Azərbaycan–Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsində davam etdirilir

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı imzalanan sənədlər əməkdaşlığa yeni impuls verir

Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 avqust 2013-cü il

 

Azərbaycan Rusiyanın çoxdankı, ənənəvi və etibarlı tərəfdaşıdır. Biz Qafqaz regionunda, Xəzər regionunda, MDB çərçivəsində, aparıcı beynəlxalq strukturlarda sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu əməkdaşlığın əsası ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında möhkəm dostluq, qarşılıqlı hörmət ənənələridir.

Vladimir PUTİN,

Rusiya Federasiyasının Prezidenti

Bakı, 13 avqust 2013-cü il

  

Bu gün Şimal qonşumuz – postsovet məkanının ən böyük ölkəsi olan Rusiya Federasiyası ilə münasibətlərimiz barədə danışarkən, bir daha böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin müdrik sözlərini xatırlayırıq. Ulu öndər Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi zərurətindən söhbət açarkən çox tutarlı arqumentlər gətirərək qeyd etmişdi ki, biz rus xalqı ilə birlikdə iki inqilabdan, iki dünya müharibəsindən keçmişik, zəngin tarixi və mədəni irs formalaşdırmışıq, Azərbaycanın elmi və mədəniyyəti dünya ictimaiyyətinə rus dilində təqdim olunub, dünya elminin və mədəniyyətinin ən dəyərli nümunələri ilə rus dilində tanış olmuşuq, hərbi, siyasi, iqtisadi təcrübəmiz eyni məkanda qazanılıbdır.

Bütün bunlardan başqa, Tanrı bizi qonşu yaratmaqla bu əməkdaşlıq missiyasını üzərimizə qoyubdur. Sevindirici haldır ki, hər iki ölkə ümummilli liderimiz Heydər Əliyevin həmin tövsiyələrində qeyd etdiyi kimi, bərabərhüquqlu, qarşlıqlı-faydalı əməkdaşlıq missiyasını uğurla həyata keçirərək münasibətləri strateji tərəfdaşlıq səviyyəsində davam etdirir. Avqustun 13-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya səfərinin nəticələri də belə deməyə əsas verir.

Reallıq budur ki, bir sıra qlobal və regional məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür, dövlət mənafelərimiz qarşılıqlı işbirliyinin inkişafını tələb edir. Rusiya ilə Azərbaycan arasında mövcud əlaqələr həm rus, həm də Azərbaycan xalqlarının maraqlarına cavab verir. Buna görə də ölkələrimizin prezidentləri tərəfindən müəyyən olunmuş siyasi kurs strateji tərəfdaşlıq istiqamətində davam etdirilir. Bu da bir həqiqətdir ki, Rusiya ilə Azərbaycan əlaqələri cənab Vladimir Putinin prezident seçilməsindən sonra çiçəklənmə mərhələsinə qədəm qoymuşdur. Rusiya Prezidentinin 2001-ci il yanvarın 9-10-da baş tutan rəsmi, 2006-cı il fevralın 21-22-də işgüzar səfərləri, həmçinin keçmiş dövlət başçısı Dmitri Medvedevin 2008-ci il iyulun 3-4-də rəsmi, 2009-cu il iyunun 29-da işgüzar səfərləri iki ölkə arasındakı münasibətlərin inkişafının sürətlənməsinə güclü təkan vermişdir. Prezident Vladimir Putinin avqustun 13-də baş tutan son səfəri isə bütün bu müsbət meyllərin fonunda əlaqələrimizin strateji tərəfdaşlıq münasibətləri səviyyəsində davam etdirildiyini bir daha təsdiq edirdi. Səfər zamanı Rusiyanın dövlət başçısının Azərbaycanın ünvanına söylədiyi xoş sözlər, iki ölkəni maraqlandıran bəzi məsələlərdə rəsmi Bakının göstərdiyi təşəbbüsləri yüksək qiymətləndirməsi və buna görə ölkə rəhbərimizə səmimi şəkildə təşəkkürünü bildirməsi, əslində, dövlətərimiz arasındakı mehriban qonşuluq münasibətlərinin təzahürü idi. Prezident Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına göstərdiyi diqqətə və bu çərçivədə, xüsusilə humanitar əlaqələrin inkişafına yönələn təşəbbüslərə, o cümlədən Azərbaycanda rus dilində tədris sahəsində əldə edilən nailiyyətlərə görə ölkəmizin rəhbərliyinə minnətdarlıq etdi. Qeyd etdi ki, Azərbaycanda rus dilinin inkişafına və tədrisinə lazımi diqqət göstərilir, rusdilli məktəblər və Rusiyanın ali təhsil müəssisələrinin filialları da fəal işləyirlər. Bu, mühüm məsələdir. Çünki bu, bütün digər istiqamətlərdə iş üçün şərait yaradır. Azərbaycan Prezidenti İlham Əliyev isə bu məsələdə rusiyalı rəsmilərin sevincinə səbəb olan növbəti faktları açıqlayaraq bildirdi ki, ölkəmizdə tədrisin rus dilində həyata keçirildiyi 335 məktəb vardır. Bu məktəblərin 15-də tədris sırf rus dilindədir, 27 universitetdə rus dilində tədris aparılır. Tədrisin rus dilində olduğu orta, orta ixtisas və ali məktəblərdə təhsil alanların sayı 100 min nəfərdən çoxdur. Bu, bizim rus dilinə, rus mədəniyyətinə, rus ədəbiyyatına münasibətimizin mühüm göstəricisidir. Azərbaycanda keçmişin bütün müsbət ənənələri qayğı ilə qorunub saxlanılır. Əlbəttə, münasibətlərimizin bugünkü dinamik inkişafı humanitar sahədə yaxşı nəticələrə şərait yaradır. Humanitar sahədə əməkdaşlıq çox güman ki, bizim münasibətlərimizin – dostluq, mehriban qonşuluq, qarşılıqlı maraqlara, hörmətə, etimada söykənən, proqnozlaşdırıla bilən və sabit münasibətlərdir. Rusiya Prezidenti Vladimir Putin demişdir ki, 2015-ci ilə qədər olan dövrdə humanitar əlaqələr sahəsində dövlətlərarası əməkdaşlıq proqramı təsdiq edilmişdir: “Biz oktyabrın 31-dən noyabrın 1-dək Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini müzakirə etdik. Əminliklə demək olar ki, 2011-ci ildən bəri nisbətən qısa dövr ərzində bu forum ictimai həyatda çox böyük hadisəyə çevrilmişdir”.

 Dövlətlərarası əlaqələlərin inkişafını əks etdirən əsaslı məsələlərdən biri də iqtisadi-ticarət münasibətləridir. Faktlar da göstərir ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri də Rusiyadır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, MDB ölkələri ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 50 faizdən çoxu Rusiyanın payına düşür. İlk dəfə 2011-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi rekord həddə çataraq 2 milyard 828 milyon ABŞ dollarına bərabər olmuş, başqa sözlə, onun həcmi 2010-cu ildəkinə nisbətən 47,4 faiz artmışdır. Maraqlı məqam isə ondan ibarətdir ki, 2012-ci ildə bu sahədəki artım 48 faizdən də çox olmuşdur. Bu gün dünya iqtisadiyyatındakı məlum tənəzzülün hələ də davam etdiyini və ölkələr arasında əmtəə dövriyyəsinin sürətlə aşağı düşdüyünü nəzərə alsaq, onda Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsində qeydə alınan 50 faizədək artımın necə böyük bir rəqəm və nəticə olduğunu demək o qədər də çətin deyil. Bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində heç vaxt belə nəticə olmamışdır. Yəni ticarət əlaqələrimiz hər ötən il daha da inkişaf edir və gələcəkdə yeni ürəkaçan perspektivlər bizi gözləyir.

Prezident Vladimir Putinin dediyi kimi, bu cür yüksək göstəricilərin əldə edilməsinə regionlararası və sərhədyanı intensiv əlaqələr çox kömək edir. Bunu demək kifayətdir ki, Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx işgüzar əlaqələr saxlayır. Bundan başqa, Azərbaycanda 500-dən çox Rusiya şirkəti işləyir, onların fəaliyyəti sosial-iqtisadi inkişaf üçün ən mühüm sahələrin geniş spektrini əhatə edir - yanacaq-energetika kompleksi, avtomobil sənayesi, maliyyə, sığorta fəaliyyəti, səhiyyə. Bütün bunlar böyük iqtisadi əhəmiyyət kəsb edir. Hamı yaxşı bilir ki, Rusiyada kifayət qədər Azərbaycan vətəndaşı işləyir, onların sayı bir milyondan artıqdır, Rusiya vətəndaşlığı olan azərbaycanlıları da nəzərə alsaq bu, iki milyondan çoxdur.

Azərbaycan ilə Rusiya beynəlxalq aləmdə də bir-birlərinə sıx dəstək verir, beynəlxalq təşkilatlarda yaxın dost və tərəfdaşlar kimi əməkdaşlıq edirlər. Hər iki ölkənin dövlət başçılarının Bakıda keçirdikləri görüşdə bir daha vurğulandı ki, rəsmi Bakı və rəsmi Moskva bu siyasətə sadiqdirlər. Ölkələrimiz bundan sonra da beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək siyasətini davam etdirəcəklər. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Rusiya Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri kimi də özünəməxsus fəaliyyət göstərir və tərəflərin mövqelərinin yaxşılaşdırılması üçün səylərini əsirgəmir. Buna görə də Bakı görüşündə regional problemlərlə və ilk növbədə, regional təhlükəsizlik məsələləriylə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər bir daha müzakirə edildi. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan torpaqlarının işğalı 20 ildən çoxdur ki, davam edir. İşğal altında olan ərazi mahiyyət etibarilə həyat üçün yararsızdır. Dağıdıla biləcək nə varsa hamısı dağıdılmışdır. Ərazimizin 20 faizi işğal edilmişdir. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilmir. BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin bizim ərazidən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, onlar kağız üzərində qalır. Ona görə də bu məsələnin tezliklə həll edilməsi regionun bütün ölkələrinin maraqlarına uyğundur. Dövlət başçımız demişdir: “Bu məsələnin həlli tarixi ədalətə, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına və qətnamələrinə əsaslanmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi məsələlərində mühüm rol oynayır. Bir daha qeyd etmək istəyirəm ki, münaqişənin tezliklə tənzimlənməsi regionda sabitliyə, müəyyənliyə və əməkdaşlığa gətirib çıxarar”.

Azərbaycan bu məsələdə danışıqlar yoluna üstünlük verir. Amma lazım gələrsə, hərbi güc tətbiq edəcəyini də gizlətmir. Bu mənada, ölkəmizin hərbi potensialını gücləndirməsi dünyanın bir sıra siyasi-hərbi dairələrində anlayışla qarşılanır. Sevindirici haldır ki, bu gün Azərbaycan Rusiya ilə hərbi-texniki sahədə də sıx əməkdaşlıq edir. 2003-cü ilin fevralın 27-də Bakıda iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq barədə, 2006-cı ilin dekabrın 4-də isə ikitərəfli hərbi-texniki əməkdaşlıq zamanı əqli fəaliyyət nəticəsində əldə olunan və istifadə olunan hüquqların qarşılıqlı qorunması barədə hökumətlərarası saziş imzalanması da bunu sübut edir. Son illər bu əməkdaşlıq daha da inkişaf etmişdir. Bu barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “...Bu gün Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollarla ölçülür və bu göstərici artmaqdadır. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq fəal şəkildə davam edəcəkdir. Azərbaycan artıq haqlı olaraq dünyada ən yaxşı texnikadan biri sayılan Rusiya texnikasının alıcıları olan aparıcı ölkələr sırasına daxildir”. Hər halda bu, Ermənistan rəhbərliyi üçün, eyni zamanda, müxtəlif dövlətlərdə kök salaraq, bizim mənafelərimizə zidd hərəkətlərə yol vermək arzusunda olan antiazərbaycan dairələri üçün çox gözəl mesajdır. Prezident Putinin qeyd etdiyi kimi, Rusiya ilə Azərbaycan enerji, energetika sahəsində iri beynəlxalq oyunçulardır. Ölkələrimiz enerji resurslarının istehsalçıları və ixracatçılarıdır. Təbii ki, maraqlarımız üst-üstə düşür. Təkcə onu demək kifayətdir ki, regional energetika problemləri çərçivəsində çox şey bizim fəal qarşılıqlı əlaqələrimizdən, səylərimizi əlaqələndirməyimizdən asılı olacaqdır. Sirr deyil ki, ölkələrimiz bu istiqamətdə neft-qaz əməliyyatları və elektroenergetika sahəsində çox fəal əməkdaşlıq edir. Səfər zamanı aparılan müzakirələr nəticəsində bu və digər sahələr üzrə mühüm əhəmiyyətə malik 6 sənəd imzalandı. “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri”, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi arasında 2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı”, “Rusiya-Azərbaycan dövlət sərhədindəki “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Saziş” və “2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı” münasibətlərimizin inkişafına öz müsbət töhfəsini verəcəkdir.

Onu da deyək ki, zamanın sınağından çıxmış tarixi əlaqələrimiz bu gün də sabit, mehriban qonşuluq münasibətləri çərçivəsində inkişaf edir. Son iki ildə Rusiya ilə Azərbaycan strateji tərəfdaşlığını bir daha təsdiqləyən mühüm hadisələr baş vermişdir. Birgə səylər nəticəsində hər iki tərəf üçün çox vacib olan məsələlərə dair optimal, qarşılıqlı məqbul və qarşılıqlı faydalı həll yolları tapılmış, dövlət sərhədi haqqında müqavilə imzalanmış, Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi məsələsi həll edilmiş, Xaçmaz rayonunun iki kəndində yaşayan Rusiya vətəndaşları ilə bağlı vəziyyət nizamlanmışdır. Xəzərin statusu barədə Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşdırılması prosesi faktiki olaraq başa çatmışdır. Bu isə perspektivdə bütün Xəzəryanı dövlətlər arasında konsensus əldə olunmasını təmin edə bilər. Qətiyyətlə demək olar ki, qarşılıqlı əməkdaşlığımız bütün sahələri əhatə edir və bu gün Qafqaz regionunda ümumi vəziyyət və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə ilə bağlı məsələlər sərhədyanı əməkdaşlıq əlaqələrimizin vacib tərkib hissəsi olaraq qalır.

Sonda fikrimizi Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan barədə dediyi hər bir azərbaycanlı üçün qürurverici olan sözlər ilə yekunlaşdırmaq istəyirik. Cənab Putin demişdir: “Azərbaycanda axırıncı dəfə 2006-cı ildə olmuşam. O vaxtdan xeyli vaxt keçib. Azərbaycan sürətlə, əzmlə dəyişir, yüksək sürətlə inkişaf edən dinamik ölkəyə çevrilir. Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək göstəricilərdən birinə malikdir. Bu, xoşdur. Biz dostlarımıza uğurlar arzulayırıq”.

Bu dostluğun rəmzi mənalarından birini isə cənab Putinin Azərbaycan səfəri çərçivəsində Rusiya hərbi gəmilərinin Bakı buxtasında lövbər salmasında gördük. Kreml rəhbəri dedi ki, ilin sonunda Azərbaycan hərbi gəmiləri də həştərxanlı həmkarlarının qonağı olacaqdır. Yəni Moskva ilə Bakı həm suda, həm də quruda mümkün olan bütün əməkdaşlıqları reallaşdırır.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında