“Milli Şura”nın avqustun 18-də Bakıda keçirdiyi mitinq bu qondarma qurumun arxivin bir küncünə atılacaq günün bir addımlığında olduğunu təsdiqlədi. Artıq hamıya bəlli oldu ki, əldəqayırma qurumun arxasınca gedən yoxdur. Əslində, bu mitinqi “Milli Şura”nın adı ilə bağlamaq düzgün olmazdı. Çünki həmin gün “20-ci sahə”yə toplaşanların əsasını AXCP və Müsavat Partiyasının üzvləri təşkil edirdilər. Halbuki, neçə vaxt idi ki, dağıdıcı müxalifət funksionerləri az qala haray çəkib deyirdilər ki, guya Azərbaycanın əksər siyasi partiyaları, tanınmış simaları, QHT-ləri “Milli Şura”ya cəm olublar və onlar prezident seçkilərinə vahid namizədlə gedəcəklər. Ancaq mitinqdə cəmi iki partiyanın – AXCP və Müsavat Partiyasının üzvləri nəzərə çarpırdı. Onların da əsas məqsədləri prezidentliyə vahid namizədliyə öz adamlarını sırımaq idi.
Müxalifətin mitinqə bu qədər az iştirakçının gəlməsini ört-basdır etməyə heç bir bəhanəsi qalmayıb. Çünki son vaxtlar paytaxtda aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra mitinqin keçirildiyi “20-ci sahə”yə avtobusla 10-15 dəqiqəyə, piyada isə 25-30 dəqiqəyə getmək mümkündür. Ona görə də aksiyanın keçirildiyi ərazini şəhərdən uzaq adlandırmaq absurddur. Mitinqə iştirakçı toplaya bilməyən radikal müxalifət nəhayət, siyasi məğlubiyyətini etiraf etmək məcburiyyətində qalıb. “Milli Şura”nın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov və onun Azərbaycandakı muzdlu nökəri Eldar Namazovun adı və bayrağı altında isə gələnləri barmaqla saymaq olardı: ən çoxu 25-30 nəfər.
“Milli Şura”nın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov da gec də olsa, dərk edibmiş ki, onu Azərbaycanda istəyən yoxdur və kimlərsə öz maddi maraqlarının təmin olunması üçün kinorejissorun pulundan yararlanmaq istəyirmiş. Əslində bu oyuncaq qurumun üzvləri də yaxşı bilirdilər ki, mövcud qanunvericiliyə görə Rüstəm İbrahimbəyov prezident seçkilərində namizəd kimi iştirak edə bilməyəcək. Ancaq onu aldadaraq bu vaxta qədər gətirib çıxara bildilər. R.İbrahimbəyov isə bu oyunun oyunçusu olduğunu lap gec dərk etdi və etirazını bu yaxınlarda “Milli Şura”nın rəhbərliyindəki bir neçə şəxsə əsəbi şəkildə “Bəs mənə deyirdiniz ki, təki sən “Milli Şura”nın sədri və vahid namizədi ol. Bundan sonrasını ayaq üstə gözləyən xalq həll edəcək”, - deyə bildirib. Məhz bu narazılığını dilə gətirdikdən sonra onun Bakıdan zənglərə cavab vermədiyi və əsəbi halda , “indi vaxtım yoxdur, montajla məşğulam” - deyərək telefonu söndürməsinin səbəbləri də bəlli olur. Mitinqdə baş verənlərdən sonra isə prezidentliyə vahid namizəd həmfikirlərindən birdəfəlik küsüb. Hətta, “gedin özünüzə namizəd tapın” - mesajını da verib.
Müxalifətin avqustun 18-də keçirdiyi mitinq əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Eyni simalar, eyni şüarlar, yenə də fit çalmaq, yersiz qışqırıqlar və qarşıdurmalar. Təkcə mitinqi “təşkil edən” qurumun adı dəyişmişdi. Bu dəfə adlarını “Milli Şura” qoymuşdular. Ancaq adlarını dəyişsələr də xislətlərini, antimilli mövqelərini, vəzifə hərisliyini dəyişə bilməmişdilər. Sanki unudurlar ki, xalq hər şeyi görür, ağı qaradan asanlıqla seçir. Ona görə də bu dəfə də onların arxasınca gedən, çağırışlarına səs verən olmadı. Başları Rüstəm İbrahimbəyova ötürülən çirkli pullara qarışmış və əllərinə düşmüş bu fürsətdən yetərincə yararlanmaq istəyən radikal müxalifət hələ də bilmir ki, hər hansı bir qüvvə hakimiyyətə yalnız xalqın seçimi və siyasi iradəsi ilə gələ bilər.
Neçə gün idi ki, müxalifət nümayəndələri sosial şəbəkələrdə, internetdə və himayədarlıq etdikləri bütün mətbu orqanlarında mitinqə çağırışlar edir, gecə-gündüz dayanmadan təbliğat aparırdılar. Bəs nə oldu? Hanı onların “mitinqdə 20 min nəfər iştirak edəcək” vədləri? Mitinqə toplaşanların sayı da təsdiqlədi ki, xalq müxalifətin “demokratiya və insan haqları” uğrundakı bu çağırışına məhəl qoymadı.
“Milli Şura”nın keçirdiyi aksiya əslində daha çox piket adlandırılmalıdır. Buraya toplaşanların sayı da bunu təsdiqləyir. Çıxış edənlərin həmişə olduğu kimi eyni sözləri demələri də onların konkret fikirlərinin olmamasının nəticəsi idi. Müsavat Partiyasının başqanı İsa Qəmbərin çıxışı isə piket iştirakçılarını ələ salması ilə yadda qaldı. İ.Qəmbər çox yaxşı bilirdi ki, AXCP sədri Əli Kərimlinin idarə etdiyi “Milli Şura”nın bütün fəaliyyəti Müsavat başqanının seçkilərdən kənarlaşdırılmasına və ya bu qurumdan uzaqlaşdırılmasına yönəlib. Ona görə də avqustun 18-də keçirilən piketdəki çıxışı zamanı İsa Qəmbər “Milli Şura”da “vahid namizəd” məsələsi ilə bağlı müəyyən narahatlıqların, qeyri-müəyyənliklərin olduğunu etiraf etdi. Bununla belə, İ.Qəmbər piket iştirakçılarını ələ salmaqdan da çəkinmədi. O, qondarma qurumun seçkidə iştirakla bağlı ciddi problemləri olduğu halda, guya hakimiyyətin seçkidə kiminlə iştirak etməsi ilə əlaqədar qeyri-müəyyənliklərin olduğunu iddia etdi. Halbuki, hakim partiyanın seçkilərə necə yüksək səviyyədə hazırlaşdığı və elan etdiyi namizədin xeyrinə artıq imzaların toplandığı məlumdur. Seçki kampaniyasına xeyli müddətdir start verilməsinə baxmayaraq, “Milli Şura” hələ də vahid namizədini müəyyənləşdirə bilməyib. Ona görə də İ.Qəmbərin belə bir fikri məntiqsizdir. Eyni zamanda bu piket iştirakçılarını ələ salmaqdır. Ona görə də İ.Qəmbərin bu fikirlərini iştirakçılar məyusluqla qarşıladılar.
“Milli Şura”da təmsil olunan digər partiyaların rəhbərləri-ACP sədri Sülhəddin Əkbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, ALP sədri Əvəz Temirxan və “El” hərəkatının rəhbəri Eldar Namazov seçkilərə yalnız Rüstəm İbrahimbəyovun namizədliyi ilə gedilməsinin vacibliyini vurğuladılar və İ.Qəmbərə qarşı olduqlarını açıq şəkildə bəyan etdilər.
Müxalifətin qarşıdurması, qruplar arasındakı didişmə bu aksiyada da özünü büruzə verdi. Repertuarı da dəyişməmişdilər. Çox cəhd etsələr də, özlərində cürət tapıb “Milli Şura”nın prezidentliyə vahid namizədinin adını açıqlaya bilmədilər. Axı, Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmaq fikrində deyil. AXCP üzvləri Əli Kərimlini, müsavatçılar isə İsa Qəmbəri irəli vermək istəyirlər. Aksiyanın gedişi zamanı da bunu hiss etmək olardı. Ə.Kərimli çıxışa başlayan kimi müsavatçılar kütləvi şəkildə meydanı tərk etdilər.
Bundan əlavə, radikal müxalifət funksionerlərinin möhkəm güvənib bel bağladıqları beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri də bir o qədər gözə dəymədilər. Görəsən “Milli Şura” sosial bazadan məhrum olduğunun fərqindədirmi? Axı, Azərbaycanda 5 milyona yaxın seçici var. Ölkə rəhbəri məhz bu seçicilərin iradəsi ilə seçilir. Görəsən “Milli Şura” üzvləri hansı elektorata güvənib seçki mübarizəsinə qoşulmaq istəyir? Onlara ayrılmış meydanın heç iyirmidə bir hissəsini doldura bilməyənlər hansı üzlə prezident seçkilərində qələbədən dəm vururlar? 20 ildir ki, ölkədə keçirilən bütün seçkilərdə biabırcasına məğlub olan, heydən düşmüş müxalifət bu gün beynəlxalq aləmdə böyük nüfuz sahibi olan, xalqın inamını, etimadını qazanmış indiki iqtidarla rəqabət aparmağa hazırdırmı? Əsla yox! Bu mitinq bir daha sübut etdi ki, radikal müxalifət artıq xalq üçün yoxdur.
Mitinqin ertəsi günü Müsavat Partiyasının qərargahına toplaşan “Milli Şura” üzvləri arasında daha böyük qalmaqal yaşandı. Vahid namizədlik məsələsi müzakirəyə çıxarılan zaman maraqlar bu dəfə də ciddi toqquşdu. Vəzifə odunda alışıb yananlar vahid namizədlik üstündə ən çirkin vasitələrə də əl atırdılar. Ancaq heç nəyə nail ola bilmədilər.
“Yeni Müsavat” qəzetində “Milli Şura”nın avqustun 19-da keçirilən “sessiyası” haqqında dərc olunan məqaləni oxuyanda həmin toplantının hansı səviyyədə keçirildiyi, burada nələr baş verdiyi və hansı qərarın qəbul olunduğu barədə aydın təsəvvür yaranır. “Heç nə!” sərlövhəsi ilə dərc olunan məqalədə qeyd olunur ki, “Milli Şura”nın 6 saat müzakirədən sonra verdiyi qərara belə bir ad qoymaq olar. “Heç nə!” Həmçinin, üç partiyanın qurumu tərk edəcəyi barədə də məlumat verilir. Qəzet yazır ki, müzakirələr qeyri-konstruktiv xarakterdə, saatlarla davam edib. “Milli Şura” üzvü olan partiyalar öz aralarında ehtiyat vahid namizədlə bağlı konsensus əldə edə bilməyiblər. Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyinin qalması, ancaq partiyaların öz namizədləri ilə çıxış etməsi, əgər İbrahimbəyov ölkəyə qayıdarsa və namizədliyi qeydə alınarsa, partiyaların namizədləri geri çəkməsi təklifi 5 partiya tərəfindən razılıqla qarşılansa da, AXCP təmsilçiləri bu varianta etiraz ediblər. Ona görə də müsavatçılardan biri AXCP sədrini ən kəskin söyüşlərə “qonaq edib”. Bu da müsavatçıların “qonaqpərvərliyinin” bariz nümunəsidir.
Gərgin toplantıdan sonra keçirilən brifinqdə reneqat Eldar Namazovun sözündən məlum olub ki, Rüstəm İbrahimbəyov prezident seçkilərinə vahid namizəd kimi qatılmaq istəmir. Onun deməsinə görə, yaxın günlərdə “Milli Şura” yenə də toplaşacaq və yeni “ideya” üzərində “baş sındıracaq”: “Ya yeni vahid ehtiyat namizəd seçilsin, ya bir neçə namizədlə seçkiyə gedilsin”. Bax, belə yerdə Şeyx Nəsrullah deyir ki, xub, sən də get fikirləş!
Artıq siyasi partiya funksionerləri və siyasi şərhçilər də “Milli Şura” nın “vahid namizədlik” oyununa qeyri-ciddi yanaşırlar. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı “Milli Şura”nın avqustun 19-da keçirdiyi sessiyanın nəticələrini şərh edərkən deyib ki, əslində “Milli Şura”da hansısa ciddi müzakirənin getdiyini söyləmək doğru olmazdı: “Onlar hər dəfə toplaşaraq yenə də eyni sözləri təkrar edirlər. Onların namizədinin seçkiyə qatılıb-qatılmaması seçki prosesinə, seçkinin nəticələrinə heç bir təsir göstərmir... Ona görə də, həmin qurumun toplaşaraq hay-küy yaratması, qara piar kampaniyası aparması, namizədin müəyyənləşdirməsi adı altında imitasiya etməsi onların yalnız və yalnız məğlubiyyətinin göstəricisidir.”
Bir daha xatırladaq ki, “Milli Şura” yenə də prezidentliyə vahid namizədin müəyyənləşdirməsini növbəti mərhələyə saxlayıb. Bu mərhələnin nə vaxt baş tutacağını özləri də bilmirlər. Reneqat Eldar Namazovun deməsinə görə, Rüstəm İbrahimbəyovun pasport məsələsi düzələnə qədər gözləyəcəklər. Rusiya rəsmilərinin verdiyi məlumatda isə bildirilir ki, bu ölkənin mövcud qanunvericilik aktlarına görə, vətəndaşlıqdan çıxmaq üçün ən azı altı ay vaxt lazımdır. Görünür, “Milli Şura” üzvlərinin başları erməni lobbisinin çirkli pullarına qarışdığından prezident seçkilərinin bu ilin oktyabrın 9-da keçiriləcəyini unudublar.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.