“Milli Şura” nə üçün dörd saat mətbuatdan gizləndi?!

Sən demə, jurnalistlər “millilərin” “nəfəs almasına” imkan verməyiblər

Bu yığcam yazını “Frans-press” agentliyinin “Azərbaycanlı rejissor prezidentə qalib gəlmək istəyir” adlı ironiyalarla zəngin yazısı üstündə qurmaq istəyirdim. Məqalə müəllifi qeyd edir ki, rejissor Rüstəm İbrahimbəyov Rusiya rəhbərliyinin Azərbaycan rəhbərliyinə göstərdiyi inam və etimada görə Kremldən küsüb.

İbrahimbəyov adıçəkilən agentliyin əməkdaşının suallarını cavablandırarkən deyib: “Onlar ( Kreml - red.) İlham Əliyevə kömək etməklə daha çox siyasi kapital götürmək istəyirlər və artıq Kreml bu nəticədən məmnundur”. Yəni İbrahimbəyov və onun ermənipərəst komandası hələ oktyabrın 9-na xeyli qalmış, seçkidən qabaq siyasi proseslərdə uduzduqlarını görürlər və ona görə də indidən seçkidə qeydə alınacaq məğlubiyyətin səbəblərini özlərində deyil, başqa ünvanlarda axtarmağa cəhd edirlər. Yeri gəlmişkən, İbrahimbəyov və onun komandasının üzvləri bu variantdan indi-indi istifadə edirlərsə, İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev və başqa “saqqallı müxalifətçilər” artıq 20 ildir ki, hər seçkidən sonra həmin variantdan gen-bol istifadə ediblər. Beləcə, qoca rejissorun fransız xalqını “məlumatlandıran” umu-küsüsünü qələmə almaq istəyirdim ki, iş otağımıza bir zəng oldu.

Mingəçevirdən zəng edən soydaşımız özünü fəal müsavatçı kimi təqdim elədi. Doğrusu, əvvəlcə mən bu adamın səmimiyyətinə inanmadım. Ancaq öz arqumentlərini səsləndirəndə tam aydın oldu ki, o, həqiqətən müsavatçıdır. Soydaşımız nələri dedisə hörmətli oxuculara olduğu kimi təqdim edirik: - Bu gün Müsavatdakı savadlı və ziyalı insanların hamısı ayrılıqda istənilən seçkidə İsa Qəmbərdən artıq səs toplaya bilər. Mən demirəm ki, prezident seçkisində qalib gələ bilərik. Hər halda İsa Qəmbərdən daha çox səs toplayarıq. Bundan başqa, prezident seçkilərində qalib gəlmək imkanlarımızın olmamasının əsas günahkarı da məhz Müsavatın bugünkü rəhbərliyidir. Mən milli tariximizin ilk siyasi partiyalarından olan Müsavatın reytinqinin bu qədər aşağı düşməsindən çox narahatam. Ancaq çıxış yolu nədədir, bu rəhbərliklə həqiqi Müsavatın öz nüfuzunu necə bərpa edə bilərik? “Milli Şura”nın son sessiyasında Müsavat təmsilçilərinin dalana dirədilməsi bu partiyanın rəhbərlərini dərindən düşündürməlidir. Nə üçün yüzə yaxın yaşı olan bir partiya dünən yaranmış “El” hərəkatının arxasınca sürünməlidir? Mən bu sualları partiyamızın funksionerlərinə verəndə hərəsi bir bəhanə ilə cavabdan qaçır. Soruşuram ki, nə üçün Müsavat xalqdan gizlənməlidir? Ayıbımız nədir? Nə üçün “Milli Şura”nın toplantısı dörd saat mətbuatın üzünə bağlı olur? Əgər o şura öz müzakirələrini xalqdan gizlədirsə, niyə adını milli qoyur və Müsavatın orada nə işi var?

Açığı, ilk dəfə idi ki, hansısa müxalifətçinin suallarını cavablandıra bilmirdim. Amma, danışan adamın həyəcanını və səsindəki yanğını başa düşmək o qədər də çətin deyildi. Görünür bizə danışdığı məsələlər barədə Müsavatın mətbuat təmsilçilərinə də danışmış və gözlədiyi cavabı ala bilməmişdi. Qərəz...

Mingəçevirli müsavatçının çoxsaylı suallarından birinə cavab tapdıq. Sual belə idi: - Nə üçün “Milli Şura”nın toplantısı dörd saat mətbuatın üzünə bağlı olur? Həmin toplantının açılışında iştirak edən həmkarlarımızla əlaqə saxladıq və məlum oldu ki, iclasın qapalı keçirilməsi tapşırığı ermənipərəst dairələrdən – Rüstəm İbrahimbəyova göstəriş verənlərdən gəlibmiş. Müsavat funksioneri Mustafa Hacıbəyli tədbirin mətbuat üçün açıq keçirilməsi təklifini irəli sürəndə isə “sessiya”nın aparıcısı Mirmahmud Mirəlioğlu ortaya daşdan da keçən bir arqument qoyub: “İçəridə adam çox olanda nəfəs ala bilmirik”. Əvəzində jurnalistlərə məlumat verilib ki, indi saat 17-dir. Cəmi iki saata sessiya başa çatacaq və sizin üçün brifinq təşkil olunacaq. Ancaq iki saat yarımdan sonra mətbuat təmsilçilərinə bildirilib ki, içəridə heç bir qərar qəbul edilmədiyinə görə brifinqi daha yarım saat da gözləməli olacaqsınız. Daha yarım saat keçəndən sonra isə “zəmanənin qəhrəmanı” Eldar Namazov jurnalistləri bir daha məyus edib ki, müzakirələr çox gərgin keçdiyinə görə heç bir qərar qəbul edə bilmirik.Odur ki, brifinq məsələsi hələ xeyli uzanacaq. Beləliklə, nə vahid namizəd məsələsini bir tərəfə çıxarda biliblər, nə də ehtiyat vahid namizəd müəyyən edilməsi ideyasını reallaşdırmağa gücləri çatıb.

Hələ bu harasıdır. Tamamilə nəticəsiz başa çatan “sessiyanın” bu şəkildə yekunlaşmasına da seviniblər. Toplantıdan iki gün sonra “El”hərəkatının rəhbərlərindən biri mətbuata verdiyi müsahibədə böyük “şükranlıq” nümayiş etdirərək deyib: “Doğrudur, biz çox böyük qarşıdurmalar gözləyirdik. Ancaq şükürlər olsun ki, şurada hamı bir-birini başa düşdü”. Yəni, heç bir qərarın qəbul edilmədiyinə də sevinirlər. Halbuki, toplantının gündəliyinə 5 “mühüm” məsələ çıxarılmışdı və hər birinin müzakirəsindən sonra ayrıca qərar qəbul edilməli idi. Qəbul etdikləri qərar isə toplaya biləcəkləri 50-60 adamla hardasa yığışıb səs-küy salmaq barədə razılıqdır.

“Milli Şura”nın həmin qəliz iclası barədə məlumatları götür-qoy etmək nə qədər çətindirsə, iclasdan sonra mətbuata verilmiş müsahibələrdən nə isə anlamaq ondan ikiqat çətindir. Fikir verək. Bir məlumatda deyilir: “Professor Cəmil Həsənlinin, keçmiş deputat Gültəkin Hacıbəylinin, jurnalist Mehman Əliyevin, Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin, alim Rafiq Əliyevin və başqalarının ehtiyat vahid namizəd seçilməsi istiqamətində gərgin müzakirələr aparıldı”. Başqa məlumat: “Rüstəm İbrahimbəyovun vahid namizədliyi birmənalı şəkildə təsdiqləndi və başqa namizədə ehtiyac qalmadı”. Üçüncü məlumat: “Prezidentliyə namizədin sənədlərinin MSK-ya təqdim olunması üçün hələ avqustun 19-na qədər vaxt var. Ona görə də “Milli Şura” ayın 19-da bu məsələni daha ciddi şəkildə müzakirə edəcək”. İndi gəl bir şey anla görək bu adamların məqsədi nədir və mətbuat qarşısında danışanda nə demək istəyirlər.

 Adı milli sözüylə başlanan bu şuracığın tərkibində iki nəfər ssenarist var. Amma ərsəyə gətirdikləri ssenari sırf hind kinosunun ssenarisi kimi dolaşıq və qəlizdir. Hind filmindəki dolaşıqlıq son pərdələrdə bir az açılır. Bunların ssenarisinin isə əvvəli olmadığı kimi axırı da yoxdur və ona görə özlərindən küsməlidirlər, Kremldən və başqalarından yox.

P.S. Bir məsələ daha çox maraq kəsb edir. Görəsən Kremldə bilirlərmi ki, Rüstəm İbrahimbəyov onlardan küsüb? Kaş bilməyəydilər. Yaxşı deyil.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında