Bir sıra informasiya agentlikləri Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini geri götürməsi barədə məlumat yayıb. Bu xəbəri oxuyanda bir o qədər də təəccüblənmədim. Fikirləşdim ki, gec də olsa, İsa Qəmbər səhvini başa düşdü və prezident seçkilərinə vahid namizəd kimi qatılmaqdan imtina etdi. Əslində düz yol seçib. Adam bu xalq qarşısında nə qədər məğlub olar və sonra da öz məğlubiyyətini müxtəlif bəhanələrlə ört - basdır etməyə çalışar? Axı, hər şeyin bir həddi - hüdudu olmalıdır. Artıq beynəlxalq təşkilatlar da müxalifətin yalanlarından, yersiz bəhanələrindən cana doyub. İndi heç kim məğlubların şər - şəbədələrinə, böhtanlarına inanmır. Çünki seçki prosesində baş verən bütün hadisələr, proseslər göz önündədir.
Azərbaycanda keçirilən son seçkilərdə səsvermə kabinələrinə veb - kameraların quraşdırılması, bu il keçiriləcək prezident seçkilərində isə bu kameraların sayının daha da artırılması şəffaflığın yüksək səviyyədə təmin olunacağından xəbər verir . Bu da məğlubların bütün bəhanələrinin qarşısını alacaq.
Müsavat Partiyasının başqanı ölkədə baş verən inkişafı, insanların həyat səviyyəsinin getdikcə yüksəldiyini, Azərbaycanın dünya birliyinin layiqli üzvlərindən birinə çevrildiyini çox yaxşı görür. İndi ölkəmiz dünyada söz sahibinə çevrilib, kosmik dövlətlər sırasına qoşulub və bu ilin sonunda BMT Təhlükəsizlik Şurasına ikinci dəfə sədrlik edəcək. Son günlər demək olar ki, hər gün əmək haqlarının, sosial müavinətlərin, pensiyaların artırılması, gənclərin mükəmməl təhsil almaları, onlar üçün əlverişli şəraitin yaradılması barədə sərəncamlar imzalanır. Bütün bunlar insanların firavan yaşaması, həyat tərzinin daha da yaxşılaşdırılması məqsədi ilə həyata keçirilir. Ölkə iqtisadiyyatı isə getdikcə qüdrətlənir. Təbii ki, bu proseslərin reallaşdırılması ölkədə uğurla həyata keçirilən daxili və xarici siyasətin bəhrəsidir. Bunu həm müxalifətin, həm bitərəflərin nümayəndələri, həmçinin nüfuzlu beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər. İndi etiraf olunur ki, ölkəmiz son 10 il ərzində bütün sahələr üzrə çox böyük uğurlar, deyərdim ki, hətta, Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olunan nailiyyətlər qazanıb.
Yaxşı yadımdadır. Ötən parlament seçkilərinin birində namizədliyini irəli sürmüş və mandat qazana bilməmiş Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu etiraf etmişdi ki, o, bu seçkilərdə öz atasına səs verməyib. O cümlədən, AXCP sədri Əli Kərimlinin ən yaxın qohumları da kütləvi informasiya vasitələrinə verdikləri açıqlamada ona səs vermədiklərini bəyan etmişdilər. Həm oğul, həm də yaxın qohumlar ölkəmizin sürətli inkişaf yolunda inamla irəlilədiyinin şahididirlər. Onlar çox yaxşı bilirlər ki, həm AXCP sədri, həm də Müsavat başqanı hakimiyyətə gələrlərsə, bu inkişaf tamamilə dayanacaq və ölkə 1992 - ci il səviyyəsinə qayıdacaq. Ona görə də düzgün seçim edərək öz doğmalarına səs verməmişdilər. İndi həmin vəziyyət yenə də təkrarlanacaqdı. Kim bilir, bəlkə də elə İsa Qəmbərin ailəsi ona öz namizədliyini geri götürməyi məsləhət bildi. Axı, onlar da İsa Qəmbərin seçkilərdə məğlub olmasından utanırlar. Görünür prezident seçkilərinin keçirilməsində şəffaflığın yüksək səviyyədə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər İsa Qəmbəri təşvişə saldı. Axı, məğlubiyyəti ört - basdır etmək üçün tutarlı bəhanə də qalmayıb. Ona görə də fikirləşdi ki, ziyanın yarısından qayıtmaq da qazancdır.
