“Milli Şura”da böhran daha da dərinləşir

Ehtiyat namizəd müəyyənləşdirilsə də, radikallar məğlubiyyətin qaçılmaz olduğunu anlayırlar

 “Milli Şura” adlı qondarma qurumun prezidentliyə vahid namizədlik oyunu hələ də davam edir. Baxmayaraq ki, ötən toplantıların birində Rüstəm İbrahimbəyovdan başqa daha bir nəfərin namizədliyi “ehtiyat namizəd” kimi irəli sürüldü, gərginlik hələ  də davam edir. Əslində bununla “qızın iki adaxlısı” oldu. İddiaları imkanlarından böyük olan radikal müxalifət nümayəndələri bir - birilərinə güzəştə gedə bilmirlər. Onlara çox yaxşı məlum idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana heç vaxt gəlməyəcək və prezident seçkilərinə namizəd kimi qatılmayacaq. Buna baxmayaraq, AXCP sədri Əli Kərimli və reneqat Eldar Namazov gizli planlarını həyata keçirmək üçün qondarma qurumun üzvlərini inandırmağa çalışırdılar ki, bəs, darıxmayın, Rüstəm İbrahimbəyov bu gün - sabah Bakıya gələcək, hətta mitinqlərdə də iştirak edəcək. “Milli Şura” mitinq adı ilə bir piket də keçirdi. Ancaq Rüstəm İbrahimbəyovdan səs - soraq çıxmadı.

Siyasi riyakar Eldar Namazov yalan məlumatlar yaymaqda davam edirdi. O, hər dəfə deyirdi ki, guya  indicə Rüstəm İbrahimbəyovla danışıb və ikili vətəndaşlıqdan imtina  ilə əlaqədar Rusiya hökumətindən rəsmi sənəd alacaq. Ancaq Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin yaydığı bir məlumat reneqat Eldar Namazovun iç üzünü bir daha açıb ortaya qoydu. Sən demə, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından azad olunması üçün ərizəsi avqustun 13 - də qəbul olunub. Özü də Azərbaycana gəlib prezident seçkilərində “Milli Şura”nın vahid namizədi kimi iştirak etmək üçün yox, ABŞ - da daimi yaşayışını təmin etmək üçün əl - ayağa düşübmüş. Bunu Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin yaydığı məlumat da təsdiqləyir. Mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirova Rüstəm İbrahimbəyovun avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət etdiyini və sənədlərinin baxılması üçün qəbul edildiyi haqda ona qəbz verildiyini deyib. Z.Vladimirovanın verdiyi digər məlumat isə Rüstəm İbrahimbəyovun ABŞ-da daimi yaşayış izninin olmasıdır. FMX əməkdaşının sözlərinə görə, R.İbrahimbəyovun quruma təqdim etdiyi sənədlər arasında ABŞ-da daimi yaşayış izni verən sənəd də var. Bu isə “Milli Şura” sədrinin ABŞ dövləti qarşısında da ayrıca öhdəliyinin olmasından xəbər verir. Z.Vladimirovanın verdiyi məlumata görə, R. İbrahimbəyovun vətəndaşlıqdan imtina edilməsi prosesi 2014-cü ilin birinci rübünə qədər uzana bilər. Səbəb isə sənədlərin gec təqdim edilməsi və ABŞ-da daimi yaşayış izninin olmasıdır ki, bunun üçün Rusiya tərəfi ABŞ-a xüsusi sorğu göndərəcək.

Reneqat Eldar Namazovun Rüstəm İbrahimbəyovun “Azərbaycana bu günlərdə gələcəyi” barədə uydurmasının da səbəbi bəlli oldu. Sən demə, Rüstəm İbrahimbəyov Eldar Namazova hər ay 20 min dollar göndərirmiş. Eldar Namazov da həmin pulu mənimsəyərək “dar gününə” saxlayırmış. Bu məlumatın üstü separatçı  Əlikram Hümbətovun sağ əli hesab edilən, indi isə reneqat Eldar Namazova sığınan rejissor Eldəniz Quliyevlə “EL” Hərəkatından istefa vermiş Əflan İbrahimovun telefon danışığından sonra açılıb. Guya “Milli Şuraya” dəftər - qələm lazım imiş və bu adla Rüstəm İbrahimbəyov da hər  ay 20 min dollar göndərirmiş. Əslində isə həmin vəsait başqa məqsədlər üçün nəzərdə tutulubmuş. Bunun da üstünü elə “EL” Hərəkatının yaradıcılarından biri, hərəkatın rəhbəri Eldar Namazovun müavini Əflan İbrahimov  açıb. Bu qurumdan istefa verdiyini bəyan edən Əflan İbrahimov bunun səbəbini  Milli Şurada toplaşan qüvvələrin Bakıda qarışıqlıq və iğtişaşlar törətməyə hazırlaşmaları ilə əlaqələndirib. Ona görə də bu oyunun oyunçusu olmaqdan imtina edib. Ə.İbrahimov E.Quliyevlə telefon danışığında bu məsələni açıq şəkildə soruşub:

— Eldəniz bəy, siz Rüstəm müəllimlə danışdınız ki, təşkilata dəftər, qələm almaq üçün pul lazımdır. O da dedi ki, 5 aydır Eldar Namazova hər ay 20 min pul göndərirəm. Bəs bu pul haradadır?

Eldəniz Quliyev:

— Bunu mənə yox, Eldara sual ver. Sən onu niyə prokurorluğa  gedib deyirsən? Mətbuata niyə deyirsən?...

Bu da “Milli Şura” adlı qurumun  üzvlərinin daxili xislətləri. İndi reneqat Eldar Namazov və onun dəstə üzvləri təlaş içərisindədirlər. “EL” Hərəkatının və Milli Şura Aparatının rəhbəri Eldar Namazov  isə bu məsələ ilə əlaqədar açıqlamasında bildirib ki, guya  təşkilatlarında Əflan İbrahimov adlı bir şəxs yoxdur.

Kənardan baxana elə gəlir ki, bu “El” Hərəkatı adlı qondarma qurum necə böyükdürsə, üzvlərinin sayı nə qədər çoxdursa, hətta, bir-birilərini tanımırlar. Əslində isə bu qurumun yalnız adı var, ətrafında isə cəmi 5-10 nəfər. Onlar da maddi maraqlarının təmin olunması üçün, necə deyərlər, qarın davasına toplaşanlardır. Bir də ki, reneqat Eldar Namazovun “tanımadığı”, “El” Hərəkatı Ali Məclisinin sədr müavini Ə.İbrahimov onların daha bir paxırının üstünü açmışdı. O, öz bəyanatında bildirmişdi ki, Eldar Namazov yalandan deyir ki, 32 rayon təşkilatımız var. Əslində isə 4-5 təşkilat var. Onun beşi də — Şamaxı, Qobustan, Xızı, Mingəçevir və Ağdaş rayon təşkilatları artıq  istefa verdiklərini bəyan ediblər. İndi demək olar ki, “EL” Hərəkatının heç bir rayonda yerli təşkilatı yoxdur. Elə “Milli Şura” adlı qurum da bu gündədir.

“Milli Şura”nın “iki adaxlısı” olandan sonra artıq bu qurumda da “yarpaq tökümü” başlayıb. ACP, KXCP və Liberal Partiyası “Milli Şura”nın prezidentliyə namizədlərini müdafiə etməyəcəklərini, seçkilərdə onlara səs verməyəcəklərini bildiriblər. Bu qurumun üzvlərinin bəziləri artıq öz seçimlərini edərək bu barədə açıqlama vermişlər.  Məsələn, “El” Hərəkatı Ali Məclisinin  artıq sabiq sədr müavini Ə.İbrahimov prezident seçkilərində hansı namizədə səs verəcəyini indidən bəyan edib. O, Eldar Namzova deyib ki, mən öz bəyanatımla “EL” Hərəkatından çıxıram və İlham Əliyevin namizədliyini dəstəkləyirəm. İlham Əliyevin alternativi yoxdur.

Artıq müxalifət düşərgəsinə də məlum oldu ki, “Milli Şura”nın fəaliyyəti ilə bağlı qaranlıq məqamlar çox imiş. Bu qurumun əsas məqsədi  Bakıda iğtişaşlar törətmək,  xaos yaratmaq, prezident seçkilərini pozmaq imiş. AXCP sədri Əli Kərimli, “EL” Hərəkatının rəhbəri reneqat Eldar Namazov və onların dəstə üzvləri bu işlərin önündədirlər. Ancaq xəbis niyyətləri baş tutmadı. Bu çirkin oyunun oyunçusu olmaq istəməyənlər artıq qondarma qurumun məkrli niyyətləri barədə açıqlama verdilər.

Yeri gəlmişkən, “Milli Şura”nın Bakıda xaos-anarxiya törətmək istəyini  qeyd edən ekspertlər bu işdə Sores fondunun adını da hallandırırdılar. Elə Eldar Namazovun ifşa olunan kimi ABŞ səfirliyinə gedib  xəlvəti danışıqlar aparması da şübhələrin əsassız olmadığını göstərir.

 Çoxlarına elə gəlir ki, artıq “Milli Şura”da prezidentliyə vahid namizədlik məsələsinə son qoyuldu. Əslində isə belə deyil. Çünki Rüstəm İbrahimbəyovun adı hələ ki, qondarma qurumun vahid namizədi kimi gedir. Cəmil Həsənli isə ehtiyat namizəddir. Bu qərarın mürəkkəbi qurumamış müxalifət düşərgəsində yeni etirazlar başlayıb.  Çünki onlara çox yaxşı məlumdur ki, ehtiyat namizəd məsələsi, yəni “qızın iki adaxlısı”  AXCP sədri Əli Kərimlinin planıdır.“EL” hərəkatından istefa verdiyini bəyan edən Ə.İbrahimov Cəmil Həsənlinin “Milli Şura”nın ehtiyat vahid namizədi olması məsələsinə münasibət bildirərkən də bunu açıq şəkildə bəyan edib. O deyib ki, Cəmil Həsənli 20 il AXCP sədri Əli Kərimlinin müavini olub. Bu o deməkdir ki, “Milli Şura”da Xalq Cəbhəsi Partiyasının namizədi irəli verilib. Mən Cəmil Həsənli adlı adama heç vaxt etibar edə bilmərəm.  Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev də “Milli Şura”nın ehtiyat vahid namizəd məsələsi barədə qəbul etdiyi qərara etirazını bildirib. O, ehtimal edir ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürəcək və seçkiləri boykota çağıracaq. Onun fikrincə, bu ideyanın müəllifi AXCP sədri Əli Kərimlidir. İlk gündən professor Cəmil Həsənlinin namizədliyinə qarşı olduğunu deyən eks-spiker seçkilərdə ehtiyat namizədin bir faiz də səs toplaya bilməyəcəyini deyib. R.Quliyev bidirib ki, Cəmil Həsənli insanları ayağa qaldıra bilən fiqur deyil. Onun əsas güvəndiyi qüvvə “Milli Şura” yox, Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Cəbhəçilərin bir ay müddətində hansısa bir gücə çevriləcəklərinə inanmaq çətindir.

Müsavat Partiyasında da “Milli Şura”nın bu qərarına ciddi etirazlar baş qaldırıb. Partiyanın funksionerləri deyirlər ki,"Milli Şura"nın ehtiyat vahid namizədlik məsələsi Əli Kərimlinin planıdır. O, İsa Qəmbərin prezidentliyə namizədliyinin qarşısını almaq üçün gecə - gündüz Cəmil Həsənli ilə söhbətlər aparırdı. Əslində C.Həsənli prezidentliyə namizəd olmaqdan qəti imtina edirdi. Görünür, Əli Kərimli hansısa yalan vədlərlə professoru yoldan çıxara bildi.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında