin “siyasi fəaliyyət”lərinə nəzər yetirdikdə bir çox mətləblər aydın olur. Bəzi namizədlər ayrı-ayrı mətbuat səhifələrində qeyri-ciddi, primitiv təsir bağışlayan, məntiqdən uzaq açıqlamaları ilə özlərini geniş ictimaiyyətin gülüş hədəfinə çeviriblər. Ölkə üçün taleyüklü bir seçkilərə qatılaraq prezidentə aid olan tələblərin nədən ibarət olduğunu belə bilməyən həmin namizədlər ağı qaradan seçməyi bacaran Azərbaycan seçicisi üçün indidən tragikomik təsir bağışlayırlar.
Müxalifət dairələrinin qlobal məkanda cərəyan edən prosesləri təhlil etmək imkanlarında olmaması və hələ də konyunktur maraqlara xidmət etmələri yalnız təəssüf doğurur. İddiaları ilə imkanları heç zaman uzlaşmayan ifrat radikal qüvvələrin 1 illik uğursuz hakimiyyət dövrü hələ unudulmayıb. Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində də kardinal dəyişikliklərə səbəb olmuş, seçki mübarizəsində populizm elementlərinə, irreal vədlərə yer saxlamamışdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.