İ.Qəmbər həm də görür ki, xalq Prezident İlham Əliyevə inanır, ona güvənir və həyata keçirilən siyasi xətti ürəkdən dəstəkləyir. Regionlarda aparılan uğurlu islahatlar, yeni iş yerlərinin açılması, dünya standartlarına uyğun istehsal və sənaye müəssisələrinin inşası, səhiyyə, təhsil, mədəniyyət və idman komplekslərinin tikilməsi xalqın sabaha olan ümidini daha da artırır və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməsinə təkan verir. Ona görə də dağıdıcı müxalifətin milli maraqlarımızın əleyhinə yönəlmiş cəhdləri əbəsdir. Bir də ki, belələrinə öz övladları, yaxın qohumları səs vermirsə, daha başqalarından səs gözləmək mümkündürmü? Əsla yox! Ona görə də İsa Qəmbər nəhayət ki, səhv yolda olduğunu dərk etdi və düzgün seçim edərək namizədliyini geri götürdü.
Neçə vaxtdır ki, dağıdıcı müxalifət “Milli Şura” adlı qondarma qurumun əsirinə çevrilib. İyirmi ildir ki, meydanlarda, küçə və dalanlarda özlərini öyən, yersiz hay - küy salan, özlərindən başqa kimsəni bəyənməyən antimilli mövqeli radikal müxalifət nümayəndələri prezident seçkilərində namizəd kimi iştirak etmək üçün özlərində bir təpər, cəsarət, siyasi mübarizə əzmi tapa bilmədilər. Son anda ümidlərini qocalıb əldən düşmüş, milli mentalitetdən, azərbaycançılıqdan uzaq, ana dilini bilməyən, siaysətdən tamamilə bixəbər ermənipərəst kinorejissora bağladılar. O da xarici ölkələrdə ermənilərlə yeyib - içmək məclislərini qoyub Bakıya gəlmədi və 20 illik dağıdıcı müxalifət “praktikası” olanları ələ saldı. Üç ay idi ki, “sabah gəlirəm” deyə - deyə onları aldatdı və nəhayət, prezident seçkilərinə namizəd kimi qatılmaq gücündə olmadığını etiraf etdi. Bu qoca kinorejissorun “tövsiyəsi” ilə ehtiyat namizəd kimi professor Cəmil Həsənlinin prezidentliyə namizədliyi irəli sürüldü. İndi C.Həsənli ehtiyat namizədlikdən vahid namizədə çevrilib. “Milli Şura” adlı oyuncaq qurumun sədri və bir vaxtlar vahid namizədi olan Rüstəm İbrahimbəyov isə ehtiyat namizədə çevrilib. Əslində bunun heç bir fərqi yoxdur. Çünki toplananların yerini dəyişdikdə cəm dəyişmir. Artıq müxalifət nümayəndələri bu oyuna ciddi etirazlarını bildirirlər.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Milli Şuranın ehtiyat vahid namizədinin müəyyənləşməsinə münasibət bildirərkən deyib ki, “Cəmil Həsənlinin seçkilərdə qalib gəlməsi mümkün deyil. Çünki onu seçkiyə aparan komanda etibarlı komanda deyil. ”Milli Şura"ya daxil olan adamlara bir baxın. Onlar 1988-ci ildə KQB-nin meydan hərəkatına girişdilər. 1990-cı ildə xalqı qırğına apardılar, 1992-ci ildə dövlət çevrilişi edib hakimiyyətə gəldilər. 1993-cü ildə isə ölkəni vətəndaş müharibəsi ilə üz-üzə qoydular. Bu adamları xalq yaxşı tanıyır və onlara dəstək verməyəcək. Ona görə Cəmil Həsənlinin seçkilərdə kifayət qədər səs toplaması qeyri - mümkündür".
Politoloq Cümşüd Nuriyev də Cəmil Həsənlinin prezidentliyə namizədliyini “Milli Şura”nın sonu kimi dəyərləndirib. O, C.Həsənlinin Azərbaycan elmindən ayrılmasının böyük xəyanət olduğunu bildirib. Politoloq hesab edir ki, nə qədər gec deyil C.Həsənli “Milli Şura”dan uzaqlaşmalıdır. Çünki o, seçkilərdə heç bir nəticə əldə edə bilməyəcək.
“Milli Şura”nı “ölü doğulmuş” siyasi qurum adlandıran politoloq hesab edir ki, Azərbaycan Xalq Cumhuriyyətinin ən yaxşı araşdırmaçısı olan Cəmil Həsənli 1918-ci il AXC-nin buraxdığı səhvi təkrarladı.O, C.Həsənlinin namizədliyinin irəli sürülməsini təxribat adlandırıb. Çünki ona qədər alim Milli Şurada tamam başqa mövqedə dayanmışdı. C.Nuriyev bildirib ki, Əli Kərimli İsa Qəmbəri zərərsizləşdirmək üçün C.Həsənlinin namizədliyini gündəmə gətirdi. Çox təəssüflər olsun ki, C.Həsənlinin özü də bu provakasiyaya getdi.
Politoloq C.Nuriyev Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini geri götürməsinə də münasibət bildirib. O deyib ki, İsa Qəmbər yaxşı bilirdi ki, seçkilərdə iştirak etsəydi uduzacaqdı. Bu, başqanın sonu ola bilərdi. Ona görə də yeganə çıxış yolu namizədlikdən imtina etmək idi. Necə deyərlər, bəri başdan sudan quru çıxmaq.
Ümumiyyətlə, politoloqlar hesab edirlər ki, radikal müxalifətin prezidentliyə namizədinin kimliyindən asılı olmayaraq kifayət qədər səs toplayacağına ümid yoxdur. Çünki onların tutduğu yol xalqın mənafeyi ilə ziddiyyət təşkil edir. Xalq belələrinə heç vaxt etimad göstərməz. Prezidentliyə namizədin kim olmasına baxmayaraq, Azərbaycan cəmiyyətində ifrat radikalizmə dəstək yoxdur. Çünki 1991 - 1992-ci il hadisələri unudulmayıb. Həmin vaxt hakimiyyəti ələ keçirənlərin ölkəni hansı çətin vəziyyətə salmaları yaddaşlardan silinməyib. Ona görə də radikal müxalifətin yaratdığı “Milli Şura”nın prezidentliyə ehtiyat namizəd kimi irəli sürdüyü şəxsin də seçkidə bu düşərgəyə hansısa uğur gətirəcəyi azacıq da olsun, ehtimal edilmir və gözlənilmir. Ölkənin siyasi həyatında da ifrat radikalizmə yer yoxdur.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı M.Qurbanlı da bu fikirdədir. Onun sözlərinə görə, “Milli Şura”nın ehtiyat namizəd kimi C.Həsənlinin namizədliyini irəli sürməsi radikalların özlərinin-özlərinə təsəlli verməsi cəhdindən başqa bir şey deyil.Yəni, onlar bununla demək istəyirlər ki, biz də varıq və biz də seçkilərdə iştirak edirik. M.Qurbanlı bildirib ki, C.Həsənlinin namizədliyinin təsdiqlənəcəyi, qeydə alınacağı və rəsmi namizəd kimi seçkilərdə iştirak edəcəyi təqdirdə, bütün digər namizədlərdən ən az səs toplayacaq, cəmiyyət həmin şəxsin timsalında radikalizmə birdəfəlik yox deyəcək. O, vurğulayıb ki, ümumiyyətlə, C.Həsənli YAP-ın namizədinin qarşısına çıxa biləcək namizəd deyil.
“Milli Şura”da vəziyyət yenə gərginləşib. Bu dəfə qondarma qurumun prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının rəhbərlərliyi üstündə. Qərargahın rəhbərliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və AXCP Ali Məclisinin sədri Həsən Kərimov “seçiliblər”. Bunlar arasından da seçki qərargahının “vahid rəhbəri” seçilməlidir. Mövqe və fikirləri zaman-zaman bir-birinə tamamilə zidd olan AXCP və Müsavat Partiyasının funksionerləri vahid seçki qərargahı rəhbərliyində hələ ki, bir araya gələ bilmirlər. Prezidentliyə vahid namizəd Cəmil Həsənli də iki seçim arasında qalıb. Necə deyərlər, yuxarı baxır bığ, aşağı baxır saqqal. Nə AXCP - yə, nə də Müsavat Partiyasına “yox” deyə bilir. “Milli Şura” prezidentliyə vahid namizədlik məsələsini həll etməmiş başqa bir vahid namizədlik məsələsi ortaya çıxıb. Deyəsən bu vahid namizədlik məsələsi “Milli Şura”nın axırına çıxacaq. Müsavat Partiyasından Arif Hacılı, AXCP - dən isə Həsən Kərimov artıq özlərini seçki qərargahının vahid rəhbəri kimi aparırlar. Hər ikisi də deyir ki, Cəmil Həsənlinin özü şəxsən təklif etdi ki, seçki sahəsində təcrübəsi olan şəxs kimi mən onun seçki kampaniyasının təşkili prosesində iştirak edim. Bu lap Molla Nəsrəddinin məşhur “Göy muncuq” lətifəsinə bənzəyir.
İndidən radikalların əsirinə çevrilmiş “Milli Şura”nın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli yanlış yolda olduğunu deyəsən anlamağa başlayır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.