Bütün dünyada ziyalı dedikdə bir şey düşünülür: mənsub olduğu xalqın öndə gedəni, onun təmsilçisi, millətin siması və s. Ermənilərdə isə bu əksinədir. Çünki erməni ziyalıları adlandırılan zümrə öz bədniyyətli əməlləri və fikirləri ilə əslində həmin millətin üzqarasına çevrilmişdir.
Onlar bir millətə və bütövlükdə ümumbəşəri dəyərlərə qarşı cinayətkarlığı əsərlərində leqallaşdıran, bunu mənsub olduğu millətin başlıca vəzifəsi hesab edən, düşmən hesab etdiyi bütöv xalqa qarşı soyqırımı törətməyi öz milləti qarşısında həyatda mövcud olmağın yeganə şərti kimi qoyan qalstuklu canilərdən başqa bir şey deyillər. Belə erməni ziyalılarını kifayət qədər göstərmək olar. Lakin onların arasında öz əsərlərinin konkret hədəflərə istiqamətlənməsi, anti-türk aqressivliyi aşılanması baxımından ermənilərə təsiri ilə seçilən Şahan Natalini xüsusi qeyd etmək gərəkdir.
Yazıçı, ideoloq, yoxsa terror hamisi?
Ümumiyyətlə, erməni ziyalıları dedikdə, insanın gözünün önünə ilk olaraq türklərə qarşı terrorçuluğu erməni xalqının əsas vəzifəsi hesab edən Zori Balayan, Silva Kapitukyan, David Xerdiyan, Qurgen Yanikyan, Armen Qaro, Drastamat Kanayan və digərləri gəlir. Həyat və fəaliyyətlərinə nəzər salsaq, onların, əslində, total cinayətkar və peşəkar terrorçudan başqa bir şey olmadığı üzə çıxır. Lakin fəaliyyəti, yazdığı əsərlərlə onlardan heç də geri qalmayan Şahan Natalini erməni terrorizminin və irqçiliyinin fikir, ideya atası adlandırsaq, daha doğru olar.
Erməni yazıçısı, ermənilərin “qürur” mənbəyi hesab edilən Şahan Natali 1884-cü ildə Osmanlı imperiyasının Elazığ şəhərində doğulmuşdur. İddia etdiyinə görə atasını, dayısı və bir sıra ən yaxın qohumlarını Hamidiyyə alaylarının basqını nəticəsində itirmişdir. 10-11 yaşında olan Şahan (Akop) bir yunan ailə tərəfindən xilas edilir. Boston Universitetində təhsil almışdır. Şahan Natali Osmanlı və Azərbaycan rəhbərliyində çalışmış şəxsləri uydurma erməni soyqırımının təşkilində ittiham etmiş və onların qətli məqsədilə həyata keçirilmiş “Nemezis terror əməliyyatı”nın ideya müəllifi, əsas rəhbəri və ilhamvericilərindən biri olmuşdur. O, həmin mənfur əməliyyatın maddi təminatı ilə də məşğul olan fonda rəhbərlik etmişdir. Terror hamisi olaraq erməni quldur birləşmələrinin yaradılmasında iştirak etmiş və bu birləşmələrin Türkiyə və Azərbaycan dövlətlərini təhdid etməsini bir növ israr etmiş bunu yazıları və çıxışları ilə təbliğ etmişdir.
“Nemezis terror əməliyyatı” nəticəsində 1920-ci ildə AXC hökumətinin Baş naziri Fətəli xan Xoyski, 1921-ci ilin 15 martında Osmanlı imperiyasının daxili işlər naziri Tələt paşa, elə həmin il daxili işlər nazirimiz Behbud xan Cavanşir, parlamentimizin sədr müavini olmuş Həsən bəy Ağayev, Səid Həlim paşa, 1922-ci ildə Bahəddin Şakir , Camal Əzmi, Camal paşa və başqaları vəhşicəsinə qətlə yetirilmişdir. Ş. Natali bu qətllərin təşəbbüsçüsü və birbaşa təşkilatçısı olmuşdur. O, həmçinin tutulan qatillərin əksəriyyətinin, o cümlədən Tələt paşanı öldürən Soqomon Teyleryanın, həmçinin Behbud xan Cavanşiri qətlə yetirən Misak Torlakyanın azad edilməsinə nail olmuşdur.
Ş. Natali “erməni məsələsi”ndən bəhs edən bir sıra əsərlərin müəllifidir. “Türklər və biz”, “Ankaradan Bakıyacan türkçülük” ," Yeni əlavə: “Necə” və “Niyə” Aleksandrapol müqaviləsi" onun bu mövzu ətrafında yazdığı əsərlərdir. O, 1970-1980-ci illərdə Amerika və Avropada tüğyan edən erməni terrorizmini, erməni terror dəstələrinin fəaliyyətini yüksək qiymətləndirmiş və onlara bəraət qazandırmağa çalışmış, bunu türklərlə mübarizədə yaşamağın əsas şərti kimi təbliğ etmişdir. O, 1983-cü ildə Masaçusets ştatının (ABŞ) Vottertaun şəhərində ölmüşdür.
Ş. Natalinin “Türklər və biz” əsəri
Erməni terror rəhbərləri sayılan Njde, Dro, Androniklə yanaşı, adı az çəkilməsinə baxmayaraq, əslində Ş. Natali onlardan daha təhlükəli olmuş və türklərə qarşı nifrətini əsərlərində də göstərmiş və hətta gələcək erməni nəsilləri üçün aqressivliyi ilə seçilən “fəaliyyət proqramı” qoyub getmişdir. “Türklər və biz” əsərindəki bu kiçik parça onun radikal fikirlərini necə “ustalıqla” sistemləşdirdiyinin və anti-türk missiyasının əsasını qoyduğunun açıq təzahürüdür. Müəllif yazır:
“Əgər ermənilər türklərin öz şeytani fikirlərini həyata keçirməsinin qarşısını almaq istəyirlərsə, onlara müvəffəqiyyətlə müqavimət göstərmək üçün mütləq amansız və rəhmsiz olmalıdırlar.Türklər ona görə millət olaraq formalaşa bildilər ki, onların yolu üstündə duran bütün xalqları əsrlərlə ardıcıllıqla, amansızlıqla məhv etdilər.
Əgər türklər öz güclərinə arxayın idilərsə, biz onlardan fərqli olaraq öz azadlığımızı özgələrin köməyində və yadların əlində axtarırdıq.
Düşmənimizi məhv etməyə bizim nə cəsarətimiz, nə də müdrikliyimiz çatdı. Heç də təəccüblü deyil ki, bizə ehtiyac olan bir zamanda onlar öz mənafeləri uğrunda bizi daim aldanmağa məhkum etmişlər. Bu mübarizədə biz onların kişiləri ilə düşüncəsiz bir uşaq kimi vuruşarkən, onların ağaclarına daş ataraq bir-iki yarpaqlarını yerə salarkən, onlar bu zaman bizim övladlarımızı, qadınlarımızı, bir sözlə, xalqımızın gələcəyini məhv edirdilər. Biz onların ağaclarının budaqlarını kəsirdik, o, yenidən pöhrə verirdi. Onlar isə bizim kökümüzü kəsirdilər. Nəticədə biz quruyurduq.
Biz yaxşı millət adına iddialı idik. Lakin buna tam nail ola bilmədik, ona görə ki, ümumbəşəri humanist ideyaların başında duraraq türk silahı ilə bacara bilmədik”.
Bundan əlavə, o, ermənilərə hər zaman dəstək olmuş rusları satqın adlandırmış, italyan, fransız, ingilis və amerikanları isə erməniləri öz mənafelərinə qurban verdiklərinə görə ittiham etmişdir. Lakin Ş.Natali özü də yaxşı bilirdi ki, ermənilər dəfələrlə tərkibində yaşadıqları Osmanlı dövlətinə qarşı təxribat və silahlı üsyanlar həyata keçirmiş, dövlətə xəyanət etmiş, rus-türk, daha sonra I Dünya müharibələrində vuruşan türk əsgərlərinin evlərində olmamasından istifadə edib dinc müsəlman əhalini qətlə yetirmişlər. O bilirdi ki, istər Anadolunun, istərsə də Azərbaycanın müxtəlif bölgələrində erməni quldur dəstələri minlərlə dinc türkü süngüdən keçirmişdilər. Bununla belə, o, türkləri cani, erməniləri isə məğlub zavallı sayaraq mübarizəni daha da qətiləşdirməyi, düşmənə qarşı daha şiddətli, daha amansız, rəhmsiz olmağı bütün yaradıcılığı boyu vurğulamışdır.
Ş. Natalinin bu gün “Türklər və biz” əsəri erməni dilində minlərlə tirajla çap edilir və yayılır. Bu isə öz növbəsində erməni gənclərində türk millətinə qarşı terror niyyətinin qorunub saxlanılmasından başqa heç nəyə xidmət etmir.
Anar TURAN, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.