Azərbaycan beynəlxalq standartlara uyğun seçki keçirməyə qadir olduğunu oktyabrda bir daha sübut edəcək

Bunu ötən illərdə ölkəmizdə seçkilərin gedişini izləmiş beynəlxalq müşahidəçilərin rəyləri də sübut edir

Azərbaycan xalqının iradəsi qarşıdakı prezident seçkilərinin nəticələrində tamamilə əks olunacaq. Ölkə hökuməti bunu təmin etmək üçün hər şey edəcək. Azərbaycan Avropadan, Avropa institutlarından beynəlxalq müşahidəçilər dəvət edəcək və bütün namizədlərin öz proqramlarını Azərbaycan xalqına təqdim etməsi üçün hər cür zəruri şərait yaradacaq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Seçki demokratiyanın əsas atributlarından biridir. Azad və ədalətli, şəffaf, obyektiv seçki olmayan yerdə demokratiyadan danışmaq mümkün deyil. Siyasi ekspertlərin qənaətinə görə, azad və demokratik seçkilərin keçirilməsinə imkan yaradan mükəmməl seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. Bu baxımdan Azərbaycanda ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün zəngin hüquqi baza formalaşmışdır.

 Azərbaycan artıq demokratik və ədalətli seçki keçirməyə qadir olduğunu dəfələrlə təsdiqləyib. 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərinin də demokratik şəraitdə başa çatacağına da heç bir şübhə yoxdur. Ölkəmizdə seçkiöncəki durumu kifayət qədər demokratik dəyərləndirmək olar. Çünki seçkilər üçün lazım olan əsas siyasi azadlıqların təmin olunması ilə bağlı hər cür şərait yaradılıb. Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsi, demokratik proseslərin inkişafı ilə əlaqədar bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi və digər demokratik amillər prezident seçkilərinin azad və ədalətli keçiriləcəyinə özünün müsbət təsirlərini göstərməkdədir. Məhz bunun nəticəsidir ki, artıq 12 nəfər seçkilərdə prezidentliyə namizəd kimi iştirak etmək üçün sənədlərini MSK-ya təqdim edib. Bu rəqəmin daha çox olacağı ehtimalı var.

2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri - Azərbaycan Respublikası Prezidenti postuna keçiriləcək 7-ci rəsmi seçkilərdir. Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyası prezident seçkisinin 2013-cü ilin oktyabr ayının 9-da keçirilməsi barədə qərar qəbul edib. Hazırda namizədlər seçkidə iştirak etmək üçün sənədlərini MSK-ya təqdim edirlər.

Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını da təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-da başlanacaq və oktyabrın 8-dək davam edəcək. Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlanır və sentyabrın 9-da başa çatır. Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur. Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır. Təqvim planına görə, MSK oktyabrın 19-dək seçkilərin yekunları haqda protokolları Konstitusiya Məhkəməsinə verir və Konstitusiya Məhkəməsi səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan etməlidir.

Artıq qeyd edildiyi kimi, Azərbaycan hökuməti ölkədə demokratik və Avropa standartlarına cavab verən seçkilərin keçirilməsinə mühüm önəm verir və bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və daim bu əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bildirir. Azərbaycan hökuməti seçkilər sahəsinin əhəmiyyətini nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatların MSK və seçki komissiyalarına, onların üzvləri üçün treninq və seminarların təşkili, əhalinin seçkilərlə bağlı məlumatlılığının artırılması sahələrində yardımı yüksək qiymətləndirilir.

 Ölkəmizin dünyanın aparıcı təşkilatları ilə əməkdaşlığını genişləndirməsi respublikamıza olan inam və etimadın nəticəsidir. Bunu tanınmış diplomatlar da yüksək qiymətləndirirlər. Məsələn, NATO Baş Katibinin İctimai Diplomatiya üzrə köməkçisi Jan Fransua Buro respublikamızın dünyanın qabaqcıl siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya xəttini gerçəkləşdirmək üçün dünyanın aparıcı təşkilatları, o cümlədən NATO ilə münasibətlərinin genişləndirdiyini qeyd edir. O, Azərbaycanın təkcə NATO ilə deyil, Avropa Şurası, BMT, Avropa Birliyi, ATƏT, MDB, İƏT, GUAM, Qara Dəniz Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdiyini, bu təşkilatlarla əməkdaşlığın respublikamızın nüfuzunun artmasında, beynəlxalq səviyyəli layihələrin həyata keçirilməsində önəmli olduğunu bildirərək demişdir: “Azərbaycanın bütün məsələlərdə beynəlxalq hüququn aliliyi prizmasından çıxış etməsi dünya dövlətlərinin Azərbaycana inamını, etimadını artırır”.

 Qeyd etdiyimiz kimi, Azərbaycanda seçkilərin demokratik və şəffaf, beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıqda hazırlanmış və müasir demokratik seçki prinsip və normalarını özündə əks etdirən mükəmməl hüquqi baza vardır. Onu da qeyd edək ki, bu gün dünya birliyində demokratik sənəd kimi tanınan Azərbaycan Respublikasının Seçki Məcəlləsinin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilmişdir. Seçkilərdə iştirak edən namizədlərə siyasi mənsubiyyətinə və həyatda tutduğu mövqeyə görə heç bir ayrı-seçkilik qoyulmur. Bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edənlərin müxtəlif siyasi partiyalara mənsubluğu da bundan xəbər verir. 13 avqust tarixinə olan məlumata görə artıq 12 nəfər prezident seçkilərində iştirak etmək üçün rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib. Onlar arasında müstəqil namizədlər də var. MSK-ya sənəd təqdim edənlərdən altısı artıq namizəd kimi qeydiyyata alınıb. Namizədlərini irəli sürənlər sırasında Yeni Azərbaycan Partiyası ilə yanaşı Azadlıq Partiyası, Ümid Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyasının nümayəndələri, həmçinin, müstəqil namizədlər də var. Seçkilərdə iştirak edənlərə yaradılan əlverişli şəraitdən hətta radikal mövqedə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər, hüquq müdafiəçisi Vidadi İsgəndərli, KXCP sədri Mirmahmud Mirəlioğlu, “REAL” Hərəkatının sədri İlqar Məmmədov, “Milli Şura”nın üzvü Eldar Namazov da yararlanmaq fikrindədirlər. Onlar üçün də heç bir maneə yoxdur.

Göründüyü kimi, bu ilin payızında keçiriləcək prezident seçkilərinə namizəd kimi qatılmaq istəyənlər üçün heç bir problem yoxdur. Bu da ölkəmizdə seçkilərin azad və ədalətli keçirilməsinə yaradılan demokratik şəraitin nəticəsidir. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə azad və ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün həmişə böyük siyasi iradə nümayiş etdirib. Ölkə başçısının imzaladığı 11 may və 24 oktyabr 2005-ci il tarixli fərmanlar seçki kampaniyasının daha şəffaf, azad və ədalətli, obyektiv şəraitdə keçirilməsi istiqamətində ortaya qoyulmuş yüksək siyasi iradə idi. Həmin fərmanlara əsasən, 2005-ci ildən bəri ölkəmizdə keçirilən bütün seçkilərdə seçicilərin barmaqları gözlə görünməyən mürəkkəblə işarələnir. Bu da bir seçicinin təkrar səs verməsinin qarşısını alır, obyektiv və demokratik seçki keçirilməsi üçün əlverişli şərait yaradır. Həmçinin, bu zəruri və əhəmiyyətli sənədlərdə seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramların hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın həyata keçirilməsi, seçki prosesinə qanunazidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının hüquqi məsuliyyətə cəlb edilməsi, namizədlərin televiziya kanallarında bərabər əsaslarla təbliği və siyasi platformalarının müzakirəsini təmin edən proqramların hazırlanması, bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər təbliğ imkanlarının yaradılması, ixtisaslaşmış ictimai rəyçilər tərəfindən “exit-poll” prosesinin aparılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmini, seçici vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq, dürüst tərtibi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər əksini tapmışdır.

Bu il keçiriləcək prezident seçkilərində şəffaflığın təmin olunması üçün bütün imkanlardan istifadə ediləcək. Əgər ötən seçkilərdə məntəqələrin cəmi 10 faizində seçkilərin gedişini internet vasitəsilə izləmək mümkün idisə, builki prezident seçkilərində bu rəqəm 20 faizə çatdırılacaq. Səsvermə kabinələrinə quraşdırılmış veb-kameraların sayı isə seçkidən-seçkiyə daha da artırılır.

 Mərkəzi Seçki Komissiyası tərəfindən dairə və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar artıq başa çatmışdır. Belə kurslar seçki ərəfəsində komissiya sədrləri üçün maarifləndirmə sahəsində çox əlverişli hesab edilir. Bu kurslar Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.

Artıq seçici siyahıları tərtib olunmuş, prezident seçkilərində iştirak edəcək seçicilərin sayı dəqiqləşdirilmişdir. Onu da qeyd edək ki, seçici siyahılarının dəqiqləşdirilməsi də xüsusi diqqətdə saxlanılan məsələlərdəndir. Azərbaycanda seçici siyahılarının tərtibi bir çox Avropa ölkələrindəki prosedurdan müsbət mənada fərqlənir. Əksər xarici ölkələrdə seçkilərdən əvvəl seçici siyahısına düşmək üçün vətəndaşın özü müraciət etməlidir. Əgər həmin ölkələrdə seçici müəyyən olunmuş vaxtda seçici siyahısına düşməsə, bu, sonradan mümkün olmayacaqdır. Azərbaycanda isə seçici siyahıları davamlı olaraq yenilənir. Hətta Seçki Məcəlləsinə görə, seçici səsvermə günü şəxsiyyət vəsiqəsini təqdim etməklə adını siyahıya əlavə edə və səs verə bilir. Belə halların ötən seçkilərdə tətbiq olunması beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilmişdir.

 Sonuncu prezident seçkilərinin gedişini izləmiş beynəlxalq müşahidəçilərdən bir neçəsinin rəyini təqdim etməklə ölkəmizdə azad və ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün yardılan şəraitin beynəlxalq aləmdə də yüksək dəyərləndirildiyinin şahidi olarıq. Prezident seçkilərini müşahidə edən MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev müşahidəsi əsasında yüksək seçici aktivliyinin olması qənaətinə gəlib. O, ümumilikdə seçkinin gedişini müsbət qiymətləndirərək deyib: “Açığını deyim, heç kəsdən iradlar eşitmədim. Seçki çox sakit və tam təşkil olunmuş halda keçmişdir. Seçicilər aktivlik nümayiş etdirdilər. Biz, hətta, seçki məntəqələrinin qarşısında növbə də gördük. Çoxları, hətta, uşaqlarla gəlmişdilər. Mən deyərdim ki, seçicilərdə əsl bayram əhval-ruhiyyəsi var idi”. “Azərbaycanda keçirilən prezident seçkiləri olduqca yaxşı təşkil olunmuşdur” - deyən MDB Müşahidə Missiyasının Ukrayna Regionlar Partiyasının üzvü İvan Popesku məntəqələrdə veb-kameraların quraşdırılmasını, seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsini və s. amilləri ölkədə ədalətli seçkilərin keçirilməsinə xüsusi diqqət yetirilməsi kimi qiymətləndirmişdir. MDB-nin Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotovun da rəyi müsbətdir. “Azərbaycandakı seçkilər çox şəffafdır, proses olduqca sakit keçmişdir. Bu sakitlik ölkə üçün yalnız müsbət bir amildir, buradakı sabitliyin göstəricisidir. Seçkilər azad və ədalətli keçirilmişdir” - deyən M.Krotov qeyd edib ki, təkcə səsvermə günü deyil, ümumiyyətlə, seçki prosesinin gedişində qanunun bütün tələblərinə riayət olunmuşdur: “Rəqabətli seçkilər keçirildi, yaradılmış şərait isə ideal idi. Azərbaycan hətta digər ölkələrə demokratiya dərsi keçə bilər”. ATƏT-in sabiq sədri, Bolqarıstanın keçmiş xarici işlər naziri Solomon Passi də seçki prosesini izləyib. O, Azərbaycanda keçirilən seçkiləri bütün Avropa dövlətlərində keçirilən seçkilərlə müqayisə edərək deyib ki, Azərbaycan bu sahədə irəliyə doğru qətiyyətli addım atıb. Onun qənaətinə görə, seçkilər son dərəcə yüksək səviyyədə keçirilmişdir. Seçki məntəqələrində səsvermənin təşkili və seçkilərin gedişi ilə bağlı heç bir problemə rast gəlməmişəm. Seçkilərdə şəffaflıq yüksək səviyyədə təmin olunmuşdur.

Belə faktlar istənilən qədərdir. Bütün bunlar ölkəmizdə keçirilən seçkilərin Avropa standartları səviyyəsində olmasından xəbər verir. Ümid edirik ki, bu il keçiriləcək prezident seçkiləri ilə Azərbaycan özünün müstəqillik tarixində daha bir demokratik iz qoyacaq.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında