“Milli Şura” üzvlərinin çoxdan və çox şey gözlədikləri qeybət toplantısı nəhayət ki, dünən baş tutdu. Radikal müxalifət ümidlərini bu tolantıya bağlamışdı. Onlara elə gəlirdi ki, artıq bu dəfə kinorejissor Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi barədə yekdil qərara qəlinəcək və onun sənədləri MSK - ya təqdim olunacaq. Ancaq bu dəfə də istəklərinə nail ola bilmədilər. Çünki bu qondarma quruma toplaşanların əksəriyyəti müxtəlif anti - Azərbaycan dairələrin agentləridir. Ona görə də neçə vaxtdır ki, ümumi qərara gələ bilmirlər.
Antimilli Şuranın hər bir üzvü ciddi - cəhdlə çalışır ki, ona himayədarlıq edənlərin sifarişlərini yerinə yetirsin. Ona görə də üç aya yaxındır ki, “Milli Şura” üzvləri bir yerə toplaşır, mübahisə edir və bir - birilərini didişdirə - didişdirə dağılışırlar.
Radikal müxalifət nümayəndələrinə elə gəlirdi ki, avqustun 12 - də keçirdikləri toplantıda konkret qərara gələcəklər və qəbul edəcəkləri qərarlar onların düşdüyü böhranlı və son dərəcə gərgin vəziyyəti dəyişdirəcək. Ancaq bəlli olduğu kimi, heç nə dəyişmədi. Artıq radikal müxalifətin bütün simalarının ermənilərlə və antimilli dairələrlə əməkdaşlığı üzə çıxır. Qarşıdan gələn prezident seçkilərində ümidlərini xalqa yox, xarici himayədarlarına bağlayanların iç üzü hamıya bəlli olur. Belələrindən biri də Milli Məclisin sabiq sədri Rəsul Quliyevdir. Sən demə, sabiq sədr də prezidentlik iddiasında imiş. Bu xəbəri eşidən sadə insanlar da təəccübünü gizlədə bilmirlər. Axı, Rəsul Quliyev 1993 - cü ilin noyabrından 1996-cı il sentyabrın 11-ə qədər ali qanunverici orqana sədrlik edib. Məgər bilmirmi ki, son 10 ildə Azərbaycanda yaşamayanların prezidentliyə namizədliyinin irəli sürülməsi qanunlarımıza ziddir? Rəsul Quliyevin 1996 - cı ildən bu günə kimi ABŞ-da yaşaması hamıya məlumdur. 17 il Azərbaycanda yaşamayan R.Quliyevin prezident seçkilərinə namizəd kimi qatılmaq istəyi onun Seçki Məcəlləsindən bixəbər olmasının nəticəsidr. Kim bilir, bəlkə də elə Milli Məclisin sədri olan zaman da başı neft və neft məhsulları alverinə qarışdığından qanunvericilik aktları ilə mükəmməl tanış ola bilməyib. Belə olmasaydı, heç olmasa, prezident seçkilərinə qatılmaq üçün qanunvericilik aktlarının qarşıya qoyduğu tələblərdən xəbərdar olmalı idi. Ən azından Seçki Məcəlləsini oxumalı idi.
Rəsul Quliyev hələ də bilmir ki, Azərbaycanda seçki xalqın iradəsi əsasında keçirilir. Seçicilər ən layiqli namizədə səs verməklə ölkə başçısını seçir və öz müqəddəratını həll edirlər. Düzgün və düşünülmüş seçki xalqın, dövlətçiliyin uğurlu gələcəyinin əsasını qoyur. Xalq bu seçimlə öz gələcəyini də müəyyənləşdirir. Ona görə də seçkilərə qatılan hər bir namizəd ilk növbədə xalqa arxalanmalıdır. Təəssüflər olsun ki, Rəsul Quliyev ümidlərini xarici ölkələrə və bir vaxtlar alver etdiyi şəxslərə bağlayıb. İndi onlara yalvarıb - yaxarır ki, məni dəstəkləyin, sonra sizin xəcalətinizdən necə lazımdırsa, çıxacağam. O, bir vaxtlar Milli Məclisə sədrlik edərkən üzünü radikal müxalifətə tutub deyərdi:"Ay bədbaxtlar, nə düşmüsünüz bu beynəlxalq təşkilatların dalına. Azərbaycanda seçkini onlar keçirmir. Xalq sizi qəbul etmirsə, yıxılın oturun yerinizdə. Ay bədbaxtlar, birdəfəlik bilin ki, xalqın dəstəyi olmasa, heç bir beynəlxalq təşkilat sizi deputat seçdirə bilməyəcək". İndi Rəsul Quliyevin özü həmin o “bədbaxtların” cərgəsinə qoşulub.
Sən demə, R.Quliyev neçə vaxt imiş ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə qatılmaq üçün özünə arxa—dayaq axtarırmış. Özü də Azərbaycanda yox, kənar ölkələrdə. Onun bu il iyunun 17-də imzası ilə təsdiqlədiyi məktubu ortalığa çxıb. Bu barədə Ukraynanın “Kievskaya xronika” qəzeti “Radio Svoboda”ya (“Azadlıq radiosu”) istinadən məlumat yayıb. Hətta, Azərbaycanın eks-spikeri Rəsul Quliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrova yazdığı müraciətin foto surətləri də elektron kütləvi informasiya vasitələrində dərc olunub. Rusiyalı nazirə ünvanlanmış məktubunda R.Quliyev rəsmi Moskvadan açıq mətnlə siyasi dəstək istəyir və onunla məxfi, yaxud da, rəsmi qaydada görüş xahişini çatdırır. Məktubda özünü “Azərbaycan müxalifətinin lideri” kimi təqdim edən R.Quliyev “prezident seçiləcəyi təqdirdə” Rusiya ilə ən yüksək səviyyədə münasibətlər qurulacağını bildirib. Müraciətin ən diqqət çəkən məqamı isə bundan ibarətdir ki, R.Quliyev prezident seçiləcəyi halda, Qarabağ münaqişəsinin həllində Rusiyanın maraq və tövsiyələrindən çıxış edəcəyini diqqətə çatdırıb.
Göründüyü kimi, əgər R.Quliyev prezident seçilərsə, özünün dediyi kimi, ilk növbədə digər ölkələrin vətəndaşlarının taleyi ilə maraqlanacağını, ona himayədarlıq edənlərin xəcalətindən əməlli - başlı çıxacağını vəd edib. Xalqımızın ən yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərimizin azad olunmasında kimlərinsə sifarişlərini yerinə yetirəcəyini bildirib. Əgər onu “prezident seçdirənlər” desələr ki, Azərbaycanın ərazilərindən bir neçə faiz də ermənilərə pay ver, Rəsul Quliyev bu sifarişi can - başla yerinə yetirəcək. Çünki prezident seçkiləri ərəfəsində kimlərinsə qarşısında öhdəliklər götürməyə hazır olduğunu bəyan edib. Bunu rusiyalı nazirə ünvanlanmış məktubunda da etiraf edir.
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət etməzdən əvvəl Rusiyanın ABŞ-dakı səfiri ilə görüşüb. Bu görüşü zamanı daha hansı vədlər verdiyini özü yaxşı bilir. Hər halda ona göstərilən köməyin əvəzində bütün sifarişləri vaxtında yerinə yetirmək əsas vədlərdən biridir. Prezident seçkiləri ərəfəsində dağıdıcı müxalifət nümayəndələrinin kömək üçün xarici ölkələrə üz tutmaları başa düşüləndir. Axı, Azərbaycanda onlara dəstək verən, inanan, etimad göstərən, ümid edən yoxdur.
R.Quliyev gizli əlaqələrinin ortaya çıxdığını görən kimi dərhal hay - həşir salaraq bunun yalan olduğunu “sübut etməyə” çalışıb və guya prezident seçkiləri ərəfəsində kimlərinsə ona böhtan atdığını iddia edib. Hətta, Rusiyanın ABŞ-dakı səfiri ilə belə bir görüş keçirmədiyini və Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə müraciət etmədiyini deyib. Ancaq onun yazdığı, imzası ilə təsdiqlənmiş məktubunun fotosurəti yayıldıqdan sonra hər şeyi etiraf etmək məcburiyyətində qalıb.
Milli Məclisin sabiq sədri etiraf edib ki, bu vaxta qədər ABŞ və Avropa ölkələrinin liderlərinə də çoxsaylı məktublar yazıbmış. Hətta, özü əqidədə olan dağıdıcı müxalifət funksionerlərinə də mesaj göndərərək onlara “tövsiyə”lər də verib:"Ümumiyyətlə yaxşı olardı ki, birləşmiş müxalifət bir daha xarici ölkələrin başçıları, o cümlədən Rusiya rəhbərliyinə təcili müraciət etsin, azad seçkiləri dəstəkləmələrini xahiş etsinlər". Ancaq müraciət etdiyi ölkələrdən R.Quliyevə bildirilib ki, heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmağa hüququ çatmır.
Görünür, R.Quliyev unudur ki, onun həmfikirləri olan AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər də öz məkrli niyyətlərinə çatmaq üçün zaman - zaman xarici himayədarlarından kömək istəyiblər. Bəlkə də Rəsul Quliyevin yadından çıxıb. Ona görə də dağıdıcı müxalifət nümayəndələrinin bəzi gizli görüşləri barədə ona da məlumat verməyi zəruri hesab edirirk. Bir neçə il əvvəl AXCP sədri Əli Kərimli Ruslan Bəşirli adlı gənc bir oğlanı aldadaraq Tbilisiyə ermənilərlə görüşə göndərmiş, Azərbaycanda dövlət çevrilişi etmək üçün düşmənlərimizdən maddi yardım istəmişdir. Ondan bir qədər sonra Müsavat Partiyasının rəhbəri İsa Qəmbər Erməni Ümummilli Hərəkatının rəhbəri Aram Manukyanla Almaniyada görüşmüş, hakimiyyətə gəlmək üçün ondan kömək istəmişdir. Hazırda “Milli Şura”nın sədri və prezidentliyə vahid namizəd, kinorejissor Rüstəm İbrahimbəyov seçki ərəfəsində xarici ölkələrdəki erməni lobbisi və ermənipərəst dairələrlə görüşür, onların çirkli pulları hesabına hakimiyyətə gəlmək istəyir. O da Rəsul Quliyev kimi vədlər verir, erməniləri inandırır ki, Dağlıq Qarabağ münaqişəsini onların istədiyi şəkildə həll edəcək.
Göründüyü kimi, radikal müxalifət nümayəndələrinin bütün simalarının erməni lobbisi və antiazərbaycan dairələrlə sıx əməkdaşlığı, qarşıdan gələn prezident seşkilərində onlara ümid etmələri, arxalanmaları üzə çıxır. Belə xəyanətkarlar həmişə xalqdan “yox” cavabı alıblar və bundan sonra da alacaqlar.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.