Erməni lobbisinin çirkli pulları “Milli Şura” üzvlərini kənar qüvvələrin girovuna çevirib

 Professor Adil Qeybulla: “Milli Şura”nın yaradılması ölkədə demokratik seçkilərin keçirilməsinə deyil, tamamilə qaranlıq məqsədlərə xidmət edir

Adı müxalifətin olan, əslində isə ermənipərəst dairələrin ideyası əsasında yaradılımış  “Milli Şura”nın antimilli maraqlara xidmət etməsi artıq özünü büruzə verir. Bu vaxta qədər hələ də  prezidentliyə vahid namizəd tapa bilməyən bu oyuncaq qurumun yaradılmasında əsas məqsəd heç də, özlərinin dedikləri kimi, demokratik seçkilərin keçirilməsi deyilmiş. Artıq müxalifət nümayəndələri də təsdiqləyirlər ki, bu qondarma qurum qaranlıq məqsədlərə xidmət etmək üçün yaradılıb. Həmin təşkilatın üzvlərinin kimliyi də bunu təsdiqləyir. Hadisələrin gedişi göstərir ki, “Milli Şura”da və ona yaxın olanlar arasında hakmiyyət ehtirası ilə yananlar  çoxluq təşkil edir. Onların bu quruma toplaşmalarında əsas məqsədləri kimlərinsə hesabına vəzifəyə gəlməkdir.

“Milli Şura”  sonuncu toplantısında yenə də prezidentliyə vahid namizədini dəqiqləşdirə bilmədi. Bu qurumdan prezidentliyə vahid namizəd göstərilmiş ermənipərəst kinorejissor Rüstəm İbrahimbəyov açıq şəkildə bəyan etdi ki, onun prezident seçkilərinə qatılmağa həvəsi yoxdur. Bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışsa da, ətrafındakıları inandıra bilmədi. Çünki Rüstəm İbrahimbəyov siyasətdən tamamilə uzaq bir adamdır. Onunku kinodur, kino. Özü də bu kinonu erməni rejissorlarla çəksin. Xülasə, qabaqcadan yağlı vədlər verən qondarma Milli Şuranın üzvləri vahid namizədlərini - Rüstəm İbrahimbəyovu ipə - sapa yatıra bilmədiklərindən  qəti qərar qəbul edə bilmədilər və aldatdıqları adamların başını qatmaq üçün  “azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin yaradılması” adı ilə avqustun 18-də mitinq keçirmək barədə qərar qəbul etdilər. Hələ seçkilərin keçirilməsinə iki ay vaxt qalsa da, müxaliflər indidən seçkinin qeyri-demokratik keçiriləcəyi haqqında əsassız uydurmalar yayırlar. Siz haradan bilirsiniz ki, prezident seçkiləri hansı şəraitdə keçiriləcək? Qaldı ki, seçkilərin keçirilməsi üçün yaradılan şəraitə, bu da göz qabağındadır. Kim  prezident seçkilərində namizəd kimi iştirak etmək istəyirsə, sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edir və heç bir əngəllə rastlaşmadan namizədliyi təsdiqlənir. Bir şərtlə ki, bütün sənədlər qanunun tələbləri səviyyəsində olsun. Demək, “Milli Şura”nın qarşıya qoyduğu tələblərlə mitinq keçirməyə heç bir əsas yoxdur. Burada əsas məqsəd  yalan vədlər verdikləri insanların başını müxtəlif bəhanələrlə qatıb vaxt qazanmaqdır.

“Milli Şura”nın mitinq qərarına ilk ciddi narazılıq elə müxalifət düşərgəsinin nümayəndələrindən gəldi. Müsavat Partiyası Divanının sabiq üzvü, tibb elmləri doktoru, professor Adil Qeybulla elektron kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində  bu qurumun mitinq keçirmək barədə qərarını çox təəccüblə qarşılayaraq deyib ki, görəsən, “Milli Şura”nın  mitinq keçirməkdə məqsədi nədir? Kimə etiraz edirlər? Pasportla bağlı situasiyaya etiraz edirlərsə, bu mitinq Moskvada keçirilməlidir. Təbliğati mitinqdirsə, o, namizəd qeydiyyata alındıqdan sonra olmalıdır ki, desinlər müxalifət təbliğata başladı. Mitinq seçkidən sonra keçiriləndə isə deyilir ki, seçkilər saxtalaşdırılıb və xalqı ayağa qalxmağa çağırırıq. İndiki situasiyada niyə mitinq keçirilir? Bu, nəyi göstərir? Kimə və nəyə etiraz edilir?

Professor A.Qeybulla mitinq keçirmək barədə qərara münasibət bildirərkən deyib: “Bu, onu göstərir ki, “Milli Şura”nın strategiyası yoxdur. Mitinqin keçirilməsi qərarı bunu bir daha sübut edir. Hadisələrin gedişi onu göstərir ki, “Milli Şura”da və ona yaxın olanlar arasında hakmiyyət ehtirası ilə yanan qüvvələr də var. Xatırlayırsınızsa, mayın 28-də Rəsulzadənin qəbri üstündə çoxlu təzə adamlar, komik fiqurlar peyda olmuşdu. Bu, onu göstərir ki, bu insanların qulağına hansısa bir səs dəyib, bu da onları səfərbər edib. O səfərbərliyin bir formulu da “Milli Şura”dır”.  A.Qeybulla “Milli Şura”nı xəyanətkar adlandırıb. Həmin qurumun xarici ölkələrdəki antiazərbaycan dairələrin ideyası əsasında yaradılması artıq özünü doğrultmaqdadır. Professorun  qənaətinə görə, başqa dövlətin xüsusi xidmət orqanları ilə, digər xüsusi güc strukturlarının orqanları ilə separat əlaqələr dünyanın hər yerində Vətənə xəyanət kimi dəyərləndirilir. Bu, cinayət tərkibli bir hadisədir, məsələ ictimailəşdirilməlidir, bu məsələlərdə cavabdeh olan şəxslər xalqın qarşısında cavab verməlidir. Çünki bəzi məsələlərin konturları görünməkdədir.

Hazırda müxalifət düşərgəsində ciddi gərginlik yaranıb. Çünki “Milli Şura” mitinq keçirmək barədə qərar qəbul edəndə həmin aksiyasının  Bayıl qəsəbəsində, 20-ci Sahədə təşkil olunacağını bildirmişdi. Məlum olduğu kimi, hər hansı bir  icazəli  aksiya keçirilməsi üçün  həmin ərazidə  konkret yer müəyyənləşdirilib. Bir gün sonra isə “Milli Şura” qəbul etdiyi qərarın əleyhinə çıxaraq, şəhərin mərkəzində – mitinq keçirilməsi üçün əhalinin istirahət etdiyi, nəqliyyatın intensiv olduğu əraziləri seçdi. Müsavat Partiyasının funksionerlərindən biri qondarma qurumun qərarının dərhal dəyişməsinə münasibət bildirərkən deyib ki, “Milli Şura” üzvləri sanki yuxudan ayıldılar. Onlar başa düşdülər ki, icazəli mitinqə heç kimi cəlb edə bilməyəcəklər. Çünki bu quruma artıq heç kim inanmır və müxalifət nümayəndələri “Milli Şura”nı qeyri-ciddi qurum kimi qəbul edirlər. Ona görə də fikirlərini dəyişərək elə yerlər seçdilər ki, həmin ərazilərdə mitinq keçirməyə icazə verilməyəcək. Sonra da beynəlxalq təşkilatlar qarşısında hay-küy salacaqlar ki, hakimiyyət bizə aksiya keçirməyə icazə vermədi. Müsavat Partiyasının üzvü Qafur Mehdiyev etiraf edir ki, İctimai Palata mitinq keçirəndə 500 nəfəri zorla, aldada-aldada, yalan vədlər verə - verə yığdıq. Özü də İctimai Palatada AXCP, Müsavat və daha bir neçə partiya var idi. Bəs “Milli Şura”da kim var? Eldar Namazov və Xalq Cəbhəsi Partiyası. Onların çağırışına 150 nəfərdən artıq adam gəlməyəcək. Ona görə də fikirlərini dəyişdilər.

 “Milli Şura”nın mitinq keçirmək qərarına Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin də fikirləri maraqlı olub. Partiya sədri əvvəlcə Rüstəm İbrahimbəyovun “Milli Şura”ya maddi vəsait toplamasından danışıb: “Rüstəm İbrahimbəyov siyasətçi deyil, sadəcə siyasət lotularının əlinə düşüb, açıq-aydın deyir ki, xaricdən pul göndərəcəm ki, “Milli Şura” fəaliyyətini davam etdirsin, seçkilərə getsin. O yazığı başa salmayıblar ki, prezidentliyə namizəd olan hər hansısa bir şəxsin əgər xaricdən maliyyə qaynağı varsa, bu, o deməkdir ki, həmin adam artıq satılıb və cinayətkardır”.

 Qondarma qurumun mitinq keçirmək həvəsinə düşməsi barədə A.Əlizadə demişdir: “Mitinq ola bilər, amma heç də həyəcanlanmasınlar, çünki onların işə yarıyan gücü yoxdur. “Milli Şura” özünə indikindən artıq tərəfdar yığa bilməyəcək. Elə İctimai Palatanın azsaylı mitinqləri də heç bir nəticə vermədi. Böyük pullar xərclənməsinə baxmayaraq, budəfəki mitinq əvvəlkilərdən də zəif olacaq. Başqa sözlə desək, “Milli Şura”nın mitinqi pulları yumaq üçündür. Təşkilat yarananda demişdim ki, o, ölü doğulmuş uşaqdır. Ölü doğulmuş uşaq ayaq tutub yeriyə bilməz. “Mili Şura”da təmsil olunanlar Azərbaycandan kənarda olan yiyələrinə bildirmək istəyirlər ki, biz varıq. Məqsədləri isə odur ki, xaricdəkilərlə birləşməyi arzulayırlar. Doğrudur, “Milli Şura” daxilində “birləşdilər”, amma Rüstəm İbrahimbəyov lax çıxdı. İndi çalışırlar ki, ayrı bir qurban tapıb ortaya qoysunlar”.

Artıq müxalifət düşərgəsində tam əminlik yarnıb ki, “Milli Şura”nın yaradılması qətiyyən ölkədə demokratik seçkilərin keçirilməsinə deyil, tamamilə qaranlıq məqsədlərə xidmət edir. Bunu son hadisələrin gedişi də təsdiqləyir. Hətta etiraf olunur ki, bu quruma toplaşanların əksəriyyəti bundan xəbərdardırlar. Ancaq neyləsinlər, erməni lobbisinin Rüstəm İbrahimbəyov və reneqat Eldar Namzovun əli ilə ötürülən çirkli pulları həmin adamları “Milli Şura”nın girovuna çevirib. Professor A.Qeybulla da buna öz təəccübünü gizlədə bilməyərək deyib: “Bəzi qurumların, xüsusilə də Müsavat Partiyasının bunları bilə-bilə Milli Şurada olduğunu düşünmürəm. Onlar  bu situasiyanın girovuna çevrilib”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da “Milli Şura”ya toplaşanların maddi maraqları olduğunu diqqətə çatdırıb. O, Rüstəm İbrahimbəyovu sifarişçi, AXCP və Müsavat Partiyasını sifarişi yerinə yetirən adlandırıb. Partiya sədri fikrini əsaslandıraraq deyib ki, musiqinin pulunu kim ödəyirsə, sifarişi də o edir. Rüstəm İbrahimbəyov bu yaxınlarda verdiyi bəyanatında bildirirdi ki, ondan başqa heç kimdə pul yoxdur.Təbii ki, pulsuz da seçkiyə getmək mümkün deyil. Bu onu göstərir ki, “Milli Şura” başqalarının “proyekti” kimi yaranıb, burada Müsavat Partiyası və AXCP bir dekor kimi istifadə olunur. Çünki onlardan istifadə etməklə təşkilatın kənardan sırınan “proyekt” olduğunu gizlətmək istəyirlər.

S.Cəlaloğlu daha sonra deyib: “Milli Şura”da qüvvələr nisbəti elə formalaşdırlıb ki, AXCP, Müsavat, İctimai Palata və başqa birliklər hegomonluq edə bilməz. Eyni zamanda, Əli Kərimli və İsa Qəmbər də müəyyən dövrlərdə “Mill Şura”ya böyük ümidlər bağladıqlarına görə bu vəziyyətlə razılaşmışdılar. Diqqət yetirsəniz görəcəksiniz ki, əvvəlcədən “Milli Şura”nın rəhbərliyi tamamilə Rüstəm İbrahimbəyova bilavasitə yaxın olan adamların əlinə keşmişdi. Yalnız icra işlərini Müsavat və AXCP-yə tapşırmışdılar. “Milli Şura” “proyekti” AXCP və Müsavatın iradəsindən kənarda formalaşdı, sadəcə bu iki partiya Azərbaycan ictimaiyyətini aldatamaq üçün bir müşahidəçi qismində dəvət edilib”.

 Artıq müxalifət düşərgəsində də belə bir fikir formalaşıb ki, “Milli Şura”nın seçkilərdə iştirak etməyə həvəsi görünmür. Bu qurumun  məqsədi seçkilərdə iştirak etməkdən, demokratik mühit yaratmaqdan daha çox, seçkidən sonra ölkədə qarışıqlıq yaratmaq və bundan  istifadə etməkdir. Bu isə baş tutan iş deyil. Əgər “Milli Şura” özünə  vahid namizəd müəyyənləşdirə bilmirsə və seçkilərdən kənarda qalırsa, bu, onların öz günahlarıdır.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında