Ermənilər Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyirlər

Qriqori AYVAZYAN: İbrahimbəyovun Bakıya qayıdışı və prezident seçkilərində iştirakına nail olmaq üçün mümkün olan hər şeyi etmək barədə qərar qəbul olunub

“Milli Şura”nın vahid namizədi, kinorejissor Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinasının rəsmiləşdirməsi ilə bağlı problemlərin həllini tapmaması artıq təsdiq olunmaqdadır. Çünki AXCP sədri Əli Kərimli və onun dəstə üzvləri müxalifətin alternativ planla çıxış etməsi zərurətinin yarandığını etiraf etmək məcburiyyətində qalıblar. Uzun müddətdir ki, müzakirə predmetinə çevrilən “Milli Şura”nın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun Bakıya gəlmək istəməməsi barədəki proqnozlar artıq reallığa çevrilib. Bundan istifadə edən Müsavat Partiyasının başqanı İsa Qəmbər və onun tərəfdarları fəallaşmağa başlayıblar. Artıq İ.Qəmbər müxalifətin vahid namizədi kimi sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır. Bundan xəbər tutan və “Milli Şura”nın maliyyə mənbəyi olan erməni lobbisi kinorejissor İbrahimbəyovun müdafiəsinə qalxıb.

Artıq ermənilər də Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini dəstəklədiklərini bəyan ediblər. Azərbaycan Erməniləri Assambleyasının sədri Qriqori Ayvazyan avqustun 8-də Yerevanda keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. Ermənistanın news.am saytının yaydığı məlumatda bildirilir:

Q.Ayvazyan mətbuat konfransında deyib ki, Azərbaycan müxalifətinin Tbilisidə keçirdiyi görüş zamanı Rüstəm İbrahimbəyovun Bakıya qayıdışı və qarşıdan gələn prezident seçkilərində iştirakına nail olmaq üçün mümkün olan hər şeyi etmək barədə qərar qəbul olunub. Q.Ayvazyan vurğulayıb ki, ermənilər Azərbaycan müxalifətinin bu qərarının tərəfdarıdır və biz müxalifətin lideri olan İbrahimbəyovla əməkdaşlığımızı davam etdirəcəyik.

Ayvazyan bildirib ki, İbrahimbəyovun qarşılaşdığı problemin aradan qaldırılması üçün bütün imkanlardan istifadə olunacaq və sonda ümumi problem Moskvada keçiriləcək görüşdə müzakirə olunacaq. Azərbaycan Erməniləri Assambleyasının məqsədi barədə açıqlama verən Q.Ayvazyan deyib ki, bizim əsas planımız ermənilərin bütün siyasi və maddi hüquqlarının bərpa edilməsidir. Buna isə yalnız Rüstəm İbrahimbəyovun ölkəyə rəhbərliyindən sonra nail ola bilərik. Ona görə də var qüvvəmizlə kinorejissorun prezidentliyə namizədliyinin təsdiqlənməsi yolunda mübarizə aparacağıq.

 Azərbaycan Erməniləri Assambleyasının sədri Qriqori Ayvazyanın bu açıqlamasından sonra “Milli Şura” üzvləri seçkilərə Rüstəm İbrahimbəyovla getməyə daha çox can atırlar. Ancaq İbrahimbəyov prezident seçkilərinə qatılmaq fikrində deyil. O, Rusiya vətəndaşlığından imtina etməsinin təsdiqlənməsinin uzun vaxt aparacağına işarə edərək “Milli Şura”ya ünvanladığı məktubda konkret olaraq bildirib: “Təklif edirəm ki, hər ehtimala qarşı bir neçə tanınmış, hörmətli şəxsin namizədliyi irəli sürülsün”.

“Milli Şura”nın sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyov qondarma quruma göndərdiyi müraciətdə yazır ki, Azərbaycanda prezident seçkiləri gününə iki aydan az vaxt qalıb. Rusiya vətəndaşlığından çıxmaqla bağlı qərarın alınması prosesinin sürətlənməsi üçün bütün səylərimi göstərirəm. Qeydiyyatıma mane olan əngəllərin aradan qaldırılmasının digər yolları da var. Bu məsələ ilə beynəlxalq hüquqşünaslar qrupu məşğuldur. Bununla belə, vahid namizədin qeydə alınmamaq təhlükəsini nəzərə alaraq “Milli Şura”ya daxil olan siyasi partiyalar, hərəkat və təşəbbüs qruplarından seçki prosesində iştirak etməyə hazır olan daha bir neçə namizədin irəli sürülməsini doğru hesab edirəm. Ermənipərəst kinorejissor yenə də xarici himayədarlarına arxalandığını gizlətmir və deyir ki, yalnız bu halda beynəlxalq qüvvələrin dəstəyinə ümid etmək olar.

Artıq tanınmış ekspert və hüquqşünaslar da Rüstəm İbrahimbəyovun Bakıya gəlməyəcəyinə tam əmin olduqlarını bildiriblər. Məsələn, vəkil Adil İsmayılov deyib ki, Rüstəm İbrahimbəyov nə Azərbaycana gəlmək, nə də prezident seçkilərində iştirak etmək istəyir. Hətta o, vahid namizədin vətəndaşlıqdan imtina ilə bağlı sənədlərini müvafiq qurumlara təqdim etdiyinə şübhəm var.

 Bu arada Rüstəm İbrahimbəyov yenidən ermənilərin müdafiəsinə qalxıb. O, erməniləri silahla hədələməyin əleyhinə olduğunu deyərək, Gürcüstanda nəşr olunan “Georgian Times” qəzetinə verdiyi müsahibəsində bildirib: “Mən silah qaldırmağa və erməniləri məhv etmək lazım olduğu barədə iddialara qarşı qəti etirazımı bildirirəm”. R.İbrahimbəyov “zavallı ermənilərin” taleyinə biganə qalmayacağını bildirib.

Seçki ərəfəsində prezidentliyə namizədin öz xalqını unudub işğalçı millətin qayğısına qalması “Milli Şura”nın bəzi üzvlərini hövsələdən çıxarıb. Hətta onun arxasınca gileylənərək deyiblər ki, bu qoca doğrudan da siyasətdən uzaq adamdır. Ermənilərə qarşı məhəbbətini heç olmazsa, seçkiyə qədər açıb-ağartmayaydı. Ancaq yazıq qoca neyləsin, ona çörək verənə sədaqətini gizlədə bilmir. O, “Milli Şura”nın üzvü olan bir sıra partiya sədrlərini də qınayaraq deyib ki, onların seçki kampaniyasına qatılmağa pulları yoxdur. Seçki ərəfəsində onlara pulu kim verəcək? Mən gəlib Bakıda qalsam, bunlar pulu haradan tapacaq? Bəs qoca rejissorun maliyyə mənbəyi kimlərdir? Hər şeydən əvvəl ermənilər, antiazərbaycan dairələr, islamofobiya barədə qorxulu miflər uyduran türk-müsəlman düşmənləri. Bunların hər biri İbrahimbəyova öz sifarişlərini də verir. Milli maraqlarımızı zərbə altında qoymağa çalışır.

 Bununla yanaşı, Rüstəm İbrahimbəyov Bakıya qorxusundan gəlmədiyini də etiraf edib. O, “Milli Şura” üzvlərinə hiddətlənərək deyib:"Mənə deyirlər ki, gəl Bakıya. Mən də deyirəm ki, bəs, bu problemləri kim həll edəcək? Orada səhərdən axşama qədər istintaq gedir. Mənim işçilərimi bir-bir istintaqa çağırırlar. İşin mahiyyətini bilməyən adamlar elə deyirlər ki, Rüstəm müəllim Bakıya gəlsin”.

Göründüyü kimi, artıq Rüstəm İbrahimbəyov vergi cinayətini törətdiyini də etiraf edib. Əgər belə olmasaydı, o, Bakıya gəlib Kinemetaqrafçılar İttifaqının vergidən yayınması məsələsini yoluna qoyardı.

 Rüstəm İbrahimbəyovun Bakıya gəlməmək fikrinin qəti olduğunu bilən AXCP sədri Əli Kərimli İsa Qəmbərin prezidentliyə vahid namizədliyinin qarşısını almaq üçün bir neçə nəfəri öyrədərək “təşəbbüs qrupu” adı ilə Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini rəsmən irəli sürməyi tapşırıb. Artıq həmin “təşəbbüs qrupu” da, guya, dünən iclas keçirərək Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb və onun sənədlərini MSK-ya təqdim etməyi qərara alıb. Maraqlıdır, görəsən, AXCP sədrinin göstərişi ilə yaranmış bu “təşəbbüs qrupu” Rüstəm İbrahimbəyovun vətəndaşı olduğu hansı ölkənin sənədlərini MSK-ya təqdim edəcək? Axı, o, özü deyir ki, Rusiya vətəndaşlığından imtina haqqında verdiyi sənədin təsdiqlənməsi üçün aylarla vaxt lazımdır.

Artıq AXCP üzvləri də yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etmək üçün Əli Kərimlinin “Milli Şura”nın prezidentliyə vahid namizədi olması üçün ciddi mübarizə aparırlar. Onlar açıq şəkildə bəyan edirlər ki, İsa Qəmbərin xalq arasında heç bir nüfuzu yoxdur. AXCP fəalı İmran Hüseynov deyir ki, İsa Qəmbər 20 ildir ki, prezident və parlament seçkilərində biabırcasına məğlub olur. Ancaq yenə də seçkilərdən əl çəkmir. Hər dəfə məğlub olduqdan sonra deyir ki, bundan sonra seçkilərə qatılmayacaq. Ancaq seçki yaxınlaşan kimi yenidən özünü ortalığa atır. İmkan vermir ki, müxalifət seçkiyə öz vahid namizədi ilə getsin. Hətta AXCP üzvü İ.Qəmbəri satqınçılıqda və müxalifəti parçalamaqda ittiham edib. Müsavatçılar isə dərhal onun cavabını veriblər. Onlar deyiblər ki, kimin satqın və xəyanətkar olduğu göz qabağındadır.

 Artıq AXCP-nin son qərarından ortaya çıxan nəticə məlumdur: Əli Kərimli vahid namizəd olmalıdır, əks təqdirdə başqa siyasi partiya liderinin dəstəklənməsi az ehtimal olunur. ACXP funksionerlərinin bu israrı “Milli Şura”da parçalanma yaradıb. Çünki, qondarma qurumun əksər hissəsi Rüstəm İbrahimbəyovdan sonra prezidentliyə vahid namizədin reneqat Eldar Namazovun olmasını istəyir. Siyasi riyakar Eldar Namazovun dəstəsinin üzvü, oyuncaq təşkilatın fəallarından biri olan Eldəniz Quliyev də reneqat Eldar Namazovu Rüstəm İbrahimbəyovun varisi adlandırıb. Onun bu açıqlaması müsavatçılar tərfindən hiddətlə qarşılanıb. Müsavat Partiyasının üzvü M.Əhmədov deyib ki, Eldəniz Quliyevin heç vaxt düzgün mövqeyi olmayıb. O, həmişə küləyin əsdiyi istiqamətə əyilən adamdır. Bir vaxtlar seperatçı Əlikram Hümbətovun sağ tərəfində dayanmışdı. Sonra ermənipərəst Rüstəm İbrahimbəyovun tərəfinə keçdi. İndi isə hələlik Eldar Namazovu dəstəkləyir. Bu adamın siyasətdən başı çıxmır. Kimin çoxlu pulu varsa, onun yanındadır. Heç özü də nə danışdığını əməlli-başlı dərk etmir.

Artıq İsa Qəmbərə də məlumdur ki, Rüstəm İbrahimbəyov seçkilərə qatılmasa, onun müxalifətin vahid namizədi olmasına imkan verməyəcəklər. Ona görə də “ölmüş” İctimai Palatanı “diriltmək” fikrinə düşüb. “Milli Şura”dakı son proseslərdən sonra İctimai Palatanın fəaliyyətinin gücləndirilməsi zərurətinin meydana çıxdığını deyən İ.Qəmbər bildirib ki, artıq bu təşkilatın öz fəaliyyətini gücləndirməsinə ehtiyac yaranıb. O deyib ki, zaman-zaman kimlərləsə zəngləşir, görüşür və məsləhətləşir. Hətta bir neçə gün əvvəl bu qurumun Koordinasiya Şurasının iclasını keçirdiklərini də vurğulayıb. İ.Qəmbər bildirib ki, əgər İctimai Palatanın, Koordinasiya Şurasının üzvləri məqsədəuyğun saysalar, təbii ki, həmin toplantılar davam edəcək və seçkilərdə kimin vahid namizəd kimi iştirak etməsi bundan sonra müəyyənləşəcək.

Göründüyü kimi, artıq müxalifət düşərgəsində yeni savaş başlanır. Bu savaşın qızışmasını arzulayan erməni lobbisi isə kinorejissor Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyində israrlıdır.

Sonda bildirək ki, avqustun 12-də “Milli Şura”nın 4 saat davam edən iclasında prezident seçkilərində kinorejissor Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülsə də gərgin müzakirələrdən sonra əlavə namizədin müəyyənləşdirilməsi ilə bağlı qərara gəlmək mümkün olmamışdır.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında