“Milli Şura”nın öz vahid namizədini müəyyənləşdirə bilməməsi qurumun faydalı iş əmsalının sıfıra bərabər olmasını göstərir

Radikallar “Milli Şura”nın toplantıları haqqında söz açarkən ilk ifadələri belə olurdu ki, müzakirələr gərgin və səmərəli keçəcək. Müzakirələrin gərginliyini deyə bilməsək də, səmərəsizliyi hamının gözü qabağındadır. Tbilisiyə gedəndə deyirdilər ki, oradan Rüstəm İbrahimbəyovla birlikdə qayıdacağıq. Ağ yalan oldu. Qayıdıb Bakıda toplaşanda dedilər ki, bu sessiyada seçki ilə bağlı bütün problemlər həll olunacaq. Ağ yalan oldu.

Mitinq barədə qərar verəndə dedilər ki, meydana 20 min adam çıxaracağıq ( hətta, hansısa “liderin” mətbuata verdiyi müsahibədə 60 min ifadəsi də işlədilmişdi) və meydanda özləri də gördülər ki, dedikləri ağ yalan oldu. Mitinqdə elan etdilər ki, sabahkı sessiyamızda prezidentliyə namizədimizi konkret olaraq müəyyənləşdirəcəyik. Sabahı gün növbəti bir ağ yalan ortaya qoyuldu. İndi daha heç nə deyə bilmirlər. Anlayıblar ki, verdikləri istənilən vəd cəmi bir neçə satdan sonra ağ yalan olacaq. Odur ki, milli deyilən bu şuranın fəaliyyəti hələlik iflic olub.

 Hərçənd bəzi ekspertlər deyirlər ki, bu iflicolmanın əsas səbəbi maliyyə məsələsidir. Amma, mən inanmıram. Çünki dünyada o qədər ermənipərəst qüvvələrin olduğu halda nə üçün məhz ermənipərəstlərin yaratdığı qurum maliyyə çatışmazlığı üzündən iflic olmalıdır? Bu, inandırıcı deyil. İnandırıcı olan odur ki, o qurumda siyasətçi yoxdur və ona görə də yaratdıqları siyasi təşkilat cəmi iki aydan sonra iflic oldu. Müxalifətin bundan əvvəlki qurumlarının hamısı heç olmazsa ölkədə keçirilən seçkiyə qədər tab gətirir, sonra dağılıb gedirdi. Bunlar isə həm seçkiyə qədər duruş gətirə bilmədilər, həm də dağılmazdan qabaq çox ağır bir xəstəliyə mübtəla oldular. Qərəz, adamın yazığı gəlir.

Qurumun gərgin adlandırılan sonuncu sessiyasında qəbul edilən qərar ironiya daşıyıcılığı baxımından hər kəsə bəllidir. Deyiblər ki, vahid ehtiyat namizəd seçilsin və İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı halda qurum bu namizəd ilə seçkiyə qatılsın. Üstəlik Rüstəm İbrahimbəyov da uzaqdan -uzağa bildirib ki, guya həmin şəxsin seçki kampaniyasına yardım edəcək. Mitinqdə danışdıqlarından fərqli olaraq sessiyada vahid ehtiyat namizəd üçün iki nəfərin adı hallanırdı: Ziyalılar forumunun üzvü Cəmil Həsənli və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev. Məlumatlı mənbələr xəbər verir ki, Cəmil Həsənli sessiya zamanı da əvvəllər olduğu kimi israrla namizəd olmaq istəmədiyini bəyan edib. Guya professorun bu seçimə “yox” deməsinin bircə səbəbi var idi: “Milli Şura” sədri Rüstəm İbrahimbəyovla məsələnin razılaşdırılmaması. Amma ötən gün İbrahimbəyov “Mediaforum” saytına verdiyi müsahibədə qeyd edib ki, “ehtiyat namizəd Cəmil Həsənli olsa, çox sevinərəm”. Ekspertlər inanırlar ki, məhz bu ifadədən sonra Cəmil Həsənli vahid ehtiyat namizəd təklifini rədd etməyəcək. Maraqlıdır, “Milli Şura” sədri də seçkiyə az vaxt qaldığını bilməmiş deyil. Əgər bilirsə, onda nə üçün bu gün həll olunmalı məsələləri gələn həftələrə saxlayır? Deməli, onun rəhbərlik etdiyi qurum həqiqətən iflic olub ki, bir qərar qəbul edə bilmir.

Şuranın “Mehman”pərəstliyi də bir nəticə verməyib. Prezidentliyə namizədliyi irəli sürüləcəyi bildirilən Mehman Əliyev təxminən iki ay əvvəl “Milli Şura”nın belə bir qərarı olsa, etiraz etməyəcəyini söyləmişdi. Adı çəkilən “gərgin” sessiyadan əvvəl isə mətbuata açıqlamasında bildirib ki, vahid namizəd olmaq istəmir. Çünki, “vahid namizəd üstündə həmişə qırğın olub”. Doğrudan da, son iyirmi ildə bu addan ötrü bir-birinin dişini tökən müxalifət təmsilçiləri indi nə oldu ki, birdən-birə jurnalisti prezidentliyə namizəd seçmək istəyirlər? Nəyə görə? Bu sualların bircə cavabı var. Adı müxalifət olanda nə olar, onlar da görürlər, eşidirlər və bilirlər ki, Azərbaycan xalqı son illərdə keçirilən bütün seçkilərdə olduğu kimi bu ilin oktyabrında da Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək. Ona görə də heç kəs bir və ya bir tam onda beş faizlə məğlub olmaq istəmir, hamı bir-birini tora salmaq istəyir. “Milli Şura”nın “Mehman”pərəstliyinin təməlində də məhz oktyabrda reallaşacaq ağır məğlubiyyətin yükünü çəkmək məsələsi dayanır.

 “Milli Şura”nın sonuncu sessiyasından sonra Mehman Əliyevin şurada baş verən proseslərdən narazı qaldığı da açıq- aydın görünüb. Agentlik rəhbəri mətbuata verdiyi müsahibədə konkret şəkildə ifadə etməsə də, bildirib ki, onun namizədliyi üstündə vahid formalaşmış mövqe olmayıb: “Mənim vahid namizədlik iddiam yoxdur. Ancaq ictimai maraq varsa, buna getmək olar. “Milli Şura” qərar verməlidir, kiminlə gedir? Konkret 2 nəfər mənim adımı çəkdi... Birbaşa məsələ qoyulaydı ki, filankəs olsun. Buna da hazır deyillər. MŞ-nin özündə də formalaşmış vahid mövqe yoxdur. Mən deyim ki, gəlin dalımca və sairə, düzgün olmazdı”.

Professor Cəmil Həsənli də özünün namizədliyi barədə mətbuata nə isə demək istəmir. İnsafən, necə desin? Bir tərəfdən “Milli Şura”da ağız deyəni qulaq eşitmir, bir tərəfdən quruma üzv olan hər kəsin öz marağı var, digər tərəfdən də qurum artıq toplaşa bilmir və toplaşanda da qərar qəbul edə bilmir. Qərar qəbul etmək üçün fəaliyyət olmalıdır. Fəaliyyət üçün isə iflic olmuş orqanlar yox, məhz işlək orqanlar vacibdir. Bu halda Cəmil Həsənli konkret şəkildə nə deyə bilər?

Üzdə olan nəticə bundan ibarətdir ki, əgər bu həftə ərzində prosesi yekunlaşdıra bilməsələr, demək, “Milli Şura” seçkidən kənarda qalacaq. Hüquqşünaslar xatırladırlar ki, namizədliyin qeydə alına bilməsi üçün ən azı 16 gün lazımdır: “Deməli, avqustun 20-dən hesablasan, “Milli Şura”nın ən çoxu 19 günü qalıb. Axı sentyabrın 9-da imza vərəqələrinin qəbulu başa çatır”.

Hüquqşünaslar o şəkildə xatırladırlar, siyasətçilər yada salırlar ki, hərə öz bacardığı işin dalınca getməlidir, seçicilər isə başqa fikirdədirlər. Onlar deyirlər: Guya seçkiyə qatıla bilsəydilər və namizədləri məlum olsaydı nə olacaqdı ki? Ən yaxşı halda bir faiz səs toplayıb uduzacaqdılar. Elə namizəd verə bilməsələr yaxşıdır ki, daha çox rüsvay olmasınlar.

 

İttifaq MİRZƏBƏYLİ,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında