“Cəmil Həsənli “Milli Şura”nın namizədi olmaqla bir növ öz siyasi şansını daha artıq risk qarşısında qoyub”

Çünki həmin qurumun üzvləri ölkədə xaos yaratmağa cəhd etməklə özlərini çıxılmaz vəziyyətə salıblar

Görünən odur ki, “Milli Şura”da toplaşan siyasi partiya liderləri, nəhayət ki, kinodramaturq Rüstəm İbrahimbəyovun, necə deyərlər, “beynəlxalq səviyyədə” fırıldaqçı və məsuliyyətsiz bir adam olduğunu anladılar və məcbur qalıb ehtiyat vahid namizəd müəyyənləşdirdilər. Əslində, bunlar üçün o qədər də fərqi yoxdur. “O olmasın, bu olsun”. Təki Məşədi İbadın toyu olsun. Axı bunlar bir-birinin başına oyun açmaqda pərgardırlar. Yəqin, Cəmil Həsənliyə də toy tutmağa hazırlaşırlar, ancaq onun bundan xəbəri yoxdur.

Radikal düşərgə unuda bilər, ancaq Azərbaycan xalqı heç nəyi unutmur. Ötən əsrin 90-cı illərinin əvvəllərində bunların ölkəmizin başına gətirdikləri müsibətlər, səriştəsizlik və bacarıqsızlıq ucbatından Azərbaycanı xaosa, anarxiyaya sürükləmələri, ölkəmizi parçalanma qarşısında qoymalarını heç kəs unutmayıb. O da unudulmayıb ki, bu gün Cəmil Həsənlini böyük həvəslə “Milli Şura”nın prezidentliyə ehtiyat namizədi seçənlər dünən onun ünvanına elə təhqiramiz ifadələr işlədirdilər ki, necə deyərlər, adamın yetişmişi dura-dura kalı tökülürdü. 2005-ci ildə keçirilən parlament seçkilərini xatırlayaq. AXCP Cəmil Həsənlini deputat mandatından imtina etmədiyinə görə, onu xəyanətdə günahlandırdı, hakimiyyətə işləməkdə suçladı və bunu “əsas” gətirərək partiyadan uzaqlaşdırdı. İndi isə guya AXCP onu prezident görmək istəyir. Maraqlıdır bu qədər məntiqsiz və ləyaqətsiz qərarın səbəbi nədir? Axı bu radikal düşərgədə bir çoxunun Cəmil Həsənliyə münasibəti o qədər də ürəkaçan deyildi.

Təbii, ən əsası, ona görə ki, dağıdıcı müxalifət partiyalarının liderlərinin hamısı çox yaxşı bilir ki, kimliyindən asılı olmayaraq bu düşərgədən prezidentliyə namizədliyi irəli sürülən istənilən şəxs bəri başdan özünün məğlubiyyətinə “qol” çəkmiş olacaq. Çünki Azərbaycan xalqı radikalların xaricdəki antimilli dairələrlə və erməni lobbisi ilə sıx təmasda olduğunu, onların tapşırıq və planlarını həyata keçirdiyini, milli dövlətçilik maraqlarımızı daim ayaqlar altına atdığını çox yaxşı bilir. Bu düşərgədə birliyin olmamasını, qarşıdurmaların, toqquşmaların adi hala çevrildiyini görən, az qala müxalifətdə təqaüdə çıxmağa hazırlaşan liderlərin çirkin siyasi oyunlarına şahidlik edənlər heç vaxt bunların müəyyənləşdirdiyi namizədə səs verməz. Çünki hamı bilir ki, verdiyi hər bir səs gələcəkdə dövlətimizin, xalqımızın əleyhinə çevrilərək bizi yenə 1992-93-cü illərin dəhşətli günlərinə geri qaytaracaqdır. Ona görə də dağıdıcı müxalifət liderləri budəfəki seçkidən məğlub çıxacaqlarına əmindirlər. Belə olan halda isə, təbii olaraq, öz partiyalarının daxilində qarşısıalınmaz etiraz səsləri yüksələcək və ən yaxşı halda beş əllə tutduqları sədrlik postunu əldən verəcəklər. Ona görə əsas planlarından biri başqa bir nəfərin namizədliyi üzərində dayanmaq və seçkidəki uğursuzluğun günahını onun üzərinə atmaqla yollarına davam etməkdir. Beləliklə, kimisə qurban verməklə onlar məğlubiyyətin məsuliyyətini öz üzərlərindən atmağa çalışacaqlar. Bu taktika ötən seçkilərdə dəfələrlə sınaqdan çıxarılıb və nəticəsi heç də “pis” olmayıb.

Bu reallığı müxalifətin öz daxilində də etiraf edənlər tapılır. Məsələn, “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru, “İctimai Palata”nın koordinasiya şurasının üzvü Rauf Arifoğlu etiraf edib ki, müxalifət rəhbərləri 2008-ci ildə olduğu kimi, bu dəfə də cənab İlham Əliyevin qarşısına çıxmaq istəmirlər. Məsələ və problem budur. Çünki xalq Azərbaycanı yüksəldən, inkişaf etdirən liderlə, onu tarixin qaranlıq səhifələrinə aparmağa çalışanları çox yaxşı tanıyır. Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev də açıqlamasında müxalifətin iç üzünü açaraq deyib: “Ehtiyat namizəd uğrunda canfəşanlıq edənlərin məqsədi nədir: prezident seçkilərində qələbə çalmaq? Fikirləşirəm ki, psixi xəstəxanaların pasiyentləri arasında da buna inanan tapılmaz... Birincisi, R.İbrahimbəyov bizləri dezinformasiya etməklə uzun müddət vaxtımızı apardı, ikincisi, ehtiyat namizədin olmasının əleyhinə çıxış edənlər imkan vermədilər bu işə, məsələn, “5 gün qabaq başlayaq” deməklə, daha doğrusu, başqalarını günahlandırmaqla siyasi həyatlarını əvvəlki qaydada davam etdirəcəklərinə inanırlar. Bu siyasəti aparanlar heç bir faiz də seçkilərdə qələbə çalmağa ümidli deyillər, onlar primitiv siyasətləri ilə növbəti dəfə arenada ilişib qalmaq istəyirlər. Doğrudanmı onlar camaatın “Nəyə görə öz namizədliyini irəli sürmədin”- sualına cavab verə biləcəklərinə inanırlar?!”

“Milli Şura”nın hələ də vahid namizədi kimi qalmağı bacaran kinodramaturq Rüstəm İbrahimbəyov da açıqlamasında bəzi reallıqları etiraf edib: “Məndən soruşurlar, bütün bunların bir mənası varmı, mən qalib gələ bilərəmmi? Mən isə hesab edirəm ki, mən və dostlarım artıq qalibik, çünki biz bu rejimə qarşı çıxdıq və davamlı olaraq onunla mübarizə aparırıq. Kifayət qədər açıq ictimai rəy formalaşır, xalq daim narazıdır, lakin qorxu hələ də qalır, çünki insanları heç bir şeyin üstündə həbs edirlər. Biz bilirik ki, qalib gəlmək şansı böyükdür, lakin eyni zamanda başa düşürük ki, saxtakarlıq olacaq. Hər şey bu seçkilərlə başa çatmır”. Qoca rejissor qaçılmaz olan məğlubiyyəti “saxtakarlıq”la əlaqələndirməyə çalışsa da, əslində üstüörtülü şəkildə radikal düşərgənin ümidli olmağa heç bir əsasının qalmadığını ifadə edib. Digər tərəfdən, “hər şey bu seçkilərlə başa çatmır” deməklə gələcəklə bağlı mesaj verir ki, bəs qabaqdan 2018-ci il prezident seçkiləri də gəlir, ümidinizi itirməyin. Bu dəfə alınmasa, gələn dəfə alınar. İndi necə başınıza torba tikib sizi aldatmışamsa, gələn səfər də aldada bilərəm. Rüstəm İbrahimbəyov nahaq yerə “dostlarım”, “biz qalibik” ifadələrini işlətmir. Demək istəyir ki, biz reneqat Eldar Namazov və rejissor Eldəniz Quliyevlə birlikdə böyük “qəhrəmanlıq” edərək müxalifətin anasını ağlar günə qoymuşuq.

Digər tərəfdən, Cəmil Həsənlinin ehtiyat namizəd olması məsələsində heç də tam razılıq əldə olunmayıb. Radikal düşərgənin bir qismi bunun əleyhinə çıxıb. Ona görə də “Milli Şura”nın son sessiyası qarşılıqlı ittihamlar və mübahisələr şəraitində keçib. Xüsusən şurada təmsil olunan ACP təmsilçiləri Müsavatla AXCP-nin maraqlarının üst-üstə düşməsi səbəbindən vahid namizəd məsələsində eyni mövqedən çıxış etmələrinə qarşı çıxıblar. İclasda Cəmil Həsənlini ikinci namizəd seçsələr də, ACP nümayəndələri onu dəstəkləməyəcəklərini bildiriblər. Ona görə sessiya əvvəldən axıra kimi ACP üzvlərinin yerdən atdıqları replika ilə müşayiət olunub. Müsavatçılar isə onları cavabsız qoymayıblar. Zaldakı səs-küyə görə çıxışlar bir neçə dəfə kəsilib. Səsvermədə isə “Milli Şura”nın 50 nəfərdən artıq üzvü, ümumiyyətlə, iştirak etməyib. Bu isə bir daha göstərir ki, qondarma qurum daxilində parçalanma hər gün daha da dərinləşir. Elə ona görə də YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, “Milli Şura” üzvləri bir yaxşı molla tapsınlar və molla da bir fatihə duası oxusun: “Çünki “Milli Şura” tabutda olan ölüdür. Ölünü yerdən götürmək üçün yalnız molla lazımdır. Bununla da onların işi yekunlaşır".

Milli Şuranı bilmirəm, amma bunların o biri “birlikləri”nə fatihə verməyə molla tapılmadı. Amma “Milli Şura”ya mütləq molla lazımdır. Çünki şura müxalifətin “ən böyük birliyi” olduğuna görə, mərasimi mollasız yola vermək olmaz. Mütləq mərasim-filan təşkil edilməlidir. Sağ olsun YAP, həmişə xalqın ürəyindən olan xeyirli təşəbbüslər irəli sürür. Amma, inciməsin, görünür, Siyavuş müəllim bu dəfn məsələlərini bir o qədər dərindən bilmir. Ölünü götürmək üçün ən birinci pul lazımdır. Pul Rüstəm İbrahimbəyovda, o da Moskvada.

Yeri gəlmişkən, “El” hərəkatının rəhbəri Eldar Namazovun müavini Əflan İbrahimov bəyanatla çıxış edərək qurumdan istefa verdiyini, “Milli Şura”nın Bakıda qarışıqlıq və iğtişaşlar törətməyə hazırlaşdığını deyib: “Avqustun 21-də İbrahimbəyovun evində “El” hərəkatının toplantısı oldu. Mən Namazova dedim ki, İbrahimbəyov gəlib “Milli Şura”ya rəhbərlik etməlidir, əks halda, mən bu oyunda yoxam. Namazov da mənə dedi ki, Rüstəm İbrahimbəyov bir daha Bakıya gəlməyəcək. Mən də ona cavab verdim ki, əgər Rüstəm İbrahimbəyov Bakıya gəlməyəcəkdisə, xalqı niyə aldadırsınız, bu nə oyundur çıxarırsınız. Dedim ki, mən bəyanatla “El” hərəkatından çıxacağam. Eldar Namazova dedim ki, siz burada oyun oynayırsınız. İlham Əliyevin alternativi yoxdur. Orada olanlardan heç kim mənə cavab vermədi. Namazov da başını aşağı saldı”. Bu açıqlamadan təşvişə düşən “El”in ali məclisinin sədri Eldəniz Quliyev bildirib ki, “Əflan İbrahimovun bəyanatı gözlənilməz oldu. Özünü normal aparırdı və əgər bəyanat onundursa, deməli, hakimiyyətin təxribatıdır, içəri salınıb”. Eldar Namazov isə deyib ki, təşkilatda ümumiyyətlə belə bir adam yoxdur. Yəni, indiyə qədər var idi, təxribat və xaos xəbərləri ortaya çıxanda artıq “yox olur”.

Bəli, “Milli Şura” iğtişaşa getməklə yalnız öz qəti iflasını sürətləndirəcək. Dəfələrlə təsdiq olunub ki, Azərbaycanda qeyri-demokratik yolla hakimiyyətə gəlmək ənənəsinə artıq son qoyulub. O ki qaldı Rüstəm İbrahimbəyovun Bakıya gəlib-gəlməməsi məsələsinə, özlərini mühacir adlandıran bir qrup şəxsin İsa Qəmbərə müraciətində deyildiyi kimi, bu, rejissoru Rüstəm İbrahimbəyov olan, baş rollarda Rəsul Quliyevin, Lalə Şövkət Hacıyevanın, Eldar Namazovun oynadıgı bir tragikomediyadır. Amma müraciət müəllifləri bu tragikomediyada İsa Qəmbərin rolunu qeyd etməyi unudublar. İbrahimbəyovun ssenarisində İsa Qəmbər Pyer Rişarın “Oyuncaq” filmindəki kukla roluna daha çox oxşayır.

Bu oyunlardan bezib etiraz səsini qaldıranlara “təxribatçı” damğası vurmaq, hakimiyyəti təxribatda ittiham etmək müxalifətin çoxdankı şakəridir. Hərdən elə təsəvvür yaranır ki, bu müxalifətin özü elə başdan ayağa təxribat və təxribatçılardır. Eldəniz Quliyev deyir belə bir adam var, Namazov isə deyir yoxdur. İndi kimə inanasan? Eldar Namazova tövsiyə edirik ki, “Azadlıq” qəzetinin 23 aprel 2013 tarixli sayında “El”də yeni təyinatlar və seçimlər” məqaləsini oxusun, bəlkə nəyisə xatırlaya bildi.

“Milli Şura”nın hansı fitnəkar oyunlar üçün nəzərdə tutulan bir layihə olduğu bir müddət sonra tam ortaya çıxacaq. Lakin indidən bir şey məlumdur ki, Azərbaycan siyasətində nə qədər antimilli qüvvələr, ölkədə xaos, anarxiya yaratmaq istəyən varsa, burada cəmləşib. Bu binəvalar elə fikirləşirdilər ki, müxalifətin seçkini udması üçün əsas vəzifəsi birləşib vahid namizəd, bu da alınmasa ehtiyat namizəd müəyyən etməkdir Guya, bunu etsələr xalq dərhal onların tərəfinə keçəcək. Amma anlamaq istəmirlər ki, xalq onların ideyalarını qəbul etmir, onlara inanmır. Birləşsələr də, birləşməsələr də bir şey əldə edə bilməyəcəklər. Cəmil Həsənlini ehtiyat namizəd seçməyin də heç bir faydası yoxdur.

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının qeyd etdiyi kimi, buyursunlar, ehtiyat namizədləri də seçkiyə qatılsın. Cəmil Həsənli sadəcə 20-ci namizəd kimi seçkiyə qatılır. Bununla bağlı müxalifət mətbuatında yaradılan ajiotajın heç bir əsası yoxdur: “Ona görə ki, seçkidə bizim əleyhimizə daha 18 namizəd var. Amma onların heç biri haqqında belə sual vermirlər. “Milli Şura” nədir ki?! O, heç bir sosial dayağı olmayan, tamamilə iflasa uğramış qurumların süni şəkildə yaratdığı bir təşkilat idi. Avqustun 18-də mitinq keçirmək istədilər. Orada da bu iflas göründü. Ona görə də “Milli Şura”nın adından kim namizədliyini irəli sürürsə, sıradan olan digər namizədlərdən daha az səs toplayacaq. Onun heç bir şansı olmayacaq. Burada şəxsiyyətdən söhbət gedə bilməz. Cəmil Həsənli tarixçidir, onu tanıyıram, alimdir, Milli Məclisin üzvü olub. Lakin biz Cəmil Həsənliyə qiymət vermirik. Onun arxasında “Milli Şura” deyilən qurum dayanmaq istəyir. Bu qurumun isə özünün içi boşdur, üfürülmüş şardır və bunu hamı görür. Cəmil Həsənli “Milli Şura”nın namizədi olmaqla bir növ öz siyasi şansını daha artıq risk qarşısında qoyub. Tarixçi alim kimi tanınır. Amma arxasında “Milli Şura” dayanan adam hər hansı uğur qazanmaq iqtidarında deyil və ola da bilməz. Cəmil Həsənli seçkiyə qatılmaqla heç nə udmayacaq”. Hər halda bunun əlavə şərhə ehtiyacı yoxdur.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında