Qoca rejissor “Milli Şura”nı da, müxalifəti də aldatmaqla məşğuldur

Tanınmış siyasətçilərin qondarma “Milli Şura” və onun sədri, eyni zamanda  prezidentliyə vahid namizədi kinodramaturq Rüstəm İbrahimbəyov haqqında əvvəldən verdikləri bütün proqnozlar özünü doğrultdu. Məlum oldu ki, radikal düşərgənin yaratdığı qondarma “Milli Şura” Azərbaycandan kənardakı antimilli qüvvələrin layihəsi olduğuna və bura dağıdıcı düşərgənin ən geridə qalmış qrupları toplaşdığına görə böhranla üz-üzə qalıb.

“Milli Şura”da böhranın daha da dərinləşməsinin bir səbəbi də ACP-nin, ALP-ın, xüsusən,  “El” hərəkatı rəhbərliyinin və üzvlərinin qondarma qurumda olmazın yalanlar söyləyərək, boş-boş vədlər verərək dağıdıcı düşərgədəki digər partiyaları, necə deyərlər yolundan azdırması, aldatmasıdır. Kinodramaturq Rüstəm İbrahimbəyovun, reneqat Eldar Namazovun və rejissor Eldəniz Quliyevin timsalında bunu daha aydın şəkildə görmək olar.  “Yeni Müsavat” qəzetində dərc olunan və “Milli Şura” ilə bağlı yeni bir qalmaqalı ortaya çıxaran “Yalanmış” adlı məqalədə qeyd olunanlar da buna sübutdur. Müəllif yazır ki, avqustun 22-də virtualaz.org saytı Rusiya Federal Miqrasiya Xidmətinin Mətbuat Xidmətinə müraciət edərək Rüstəm İbrahimbəyovun həqiqətən də vətəndaşlıqdan imtina edib-etmədiyini dəqiqləşdirməyə cəhd edib. Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirova saytın əməkdaşına Rüstəm İbrahimbəyovun avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət etdiyini və sənədlərinin baxılması üçün qəbul edildiyi haqda ona qəbz verildiyini deyib. Xanım Vladimirovanın verdiyi digər sensasiyalı məlumat isə Rüstəm İbrahimbəyovun ABŞ-da daimi yaşayış izninin olmasıdır. FMX əməkdaşının sözlərinə görə, Rüstəm İbrahimbəyovun quruma təqdim etdiyi sənədlər arasında ABŞ-da daimi yaşayış izni verən sənəd də var. Bu isə “Milli Şura” sədrinin ABŞ dövləti qarşısında da ayrıca öhdəliyinin olmasından xəbər verir. Zalina Vladimirovanın verdiyi məlumata görə, R. İbrahimbəyovun vətəndaşlıqdan imtina etməsi prosesi 2014-cü ilin birinci rübünə qədər uzana bilər. Səbəb isə sənədlərin gec təqdim edilməsi və ABŞ-da daimi yaşayış izninin olmasıdır ki, bunun üçün Rusiya tərəfi ABŞ-a xüsusi sorğu göndərərək, Rüstəm  İbrahimbəyovun daimi yaşayış izninin ləğvini tələb edəcək.

“Yeni Müsavat” yazır ki, bu məlumat Rüstəm İbrahimbəyovun namizədliyi ilə bağlı sənədləşmə prosesinin daha da qəlizləşdiyini göstərir. Bu məsələdə daha bir maraqlı məqam Rusiya Federal Miqrasiya Xidməti əməkdaşının açıqlamasının “Milli Şura” sədrinin bu günə qədər dediyi sözlərlə uyğunluq təşkil etməməsidir: “Məsələ burasındadır ki, Rüstəm İbrahimbəyov hələ bir müddət əvvəldən elan edib ki, vətəndaşlıqdan çıxmaqla bağlı Rusiya hökumətinə müraciət edib. Sonuncu dəfə ”Milli Şura" üzvlərinin 30-31 iyulda keçirilən Tbilisi toplantısı zamanı Rüstəm  İbrahimbəyov bildirmişdi ki, artıq vətəndaşlıqdan imtina üçün Rusiya hökumətinə müraciət edib. Amma FMX sözcüsünün açıqlamasından belə məlum olur ki, müraciət bugünlərdə, yəni avqustun 13-də edilib.  “Yeni Müsavat” bu məsələlərlə bağlı R.İbrahimbəyovun özünə müraciət edib. Milli Şuranın sədri yayılan son məlumatı təkzib edib. Lakin onun təkzibi şübhələri azaltmır - aşağıda da oxuyacağınız kimi, Rusiyanın miqrasiya məmuru 13 avqust rəqəmini havadan götürməyib - bu rəqəm gerçəyi əks etdirir. Buyurun, hörmətli Rüstəm  İbrahimbəyovun “Yeni Müsavat”ın müxbirinə verdiyi açıqlamanı oxuyun: “Mən iyulun 8-də müraciət etmişəm, amma Rusiya hökumətinin öz qanunları var. Müraciəti məndən qəbul edəndə əlavə sənədlər istədilər. Həmin sənədlər mənim Rusiya hökuməti qarşısında öhdəliklərimin olub-olmaması ilə bağlı idi. Bu sənədləri toplamaq üçün onlar rəsmi məktublar göndəriblər. Vergi İdarəsinə edilən müraciətə avqustun 12-də cavab gəlib, avqustun 21-də isə Rusiya Daxili İşlər Nazirliyindən cavab gəlib. Mən avqustun 21-də həmin sənədin surətini Bakıya göndərmişəm. Eyni zamanda, başqa sənədlər gəlib və bütün bu sənədlər gələndən sonra avqustun 13-də bunlar mənim iyulun 8-də yazdığım məktubu qəbul ediblər. Bu mənim müraciətim deyil, müraciət iyulun 8-də olub. Amma Miqrasiya Xidməti bu sənədləri avqustun 13-də qeydiyyatdan keçirib”.

Müsavat Partiyasının ruporu Rüstəm İbrahimbəyovun özünün öz yalanını ifşa etdiyini qeyd edir. Aydın olur ki, kinodramaturqun vətəndaşlıqdan çıxması barədə ərizəsi də daxil olmaqla, bütün müvafiq sənədləri avqustun 13-də, yəni cəmisi 10 gün əvvəl qəbul edilib.  “Yeni Müsavat” yazır: “Bu isə o qədər ciddi bir skandaldır ki, sözlə ifadə olunası deyil!!! Belə çıxır ki, İbrahimbəyov Rusiya vətəndaşlığından çıxması barədə proseslərin sürətləndiyini dediyi vaxt onun ərizəsi, ümumiyyətlə, Miqrasiya Xidmətinə qəbul edilməyibmiş! Bu yanlış məlumatı Azərbaycan ictimaiyyətinə, ”Milli Şura"nın üzvlərinə, ölkə mediasına ötürən hər bir kəs, xüsusilə də şuranın icra aparatının rəhbəri Eldar Namazov böyük məsuliyyət daşıyır. Bunu biləndən sonra da, yəni 21 avqustda Eldar Namazov və “Milli Şura”-nın iki partiyası (ACP və ALP) israrla prosesi uzadaraq, qurumun sessiyasını 26 avqusta təyin ediblər. Bəhanə də budur ki, Rüstəm İbrahimbəyov o zamana qədər vətəndaşlıqdan imtina sənədini ala bilər. Bu, hər kəsi ələ salmaq anlamına gələn bir spekulyasiya, Azərbaycanın demokratik düşərgəsinin imkanlarını “sabotaj” hərəkətidir... “Milli Şura” sədrinin vətəndaşlıq məsələsinin həll olunacağına özünün heç bir ümidi olmadığı halda, Eldar Namazovun, Sülhəddin Əkbərin, Əvəz Temirxanın MŞ sessiyasını uzatması düşərgəyə zərbədən başqa bir şey deyil".

Maraqlıdır ki, Rüstəm İbrahimbəyov “Yeni Müsavat”ın müxbirinə yuxarıdakıları deyəndən sonra ABŞ-da daimi yaşayış izninin olması ilə bağlı məqamı ciddi şəkildə təkzib edib. Onun sözlərinə görə, Miqrasiya Xidmətində belə bir sənəd olmayıb və onun ABŞ-da hər hansı yaşayış izni yoxdur: “Yalandır. Mən Amerikada yaşamıram. Orda yaşayış iznim yoxdur. Başdan ayağa yalandır”. “Yeni Müsavat” qəzeti yazır ki, ötən günlərdə “Milli Şura”nın sədri Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim olunub. Həmçinin məlumat yayılıb ki, “Milli Şura” sədri ABŞ-a səfərə hazırlaşır. Şura sədri “Yeni Müsavat”a açıqlamasında Amerikaya səfərə hazırlaşdığını təsdiqləyib. Onun sözlərinə görə, ola bilsin ki, sentyabrın əvvəllərində ABŞ-a getsin: “Amerikaya səfərim işlərin gedişindən asılı olacaq. Yəqin ki, sentyabrın əvvəllərində baş tutacaq. İndi heç nə deyə bilmərəm. Hər şey işlərin gedişindən asılıdır”.

“Milli Şura”nın icra aparatının sədri, reneqat Eldar Namazov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyovun ABŞ-a səfər etməsi ilə bağlı bir ay əvvəl danışıqları olsa da, son günlərdə bu haqda hər hansı müzakirə aparmayıblar: “Biz Rüstəm müəllimlə bu barədə sonuncu dəfə bir ay əvvəl danışmışdıq. O zaman belə bir söhbət oldu ki, qarşıdakı günlərdə Amerikaya səfəri mümkündür. Ancaq son günlərdə Rüstəm müəllimlə bu barədə müzakirə aparmamışıq. Buna görə də ABŞ səfərinin detalları haqda bilgim yoxdur, yəqin ki, bu haqda o özü açıqlama verər. Biz Rüstəm müəllimin prezidentliyə namizədliyinin verilməsi ilə bağlı sənədlərin hazırlanması ilə məşğul idik. Ona  görə də bugünlərdə onunla səfər mövzusunda söhbətlərim olmayıb”.  Buradan da göründüyü kimi, Rüstəm İbrahimbəyova ən yaxın adam hesab olunan reneqat Eldar Namazov da artıq ondan heç bir məlumat ala bilmir və ya aldığı məlumatları “Milli Şura”dakı digər müttəfiqlərindən, həmçinin ictimaiyyətdən gizlətməyə çalışır.  “Yeni Müsavat”a açıqlamasında Eldar Namazov Rüstəm İbrahimbəyovun Azərbaycana nə zaman qayıdacağı haqda da heç bir fikir bildirməyib. Bu isə o deməkdir ki, kinorejissor  ümumiyyətlə,  Bakıya gəlmək fikrində deyil. Dünyanın dörd bir tərəfinə turist səfərinə gedən, ancaq tərəfdaşlarının təkidinə baxmayaraq vətəninə gəlməyən bir insandan lider çıxmaz. Görünür, bu reallığı radikal düşərgədə indi daha yaxşı anlamağa başlayıblar.

ASDP həmsədri Araz Əlizadə bildirib: “Rüstəm İbrahimbəyov seçkidə iştirak etməyəcək. Heç kim icazə verməyəcək ki, konstitusiya pozulsun... Milli Şurada müşahidə olunan çaxnaşma yeni deyil. Artıq 20 ildir ki, davam edir. ”Bu adamların ambisiyaları çox böyükdür. Onların ambisiyaları ağıllarından və təhsillərindən daha çoxdur. Milli Şura ona görə yarandı ki, radikal müxalifətin sponsorları onlardan birləşməyi və vahid namizəd irəli sürməyi tələb ediblər. Onlar heç vaxt bir-birlərinə güzəştə getməyəcəklər... Boş şeylərə görə öz ölkəsindən küsən adamdan istifadə etdilər. Siyasətdə isə qəzəb pis köməkçidir".  Araz Əlizadə müxalifət düşərgəsini yaxşı tanıyır,  onların iş üslublarını, planlarını, pula, var-dövlətə hərisliyini  şəxsi mənafelərinə görə vətəni belə qurban verməyə hazır olduqlarını gözəl bilir. Necə deyərlər, onların cikinə də bələddir, bikinə də. Ona görə də həmin düşərgə barədə  Araz Əlizadənin fikirləri müxalifətin hansı yuvanın quşu olduğunu açıq-aydın şəkildə ifadə edir.

Müxalifətin aydın fəaliyyət proqramının, strategiyasının olmaması həmişə onun yarımçıq, tələsik, məqsədsiz və məzmunsuz fəaliyyətini şərtləndirən əsas səbəblərdən biridir. Bir qurum yaradırlar, deyirlər ki, bu işi görəcəyik, amma real addım atmadan, onun fatihəsini verməmiş başqa bir qurum yaradırlar. Yenə eyni sözlər, eyni iddialar. Azərbaycanda normal siyasi müxalifət olmadığına görə, onun mübarizə metodları, birlikləri də anormaldır.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında