XXI əsr türk dünyasının əsri olmalıdır. Bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət meyilləri gücləndirməliyik. Hesab edirəm ki, bugünkü zirvə görüşü bu amallara xidmət edir, zirvə görüşünün çox gözəl nəticələri olacaqdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Türk Şurasının zirvə toplantıları qardaş xalqlarımızın ortaq arzusu olan birlik və bərabərliyimizin ən güclü göstəricisidir. Eyni çətir altında qəbul etdiyimiz qərarlar və verəcəyimiz mesajlar qardaş xalqlarımızın ortaq arzu və gözləntilərinə xidmət etməkdədir.
Abdullah GÜL
Türkiyə Cumhuriyyətinin Prezidenti
Müasir dünyada qloballaşma prosesləri dərinləşdikcə, dönməz xarakter aldıqca regional əməkdaşlıq amili daha qabarıq şəkildə reallığa çevrilir. Bir sıra məşhur strateqlərin ifadə etdiyi bu fikirlər əsassız deyil. Təsadüfi deyil ki, hazırda dünya birliyində hər bir dövlətin eyni istiqamətli dəyərlər ətrafında birləşməsi üçün çağırışlar edilir və bu çağırışlar cavabsız qalmır. Yəni ölkələr qloballaşmanı dəstəkləyir və inteqrasiya proseslərinə töhfə verməyə çalışmaqla yanaşı, özünün əsas maraq və mənafelərini daha yüksək səviyyədə qorumaq, təmin etmək üçün səylərini əsirgəmir, birgəlik, çoxşaxəlilik, qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsiplərini üstün tutur.
Bu mənada türkdilli ölkələr arasında güclü siyasi-hərbi, iqtisadi, mədəni əlaqələrin qurulması, istər bu dövlətlər, istərsə də bəzi önəmsiz səbəblərdən bunun əleyhində fikir sahibi olan bəzi digər dövlətlər üçün də çox böyük əhəmiyyət kəsb edir. Çünki bu ittifaq regional inkişafa böyük töhfə verməklə yanaşı, sülhün, sabitliyin, təhlükəsizliyin də nüvəsini təşkil edə, Avrasiya regionundakı yüksəlişə yeni stimul verə bilər. Bundan dünyanın bütün ölkələri yalnız fayda əldə edəcək. Bu məsələdə Azərbaycanın təşəbbüskar mövqeyini qoruması və strateji istiqamətlərin məhz rəsmi Bakı tərəfindən müəyyənləşdirilməsi bütün tərəflər üçün məqbul hesab olunur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən III Zirvə toplantısında bu reallıq bir daha dilə gətirildi.
Həqiqətən də türkdilli ölkələrin çox böyük potensialı var. Toplantıda qeyd olunduğu kimi, qlobal iqtisadi potensial mərkəzinin Atlantik okeanından Sakit okeana keçməsi səbəbindən türk dünyasının geoiqtisadi əhəmiyyəti daha da artmışdır. Türkiyənin, Azərbaycanın, Türkmənistanın, Qırğızıstanın, Qazaxıstanın və Özbəkistanın iqtisadi və demoqrafik potensialı bütünlükdə 4, 8 milyon kvadrat kilometrlik sahədə dünyada yeddinci, 140 milyon əhalisi ilə doqquzuncu, 1,5 trilyon ABŞ dolları dəyərində ümumi hasilatı ilə 13-cü yerdədir. Bununla bərabər, 6 müstəqil türk dövlətinin bəzisi tranzit ölkə, bəzisi isə enerji mənbəyi və təbii ehtiyatlarla zəngin məkan kimi Avropanın, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Yəni türkdilli ölkələrin böyük siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrə aid güclü potensialı vardır. Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də məhz həmin potensialı birlikdə işə salmaq, ümumtürk sivilizasiyası tarixinə yeni töhfələr verməkdir. Məmnuniyyətlə deyə bilərik ki, biz bu prosesdə xüsusi fəallıq nümayiş etdirir, daim öndə gedirik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində də təşkilata üzv ölkələr uğurla əməkdaşlıq edir, bir-birinə dəstək verirlər. Bunun ən son nümunəsi Qəbələdə keçirilən zirvə görüşüdür.
Mötəbər tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Əsrlər boyu xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə olmalıyıq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının başlıca vəzifəsinin xalqlar və ölkələr arasındakı birliyin daha da möhkəmləndirməsi olduğunu bildirən dövlət başçımız demişdir: “Biz ikitərəfli formatda çox uğurlu fəaliyyət göstəririk. İqtisadi sahədə gözəl əməkdaşlıq aparılır, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda ölkələrimiz daim bir-birinə dəstək, arxa olur və bu da təbiidir. Çünki qardaş xalqlar bir-birinin yanında olmalıdırlar. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda biz bir çox hallarda vahid mövqedən çıxış edirik. Əlbəttə ki, bu, bizim gücümüzü daha da artırır, bizi gücləndirir”.
Ortaq əcdadlarımızın bizlərə miras qoyduqları dəyərlər və mədəniyyətin formalaşdırdığı şüur sadəcə keçmişimizi, kimliyimizi, mənliyimizi müəyyənləşdirməmiş, gələcəyə istiqamətlənmiş təxəyyüllərimizi də yaratmaqdadır. Bu gün bizi eyni millətin mənsubu edən dəyərlər sadəcə ortaq dilimiz, ortaq dinimiz, ortaq tariximiz, ortaq mədəniyyətimiz və ya ata yurdumuz deyil, parlaq bir gələcəyi hamımızın birlikdə inşa etmək arzu və iradəmizdir. Xalqlarımız arasındakı könül bərabərliyi heç bir zaman etnik, separatçı, davakar bir təmələ söykənməməkdədir. Əsasən Türk dünyası böyük mədəniyyətin mühüm bir hissəsini təşkil etməkdədir. Bu fikirləri səsləndirən Türkiyə Prezidenti Abdullah Gül qeyd etmişdir ki, Türk dövlətləri olaraq öz aramızda sərgiləyəcəyimiz əməkdaşlıq və həmrəylik şübhəsiz Afro-Avrasiya bölgəsinin sülh, sabitlik və rifahına da töhfə verəcəkdir: “Prezidentlər səviyyəsində nümayiş etdirdiyimiz bu sıx əlaqələr, əlbəttə, digər əməkdaşlıq səfərlərinə də təkan vermişdir. Bu sahədə bir çox layihələr həyata keçirilmişdir. İstər regional sahədə, istər beynəlxalq platformalarda aramızdakı həmrəylik hər zaman nümunə olmuşdur. Bir-birimizi daim dəstəkləyərək hər yerdə güclü bir həmrəylik nümunəsi göstərməklə bir-birimizin uğurları digərlərimiz üçün də qürur mənbəyi olmuşdur”.
Bu gün türkdilli ölkələr tərəfindən reallaşdırılan qlobal əhəmiyyətli layihələr dünya və xüsusilə Qərb ölkələri üçün mühüm əhəmiyyətə malikdir. Dövlət başçımız İlham Əliyevin bildirdiyi kimi, iqtisadi və infrastruktur layihələrinin uğurlu inkişafı üçün Azərbaycan öz tərəfindən səylərini göstərməkdədir və bölgədə nəhəng infrastruktur layihələrinin yaradılması məhz Azərbaycandan başlanmışdır. Bakı - Tbilisi - Ceyhan neft kəmərinin tikintisi artıq beynəlxalq enerji və ondan sonra nəqliyyat dəhlizinin açılmasına xidmət göstərmişdir. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Aralıq dənizi ilə birləşdi və bu tarixi hadisə özlüyündə böyük bir nailiyyət idi. Digər bir nailiyyət ondan ibarətdir ki, bu, başqa mühüm layihələrin icrasına gətirib çıxarmışdır və bu gün nəqliyyat və energetika sektorlarındakı işləri bir-birindən ayırmaq mümkün deyildir. Qədim İpək yolunun bərpası artıq reallıqdır. Biz bu İpək yolunu zənginləşdiririk, yeni infrastruktur layihələri ilə təkmilləşdiririk. Bu baxımdan, Avropanı Asiya ilə birləşdirən Bakı - Tbilisi - Qars dəmir yolunu xüsusilə qeyd etmək lazımdır. Bu dəmir yolu vasitəsilə qitələr birləşəcək, ölkələrimiz tranzit ölkələrə çevriləcəkdir. BTQ bundan sonra 100 illiklər ərzində xalqlarımıza xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir.
Məsələyə diqqət çəkən Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev qeyd edib ki, gələcəkdə Çinin Sarı dəniz sahilindəki Lyanyunqan limanında terminal infrastrukturu yaradılacaqdır. Türkiyə, Azərbaycan və Qazaxıstanın dəniz limanları arasında əməkdaşlığın inkişafı sayəsində biz, həm də Xəzər dənizinin nəqliyyat potensialını artırmaq imkanı əldə etmişik. Bu baxımdan Qazaxıstan Bakı - Tbilisi - Qars dəmir yolunun tezliklə istifadəyə verilməsini gözləyir. Məlum olduğu kimi, BTQ müasir “İpək Yolu” və ya “Orta dəhliz” adlandırılan layihənin ən mühüm hissəsidir və bunun təşəbbüskarı da Azərbaycandır. Regiondakı vəziyyəti dəyişdirəcək bu böyük layihə çərçivəsində işlər sürətlə davam edir. Türkiyə Prezidenti Abdullah Gülün dediyi kimi, BTQ dəmir yolu xətti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr arasında sürətli nəqliyyat imkanları yaradaraq iqtisadi və ticarət əlaqələrimizin inkişafına böyük töhfə verəcəkdir. Layihənin ən qısa zamanda tamamlanması üçün böyük səylər göstərilir. Bu layihənin davamı olan Bakı limanı ilə Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanları arasındakı mövcud gəmi nəqliyyatının inkişaf etdirilməsi layihəsinin sürətlə təkmilləşdirilməsi əhəmiyyətlidir. İyulun əvvəllərində Bakıda təşkil edilən toplantı çərçivəsində imzalanan Bakı, Aktau və Samsun dəniz limanları arasında qardaş liman əlaqəsinin yaranmasına dair anlaşma memorandumu bu məsələdə önəmli bir addım olmuşdur.
Hədəf Türkmənbaşı limanını da bu çərçivəyə daxil etməkdir. “Orta dəhliz”in əsasını təşkil edən BTQ dəmir yolunun başa çatması ilə Mərkəzi Asiyadan keçməklə Çindən Avropaya birbaşa əlaqə yaradılacaqdır. Təxminən 4,5 milyard ABŞ dollarına başa gələcək “Marmara” layihəsinin isə cari ilin oktyabrında açılışı olacaqdır. Bu isə dünyanın nəqliyyat xəritəsinə heyrətamiz yeniliklər gətirəcək, Qərbi Avropadan çıxan bir qatar birbaşa Xəzər sahillərinə, oradan da Aktau limanından keçməklə Şanxaya və Seula çatacaqdır. İngiltərədən Çinə birbaşa dəmir yolu əlaqəsi yaradacaq bu xəttin tikilməsi xalqlarımızın rifah səviyyəsini artıracaqdır. Bu, həqiqətən strateji əhəmiyyətə malik böyük bir layihə olacaqdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən III Zirvə toplantısında qarşılıqlı əlaqələrin inkişafı ilə yanaşı regional təhlükəsilik məsələləri də diqqət mərkəzində olmuş, bölgənin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulmuşdur. Bildirilmişdir ki, bu Dağlıq Qarabağ məsələsi uzun illərdən bəri dünyanın təhlükəli münaqişə ocaqlarından biri olaraq qalır. Bu gün məhz bu problemin həll edilməməsi regionda sülh və sabitliyin inkişafına mane olur. Beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması ilə müşayiət olunan və 20 ildən artıqdır ki, davam edən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz işğalçı dövlət olan Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həll edilməmiş qalır. Dünyanın qabaqcıl dövlətlərindən biri olan qardaş Türkiyənin Prezidenti Abdullah Gül məsələ barədə bütün türk dünyasının alqışına səbəb olan qəti mövqeyini bildirərək demişdir: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr olaraq aramızdakı siyasi və diplomatik həmrəyliyi ən yüksək səviyyədə saxlamaq hamımızın marağındadır. Türk dünyasının prioritet xarici siyasət məsələlərinin önündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır.
Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu mövcud vəziyyət qəbuledilməzdir. Münaqişənin ən qısa zamanda sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu qeyri-qanuni işğalın, qəsbkarlıq siyasətinin qarşısı alınanadək sizə dəstək vermək bizim qardaşlıq borcumuzdur. Azərbaycan bu günədək türk zirvələrinə ev sahibliyi etmişdir. Azərbaycanda keçiriləcək növbəti zirvənin Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Qarabağın gözəl şəhərlərinin birində təşkil edilməsi ən böyük arzumuzdur. Əminəm ki, oralar da belə gözəl yaşıllıqdır”.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən III Zirvə toplantısının nəticələri belə deməyə əsas verir ki, böyük siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrə aid güclü potensiala malik olan bu ölkələrin rəhbərləri məhz həmin potensialı birlikdə işə salmaq, ümumtürk sivilizasiyası tarixinə yeni töhfələr vermək əzmindədirlər. Biz məmnunuq ki, Azərbaycan bu prosesdə daim öndə gedir, xüsusi fəallıq nümayiş etdirir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri vəzifəsinin Qırğızıstandan Azərbaycana keçməsi isə belə deməyə əsas verir ki, önümüzdəki aylarda şuranın fəaliyyəti yeni meyarlarla zəngiləşdirilərək daha da genişlənəcəkdir.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.