Onsuz da bunların dərdi başlarından aşırdı. Radikallar iyirmi ildir bir-birlərini didirlər. Onlarda daxili kin, küdurət, qisasçılıq hissi o qədər inkişaf edib ki, bu onun, o, bunun ayağından dartır, bir addım önə keçdiyini gördükdə isə rəqibinə çamur atmaqdan, onu ləkələməkdən belə çəkinmirlər. Qarşılıqlı ittihamlar, küçə səviyyəsində davam edən “dialoqlar” bu düşərgəni xarakterizə edən əsas məqamlardan biridir.
Köhnəlmiş, kiflənmiş təfəkkür səviyyəsindən isə danışmağa dəyməz. Dünya xeyli dəyişsə də, Azərbaycan sürətlə inkişaf etsə də, bunlar hələ də ötən əsrin 90-cı illərindəki təfəkkür səviyyəsində qalıblar. Bu qədər dərd-sər azmış kimi, indi də qoca rejissor Rüstəm İbrahimbəyov radikal müxalifətə dərd olub. Neçə müddətdir ki, onu nə xoşluqla, nə də zorla Azərbaycana gətirə, Rusiya vətəndaşı olduğuna görə seçkilərdə iştirakının qarşısını alan hüquqi maneələri aradan qaldıra bilmirlər. Bunu isə faciə kimi qəbul edir, yeni ehtiyat namizədin müəyyənləşdirilməsində razılığa gələ bilmirlər.
Dağıdıcıların ümidi yenə qoca rejissora qalıb. Onun isə montaj otağından “çıxmaq” fikri yoxdur. Görünən odur ki, Rüstəm İbrahimbəyov nəinki montaj otağından, heç Rusiya vətəndaşlığından da çıxmaq istəmir. Facebookda yayılan məlumata görə kinodramaturq Rusiya vətəndaşlığından çıxmaq üçün ərizə yazmayıb. Moskvada müxtəlif ünvanlarda mənzilləri olduğu üçün onun Rusiya vətəndaşlığından imtinası həmin mənzillər üzərindəki hüquqlarını sual altında qoyduğundan Rüstəm İbrahimbəyov ehtiyatlı tərpənib. Sadəcə, “Milli Şura” daxilində biabır olmamaq üçün vaxtı uzadıb və zaman keçdikcə avtomatik başqa namizəd üzərində dayanılması üçün gözləyib. Əgər bu deyilənlər doğru olmasaydı, İbrahimbəyov çoxdan vətəndaşlıqdan imtina ilə bağlı ərizəsini qəzetlərdə çap etdirərdi. Məsələ ilə əlaqədar Rüstəm İbrahimbəyov bildirib: “Mənim prezidentliyə namizədliyimi “Milli Şura” iyulun 6-da irəli sürüb. Bir gün sonra mən Rusiya vətəndaşlığından çıxarılmağım üçün müvafiq hökumət komissiyasına rəsmi ərizə yazmışam. Amma ərizə ilə bərabər bir neçə sənəd də təqdim etmək lazım idi. O sənədləri əldə etmək üçün də vaxt gərək idi. Həmin sənədləri topladıqdan sonra həm ərizəni, həm də digər lazımi sənədləri təqdim etmişəm. Sənədləri məndən qəbul etdikləri barədə mənə qəbz də verilib. Mən də həmin qəbzin surətini və digər lazımi sənədləri də əgər Mərkəzi Seçki Komissiyası tələb edəcəksə, oraya təqdim edilməsi üçün artıq Bakıya göndərmişəm. Ya bu gün, ya da sabah sənədlər Bakıda olacaq”.
Gördüyünüz kimi, bu adam hər dəfə özü-özünü dolaşdırır. Çünki bütün fəaliyyəti yalan üzərində qurulub. İyulun 6-da namizədliyi irəli sürülüb, amma vətəndaşlıqdan imtina ilə bağlı ərizənin təqdim olunması haqqında qəbz hələ bir-iki gündən sonra Bakıya çatacaq. Kimə desən ki, bir ərizəni və bir-iki sənədi təqdim etmək üçün ay yarım vaxt tələb olunub, adamı məsxərəyə qoyarlar. Digər tərəfdən, onun namizədliyi irəli sürüləndən dərhal sonra ikili vətəndaşlıq məsələsi üzə çıxdı. Bir neçə gündən sonra bəyan etdi ki, artıq vətəndaşlıqdan imtina ilə bağlı ərizə təqdim edib. İndi də bildirir ki, hələ sənəd hazırlayırmış. Elə düz yazırlar ki, İbrahimbəyov heç Rusiya vətəndaşlığından imtinanı ağlına belə gətirməyib. Onun üçün Rusiya vətəndaşlığı hər şey, ömrünün mənasıdır. Bunu itirməmək üçün, o, 10 dəfə Azərbaycandan da, onun vətəndaşlığından da imtina etməyə hazırdır. Zatən bütün ömrü boyu öz fəaliyyəti ilə bunu təsdiq etməklə məşğul olub.
Bu arada, Eldar Namazov bildirib ki, Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyinin olmaması barədə arayış artıq Bakıdadır: “Hesab edirik ki, MSK imza toplamaq üçün vərəqələri verməlidir. Biz də artıq sənədləri təşəbbüs qrupu kimi hazırlayıb gün ərzində MSK-ya təqdim etməliyik”. Bu “Milli Şura” adlanan qurumdakılar necə də misgin görünürlər. Prezident kürsüsünə iddialı olanlar və özünü siyasətçi adlandıranlar bir neçə ay irəlini görə bilmir və xarici ölkənin bir “arayışından” asılı vəziyyətə düşüblərsə, dünyanın müxtəlif qütblərindən geostrateji maraqların yönəldiyi Azərbaycan kimi ölkəni necə idarə edəcəklər, beynəlxalq aləmdə onun milli mənafelərini necə qoruyacaqlar?! 1992-1993-cü illər bizə dərs oldu. Bunlara isə xalqı, ölkəni ayaq altına salmaq hesabına olsa da, revanş, hakimiyyəti qəsb etmək lazımdır. Amma əbəsdir, xalq o xalq deyil!
Budur, “Azadlıq” qəzetinin yazdığına görə, Rüstəm İbrahimbəyov ABŞ-a səfərə hazırlaşır. Təbiətin qanunudur, insan qocaldıqca yaddaş yavaş-yavaş itir. İbrahimbəyov ömrünü xaricdə keçirib, Rusiyada, Avropada, ABŞ-da olub. İndi də ahıl vaxtında seçkilərin Azərbaycanda keçiriləcəyini unudub, elə bilir ki, “Milli Şura” ABŞ-da yaradılıb, orada da prezident seçkilərində iştirak etməlidir. Ar olsun Eldar Namazova! Heç olmasa zəng edib bu yazığa seçkilərin Azərbaycanda keçiriləcəyini də xatırlatmır. Yox, keçməyəcək. MSK-ya təqdim olunan sənədlərdə göstərilməlidir ki, İbrahimbəyov yoldaş artıq Rusiya vətəndaşlığından məhrum edilib. Hətta rejissor Putindən məktub gətirsə ki, tovariş Rüstəm İbrahimbəyovun Azərbaycan Respublikasında oktyabrın 9-da keçirilməsi nəzərdə tutulan seçkilərdə iştirakına etiraz edilmir, yenə MSK-da İbrahimbəyovun namizədliyi qeydə alına bilməz. Çünki qanun buna yol vermir.
Bütün bunlara baxmayaraq, radikal müxalifət düşərgəsindəki bəzi insanlar hələ də Rüstəm İbrahimbəyovun səmimiyyətinə inanırlar. Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy bəzi reallıqları üstüörtülü şəkildə ifadə edərək deyib ki, bu, müxalifətə böyük bir taktiki zərbədir: “Müxalifət bunu iki ay bundan əvvəl anlamalıydı. Mütləq o zaman yığışıb, bir qərar qəbul etməli idi. O zaman Müsavat Partiyası ortaya məsələ qoydu ki, biz bu işləri görürük. İkili vətəndaşlıq məsələsi ortaya çıxanda, biz mütləq ehtiyat vahid namizəd barəsində düşündük. Çox təəssüf ki, “Milli Şura”da müxtəlif dinə, məzhəbə, sol, sağ oriyentasiyalara xidmət edən insanlar var. Bu insanların birləşdiyi bir qurumdan vahid namizəd çıxarmaq çətindir, amma buna baxmayaraq ən azı orda Roma Papasının seçilməsi məsələsi kimi bir sistem ortaya qoyulmalı idi”. Gülməlidi, ancaq reallıqdı.
Başqanın müşaviri “Milli Şura”dakıların qətiyyətsizliyinə də toxunaraq deyib: “Milli Şura”da ya “mən burada yalnız Azərbaycan naminə çalışıram, Konstitusiya çərçivəsində hərəkət edərək vahid namizəd müəyyənləşdirirəm prosesi”, ya da ki, “açıq şəkildə bəyan edirəm ki, bu “Milli Şura” bizlik deyil, bizim mental xüsusiyyətimizə uyğun olaraq birləşə, vahid namizəd müəyyənləşdirə bilmirik, pərakəndəlik var, ayrılıb hərəmiz öz namizədliyimizi verəcəyik" prosesi getməlidir”. Onun sözlərinə görə, bu, “Milli Şura” artıq tükənib və bura toplaşanların çirkin davranışları onun axırına çıxıb, ümumilikdə hər kəsin qondarma quruma inamını heçə endirib: “Mən bəri başdan bu seçkidə “Milli Şura”nın yüzdə səksən faiz uduzmuş hesab edirəm. Eyni zamanda, məğlubiyyət uğrunda savaşa girməyin də bir anlamı yoxdur. Ortaya çoxlu suallar çıxır. Müxalifət etiraf etməyi bacarmalıdır. Son zamanlar artıq mətbuatda görünür ki, bəzi müxalifət funksionerləri bəzi şeyləri etiraf etməyə başlayıblar”.
Səxavət Əlisoy bütün proseslərin baş verməsində müxalifət liderlərinin günahkar olmasını vurğulayıb: “Müxalifət liderlərindən kimsə bunu qəbul etməsə də, mən öz adımdan açıq şəkildə bəyan edirəm ki, bu, müxalifətin uzaqgörən olmamasını birbaşa təsdiq edən faktdır. Bir az açıq, obyektiv danışanda, bəzi insanların xoşuna gəlmir. Xoşuna gəlsə də, gəlməsə də proses budur. Azərbaycanda müxalifət seçkiöncəsi indiki qədər bədbin vəziyyətdə deyildi. Günah da müxalifətin özündədir”.
Həqiqətən çox səmimi etirafdır. Bəzi məsələlərdə razılığa gələ bilməyəndə və ya mitinqdə uğursuzluğa düçar olanda ancaq hakimiyyəti tənqid edən, onu günahlandıran müxaliflərdən fərqli olaraq Müsavat başqanının müşaviri özündə cəsarət taparaq bəzi reallıqları olduğu kimi söyləməyi bacarıb. “El” hərəkatının nümayəndəsi Eldəniz Quliyev də müsahibəsində radikal müxalifətin qurduğu qondarma qurumun dağılmağa doğru üz tutduğunu etiraf etmək məcburiyyətində qalaraq deyib: “Milli Şura”da bir dağınıqlıq əhval-ruhiyyəsi var və artıq bunu gizlətmək də mümkün deyil”. Belə yerdə deyirlər ki, “ağası gülüm olanın, başına külüm olar”. Bir halda ki, “Milli Şura”nın “strategiyasını” kino işçiləri Rüstəm İbrahimbəyov və Eldəniz Quliyev kimi adamlar müəyyənləşdirə, onda bu qurumdan nə gözləyəsn? Bunlar siyasət meydanı ilə kinostudiyanı səhv salıblar. Daha dəqiq desək, siyasi məsələlərə kino çəkilişlərində istifadə etdikləri priyomlarla yanaşırlar. Görəsən, Rüstəm İbrahimbəyovla Eldəniz Quliyev “Milli Şura” personajlarına neçə dəfə “dubl 1, dubl 2” deyirlər. Tamaşaçılar onların “Milli Şura” tragikomediyasının ərsəyə gəlməsini böyük səbirsizliklə gözləyirlər.
Bu məqamda bir daha Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılının açıqlaması yada düşür. Arif Hacılı “Milli Şura”nın böhran yaşadığını bildirərək deyib ki, şuranın 19 avqust sessiyasında yeni vahid namizədin təyin edilməməsi, daha bir neçə günün itirilməsi təbii ki, uğursuzluqdur. O qeyd edib ki, əslində yaranmış vəziyyəti “vaxt keçir kimi yox, vaxt artıq keçib” kimi də dəyərləndirmək olar: “Çünki artıq seçki kampaniyasının başlanmasından 11 gün keçib, amma biz hələ də namizəd məsələsi ilə əlaqədar yaranmış böhrandan çıxa bilməmişik. Hesab edirəm ki, bir neçə gün ərzində bu sualların hamısına cavab tapılacaq. Biz Müsavat Partiyası olaraq müxalifətin bu seçkilərdə birgə iştirakına nail olmaq üçün bütün güzəştlərə hazır olmuşuq və indi də hazırıq”.
A.Hacılı hesab edir ki, istənilən vəziyyətdən çıxış yolu var və “Milli Şura” Rüstəm İbrahimbəyovun Bakıya gələ bilməməsi ilə əlaqədar düşdüyü böhrandan tezliklə çıxacaq və əgər müzakirələr nəticəsiz qalsa, onda Müsavat Partiyası müstəqil hərəkət edəcək: “Təbii ki, biz “Milli Şura”dakı qüvvələri seçkilərdə bu və ya digər şəkildə iştiraka razı sala bilməsək, onda müstəqil qərarlarımızı qəbul etmək üçün müzakirələrə başlamalı olacağıq". Buradan belə anlaşılır ki, yaxın vaxtlarda Müsavat Partiyası qondarma qurumu tərk edərək prezident seçkilərində iştirakla bağlı özünün müstəqil qərarını verəcəkdir. Bu isə qondarma qurumun sonu olacaqdır.
Müsavat başqanı İsa Qəmbərin “tarixi” düşməni olan AXCP sədri Əli Kərimli isə bu kimi açıqlamalardan narahat olduğunu gizlətmir. O dəfələrlə müsavatçıların müxalifətdaxili dağıdıcı əməllərinə işarə vuraraq üstüörtülü şəkildə deyib ki, “Milli Şura”ya üzv olanlar “birliyi” qorumalıdır. Əli Kərimli İsa Qəmbərin və ya onun namizədinin “Milli Şura” çərçivəsində ön plana çıxacağından ciddi ehtiyat edir və onun hər bir təklifinə şübhəylə yanaşır. “El” hərəkatının nümayəndəsi Zəfər Quliyev bildirib ki, “Milli Şura”nın son sessiyasında AXCP sədri Əli Kərimli şura üzvlərinin sərbəst şəkildə öz namizədliklərini irəli sürməsi barədə Rüstəm İbrahimbəyovun təklifinə qarşı çıxıb və sona kimi mövqeyindən geri çəkilməyib: “Mən onun bu mövqeyini əsaslandıran ciddi arqument görmədim... Əli Kərimli yeni ehtiyat namizədin müəyyənləşdirilməsi variantını müdafiə edirdi. Hətta AXCP bəyan etdi ki, Rüstəm İbrahimbəyovun təklif etdiyi variant qəbul ediləcəksə, onlar açıq bəyanatla çıxış edəcəklər və “Milli Şura”nı tərk edəcəklər... “Milli Şura”da faktiki olaraq 4 partiya ilə 2 partiyanın yolları ayrılırsa, “Milli Şura” “İctimai Palata”nın formatına dönəcək. Onda sual olunur. “İctimai Palata” neçə ildir var və mübarizə aparır və “İctimai Palata”da həmin iki partiya təmsil olunursa, “Milli Şura”ya ehtiyac varmış? Biz Rüstəm İbrahimbəyovun qayıtmamağının yaratdığı qeyri-müəyyənlikdən xilas olmaq istədik, lakin yeni bir qeyri-müəyyən vəziyyətə daxil olduq. Əgər parçalanma yaranacaqsa, ehtiyat vahid namizədin irəli sürülməsi nəyisə həll etməyəcək və cəmiyyətə də ciddi təsiri olmayacaq”.
Birincisi, Zəfər Quliyev Əli Kərimlinin mövqeyini əsaslandıran arqumenti yaxşı bilir, lakin bu barədə danışmır. Əli Kərimli istənilən varianta razıdır, bir İsa Qəmbərin hansısa yolla namizədliyinin irəli sürülməsi variantından başqa. İsa Qəmbərin namizədliyi Əli Kərimli üçün “qırmızı xətt”dir. “Milli Şura” Rüstəm İbrahimbəyovla bağlı qeyri-müəyyənlikdən daha dərin qeyri-müəyyənliyə düşüb. Bu bataqlıqdan onun çıxacağı inandırıcı görünmür. Buna görə də “geriyə, İctimai Palata”ya doğru” yuvarlanır. Növbəti mitinqin şüarı da hazırdır: “Milli Şura öldü, yaşasın İctimai palatka!”
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.