YAP icra katibinin müavini: Cəmil Həsənli heç nə udmayacaq

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı müxalif Milli Şuranın professor Cəmil Həsənlini ehtiyat namizəd müəyyənləşdirməsinə münasibət bildirib.

“Media forum” saytına açıqlamasında Mübariz Qurbanlı deyib ki, Cəmil Həsənlinin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim olunsa, beləliklə, namizədliyinin qeydə alınması üçün MSK-ya müraciət edənlərin sayı 20 nəfərə çatacaq: “Bizim cənab Prezidentə alternativ olaraq namizədliyini irəli sürmüş o biri namizədlərə münasibətimiz necədirsə, bu namizədə də elədir. Siyasi müstəvidə namizədliyini irəli sürən hər bir şəxs bununla seçkiyə qatılır, seçki yarışında iştirak edir.

Bizim namizədimiz Prezident İlham Əliyev Azərbaycan cəmiyyəti tərəfindən birmənalı müdafiə olunan və bütövlükdə götürdükdə cəmiyyətdə xalqın istək və arzularını yerinə yetirən namizəd olaraq seçkidə böyük dəstək qazanacaq. Bu, aksiomdur. Ona görə də Milli Şuranın namizədi ehtiyat olsun, qeyri-ehtiyat olsun, nə bilim, hansı ad qoyurlar qoysunlar, bu bizi narahat etmir. Milli Şura Rüstəm İbrahimbəyovun da namizədliyini irəli sürüb və hazırda MSK bu məsələyə baxır. Nə bilmək olar, bəlkə Rüstəm İbrahimbəyov üç gün ərzində pasport məsələsini həll edəcək? Bəlkə Rüstəm bəy gəlir - bunu heç kim bilmir.

Milli Şura Cəmil Həsənlini ehtiyat namizəd kimi irəli sürüb. Buyursunlar, ehtiyat namizədləri də seçkiyə qatılsın. Sadəcə 20-ci namizəd kimi seçkiyə qatılır. Mən bununla bağlı mətbuatda yaradılan ajiotajı, burada qeyri-adi nəsə olması haqda iddiaları bir az anormal sayıram. Ona görə ki, seçkidə bizim əleyhimizə daha 18 namizəd var. Amma onların heç biri haqqında belə sual vermirlər. Milli Şura nədir ki?! O, heç bir sosial dayağı olmayan, tamamilə iflasa uğramış qurumların süni şəkildə yaratdığı bir təşkilat idi. Avqustun 18-də mitinq keçirmək istədilər. Orada da bu iflas göründü. Ona görə də Milli Şuranın adından kim namizədliyini irəli sürürsə, sıradan olan digər namizədlərdən daha az səs toplayacaq. Onun heç bir şansı olmayacaq.

Burada şəxsiyyətdən söhbət gedə bilməz. Cəmil Həsənli tarixçidir, onu tanıyıram, alimdir, Milli Məclisin üzvü olub. Lakin biz Cəmil Həsənliyə qiymət vermirik. Onun arxasında Milli Şura deyilən qurum dayanmaq istəyir. Bu qurumun isə özünün içi boşdur, üfürülmüş şardır və bunu hamı görür. Cəmil Həsənli Milli Şuranın namizədi olmaqla bir növ öz siyasi şansını daha artıq risk qarşısında qoyub. Tarixçi alim kimi tanınır. Amma arxasında Milli Şura dayanan adam hər hansı uğur qazanmaq iqtidarında deyil və ola da bilməz. Cəmil Həsənli seçkiyə qatılmaqla heç nə udmayacaq".

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında