“Zavallı, yoxsa zalım ermənilər?

Ermənilər Xocalı soyqırımından əvvəl hansı qırğınlar törətmişlər?

İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirlər. Demək olar ki, iyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur.

1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 və 1988-ci ildən bəri baş verən hadisələr erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir. 1992-ci il fevral ayının 26-na keçən gecə Xocalı şəhəri erməni silahlıları tərəfindən yerlə-yeksan edildi, böyük sayda uşaq, qadın, qoca, dinc əhali məhv edildi. Öldürülən insanların sayını 613 nəfər göstərdilər. Həqiqət budur ki, həmin gecə 2300 nəfərdən artıq adam erməni soyqırımının qurbanı olmuşdur. Xocalıda törədilən soyqırımı bizim üçün ilk olay deyildi. Ermənilər müxtəlif illərdə minlərlə Azərbaycan kəndini dağıtmış, yüzlərlə kəndi yer üzündən silmişlər. Elə isə bəzi faktlara müraciət edək...

Erməni soyqırımı məsələsi necə və haradan meydana çıxdı? Nəyə görə türklər ermənilərə qarşı qətliam törədiblər? Doğrudanmı belə olub? Yoxsa, insan qırğınları Türkiyəni arxadan vuran, parçalamaq istəyən, erməni dövləti qurmaq marağında olan bir millətin xəyanətininmi nəticələridir. Çox ciddi şəkildə özgə torpaqlarında erməni dövləti yaratmaq istəyən ermənilər Avropada, Amerikada öz havadarlarını axtarmaqla Türkiyə ərazisində öz dövlətlərini qurmaq istəyirdilər. Onlar bu sövdalarda xristian amilinə söykənərək, yeri gələndə dövlət başçılarını ələ almaq üçün bahalı hədiyyələr də təklif edirdilər. Ermənilər yaxşı bilirdilər ki, Avropa dövlətləri hər vaxt Türkiyəni parçalayb yox etməyə hazırdılar. Məhz ermənilər belə bir durumdan da yararlanmağa çalışırdılar. Xüsusilə, çar Rusiyası erməni dövləti yaratmaq üçün bütün vacib mexanizmləri işə salmışdı. Rusiya erməniləri hərbi silah və sursatla təmin edir, hərtərəfli yardımlar göstərir, Osmanlı Türkiyəsi ilə müharibəyə hazırlayırdı. Rusiya xarici işlər naziri Lobanov - Rostovskinin ortaya atdığı “Rusiya hüdudlarında ermənisiz bir Ermənistan” nəzəriyyəsi rusların erməni siyasətini çılpaqlığı ilə açıb göstərən ciddi bir sübut-dəlildir.

Türkiyədə vəziyyətin düzəlməsini istəməyən İngiltərə, Fransa hökumətləri də ermənilərə arxa- dayaq olaraq güclü təbliğat aparırdılar. Hətta onlar belə bir müddəa ortaya atmışdılar ki, erməni silahlılarına göstərilən hər hansı müqavimətlə bağlı soyqırım iddiası ortaya çıxa bilər. Demək “erməni soyqırımı”nın gündəmə gətirilməsi hələ 1915-ci ildən xeyli əvvəl diqqət mərkəzində olmuşdur.

Fransız ruhanisi Touclıt 1916-cı ilin fevralında “Ocuvre dorient” cəmiyyətində təşkil olunmuş konfransda 1915-ci il hadisələrinə münasibət bildirərək demişdir: “Hadisələr erməni inqilabçılarının müsəlmanları öldürmələri ilə başlanmışdır. Bu işin təfərrüatını bilmirik. Ermənilərin yaydıqları məlumatlara da inanmaq qeyri-mümkündür”.

Ermənilərin uydurduqları “erməni soyqırımı”ndan bəhs edərkən gəlin tarixə səyahət edək, görək ermənilərin özləri hansı soyqırımların müəllifidir. Dəhşətli “Xocalı soyqırımı”na yön tutmazdan əvvəl görək ermənilər daha hansı soyqırımlara imza atıblar?

İndiki Ermənistan İrəvan xanlığının ərazisində qurulmuşdur. Əhalisinin 80 faizi vaxtilə Azərbaycan türkləri olan bu torpaqda bu gün bir nəfər azərbaycanlı yaşamır. Bəs bu insanlar öz razılığı iləmi öz torpaqlarını tərk edib, ermənilərə bağişlamışlar? Yoxsa, onlar erməni silahlılarının qəddarlığı, törətdiyi soyqırımlar nəticəsində iki min illik dədə-baba torpaqlarında qətlə yetirilmiş, yaxud, evlərindən zülümlə çıxarılmışlar?

 1600-cü illərdən varlı erməni tacirləri erməni dövləti yaratmaq xəyalına düşdülər. Bu dövrlərdə Rusiya ilə İran arasında ticarət əlaqələri erməni tacirləri tərəfindən həyata keçirilirdi. 1660-cı ildə Culfalı Xoca Zakar Sarhadov Çar Aleksey Mixayloviçə “ermənilərə xüsusi lütfkarlığına görə” “Almaz taxt” hədiyyə etmişdi.

1701-ci ildə İsrail Ori adlı erməni arximandrit Minas Vartapedlə birlikdə Bavariya knyazının elçisi kimi Pyotrun qəbuluna gəlir. Onlar erməni məlikləri adından Çara qırmızı məxmərlə örtülmüş, qızıl məftillə tikilmiş, kənarları qızıla çəkilmiş gümüşlə əhatə edilmiş türk yəhəri hədiyyə edirlər. Yəhər Çarın xoşuna gəlir, necə deyərlər, onun gözünü qamaşdırır. Ermənilər sonralar da Çarla nəinki əlaqəni kəsməmişlər, hətta müxtəlif “hədiyyələrlə” Çarın sarayına yol tapmışlar. Bütün bunlar erməni dövləti yaratmaq üçün edilirdi.

1798-ci ildə Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski və Moskva varlısı İvan Lazaryev (Hovhanes Lazaryan) Rusiya hökumətinin nümayəndələri ilə danışıqlar aparmışlar. Onlar bildirmişlər ki, Türkiyə ilə İran sərhədinin kəsişdiyi yerdə erməni dövləti qurmaq vacib məsələdi. Bu fikir rus hökuməti əyanlarının xoşuna gəlir.

1828-ci ildə İrəvan xanlığının işğalından və Türkmənçay müqaviləsindən dərhal sonra İrandan, Türkiyədən bu əraziyə ermənilər köçürülməyə başladı. İrəvan xanlığının ərazisi “Erməni vilayəti” adlandırıldı. Bu ərazidə böyük vəchlə erməni dövləti yaratmaq çar Rusiyasının canfəşanlığı sayəsində həyata keçsə də, Fransa və İngiltərənin yardımı ilə Türkiyədə erməni üsyanı təbliğatı aparılırdı. Ermənilərin fəallığını daha da artırmaq üçün yeni bir təşkilata ehtiyac duyulurdu. Nəhayət, Rusiyanın himayəsi ilə 1890-cı ildə Tiflisdə Daşnaksütyun partiyası təsis edildi.

Məqsədləri üsyanlar yolu ilə “Türkiyə Ermənistanı” üçün siyasi və iqtisadi hürriyyət qazanmaq idi. Komitənin təşkilatına verdiyi əmrdə deyilirdi: “türkü, kürdü hər yerdə, hər cür şəraitdə vur. Mürtəceləri, dinindən dönənləri, erməni xəfiyyələrini, xainləri öldür. İntiqam al”. İstəkləri daxildə üsyanlar edib, sonradan Bolqarıstan və Livanda olduğu kimi bir muxtar idarə əldə etmək, son nəticədə “Böyük Ermənistan” yaratmaqdır.

Qarşıda duran məqsədə çatmaq üçün bütün vəzifələri, qanlı qırğınları, iğtişaşları və bu işə rəhbərliyi “Daşnaksütyun” siyasi təşkilatı və partiyası öz üzərinə götürmüşdü. Tapşırığa əsasən ermənilər iğtişaşlar törətməli, türklərə və kürdlərə hücumlar edib, qırğınlar törətməli idilər. Maraqda duran Avropanın kütləvi informasiya vasitələri türklərin erməniləri qırmaları haqqında dünyaya səs salmalı idilər. Bu plan olduğu kimi həyata keçirilirdi. Deməli, “erməni soyqırımı” adlı yalana Amerika, Rusiya, İngiltərə və Fransa hələ çox-çox əvvəllər hazırlaşmış və təməlini qoymuşdular. “Daşnaksütyun” partiyasının təbliğat maşını təkcə İrəvanda, Tiflisdə deyil, Bakıda da işə salınmışdı. Ermənilər 1905-ci ilin fevralın 6-da Bakıda, fevralın 21-23-də İrəvanda, mayın 5 və 7-də Naxçıvanda qırğınlar törətdilər.

Mayın 23-də İrəvanda Qaraçay bağçasında müsəlman gənclərinə hücumla qırğın yenidən alovlanır. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə, 3-də Güllücə kəndinə hücum edirlər. Əliyalın əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçıb sığınır. Burada qırğınlar 18 gün davam etmişdir. Şörəyöl, Pəmbək, Eçmiədzin (Üçkilsə) qəzalarında da xeyli adam öldürmüşdülər. Burada nə insaf, nə mürvət, nə də insanlıq yada düşməmişdir. Həmişə belə olmuşdur. Ermənilər uşağın, qocanın, qadının ayrı-ayrı əzalarını doğrayıb, başlarını kəsəndə nümayişkaranə qürur duymuşlar.

M.S.Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdiyi qanlı qırğınları, soyqırımlarını qələmə alarkən yazırdı: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi.”

“Böyük Ermənistan” yaratmaq iddiası ermənilərin qanını coşdurmuşdu. Rusiyanın hərtərəfli dəstəyi ilə, İngiltərə və Fransanın “qorxma-qorxma” fitvasına arxalanan ermənilərin gözünü qan örtmüşdü. İrəvan xanlığını və digər bölgələri ələ keçirmək üçün böyük fəlakətlər törədilirdi.

1905-ci il iyun ayının 9-da təpədən-dırnağa silahlanmış ermənilər Eçmiədzinin Təkiə kəndinə hücum etmiş, camaatı vəhşicəsinə güllədən və qılıncdan keçirmişlər. Axund Məhəmməd Əli Mirzə Əbdülhüseyn Qazızadənin böyük imarətinə od vurub, 200 cild Quran və müqəddəs kitabları yandırmışlar. Qafanın Karxana kəndindən qaçıb qayaların arasında sığınacaq tapmış 30-dan artıq qadını vəhşicəsinə məhv etmişdilər. Ara vermədən, amansız hücumlarla İrəvan quberniyasında məqsədlərinə nail olan erməni cəlladları Qarabağa, 1905-ci ilin noyabrında Gəncə şəhərinə soxuldular. Böyük qətliamlar törədirlər.

Məqsəd aydın idi, türk-müsəlman əhalini bu ərazidən vurub çıxarmaq... Çıxmadıqda ucdantutma, böyük-kiçik demədən məhv etmək, nəticədə, erməni dövləti qurmaq. 1905-1906-cı illərdə ermənilər İrəvan və Gəncə quberniyasında 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, əhalisini qəddarlıqla məhv etmişlər. Ancaq erməninin arxasında dayanıb “vur” deyən dövlətlərin biri bu məsələdə səsini çıxarmamışdır. Avqust ayının 1-də silahlı ermənilər Zəngəzurun 3500 nəfərlik Qatar kəndinə hücum etmişlər. Daha sonra Aralıq, Pirdavdan, Atqız kəndləri də yerlə-yeksan olmuşdu.

 1914-1916-cı illərdə Rusiya, Fransa, İngiltərə və sonralar İtaliya arasında Türkiyəni bölüşdürmək haqqında gizli danışıqlar keçirilmişdi. Rus-türk müharibəsindən faydalanaraq ermənilər Türkiyənin 6 vilayətində “Qərbi Ermənistan” dövləti yaratmağa can atırdılar.

“Daşnaksütyun” partiyasının 1912-ci ildə təşkil etdiyi Erməni milli bürosu 1914-cü il imperialist müharibəsi zamanı ermənilərin Çar Rusiyası tərəfindən müharibəyə cəlb edilməsi üçün geniş kampaniya aparırdı. Rusiya Türkiyə ilə müharibəyə başladıqda hər biri 400 nəfərdən ibarət dörd erməni könüllü dəstəsi hazırlayacaqlarını bildirmişdilər.

1919-cu ilin avqustunda Qafqaz cəbhəsinin baş komandanı Vorontsov-Daşkov Türkiyədəki erməniləri və yunanları silahlandırmaq üçün 25 min tüfəng və 12 milyon güllə gətirtmişdi. Bu zaman erməni könüllü dəstələri həm də xaricdə hazırlanırdı. Bolqarıstandan, Fransadan, Amerikadan 1000-ə yaxın erməni könüllüsü gəlmişdi.

Leoda “Mari” adlı əsərində Daşnaksütyun partiyasının məqsədini açıqlayaraq yazır: “Könüllü erməni hissələri ilə Andranik Vana yaxınlaşar-yaxınlaşmaz oradakı daşnaklar da dağlara çıxacaq və üsyan edəcəkdilər. 1915-ci ilin aprel ayında üsyan başlanacaqdı. Katalikos 10000 silahlı döyüşçünün müharibədə iştirak etdiyini bildirdi.”

1914-cü ilin oktyabr ayında Çar Rusiyası ilə birlikdə daşnaklar da Türkiyəyə müharibə elan etmişlər. Türkiyə təbəəsi olan ermənilər də ruslara qoşularaq həmin bandalara birləşmişdilər. Ruslar sərhədi keçərkən ermənilər üsyan edib Van şəhərini ələ keçirdilər. Türk ordusuna qarşı vuruşan silahlı ermənilərin sayının 180 minə qədər olduğu müxtəlif mənbələrdə göstərilmişdir. Ermənilər Türkiyənin bütün bölgələrində üsyanlar, dağıntılar, sabotajlar edirdi. Rusiyanın fitvası ilə daşnaklar dəniz kimi çalxalanırdı.

Əvvəlcədən verilmiş göstərişə görə Vanda türk kəndlərinə basqınlar edərək əllərinə keçən uşağı, qadını, qocanı fərq qoymadan amansızlıqla məhv etdilər. Məscidləri, türbələri, bəzən kəndi və şəhəri yandırıb yerlə-yeksan etdilər. Amerikada çap olunan “Qoçnak” qəzetinin 24 may 1915-ci il sayında ermənilər iftixarla"Vanı əldə etdik, qalanı aldıq. Vanda ancaq 1500-ə qədər qadın və uşaqdan başqa türk qalmayıb" deyərək, iki gün içində böyük Van şəhərində bütün türk əhalisini qırdıqlarını etiraf etmişlər.

Rus yazıçısı Yuri Pompeyev 1992-ci ildə Sankt-Peterburqda çap etdirdiyi “Qarabağ qan içində” sənədli oçerkində erməni ikiüzlülüyünü tam açıqlayaraq ortaya qoyur. Yazıçı Strasburqdakı Şərq Tədqiqatları İnstutunun direktoru Pyer Dumonun erməni soyqırımı barədə mülahizələrini təhlil edərək yazır: 1989-cu ildə ABŞ senatı qarşıdan gələn 1990-cı ilin “erməni soyqırımı ili” elan olunmasını təklif etdikdə Pyer Dumon Avropa və Amerika qəzetlərində sensasiya doğuran belə bir bəyanat yaydı ki, Osmanlı imperiyası Türkiyə ərazisini erməni əhalisindən tamamilə təmizləmək barədə qoşunlara əmr göndərdiyi və bu işdə marağı olan siyasətçilərin son 70 il ərzində tarixi dəlil kimi istinad etdiyi “xüsusi teleqram” qətiyyən mövcud olmamışdır.

Fransız alim bildirmişdir ki, Birinci Dünya müharibəsində Türkiyənin şərqində yaşayan erməniləri tüfəng, pulemyot və toplarla silahlandıraraq zinvor quldur dəstələr yaratmışlar. Onlar yerli dinc əhaliyə qarşı amansız mübarizə apararaq 60 minə yaxın türk və kürd əhalisini məhv etmişlər (bu və başqa məlumatları Pyer Dumon təkcə Türkiyə arxivlərindən deyil, həm də Böyük Britaniya və Fransa xarici işlər nazirliklərinin arxivlərindən götürmüşdür). Ruslarla birgə əməliyyat aparan erməni silahlı dəstələri öz işğalçılıq əməllərindən və dinc əhaliyə qarşı törətdikləri cinayət əməlindən fərəhlənir, “məşhurlaşır”dılar.

Ümidsiz vəziyyətdə qalmış kürdlər rus qoşunlarına və erməni zinvor birləşmələrinə qarşı amansız partizan müharibəsi edirdilər. Üsyançılara türk nizami ordusu da kömək edirdi. Bu zaman rus qoşunları və zinvor dəstələri Zaqafqaziyaya qaçmağa məcbur oldu.

Pyer Dumonun uzun müddət apardığı tədqiqatdan məlum olur ki, faciəli 1915-ci ildən başlayaraq bu günə qədər ermənilərə qarşı heç bir soyqırımı olmayıb, bu, müasir siyasətbazların xülyasının məhsuludur. Dinc kürd, türk və erməni xalqına qarşı yönəldilmiş bu hərbi əməliyyatın səbəbkarı Avropa, Amerika və Rusiya siyasətçiləri olmuşlar. Onların toruna düşmüş daşnakların “Böyük Ermənistan” iddiasının həyata keçirilməsi nəticəsində xeyli insan tələf olmuşdur. Pyer Dumon qeyd edir ki, həmin dövrdə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının sərhədləri daxilində cəmi 1,4 milyon erməni yaşayırdı. Göründüyü kimi, “2 milyon erməni öldürülməsi” açıq uydurmadır.

Pyer Dumon ABŞ senatına ünvanladığı bəyanatı aşağıdakı fikrilə tamamlayır: “Qoy siyasətçilər tarixə müdaxilə etməsinlər, onların müdaxiləsi həmişə saxtakarlıqla müşayiət olunur”.

(ardı var)

Eldar İSMAYIL,

 şair, yazıçı, əməkdar jurnalist

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında