Azərbaycanda sərbəst toplaşma azadlığı həmişə yüksək səviyyədə təmin olunub

Prezident seçkilərinin keçirilməsinə lap az vaxt qaldı. Artıq 12 nəfər prezident seçkilərində namizəd kimi iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Onlardan səkkizinin namizədliyi təsdiq olunub. Radikal müxalifət nümayəndələri isə hələ ki, özlərinə vahid namizəd tapa bilmirlər. Onların toplaşdıqları “Milli Şura”nın vahid namizədi Rüstəm İbrahimbəyov isə hamıdan qaçaq düşüb. Onun sorağı müxtəlif ölkələrdən gəlir. Prezident seçkiləri kimi siyasi hadisənin mahiyyətini hələ də dərk etməyən Rüstəm İbrahimbəyov sanki sədrlik etdiyi qondarma Milli Şuranın üzvlərini ələ salıb. Gah deyirdi ki, Milli Kino Günü Azərbaycana gələcək, gah deyirdi yığışın mənim gəlişimi təkidlə xahiş edin, gah da deyirdi ki, bəs, prezident seçkilərində iştirak etmək üçün sizə pul yığıram. Sonra da dedi ki, mitinq keçirin, gəlim.

Rüstəm İbrahimbəyov sonuncu şərtini təsadüfən irəli sürməmişdi. Onun Bakıdakı muzdlu nökəri reneqat Eldar Namazov xarici himayədarlarına tez - tez deyir ki, guya, Azərbaycanda demokratiya yoxdur, insanlara öz fikirlərini sərbəst ifadə etməyə şərait yaradılmır və mitinqlərin keçirilməsinə icazə verilmir. Ona görə də Rüstəm İbrahimbəyov müxalifətin mitinq keçirməsi tələbini irəli sürdü. Dağıdıcı müxalifət nümayəndələri də onu inandırmışdılar ki, hakimiyyət mitinqin keçirilməsinə icazə verməyəcək. Rüstəm İbrahimbəyov da fikirləşirdi ki, Bakıya gəlməməsini ört - basdır etmək üçün əlinə yaxşı bəhanə düşüb. Bu qoca bədxah siyasətdən bixəbər olduğuna görə hələ də bilmirmiş ki, Azərbaycanda insanların öz fikirlərini sərbəst ifadə etmələri üçün hər şey qanunla tənzimlənir.

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna müvafiq olaraq mitinq keçirilməsi üçün Bakının müxtəlif ərazilərində əlverişli yer ayrılmışdır, hətta siyasi mənsubiyyətindən asılı olmayaraq aksiya iştirakçılarının təhlükəsizliyi dövlət tərəfindən təmin olunur. Məgər bu vaxta qədər müxalifətin keçirmək istədiyi aksiyalara icazə verilməyib? Sadəcə olaraq, dağıdıcı müxalifət çox yaxşı bilir ki, artıq onların çağırışlarına məhəl qoyan yoxdur. Ona görə də icazəli mitinqlərdən imtina edərək əhali gur olan yerlərdə “mitinq keçirmək” istəyir. Bu da məqsədli şəkildə edilir. Həm parklarda istirahət edən pensiyaçıları “öz adamları” kimi təqdim edəcək, həm də asayiş keşikçiləri ilə qarşıdurma yaranacaq. Bundan da öz məqsədləri üçün istifadə edəcəklər.

“Milli Şura” üzvləri də mitinq keçirmək arzusu ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəndə düşünürdülər ki, onlara icazə verilməyəcək. Lakin gözlədiklərinin əksi baş verdi. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi “Milli Şura” üzvlərini axtarıb dedi ki, gəlin mitinq keçirmək barədə razılıq məktubunuzu aparın. Bundan sonra oyuncaq qurumun nümayəndələri əl - ayağa düşdülər. Bəs mitinq iştirakçılarını haradan tapaq? Ona görə də “Milli Şura” üzvlərindən bir neçəsi təcili toplaşıb əvvəlcə mitinqi təxirə salmaq üçün bəhanə axtardılar. Ancaq tutarlı səbəb tapa bilmədilər. AXCP sədri Əli Kərimlinin təklifinə görə ilk növbədə hakimiyyətdən narazı adamları axtarıb onları mitinqə çağırmaq lazımdır. Sonra isə heç bir yerdə işləməyən, gündəlik spirtli içki qəbul etmək üçün pul axtaran tüfeyliləri tapmaq lazımdır. Bir sözlə, təcili olaraq mitinq iştirakçısı “ovuna” başlamaq lazımdır.

Mitinq keçirilməsinə icazə verildiyini eşidən Rüstəm İbrahimbəyov çaş - baş qalıb. Çünki deyirdi ki, gəlib mitinqdə çıxış edəcək, hətta öz platformasını açıqlayacaq. O, bu dəfə də vacib işi olduğunu bəhanə edərək mitinqə gəlməyəcəyini deyilib. O bildirib ki, Rusiya vətəndaşlığından çıxmaq müraciətinə cavab verilməyib: “Hələlik yeni informasiya yoxdur. Cavab gözləyirəm. Məsələni tez bir zamanda həll etmək üçün cəhdlərimi davam etdirirəm”. O, mitinqdə səsləndirilməsi üçün müraciət də hazırlamadığını bildirib. Görünür, hələ erməni lobbisi və ermənipərəst dairələrlə tam məşləhətləşmə aparmayıb. Yəqin ki, müraciətin mətnini də onlar hazırlayacaqlar.

Rüstəm İbrahimbəyov prezident seçkilərində namizəd kimi iştirak edə bilməyəcəyini də dolayısı yolla açıqlayıb. Rusiya vətəndaşlığından çıxması ilə bağlı sənəd ala və bununla da prezidentliyə namizəd ola bilməyəcəyini vurğulayan R.İbrahimbəyov qurumun namizədinin kim olacağını da deyib: “Mən bununla bağlı mövqeyimi bildirmişəm. “Milli Şura” da mövqe ortaya qoyub. Məsələ müsbət həll olunacaq. Müzakirələr gedir”.

Bu müraciətdən sonra AXCP və Müsavat Partiyası arasında gərginlik daha da artıb. Çünki müsavatçılara sızan informasiyaya görə, mitinq zamanı AXCP sədri Əli Kərimlinin “Milli Şura”nın prezidentliyə vahid namizədliyi elan olunacaq. Ehtiyat namizəd kimi isə reneqat Eldar Namzovun adı çəkilir. Ona görə də mitinqə iştirakçı toplamaq üçün cəbhəçilər daha çox canfəşanlıq edirlər.

 AXCP sədri Əli Kərimli xalqı mitinqə çağırdığı statusunda qeyri-qanuni tikililərin sahiblərinə müraciət edib və bu vaxta qədər evlərinə sənəd ala bilməməsinin səbəbinin hakimiyyətlə bağlı olduğunu bildirib. Bu yerdə Əli Kərimliyə Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ildə 400000-dən artıq sənədsiz evin təcili qaydada mülkiyyət sənədi ilə təmin olunması haqda göstəriş verdiyini xatırlatmaq istərdik. Həmin evlərin sənədləşdirilməsi bir-iki ayın işi deyil. Hazırda bu işləri başlamaq üçün müvafiq qanunvericilik aktları hazırlanır. Sənədsiz evlərin sahibləri də bundan xəbərdardırlar. Müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri vaxtaşırı sakinlərlə görüşür, sənədlərin qaydaya salınması üçün öz tövsiyələrini verirlər. Ona görə də mitinq ərəfəsində bundan yararlanmaq üçün bəhanələrə əl atmaq heç bir fayda verməyəcək. Hətta sənədsiz ev sahibləri AXCP sədrinin bu çağırışına cavab olaraq deyiblər ki, 20-ci sahəyə gəlməklə evlərimizə sənəd verəcəksinizmi? Sakinlərin bu sualından sonra onlardan ümidləri üzülən radikal müxalifət nümayəndələri beynəlxalq təşkilatlara və diplomatik korpusa üz tutublar.

“Milli Şura”nın üzvləri reneqat Eldar Namazov və Sülhəddin Əkbər AXCP sədrinin tapşırığı ilə mitinqlə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyində görüş keçiriblər. Görünür, əvvəllər Rusiyaya bel bağlayan “Milli Şura” üzvləri son hadisələrdən sonra bu ölkədən əllərini üzüblər. İndi də ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında boynubükük qalıblar. “Yeni Müsavat” qəzetinin verdiyi məlumata görə ABŞ - ın Azərbaycandakı səfirliyindən “Milli Şura” üzvlərinə bildirilib ki, ölkələrin daxili işlərinə qarışmağa onların hüququ çatmır. Hər halda mitinq keçirilməyə icazə verilibsə, hər hansı bir süni problem yaradılmasına yol verilməz.

Reneqat Eldar Namazov və Sülhəddin Əkbər də səfirlikdə çox “yuxarıdan” gediblər. Onlar deyiblər ki, “Milli Şura” avqustun 18-də keçirməyi planlaşdırdığı mitinqə 20 min nəfər iştirakçı çıxaracaq. Təbii ki, onların bu yalanları istehza ilə qarşılanıb. Çünki beynəlxalq təşkilatlara da bəllidir ki, son illər müxalifətin çağırışına səs verib onların keçirmək istədikləri mitinqlərə gələn yoxdur. Bu, Azərbaycan müxalifətinə olan etimadsızlığın və inamsızlığın nəticəsidir. İctimai Palata, guya, müxalifətin birgə yaratdığı qurum idi. Bu qurumun təşkil etdiyi mitinqlərdə ən çoxu 700 iştirakşı olub. “Milli Şura” da İctimai Palatanın tərs üzüdür. Ona görə də bu təşkilatın da mitinq çağırışına ən çoxu 600-700 nəfərin gələcəyi gözlənilir. Onların da yarıdan çoxu pul almaq məqsədi ilə gələnlər olacaq. 20 min iştirakçını isə “Milli Şura” on il bundan sonra da tapa bilməyəcək. Yenə də mitinqə 500 nəfər çıxaracaqlar, himayədarlıq etdikləri qəzetlər də yazacaqlar ki, mitinqə 20 mindən çox iştirakçı çıxmışdı. Onu da xüsusi vurğulayacaqlar ki, hələ avtobusların hərəkətinin qarşısı “qəsdən alındığından” çoxlu iştirakçı yollarda qaldı.

“Yeni Müsavat” qəzetinin yazdığına görə, 18 avqust mitinqi müxalifətin iki siması olan İsa Qəmbər və Əli Kərimli üçün də bir sınaq günüdür. Əgər R.İbrahimbəyov yaxın iki gündə Bakıya qayıdıb mitinqdə xalqla canlı təmasa girəcəksə, proseslər tam fərqli çalar ala bilər. Yox, əgər gəlməsə, vahid namizədlik məsələsi vəziyyəti daha da gərginləşdirəcək. Çünki AXCP üzvləri bu mitinqdə Əli Kərimlini, müsavatçılar isə İsa Qəmbəri “Milli Şura”nın prezidentliyə vahid namizədi elan etməyə çalışacaqlar. İsa Qəmbərin öz iddiasından - prezidentliyə vahid namizədlikdən əl çəkməməsi və AXCP-nin hazırkı durumda oyundan kənar vəziyyətdə qalması Əli Kərimlini özündən çıxarır. Hər seçki ərəfəsində İsa Qəmbərlə Əli Kərimli “birləşir”, sonra isə bir-birini xəyanətdə ittiham etmələri ilə yadda qalırlar. Əslinə qalsa, burada təəccüblü heç nə yoxdur. Bunlar üçün ölkənin və xalqın maraqları yox, öz şəxsi mənafeləri daha vacibdir.

Artıq Müsavat Partiyasının funksionerləri də “Milli Şura”nın avqustun 18-də keçirəcəyi mitinqdə baş rolda getmək üçün fəaliyyətə başlayıblar. Bu mitinqdə müsavatçı fəalların, eləcə də partiyanın tərəfdar və təəssübkeşlərinin aktiv iştirakını təmin etmək üçün qarşıda duran vəzifələrin öyrənilməsi, xüsusilə cəbhəçiləri zərəsizləşdirmək barədə müzakirələr aparılıb. Müsavatçılara tapşırılıb ki, AXCP sədrinin adı çəkiləndə fit çalsınlar, əcaib hərəkətlər etsinlər, hətta qeyri-etik sözlər də işlətsinlər. Çünki AXCP sədri Əli Kərimli deyib ki, əgər İsa Qəmbər “Milli Şura”nın vahid namizədi olmaq istəsə, hamının dəstəyini almalıdır. AXCP sədri İsa Qəmbərin Rəsul Quliyev və Lalə Şövkətin də razılığını almasını zəruri sayıb. Təbii ki, Əli Kərimli Rəsul Quliyev və Lalə Şövkətin adlarını bilərəkdən çəkib. Çünki çox yaxşı bilir ki, onlar İsa Qəmbərin “Milli Şura”dan prezidentliyə vahid namizəd olmasına heç vaxt razılıq verməyəcəklər.

“Milli Şura”nın avqustun 18-də keçirmək istədiyi mitinqdə məqsədinin nədən ibarət olduğunu qurum üzvləri hələ də dərk edə bilmirlər. Bir tərəfdən deyirlər ki, İ.Qəmbər və Ə.Kərimli aksiyada prezidentliyə namizəd kimi çıxış etsinlər, o biri tərəfdən də bildirirlər ki, R.İbrahimbəyov hökmən mitinqdə iştirak etməlidir. Bu iddiada olanlar hələ də başa düşmürlər ki, R.İbrahimbəyov əgər mitinqdə iştirak edərsə İ.Qəmbərlə Ə.Kərimli hansı qurumun namizədi kimi çıxış edəcəklər?

Siyasətdə naşı olan R.İbrahimbəyovun 20 illik “siyasi staja” malik olan müxalifətin başbilənlərini ələ salması artıq göz önündədir. Mitinqə gələnlər də bunun şahidi olacaqlar.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında