Bu gün Azərbaycan qadını Mehriban xanım Əliyeva timsalında böyük uğurlar qazanır, onun fəaliyyəti ölkə və dünya ictimaiyyəti tərəfindən rəğbətlə, alqışlarla qarşılanır. Bu da səbəbsiz deyil. Çünki Mehriban xanım dünya sivilizasiyasına misilsiz töhfələr verən Azərbaycan mədəniyyətinin, onun ali adət-ənənələrinin yaşadılması, təbliğ edilməsi üçün əlindən gələni əsirgəmir, bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına çalışır, qlobal təlatümlərin hökm sürdüyü bu dövrümüzdə humanizm və mərhəmət carçısı kimi, nəcib fəaliyyəti və xoşməramlı təşəbbüsləri ilə əsaslı nümunə göstərir. Bəli, xalqını ürəkdən sevən vətənpərvərlər arasında ön sırada dayanan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin Azərbaycan və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsinin ən başlıca səbəbi məhz budur.
Tomris, Burla Xatun, Sara Xatun, Xan qızı Natəvan və digər Azərbaycan xanımlarının mərdliyini, şücaətini, qabiliyyətini və milli təəssübkeşlik kimi yüksək xüsusiyyətlərini yaşadan Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə daim diqqət mərkəzində olmuşdur. O, ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır və indiyədək bu fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) “Azərbaycan-İRS” jurnalını nəşr etdirir. Bu nəşrin sayəsində ölkəmiz beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət, dinlərarası və mədəniyyətlərarası dialoq təşəbbüslərinin məkanı kimi deyil, musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət, eləcə də həyatın bütün sahələrində qeyri-adi nümunələr yaratmış ölkə kimi tanınmağa başlayıb.
Azərbaycanın birinci xanımı idman sahəsində də yüksək təşkilatçılıq qabiliyyətini göstərərək 2002-ci ildən prezidenti olduğu Gimnastika Federasiyasının böyük uğurlar qazanmasına səbəb olmuşdur. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda bədii gimnastika üzrə Dünya kuboku yarışının, 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatının, 2007 və 2009-cu illərdə Avropa birinciliyinin keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynamışdır. 2012-ci ilin fevralında məlum oldu ki, 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. Çempionatın Bakıda tikilməkdə olan Olimpiya Gimnastika Kompleksində təşkil olunacağı gözlənilir. Bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir. İdmançılar beynəlxalq turnirlərdə lider mövqeləri tuturlar.
Qeyd edək ki, 2004-cü il dekabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin IV Baş Assambleyasında Mehriban xanım Əliyeva MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib və 2013-cü il aprelin 3-də keçirilən Milli Olimpiya Komitəsinin (MOK) VI Baş Məclisində qurumun İcraiyyə Komitəsinə yenidən üzv seçilib. Bu il yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamış və həmin sərəncama görə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva komitənin sədri təyin edilmişdir.
Mehriban xanım Əliyeva 2005-ci ildə fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır. Elə həmin il, eləcə də 2010-cu ildə Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə parlamentə deputat seçilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın 2013-cü il iyunun 7-də keçirilən hakim Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın sədr müavini və İdarə Heyətinin üzvü seçilməsi respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. Çünki Mehriban xanım ötən 10 il ərzində Prezident İlham Əliyevin gördüyü bütün işlərdə fəal iştirak etmiş, bütün məsul məsələlərin həllində onun ən yaxın silahdaşı olmuşdur. Məhz onun yüksək təşkilatçılıq bacarığı nəticəsində Bakıda keçirilən “Eurovision-2012” musiqi yarışması bu gün də digər dövlətlərə nümunə göstərilir. Yuxarıda qeyd etdiyimiz kimi, təsadüfi deyil ki, bu uğurları rəhbər tutan beynəlxalq idman cəmiyyəti ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar vermişdir. Ona görə də birmənalı şəkildə deyə bilərik ki, bir tərəfdən mədəniyyət, idman və humanitar sahələrdə fəallığı və ölkədə əhali arasında nüfuzu, beynəlxalq müstəvidə əlaqələr və Avropadakı nüfuzu Mehriban xanım Əliyevanın YAP sədrinin müavini olmasına imkan yaratmış və bunu zərurətə çevirmişdi. Yəni, bu seçim ciddi sosial və siyasi resursları olan siyasətçinin yeni bir mövqeyə yüksəlişidir. Mehriban Əliyevanın YAP sədrinin müavini olması partiyanın sosial bazasının güclənməsinə, xaricdə nüfuzunun daha da artmasına şərait yaratmışdır.
Qürurla deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında çoxşaxəli fəaliyyətlə məşğul olan, Azərbaycanın gələcəyi baxımından böyük əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edən Heydər Əliyev Fondu ilk növbədə, ulu öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir. Fond XX əsr Azərbaycan tarixinə dövlətçilik rəmzi, Vətənə və xalqa sonsuz məhəbbət və xidmət nümunəsi kimi daxil olan Heydər Əliyevin həyatını və fəaliyyətini təbliğ edir, xeyirxahlıq missiyasını uğurla yerinə yetirir. Çünki dahi şəxsiyyət həyatın bütün sahələrinə, cəmiyyətin bütün təbəqələrinə diqqət və qayğı göstərməyi bacarırdı, millətin gələcəyi naminə strateji əhəmiyyətli işlərə xüsusi önəm verirdi, gənc nəslin də bu ruhda, bu amalda böyüməsini zəruri hesab edirdi. Təsadüfi deyil ki, 2004-cü il mayın 10-da Heydər Əliyev Fondu yaradılarkən ulu öndərin ideyalarını, amallarını yaşatmaq başlıca məqsəd olub.
Fondun rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilən layihələr təhsil və səhiyyə sisteminin, mədəniyyətin inkişafına, ölkəmizin dünyada tanınmasına, mədəni irsimizin qorunmasına, xalqın rifah halının yüksəlməsinə istiqamətlənmişdir. Müasir tələblərə cavab verən təhsil müəssisələrinin inşası, tarixi mədəniyyət obyektlərinin əsaslı surətdə yenidən qurulması, dünya standartlarının tələblərinə cavab verən muzey və muzey mərkəzlərinin yaradılması, dini məbədlərin və qədim tarixi abidələrin beynəlxalq səviyyədə bərpası, zəngin mədəniyyətimizin, xüsusilə, muğamın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya yayılması əsas diqqətçəkən məqamlardandır. Heydər Əliyev Fondu fəaliyyətini xeyirxah insanların dəstəyinə arxalanaraq həyata keçirir. Mərhəmət və nəcibliyə, humanizmə söykənən bu fəaliyyətin nəticəsidir ki, hazırda Heydər Əliyev Fondu insanların ümid, pənah yerinə çevrilib. Xalqın böyük məhəbbətini və etimadını qazanan Mehriban xanım Əliyevanın uğurları Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən, eləcə də Azərbaycanın birinci xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlanır. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq indi Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyi açılıb və bu gün uğurla fəaliyyət göstərir. Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irsinin siyahısına daxil olan Parisin Versal sarayının parkında zamanın və iqlimin təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək göstərib. Keçən il iyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” imzalanıb. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr məhz bu fondun dəstəyi ilə bərpa olunub.
2012-ci il sentyabrın 18-də Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak ediblər. Ertəsi gün Parisdə Heydər Əliyev Fondunun və Fransada Azərbaycanın səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimi olub. Eyfel qülləsinin yaxınlığında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi dünya mədəniyyətinin paytaxtında ölkəmizin təbliği üçün ən əhəmiyyətli addımlardan biridir. Xüsusi əhəmiyyətə malik olan bu mədəni hadisə mədəniyyətlərarası dialoq platformasının aparıcı qüvvəsi kimi dünya gündəliyinə daxil olmuş Azərbaycanın ən yüksək səviyyədə populyarlaşmasına xidmət edir.
Azərbaycanın birinci xanımının göstərdiyi təşəbbüslər həm ölkəmiz, həm də ümumilikdə İslam dünyası üçün böyük əhəmiyyətə malikdir. Məsələn, 2012-ci il noyabrın 14-də Vatikanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi keçirilmişdir. Burada xüsusilə qeyd etməliyik ki, Azərbaycan Vatikanda mədəni dəyərlərini nümayiş etdirən ilk müsəlman ölkəsidir. Təbii ki, bu, ölkəmizin tanıdılması baxımından böyük əhəmiyyətə malikdir. Vyanada yaradılan Mədəniyyət Mərkəzi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ölkənin xaricdə tanınması üçün növbəti mühüm addımlardan biridir. Yeni mədəniyyət ocağı bu sahədə işlərin gücləndirilməsi, onun vahid mərkəzdən idarə olunması və daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açır. Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdəki humanitar təşəbbüslərini saymaqla bitirmək olmaz. Təkcə onu qeyd etmək kifayətdir ki, 2012-ci ilin sentyabrında Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə tikilən və 2012-ci ildə əsaslı təmir olunan bu fondun prezidenti Mehriban xanım Əliyevanın adını daşıyan qız liseyinin açılış mərasimi keçirilməsi bu ölkədə böyük sevinclə qarşılanmışdır.
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən ölkəmizin ictimai-siyasi, mədəni həyatında müstəsna rol oynamaqdadır. Bu gün Azərbaycanda mövcud olan iqtisadi potensialın insan rifahının yaxşılaşdırılmasına yönəldilməsi Prezident İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi əsas prioritetdir. Bu məqsədin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi təqdir edilməlidir. Onun irəli sürdüyü faydalı təşəbbüslər, məqsədyönlü proqramlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Etiraf edək ki, fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və bu, təşkilatın daim diqqət mərkəzindədir. Fondun fəaliyyətinin mərkəzində isə milli genefondumuzun inkişafı və xalqımızın minilliklərdən keçirib bu günə çatdırdığı mədəni-etnoqrafik ənənələr dayanır. Dünya ictimaiyyəti Azərbaycan qadınını məhz Mehriban xanım Əliyevanın simasında və xoşməramlı fəaliyyəti ilə tanıyır. Ümumiyyətlə, Heydər Əliyev Fondu öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa - cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu nəticələr əldə etməyə çalışır. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu dünyada Azərbaycanın təbliği, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, habelə, ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması sahəsində gördüyü titanik işlərə, eləcə də milyonlarla insanlara ünvanlanmış xeyriyyəçilik fəaliyyəti ilə insanlığa, bəşəriyyətə xidmət edir, müdrik şəxsiyyət Heydər Əliyev ideyalarının əbədi yaşamasına töhfələr verir. Görülən işlər, həyata keçirilən layihələr, real nəticələr isə bir daha belə deməyə əsas verir ki, Heydər Əliyevin adını dasıyan fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq islərə hazır və qadirdir.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.