Ermənistan indi də narkomaniya və brusellyoz xəstəliyinin əlində əsir-yesir qalıb

“Qarabağ məsələsini ortaya atıb Ermənistanı çıxılmaz bəlalara  salan xəstə təxəyyüllü  erməni ideoloqları  və onların Avropadakı  qeyri-sağlam havadarları sözün həqiqi mənasında bu Qafqaz ölkəsini bəlalar girdabına yuvarladıblar.

Bu məsələnin gündəliyə gətirilməsindən sonra Ermənistan nəinki ildən-ilə, hətta, aydan-aya geriləyir. Iqtisadiyyat məhv olur, cəmiyyət çürüyür, xəstəliklər meydan oxuyur, insanlar ölkədən baş götürüb qaçırlar. Çıxış yolu tapacaq bir insanın mövcudluğuna isə inanan yoxdur”. Bu acınacaqlı etirafın müəllifi - bugünkü erməni müxalifətinin təmsilçisi Karen Sumbatyan özünün və ölkəsinin düşdüyü vəziyyətdən elə sarsılıb ki, indi daha Serj Sarkisyanın devrilməsində də bir məna görmür : “Kim gələcək? Ermənistanın yaraları sağalacaq yaralardırmı?”

“Novosti - Armenii” Beynəlxalq İnformasiya Agentliyi yazır ki, Ermənistanın dərdlərini dilə gətirənlərin özləri də dərdə düşüblər . Söhbət erməni jurnalistlərindən gedir.  “Söz Azadlığını Müdafiə Komitəsi”nin sədri Aşot Məlikyan  öz hesabatında yazır ki,  Ermənistanda  mətbuata qarşı törədilən fiziki təzyiqlər, jurnalistlərin döyülməsi,  söyülməsi, dövlətin KİV -ə münasibətinin dözülməz halda olması, jurnalistlərin informasiya  əldə etmək hüququnun ayaq altına atılması və bu kimi digər məsələlər bu ölkənin mətbuatını çıxılmaz vəziyyətə salıb. Odur ki, indi Ermənistan cəmiyyəti mətbuatdan kömək gözləməyi tamamilə absurd bir məsələ hesab edir.

Adı çəkilən agentliyin həyəcanla qələmə aldığı başqa bir məlumatda isə bildirilir ki, bu ölkənin bəlaları az imiş kimi bir tərəfdən də heyvan xəstəliyi olan brusellyoz Ermənistanı öz amansız cənginə alıb. “Novosti - Armenii” xəbər verir ki ,  Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə son iki gündə təkcə Kotayk vilayətində 12 nəfər brusellyoz xəstəliyi ilə nəzarətə götürülüb.  Fantan, Qarni, Crvej, Zar və Kaputan kəndlərində vəziyyət daha çox həyəcan yaradır. İnsanların brusellyoza yoluxduğu barədə xəbərlər çoxaldıqca  ölkədən qaçanların sayı da saatbasaat artır.  Dövlət Ərzaq Təhlükəsizliyi Xidməti Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ölkədəki xəstəlik mənbələrini dəqiqləşdirmək üçün yollar axtarır. Bu yolların tapılması mümkün olsa da, tərtib olunan layihələrin həyata keçirilməsi maliyyə çatışmazlığı ucbatından mümkünsüz hesab olunur.

“Novosti- Armeni” xəbər verir ki, brusellyoz bu ilin fevralında da Ermənistanı sınağa çəkmişdi. O zaman təkcə Syunik vilayətinin Squk kəndində 15 adam bu heyvan xəstəliyinə tutulmuşdu. Agentliyin fikrincə dövlət orqanlarının qışda əsaslı tədbirlər reallaşdıra bilməməsinin nəticəsidir ki, brusellyoz ölkəni yenidən öz əsarəti altına alır. Mütəxəssislərin fikrincə bədənin müxtəlif orqanlarını və sistemlərini sıradan çıxardan brusellyoz insana ev heyvanlarından keçir. Bunun qarşısının alınması üçün çox sadə üsullar var. Erməni ekspertin fikrincə əhalini təkcə brusellyozdan deyil, eləcə də istənilən bəladan qurtarmaq üçün dövlətin iradəsi, ayrı-ayrı təşkilatların isə maddi vəsaiti olmalıdır.  Bu bir faktdır  ki, bu gün Ermənistanda onların heç biri yoxdur.

Agentlik bu  xəbərdən bir gün sonra isə yazır ki, bugünkü Ermənistanın əsas problemlərindən  biri də narkomaniyanın qarşısıalınmaz bəlaya çevrilməsidir. Agentliyin “Real dünya - real insanlar” İctimai Birliyinin sədri Ovanes Madoyana istinadən verdiyi məlumatda göstərilir ki, bu ölkədə ədalətli məhkəmə sistemi olmadığına görə narkomanlar hamıdan, xüsusən, polisdən qorxur və həkimə müraciət edə bilmirlər. Bu isə çox ağır nəticələr verir. Madoyanın hesabatında göstərilir ki, bu gün Ermənistanda  əhali azalsa da, narkomanların sayı çoxalır:  “Bu gün ölkəmizdə 12 min 700 narkoman olsa da, onlardan cəmi 300 nəfəri dövlət tibb müəssisələrindən tibbi yardım və medikamentlər ala bilir”.  Ermənistan Narkoloji Dispanserinin son məlumatında isə bildirilir ki, təkcə bu ilin iki rübündə 4332 narkoman qeydə alınıb və onların arasında qadınların ötən illərlə müqayisədə daha çox olması dövləti xüsusilə narahat etməlidir.

Amma, deyəsən Ermənistan dövlətinin bu barədə nə xüsusi, nə də ümumi bir naratlığı var. İrəvan rəsmilərini ancaq və ancaq kimlərisə talan eləmək, var-dövlət toplamaq məsələsi maraqlandırır.

 

İttifaq  MİRZƏBƏYLİ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında