Rüstəm İbrahimbəyovun jurnalistləri qapazlaması “görünməz aylara, illərə qaldı...”

Çünki “Milli Şura”nın sonuncu iclasındakı qarşıdurma və fikir ayrılığı bu qurumun iflasını daha da yaxınlaşdırdı

Allah Mirzə Ələkbər Sabirə min rəhmət eləsin. Mirzə bu qəbildən olan hadisələrin şahidi olanda yazmışdı ki, “Mən deyən oldu, olmadı?” İndi bu yazı lap yerinə düşür.

Dağıdıcı müxalifətin “İctimai Palata”sı,  reneqat Eldar Namazovun “El” hərəkatı və antimilli dairələrin Azərbaycanda yaratdığı “Milli Şura” ərsəyə gələndə bu sətirlərin müəllifi son 20 ildə görüb-götürdüyü təcrübə əsasında yazmışdı ki, bu qurumlar  da müxalifətin əvvəlki qurumları kimi tezliklə tarixin arxivinə gedəcək.  Həmin fikirləri mən və bəzi həmkarlarım yazsaq da, əslində ölkə əhalisinin 95 faizdən çoxu bu fikirdə idi. Sadəcə hamının əlində qələm olmadığına görə  biz yazmışdıq. Üstəlik, necə yazmışdıqsa, eləcə  də oldu.  Bir sözlə, “Milli Şura”nın fatihəsinin veriləcəyi gün uzaqda deyil. Amma...onun beşiyi başında olduğu kimi yastığı başında da azərbaycançılığa, türkçülüyə və müsəlmançılığa yad ünsürlərin durması onlar üçün oxunacaq hansısa ayəni də mümkünsüz edir.

Qərəz... “Milli Şura” Tbilisidə - nersesyanların ocağı başında yığışıb ağız dolusu danışdıqları sessiyanı tamamilə məzmunsuz nəticələrlə başa vuranda  utopik düşüncəlilərdən kimsə demişdi ki, bu tədbir Bakıda keçirilsəydi,  mütləq uğurlu nəticələrimiz olardı. Bəlkə həmin adam da bu şuranın hansısa uğuruna inanmırdı. Sadəcə İbrahimbəyovun Bakıya gəlməsinə nail olmaq üçün yeni-yeni priyomlar axtarırdılar. Qoca rejissor “milli”nin priyomuna düşməyəcəyini sübut etdi və Bakıya gəlməkdən birdəfəlik vaz keçdi. O, öz doğma ölkəsinə gəlməsə də, zorən silahdaş olduğu adamlar  “Milli Şura”nın sessiyasını  Tbilisidən Azərbaycan paytaxtına daşıya bildilər və...daşıdıqlarına peşman oldular. Çünki,  Tbilisidə olduğu kimi Bakıda -  xalis müsəlmanların ocağı başında da “Milli Şura”nın iclası sözün həqiqi mənasında üç qara qəpiyə dəyməyən qərarlarla - bir az da ədalətli desək, heç bir qərarsız başa çatdı. İclasdan əvvəl isə bir neçə gün idi ki,  “bu sessiya daha möhtəşəm nəticələrlə yadda qalacaq”, “müzakirələr çox uğurlu keçəcək”, “ikinci vahid namizəd mütləq seçiləcək” kimi cəfəng bəyanatlar aləmi başına götürmüşdü.  Bəs nə oldu? İsa Qəmbər ölmüşdümü ki, o qala-qala Əli Kərimli ikinci vahid namizəd ola. Bu, kimisə güdaza vermək deyil ki, Əli Kərimli yaxşı bacara. Bu, tor qurmaq, fitnə-fəsad törətmək, heç nədən intriqa yaratmaqdır ki, bunun da  ölkədə ən “kamil uzmanı” məhz İsa Qəmbərdir. Əli Kərimli bu məsələdə Müsavat başqanının qabağında söz deyə bilməz.

“Milli Şura”nın Əli Kərimlini ikinci vahid namizəd seçmək üçün ( bu məzmunda Rüstəm İbrahimbəyovun leninsayağı yazdığı “uzaqdan məktublar”ı da mövcud idi) toplaşdığı ünvan da təsadüfi seçilməmişdi. Çünki Azərbaycan müxalifətinin mövcud olduğu bütün dövrlərdə didişən iki dəstə rəhbərinin - İsa Qəmbərlə Əli Kərimlinin  münasibətləri elə gündədir ki, onların arasındakı atəşkəsin hər an pozulacağı gözlənilir. Onların münaqişəsi isə təbii ki, hərəsinin arxasınca gedən bir neçə yüz adamın qarşı-qarşıya gəlməsiylə nəticələnə bilər. Ona görə də  kimsə bu münaqişədən qaçmaq üçün müxalifətin daha mülayim bir nümayəndəsinin - Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun ocağının başına yığışmağı məqsədəuyğun hesab etmişdi. Toplantının bu məkanda keçirilməsi Əli Kərimlinin əliylə  bir neçə  yerə parçalanmış Azərbaycan Xalq Cəbhəsinin  “Milli Şura”da təmsil olunan funksionerlərini İsa Qəmbərə qarşı birləşdirə bilərdi. Ancaq “sən saydığını say” - deyiblər. İsa Qəmbər olan yerdə hansısa birləşməkdən söhbət gedə bilməz. Necə ki, adı çəkilən qurumun sonuncu iclasında da bu mümkün olmadı.

Indi biz İsa Qəmbərlə Əli Kərimlinin sonu görünməyən qarşıdurma və didişməsini yada salırıq. Ancaq yada salınmalı başqa bir məqam da var. Belə ki,  adı çəkilən bu iki simanın rəhbərlik etdiyi partiyalar ölkə müxalifətinin radikal, bir çox hallarda isə dağıdıcı qanadı kimi tanınır. Ancaq son zamanlar ölkə müxalifətinin daha eybəcər, hətta, monstrvari bir qanadı  da yaranıb . Yeri gəlmişkən,  dünən dünyanın az qala bütün elektron resurslarında dəhşətli  ( və şəkilli) bir xəbər verilmişdi. Cənubi Asiya ölkələrindən birində 105 yaşlı qadının buynuzları çıxırmış. Şəkildə buynuzun birinin tam hazır olduğu görünürdü. Qərəz, bizim 20- 25 yaşlı müxalifətimizin də bu yaşda daha eybəcər və  daha dəhşətli qanadı peyda olur . İndiyə qədər dağıdıcı (radikal)  və mülayim qanadlarıyla bir tərəfə çıxa bilməyən Azərbaycan müxalifəti son iki ildə özünün ermənipərəst, bir qanadı ilə çabalayır.  Bəli, məhz çabalayır.  Çünki Maksim Qorkinin yazdığı kimi sürünmək üçün yarananlar uça bilməzlər. Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli və Eldar Namazov ( bir çox hallarda bu qanadın altında Rəsul Quliyevin də imzası görünür) kimi adamlar sözün həqiqi mənasında  Azərbaycan müxalifətini süründürür, mənasız və məzmunsuz yerə  çabaladırlar. Onlar İsa Qəmbəri də, Əli Kərimlini də açıq-açığına sıxışdırırlar ki, ermənilərin diqqətini daha çox çəksinlər.

Adı çəkilən adamlar “Milli Şura”nın sonuncu iclasında da çox orijinal bir oyun oynadılar. Rüstəm  İbrahimbəyovun və Eldar Namazovun “kurasiyasında olan” adamlar həm İsa Qəmbərin, həm Əli Kərimlinin, həm də onların marağından kənarda olan professor Cəmil Həsənlinin namizədliyinin qəbul edilməsinə açıqcasına mane oldular ki, bu da son nəticədə ermənilərə mesaj vermək idi: biz öz bildiyimizi və sizin istədiyinizi edirik.

Əlbəttə, öz bildiklərini edə bilməzlər. Çünki onların bildikləri elə bura qədər idi. Biri xaricdə, biri daxildə olmaqla hərəkat da yaratdılar, şura da, biri xaricdə , bir neçəsi daxildə olmaqla toplantı da keçirdilər, sessiya da. Nəticədə qazancları o oldu ki, İctimai Palata deyilən qurumu tarixə göndərdilər və indi özlərinin yolu o tərəflərə - tarixin arxivlərinə doğrudur. Yeri gəlmişkən, mən bir dəfə yazdım ki, xalq bu adamları tezliklə tarixin arxivinə göndərəcək. “Səs” qəzetindən olan həmkarımız öz yazısında etiraz etdi ki, tarixin arxivinə göndərilmək onlar üçün çox böyük etimaddır. Onda mən əlavə etmişdim: həmin arxivdə Koroğlu da var, at oğrusu keçəl Həmzə də. Yetər ki, xalq hamını yaxşı tanısın və öz adıyla çağırsın.  Şükür ki, xalq hamını yaxşı tanıyır və öz adı ilə çağırır. Kimin dəstəklənməli, kimin kötəklənməli olduğunu xalqa heç kəs öyrədə bilməz.  O ki, qaldı Rüstəm İbrahimbəyovun gəlib biz jurnalistləri  qapazlaması məsələsinə, şəxsən mən artıq o təhlükəni qətiyyən hiss etmirəm. Çünki İbrahimbəyov doğulub böyüdüyü şəhərə gələ bilmirsə, onda hakimiyyətə necə gələcək ki, jurnalistləri də çağırıb öz iqamətgahında qapazlaya. Onun başqa ölkələrdəki ofis və iqamətgahlari  isə  bizlik deyil. Oralara yolu düşən “milliləri” qapazlaya bilər. Necə ki, jurnalistləri qapazlayacağını deyəndən sonra “Milli Şura” üzvlərini də həmin cəza ilə hədələmişdi. Görəsən, indi həmin sözlərə görə xəcalət çəkirmi?

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında