Özünü demokratik qüvvələrin “Milli Şurası” adlandırıb antimilli fəaliyyətlə məşğul olan süni qurumun avqustun 18-də Bibiheybət yaşayış sahəsindəki Sürücülük Məktəbinin Təlim Mərkəzində reallaşdırdığı icazəli siyasi aksiya haqqında söz açan politoloq və ekspertlər bir neçə məqamı xüsusilə qabardırlar. Əslində elə həmin məqamların hamısı gün kimi ölkə ictimaiyyətinin gözü qarşısındadır. 18 avqust mitinqindən sonra həmin həqiqətləri müxaliflərin dartıb sürücülük məktəbinin həyətinə gətirdikləri əcnəbilər də gördülər.
Yeri gəlmişkən, müxalifət düşərgəsinin bu qanadının başbilənləri qrant məsələsində, maliyyə hesablaşmalarında bir-birinə o qədər yalan satmışdılar ki, indi şahid kimi mitinq keçirilən yerə əcnəbiləri də gətirmişdilər. Gələn əcnəbilər isə dövlətin jurnalistlər üçün tikdirdiyi binanın gözəlliyinə heyranlıqla baxdıqlarına görə mitinqin tribunasından səsləndirilən cəfəngiyata fikir vermirdilər.
Adı çəkilən aksiya bu qurumun müxalifətin əvvəlki qurumlarına nisbətən daha qısaömürlü olacağını ortaya qoyduğu siyasi məramsızlıqla sübut etdi. Aksiyadan əvvəl meydana 20 mindən artıq tərəfdaş toplayacağını bəyan edən şura üzvləri meydanda mindən də az adamla qalanda sanki mətbuat təmsilçiləri tərəfə baxmaq istəmirdilər. İkinci, “Milli Şura”nın çətiri altına toplaşanlar bir daha nümayiş etdirdilər ki, həmin dəstədə heç kəs həmsöhbətinə zərrə qədər də güzəştə getmək istəmir və ona görə də çətir artıq parçalanıb hissələrə bölünmək üzrədir. Bu “hissələrin” AXCP, Müsavat və “El” adlanacağı da artıq bir çox şura üzvlərinə məlumdur. Adıçəkilən mitinqdə həmin hikkələr də, çətirin getdikcə daha çox tarıma çəkildiyi də hamının gözü qarşısında idi. Partiyalar, onların rəhbərləri və funksionerlərlə öz aralarında olan ziddiyyətləri qətiyyən gizlətmir və ya gizlədə bilmirdilər. Üçüncü, zaman sübut etdi ki, bu adamların hamısı seçkidə böyük hesabla məğlub olacağını bilir, xalqın onlara heç bir etimad göstərməyəcəyini hiss edir, amma, qarşı tərəfin azacıq da olsa nüfuz qazanacağını güman edərək geri çəkilmək istəmir. Hamıya məlumdur ki, biri öz zəifliyini səmimi şəkildə etiraf edib bircə addım geriyə çəkilsə, dörd-beş yerdən səs gələcək ki, filankəsi mən məğlub etdim. Düşərgə mənsublarının bu xəstəliyini yaxşı bilən “Milli Şura” üzvləri özlərinin tükəndiklərini görsələr də, başqa partiya sədrinin “əli ilə ölməmək üçün” sürünməyi məqsədəuyğun sayırlar.
Dördüncü, Azərbaycan xalqının “Milli Şura”nın 18 avqust mitinqinə gözlənilən etimadsızlıq nümayiş etdirməsi bir daha sübut etdi ki, heç kəs bu qurumu Azərbaycan iqtidarına alternativ kimi görmür. Ölkə əhalisinin istənilən fərdi Prezident İlham Əliyevin Azərbaycan dövlətini daha da qüdrətləndirmək istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasi kursu ürəkdən dəstəklədiyinə görə Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və digər siyasi liderciklər öz aksiyalarında xalq tərəfindən dəstəklənmədiklərini görür və bir-birini didirlər. Ekspertlərin qətiyyətlə söylədikləri beşinci qənaət ondan ibarətdir ki, müxalifətin “Milli Şura” ideyası artıq tam sürətlə qüruba doğru gedir. Bu aksiya həmin qurumun fiaskosu, iflası kimi düşərgənin tarixinə yazılmaqdadır. Özü də bu fiasko heç bir ekstremal halın, qeyri-adi hadisənin qeydə alınmadığı aksiyada, mitinq iştirakçılarının təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu bir şəraitdə reallığa çevrilməkdədir. Doğrudur, bəzi partiyaların təmsilçiləri polisləri təxribata çəkmək üçün dəfələrlə təhqiredici şüarlar səsləndirirdilər. Ancaq polisə aksiya iştirakçılarının təhlükəsizliyini qorumaq tapşırığı verilmişdi, hansısa tərbiyəsizin əməllərini cavablandırmaq yox.
İyirmi il Müsavat Partiyasının rəhbərliyində oturub seçkilərdə uduzan və xalqın etimadını birdəfəlik itirən İsa Qəmbər aksiyada çıxış edərkən utanmadan dedi ki, xalq dəyişiklik tələb edir. İndi ondan soruşan lazımdır ki, siz öz ətrafınıza topladığınız mindən də az adamı hansı ağılla xalq adlandırırsınız? Səkkiz-on “liderin” başına cəmi 800-900 adam toplaşırsa, deməli, hərənizi yüz adam dəstəkləyir. Azərbaycanın indiki iqtidarını dəstəkləyənlərin sayı isə artıq bir neçə milyondur. Xalqın boykotundan dərs almaq əvəzinə növbəti dəfə xalqın adından danışmaq üçün isə sadəcə üz lazımdır. Utanmayan üz. Yeri gəlmişkən, “Milli Şura”nın Tbilisidə - Nersesyanın restoranında keçirilmiş tədbirinə yarım saat gecikmiş İsa Qəmbər Bakıdakı mitinqə cəmi 55 dəqiqə gec gəldi. Bütün bunlar müxalifətin son aksiyasının əsas və siyasi nəticələridir. Ancaq bu aksiya ilə bağlı olan, üzdə kiçik görünüb, əslində dərin məna kəsb edən bəzi məqamları da yada salmaq istəyirik.
Avqustun 18-də saat 16-da metronun “28 May” stansiyasının qabağından Lökbatan qəsəbəsinə gedən 124 nömrəli avtobusun sürücüsünə “bu oğlanı sürücülük məktəbinin yanında düşürərsən”, “bu uşaq avtoşkolanın yanında düşəcək”, “bu cavanın jurnalistlər üçün tikilən binanın yanında düşməsinə kömək edin” və sairə xahişlərlə təxminən 15-16 nəfər müraciət etdi. İlk baxışda burada qeyri-adi bir şey yoxdur. Ünvanı tanımayan adama yol göstərilməsini hamımız kimdənsə xahiş edə bilərik. Ancaq burada maraqlı olan məqam ondan ibarət idi ki, heç kəs mitinqə getmək istəmir, hamı uşaq göndərirdi. Mən əvvəl elə bildim ki, həmin uşaqları göndərən öz valideynləridir. Sonra 40-45 yaşlı bir adam 16-17 yaşlı rus uşağını yola salanda məlum oldu ki, göndərilənlər kiminsə küçədən ələ keçirdiyi və “maraqlandırdığı”gənclərdir. Bu fakt özünü uşaqların avtobusdakı söhbətində də doğrultdu: “Sən də YAP-ın mitinqinə gedirsən?” “Heç bilmirəm kimin mitinqidir. Kimin olsa da, yarım saat dolanıb qayıdacam. Əsas odur ki... bugünün sabahı da var”. “Bugünün sabahı” nə deməkdir? - deyə fikirləşməyə ehtiyac qalmadı. Çünki, həmin uşaqlardan biri tanımadığı yaşıdından müəmmalı şəkildə soruşdu: -Gələn dəfə də belə olacaq? Söhbətin nədən getdiyini başa düşmək o qədər də çətin deyildi.
Mitinqin keçirildiyi meydandakı adamları mikrofonla o küncdən bu küncə, bu küncdən o biri cinaha neçə dəfə dəyişsələr də, bir xeyiri olmadı. Yəni meydanı dolu göstərmək cəhdləri tamamilə nəticəsiz qaldı. Amma, nəticəsi olan məqamlar da az deyildi. Daha doğrusu mitinq təşkilatçılarının bu qara-qışqırıqla nəyəsə nail olıa biləcəyinə meydandakıların heç birinin inanmadığı açıq-aydın görünürdü. Meydanda eşitdiyimiz ifadələrdən bir neçəsini cib dəftərimə olduğu kimi köçürmüşdüm: “Eşq olsun kəlməsini əlli dəfə qışqırdınız. Ondansa meydanın doldurulması qayğısına qalaydınız” (Müsavatın bayrağını daşıyan ağsaqqal). “Hanı sizin 20 minlik aksiyanız? Birinci mitinq belə oldusa, sonrakı mitinqdə necə adam toplayacaqsınız?” (Cəbhə fəalı). Saat 17:10. Mikrofonla səs: “Abbas bəy, sən hardasan, qətnaməni gətirməmisən, qətnamə hardadır, onu bura göndərin də...” Saat 17:15. Yerdən səs: - “Elçibəyi haylayın!” Mikrofonla səs: “Elçibəəəəəəəy!” Yerdən səs : “Ayə, o gəlməyəcək, Rüstəm bəyi çağırın”.
Saat 17 :20. Meydandan əcaib bir səs gəlir: - Gün bizi yandırdı, başlayın da görək. Mikrofonla cavab: - Yollar bağlı olduğuna görə fəallarımızın əksəriyyəti gələ bilməyib. Ona görə də mitinqin başlanması bir az gecikir. Meydandakılardan kimsə şəhərdən Şıx qəsəbəsi istiqamətində gedən yolu göstərir: - Baxın, avtobuslar dalbadal gedir.
Saat 17:35. Müsavat bayrağı gəzdirən bir gənc başqa bir mitinq iştirakçısına kimisə göstərərək deyir: - Alçaq beş min adam çıxaracam, deyirdi. Gətirdiyi yüz adam da yoxa çıxdı.
Meydandan səs: - Mənim bu İbrahim İbrahimlinin səsindən heç xoşum gəlmir da. Niyə çığırır, bilmirəm. Ona cavab verən həmsöhbəti: - İndi çığıran İbrahim bəy deyil.
Saat 17: 55. Meydanda səs: -“Müsavat başqanı İsa Qəmbər meydana daxil olur”. 10-15 adam başqanı meydanın darvazalarından tribunaya doğru aparır. Cəbhəçilərdən hansınınsa fəalı öz qısqanclığını gizlədə bilmir (Əli Kərimli meydana iki nəfərlə, Eldar Namazov isə ancaq Eldəniz Quliyevlə gəlmişdi). - Kimsə söz atır: Ona bir Yuli Sezar paltarı da geyindirin.
Saat 18:00. Saat 17-də başlanacaq mitinqin başlandığını indi elan edirlər. Gələnlər gəldiyinə, gülənlər güldüyünə peşmandır. Rüstəm İbrahimbəyovun məktubunun mətninin oxunması, onun adından danışan adamın meydan ab-havasına qətiyyən uyğunlaşa bilməməsini görənlər özlərini qınadılar ki, bu istidə niyə bura gəlmişik. Eldar Namazovun adını eşidib özünü görməyən bir mitinq iştirakçısı onun çıxışını eşidəndən sonra İsa Qəmbərin “səviyyəsinə” şükür elədi. İsa Qəmbər sandığı açıb, pambığı ortaya tökəndən sonra məlum oldu ki, onun sandığından ancaq elə pambıq çıxar. Xalq onun özünün sandıqdan çıxmasına qətiyyən imkan verməz. Çünki Müsavat başqanı öz qısa çıxışında müxalifətin indiyə qədər gördüyü işlərin hamısını öz adına çıxdı.
Təxminən 800-900 nəfərlik mitinq əslində saat iyirmiyə qədər davam etməli idi. Ancaq müxalifətin dilli-dilavər oğlanlarından olan Əli Kərimli danışanda mitinqdə ən çoxu üç yüz adam olardı. Hər tərəfdə atılmış bayraqlar, sahibsiz qalmış portretlər, boş su butulkaları və tum paketləri görünürdü. Onlar isə paytaxt küləyinin ümidinə verilmişdi. Daha birini unutduq. Küləyə verilən həm də meydanda səsləndirilən boş bəyanatlar, cəfəng çıxışlar və boğazdan yuxarı vədlər idi.
P.S. Mitinqdən sonra eşitdik ki, Müsavat rəhbərliyi aksiyanın təşkilindən həddən artıq narazı qalıb. “El” rəhbərliyi bundan çox qəzəblənib: “Qulp qoymaq yox, yaxınlaşıb kömək etmək lazım idi”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.