“Milli Şura”nın sessiyasında dava düşüb

Gültəkin Hacıbəylinin təklifi aranı qarışdırıb, İsa Qəmbər ilə Eldar Namazov və Əli Kərimli arasında yaranan gərginlik qarşıdurmaya səbəb olub

Siyasi ekspertlərin dedikləri bir daha özünü doğrultdu. Hər kəs bir daha əmin oldu ki, radikal müxalifət düşərgəsinin böyük hay-küylə yaratdığı “Milli Şura” həqiqətən də yarandığı gündən ölü doğulub. Şura ilə bağlı iki gün ərzində baş verən iki mühüm hadisə də deyilənləri sübuta yetirdi. Əvvəlcə, qondarma qurumda mitinq fiaskosu yaşandı. Aksiyaya 20 min adam çıxaracaqlarını iddia edənlər mitinq meydanına heç min nəfər də gətirə bilmədilər. Bunun ardınca isə dünən “Milli Şura”nın prezidentliyə namizədlik məsələsi ilə əlaqədar keçirdiyi sessiyada növbəti biabırçı qalmaqal yaşandı, dava düşdü, ağız deyəni qulaq eşitmədi. Necə deyərlər, radikallar elə oyunlardan çıxdılar ki, şou-biznes nümayəndələri də bunların “artistlik məharətlərinə” mat-məəttəl qaldılar.

Bu barədə fikirlərimizi bildirməzdən əvvəl qeyd edək ki, gözlənildiyi kimi, “Milli Şura” prezidentliyə vahid namizəd seçdiyi kinodramaturq Rüstəm İbrahimbəyovdan səs çıxmadığını görərək yeni variantlara əl atır. Dünən qondarma qurumun nəzərdə tutulandan xeyli çox, tam 5 saat davam edən qapalı sessiyasının (əgər buna sessiya demək olarsa) nəticəsi də dediklərimizi təsdiq edir. Dava-qışqırıqla müşayiət olunan iclasdan sonra qondarma qurumun icra aparatının rəhbəri, reneqat Eldar Namazov bildirib ki, “Milli Şura”nın seçkidən kənarda qalmaması üçün şuranın sədri Rüstəm İbrahimbəyov iki təklif irəli sürmüşdü: “Belə ki, ya bir neçə namizədlə seçkiyə gedilir və sonda bir nəfərin xeyrinə bütün namizədlər geri çəkilir, ya da yeni vahid namizəd seçilir. Şurada hər iki təklifin tərəfdarları var. Bunun üçün də səsvermə keçirildi. Nəticələrə görə, 43-ün 42-yə nisbətində şuranın yeni vahid namizədinin seçilməsi təklifi qəbul edilib. Yaxın günlərdə şura üzvləri yenidən toplaşacaq və yeni vahid namizədi müəyyən edəcək”.

Eldar Namazov indidən həmin şəxsin kim olacağı haqqında fikir söyləməyin tez olduğunu deyib. O deyib ki, bugünə qədər adı çəkilən şəxslər namizədlikləri ilə bağlı fikirlərini açıqlayıblar. “Milli Şura”da bu məsələ müzakirə olunacaq və yekun qərar qəbul ediləcək. Müsavat başqanı İsa Qəmbər isə vəziyyətdən çıxmaq üçün diqqətə çatdırıb ki, “Milli Şura”nın sentyabrın 4-nə qədər vaxtı var. Onun sözlərinə görə, bu vaxta qədər yeni namizəd müəyyən ediləcək: “Bunun ardınca isə növbəti 10 gün ərzində imzalar toplanacaq və MSK-ya təqdim ediləcək. Demokratik qüvvələrin seçkidə iştirakı Müsavat üçün prinsipial məsələdir. Müsavat şurada təmsil olunan və ya olunmayan ziyalılardan birinin yeni vahid namizəd seçilməsinin tərəfdarıdır”. İsa Qəmbər bir daha vurğulayıb ki, “Milli Şura” seçkilərə vahid namizədlə getməyəcəyi təqdirdə, Müsavat təkbaşına seçkilərə getmək əzmindədir.

Bununla bağlı Müsavat başqanının qətiyyətli fikirlər səsləndirməsi və qondarma qurumdakı digər “tərəfdaşlarına” yerlərini göstərməyə çalışması heç də təsadüfi deyil. Məsələ burasındadır ki, “Milli Şura”dakı gərginlik fonunda davam edən toqquşmalar son həddə çatıb və bu gün qondarma quruma üzv olan bəzi partiyalar artıq onu tərk etmək barədə düşünür. Bunun ən bariz nümunəsi Müsavat Partiyası qərargahının dəhlizində AXCP sədri Əli Kərimlinin küçə söyüşləri ilə təhqir edilməsidir. Qapalı sessiyadan kənarda özünü müsavatçı kimi təqdim edən bir şəxs AXCP sədrini nalayiq sözlərlə təhqir etdikdən sonra cəbhəçilər də buna qarşılıq verib. Nəticədə ara qarışıb, məzhəb itib. Məsələni ört-basdır etməyə, gözdən pərdə asmağa çalışan Müsavat Partiyasının rəhbərliyi Əli Kərimlini təhqir edən adamı tanımadıqlarını desələr də şəxs üsyankar bir şəkildə müsavatçı olduğunu deyib.

“Milli Şura”nın şou-biznes qalmaqallarını xatırladan son sessiyasında reneqat Eldar Namazov partiyaların ayrılıqda seçkiyə getməsi fikrini müdafiə edərək, şuranın bununla bağlı qərarını lazım bilmədiyini deyib. AXCP sədri Əli Kərimli isə seçkiyə ümumiyyətlə qatılmağın əleyhinə çıxaraq boykot məsələsini yenidən gündəmə gətirib. O iddia edib ki, ölkədə seçki mühiti yoxdur, normal seçki keçirmək üçün heç bir şərait yaradılmayıb və buna görə də seçkiyə getmək mənasızdır.

Müsavat başqanı İsa Qəmbər isə iyirmi illik düşməni olan Əli Kərimliyə qarşı çıxaraq seçkilərdə iştirakın vacib olduğunu deyib. O, fikrini belə əsaslandırıb ki, təcrübə boykotun müxalifət üçün pis vəziyyət yaratdığını göstərir. İsa Qəmbər deyib ki, “Milli Şura” əsas namizəd konsepsiyası ilə seçkiyə getməlidir. Əsas namizəd də bugünkü sessiyada müəyyənləşdirilməlidir. Bu arada, kinorejissor Rüstəm İbrahimli sessiyaya telefonla qoşulub. O, “Milli Şura”nın qəbul edəcəyi qərarla razılaşacağını bəyan edib. Rüstəm İbrahimbəyov vətəndaşlıqla bağlı məsələnin həlli istiqamətində çalışdığını da bildirib. Təbii ki, özünün dediyi sözlərə heç özü də inanmayıb. “Milli Şura” üzvləri isə onun “çıxışını” ironiya ilə qarşılayıblar.

Deyilənlərə görə, Gültəkin Hacıbəylinin təklifi sessiyada növbəti qalmaqala səbəb olub. Sabiq deputat təklif edib ki, “Milli Şura”nın prezidentliyə vahid namizədi ya İsa Qəmbər, ya da Əli Kərimli olsun. Bu vaxt yenə ara qarışıb. Yerlərdən etiraz səsləri yüksəlib. Buna etiraz edən tərəfin əsasən ACP olduğu bildirilir. Deyilənə görə, ACP sədri Sülhəddin Əkbər israrla Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayanıb. Onun namizədliyinin alınmayacağı təqdirdə isə digər üzvlərdən heç bir partiyaya mənsubiyyəti olmayan şəxsin seçilməsinin tərəfdarı olduğunu dilə gətirib. Qeyd edək ki, seçkilərin boykot edilməsi məsələsi üstündə aralarında qarşıdurma yaşanan İsa Qəmbərlə Əli Kərimli Gültəkin Hacıbəylinin təklifindən sonra yaxınlaşaraq eyni mövqedən çıxış ediblər. Belə ki, onlar seçkilərə vahid namizədlə yanaşı, “Milli Şura”nın ehtiyat namizədlərlə getməsini məqsədəuyğun sayıblar. Lakin bu da digər partiyalar tərəfindən etirazla qarşılanıb. Cəmil Həsənlinin vahid namizəd olması məsələsi də alınmayıb. Çünki o, ağıllı hərəkət edərək bundan imtina edib. Nəticə isə hələ də naməlum qalıb. Onu da deyək ki, “Milli Şura”nın növbəti sessiyası qeyri-müəyyən vaxta qədər uzadılıb.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında