“Milli Şura”nın mitinq sevdası qurumun süqutunu sürətləndirəcək

Radikal müxalifət düşərgəsində baş qaldıran toqquşmalar da bunu təsdiq edir

Zaman ötsə də, dövran dəyişsə də, radikal müxalifət düşərgəsinin liderlərində olan küçə təfəkkürü hələ də dəyişməyib. Qloballaşan dünyada intellektual mübarizə metodlarının yarandığı, qabaqcıl siyasi liderlərin buna üstünlük verdiyi,  informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi, ölkənin siyasi fəal və maraqlı sosial qrupları ilə ünsiyyət qurmağın effektiv formaları mövcud olduğu, medianın təsiretmə gücünün daha da artdığı bir vaxtda bunlar hələ də ötən əsrin 90-cı illərinin köhnəlmiş, əhəmiyyətini itirmiş, kif basmış təfəkkürü ilə hərəkət edirlər.

Unudurlar ki, mitinqdə çox olsa, iki saatlıq bir vaxt ərzində kiçik bir auditoriyaya müraciət etmək imkanı qazanırlarsa, atdıqları məntiqli, real addımlarla ölkə gündəmində daha uzun müddət qala və siyasi dividentlər qazana bilərlər. Bunlar isə səviyyəsiz, riyakar və satqın hərəkətləri ilə radikal müxalifət düşərgəsini toqquşma məkanına, fitnə-fəsad yuvasına çevirməklə, xaricdəki erməni lobbisi, antimilli və antiazərbaycan dairələrilə əməkdaşlıq etməklə hər gün daha çox ictimaiyyətin nifrətini qazanır, cəmiyyət arasında olan-qalan nüfuzlarını da itirirlər. Buna görə də bundan sonra atacaqları istənilən addım yalnız onların iflasını tezləşdirəcəkdir.

Məlum olduğu kimi, yarandığı gündən  ölü doğulan “Milli Şura” adlı qurum avqustun 18-də kinodramaturq Rüstəm İbrahimbəyovun namizəd kimi qeydə alınması, azad və ədalətli seçkilər tələbi ilə mitinq keçirməyə hazırlaşır. Artıq Bakı Şəhər İcra Hakimiyyəti qanunları və demokratik tələbləri rəhbər tutaraq onların mitinq barədə müraciətlərinə müsbət cavab verib. Cəmiyyətin inamını tamamilə itirdikləri üçün mitinqdə tək qalacaqlarından ehtiyatlanan radikal müxalifət düşərgəsinin rəhbərləri müxtəlif vasitələrə əl ataraq vəziyyətdən çıxmağa çalışırlar. Bəzi rayonlardakı sadə insanları aldadaraq Bakıya gətirməkdən, tüfeyli həyatı yaşayanlara pul təklif etməkdən tutmuş,  paytaxtın abadlaşdırılması, yol infrastrukturunun genişləndirilməsi ilə bağlı mövcud bazar qiymətlərinə uyğun kompensasiya ödənilərək yaşayış yerlərindən köçürülən, qəbul imtahanlarında keçid balı yığmayan gənclər arasında təbliğat aparmağa qədər bütün qeyri-məqbul yollara baş vururlar. Xaricdəki antimilli dairələrdən, erməni ağalarından pul dilənən kinodramaturq Rüstəm İbrahimbəyovun aksiyaya adam gətirmək üçün “lazımi” miqdarda vəsaiti onlara çatdıracağı barədə vədi, dağıdıcı düşərgədəki partiyaların funksionerlərini daha da həvəsləndirib. Ancaq buna baxmayaraq, qaragüruhçular çox ciddi problemlərlə üz-üzə qalıb.

Yuxarıda qeyd etdiyimiz kimi,  “Milli Şura”ya üzv olan partiyaların mitinqə insanları cəlb etməsi çox çətinləşib. Müşahidələrimizə əsasən deyə bilərik ki, hətta pul vəd edilərək aksiyaya dəvət edilən tüfeyli həyat yaşayan bəzi azsaylı adamlar da artıq onlara inanmır. Deyirlər ki, əvvəllər də bunlar bizə vəd vermiş, ancaq mitinqə gələndən sonra vədlərinə “xilaf” çıxmışlar. Aldadılmış bəzi tələbələrin Bakıdan kənarda tətildə olması dağıdıcı düşərgənin aksiya ilə bağlı bütün ümidlərini puç edir. Bu məsələlərə diqqət yönəldən Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər vəziyyətdən çıxmaq üçün deyib  ki, avqust ayıdır, insanlar istirahətdədir, tələbələrin böyük hissəsi Bakıda deyil, biz yenə də mitinqdə kütləvilik gözləyirik. Çətinlikləri nəzərə alaraq biz ikiqat işləyirik. Bütün qurumlar öz resurslarını işə salıb. Guya, ACP də adına layiq şəkildə mitinqdə iştirak edəcək. Sülhəddin Əkbər partiyanın “adına layiq şəkildə” mitinqdə iştirak edəcəyini deyəndə, ehtimal ki, çox az insanın olacağına eyham vurur. Çünki bu gün digər radikal partiyalar kimi, ACP-nin də yalnız adı və bir neçə funksionerindən başqa heç bir elektoratı yoxdur. AXCP sədrinin müavini Asəf Quliyev isə lap ağ eləyib. Deyib ki, bizdə olan informasiyaya görə, mitinqdə gözlədiyimizdən də artıq kütləvilik olacaq: “Biz düşünürük ki, təxminən 20 min adam iştirak edəcək”.  Xeyli gülməli rəqəmdir. Belə ki, 20 ildir ki, radikal düşərgə aksiyalarında ən çoxu 300-500 adam iştirak edib. Blok yaratsalar da, hər hansı qondarma bir qurumda birləşsələr də, bu rəqəm dəyişməyib. İndi ilin-günün bu vaxtında, müxalifətin “canlı meyit”ə çevrildiyi, nüfuzunu itirdiyi bir dönəmdə nəinki 500 nəfər, bəlkə heç 200 nəfər də toplaya bilməyəcəklər. Bu reallıqları nəzərə alan Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəyli deyib ki,  yay ayları istirahət mövsümü olduğundan, insanlar dağa-bağa getdiklərindən, tələbələr Bakıda olmadığından... mitinqlər üçün əlverişli mövsüm deyil.

Dağıdıcı müxalifət düşərgəsinin ruporu olan mətbuat orqanlarının yazdıqlarından belə anlaşılır ki, bunlar mitinqdə uğrayacaqları fiaskonu ört-basdır etmək üçün yenə hakimiyyəti günahlandırmağa çalışacaqlar. Daha doğrusu, artıq buna cəhd ediblər. Avqustun 15-də “Milli Şura”nın üzvləri Eldar Namazov və Sülhəddin Əkbər mitinqlə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyində görüş keçiriblər. Görüşdə “Milli Şura” təmsilçiləri hakimiyyətin “sərbəst toplaşmaq azadlığını tam məhdudlaşdırıldığı”  barədə sərsəm iddialar səsləndiriblər. ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Berek Hoqan isə diplomatik səlahiyyətlərini aşaraq müxalifətçiləri əmin edib ki,  aksiyanın monitorinqini keçirəcəklər və hökumətlə bu xüsusda təmas quracaqlar. Birincisi, cənab Hoqan anlamalıdır ki, o, Bakıda dağıdıcı müxalifət düşərgəsinin deyil,  öz ölkəsinin missiyasını yerinə yetirməklə vəzifəlidir. İkincisi isə, Azərbaycan demokratik ölkədir və istənilən siyasi partiya, qurum (hətta, qondarma qurum da) qanunla tənzimlənmiş və təyin olunmuş yerlərdə mitinq keçirə bilər. ABŞ və digər Qərb ölkələrinin səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələrinin mitinq meydanına gəlməsi o baxımdan müsbət hal kimi qiymətləndirilə bilər ki, bunlar bir daha Azərbaycan ictimaiyyətinin, siyasi fəal kütlənin radikal müxalifət düşərgəsinə maraq göstərmədiyini öz gözləri ilə görə biləcəklər.  Dəfələrlə müşahidə etdiyimiz kimi, aksiyanın monitorinqini keçirən yabancıların və onu işıqlandıran jurnalistlərin sayı mitinqə gələnlərin sayından xeyli çox olub. Bu dəfə də belə olacaq.

Bu gün dağıdıcı müxalifət düşərgəsi daha çox, necə deyərlər,   “başsız atlı”ya oxşayır. Çünki burada heç vaxt nüfuzlu bir lider olmayıb. Əli kərimlilər, İsa qəmbərlər isə elə bir fitnə-fəsad törədiblər ki, xalqın onlara inamı itib. Qondarma “Milli Şura”nın seçkilərə start verildiyi bir dövrdə namizəd axtarışına çıxması ondan xəbər verir ki, müxalifət seçkilərə hazır deyil və özünə inamını itirdiyinə görə Azərbaycan vətəndaşları müxalifət təmsilçilərini dəstəkləmirlər. Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib ki, bu gün radikal düşərgə Rüstəm İbrahimbəyovu vahid namizəd kimi seçsə də, ondan prezidentliyə namizəd çıxmaz: “Onun nə yaşı, nə siyasi təcrübəsi, nə ümumiyyətlə məsuliyyətsizliyi ciddi seçki kampaniyasında iştirak etməyə imkan verir. Bu qədər hüquqi cəhətdən problemləri olan bir insanın seçki kampaniyasına qoşulmaq haqqında fikirləri ortaya qoyması elə onun məsuliyyətsizliyindən xəbər verir. Görünür ki, müxalifət seçkiyə qatılmaq üçün öz arasında namizəd tapa bilmir. Bilirlər ki, Azərbaycan vətəndaşları onlardan olan bir namizədi dəstəkləməyəcək. Düşünürdülər ki, bəlkə Rüstəm İbrahimbəyovu kinorejissor olmağına görə dəstəkləsinlər. Amma ölkə prezidenti seçilmək üçün kinorejissor olmaq kifayət deyil. Ölkə prezidenti seçilmək istəyən şəxs insanların etibarını qazanmalıdır, siyasi səriştəsi olmalıdır, insanlar onun gələcəkdə ölkəyə rəhbərlik etmək bacarığına malik olduğunu görməlidirlər. Bütün bu parametrlərdən məhrum olan bir insanın seçki kampaniyasına qoşulmaq iddiası insanları aldatmaqdan başqa bir şey deyil”.

 Görünür, radikal düşərgədəki bəzi başbilənlər də artıq bu reallıqları  görməyə başlayıblar. Xüsusilə də avqustun 15-dək Rusiya vətəndaşlığı ilə bağlı problemlərin aradan qaldırılacağı barədə Rüstəm İbrahimbəyovun gözləntilərinin özünü doğrultmadığı şəraitdə “Milli Şura”da çoxlarının qəbul etmək istəmədiyi alternativ planla bağlı qərarın verilməsi zərurəti yaranıb. “Yeni Müsavat” qəzetinin yazdığına görə  Mehman Əliyev istisna olmaqla “Milli Şura”nın vahid namizədi olması üçün təklif olunan şəxslər iddialı olmadıqlarını açıqlayıblar. Belə olan halda diqqət yenidən siyasi liderlərin üzərinə yönəlir. AXCP sədri Əli Kərimli “Obyektiv.tv” internet televiziyasının “Xalq seçir” verilişində sualları cavablandırarkən deyib ki, başqa vahid namizəd deyərkən ayrı variantı da nəzərdə tutur: “İşin asanlaşması üçün deyirəm ki, siyasi liderlər də istisna olmamalıdır”. “Hətta Əli Kərimli İsa Qəmbərin namizədliyini dəstəkləyə bilərmi?” sualının cavabında AXCP sədri deyib: “Ola bilər. Bu barədə İctimai Palatanın sessiyasında bəyanat da vermişəm. Əgər İsa bəy “Milli Şura”nın vahid namizədi olmaq istəsə, mən ona dəstək verməyə hazıram. Ancaq gərək hamının dəstəyini alsın”.

Xoruzun quyruğu bax burada görsənir. Əli Kərimli bu şərti ona görə irəli sürüb ki, bu yolla İsa Qəmbərin vahid namizəd olmasının qarşısını ala və ya onu bu fikirdən daşındıra bilsin. Ona görə də  Rəsul Quliyevin və Lalə Şövkətin də razılığını almasını zəruri sayıb. Çünki bilir ki, ən azından Rəsul Quliyev başqanın vahid namizəd olmasının əleyhinə çıxacaq. Müsavat başqanının “bostanına daş ataraq” qeyd edib ki, o, gərək 2 illik prezident olmaqla bağlı bu şərtlə də razılaşsın: “Burada konsepsiya bundan ibarətdir. Mənim dəstəyimə gəlincə, kompromisin əldə olunmasını istəyiriksə, biz bu saat başqa istəklərimizin üzərində israr etməli deyilik. Bəlkə də kimsə kimdənsə bir qədər artıq imkanlara malikdir, yaxud əksinə. Bu saat onun üzərində diskussiya açmaq lazım deyil...”. Əli Kərimli özünün prezidentliyə namizəd kimi seçkiyə qatıla biləcəyinin mesajını da verib. Yəni hər zamankı kimi Əli Kərimli yenə İsa Qəmbərə badalaq gəlməyə hazırlaşır.

AXCP sədrinin cavabını Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib. O qeyd edib ki, hazırda paralel olaraq partiya Məclisinin qərarına uyğun olaraq İsa Qəmbərin namizədliyi ilə bağlı işlər görülür, sənədlər hazırlanır: “Avqustun 19-da “Milli Şura”nın vahid namizədi məsələsi həll olunmayacaqsa, biz 2-3 gün ərzində müvafiq yığıncaqlar keçirib başqanın sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”. Gülağa Aslanlı Əli Kərimlinin fikirlərini əhəmiyyətsiz hesab etdiyinə işarə vuraraq deyib:  “İctimai Palatanın sessiyasında da belə bir fikir söyləyib ki, mən İsa bəyi yalnız o vaxt dəstəkləyə bilərəm ki, digər qüvvələr də onu dəstəkləmiş olsun. Əvvəla, İsa Qəmbər “Milli Şura”nın vahid namizədi olmağa iddialı deyil, birdəfəlik bunun altından qırmızı xətt çəkək. Əli Kərimlinin belə bir mövqedən çıxış etməsi o anlama gəlməyə əsas yaradır ki, mən səni dəstəkləyə bilərəm, sən də məni dəstəkləməlisən. Bizimsə dediyimiz ondan ibarətdir ki, biz “Milli Şura”nın yaranma fəlsəfəsinə görə, orda əsas namizədin Rüstəm İbrahimbəyov olmasını və eyni zamanda, onu əvəzləyə biləcək digər namizədin məhz “Milli Şura”dakı intellektuallardan birinin olması şərtini ona görə qoymuşuq ki, siyasi partiyalar bu məsələdə qısqanclıq etməsinlər...”

Bəli, “Milli Şura”da toplaşan partiyalar arasında hələ də toqquşma davam edir və qarşılıqlı ittihamlar, qısqanclıqlar qondarma qurumu parçalanmağa doğru aparır.  BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının qeyd etdiyi kimi, bu qurum demək olar ki, dağılıb, sadəcə, bunu rəsmi elan etmək lazımdır. Avqust ayının 19-da rəsmən qurumun dağılmasını elan edəcəklər. Müsavatçılarla “yurd”çular arasında münasibət nifrət həddindədir. Rauf Arifoğlunun qeyri-müəyyən statusu da bunu sübut etdi. O, ad çəkmədən deyir ki, “itlər üstümüzə hücum edirlər və mən bilirəm ki, kimdən nə qədər pul alıblar”. Bundan sonra Əli Kərimlinin bütün tərəfdarları açıq şəkildə Rauf Arifoğlunu və müsavatçıları təhqir etməyə başladılar. İsa Qəmbərlə Əli Kərimli və Rəsul Quliyev biri digərinə düşmən kəsilib. Bəzən bu düşmənçilik açıq müstəvidə də davam edir.  Əli Kərimli bütün günü kampaniya aparırdı ki, Rüstəm İbrahimbəyovdan başqa bir namizəd varsa, bu, xəyanətdir. Ancaq indi özü namizəd olmaq fikirinə düşüb və partiyasının tələm-tələsik iclasını keçirdib qərar verib ki, Rüstəm İbrahimbəyovdan başqa da namizəd vermək olar. Müsavatçılar isə Əli Kərimlinin bu qərarını və bütün digər açıqlamalarını ciddi tənqidə məruz qoymuşlar.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında