Nəhayət ki, bütün kartlar açıldı və uzun müddətdir mətbuatın, ekspertlərin dediyi fikirlər “Milli Şura”nın başbilənləri tərəfindən də təsdiq olundu. Bu gün onların hamısı kinorejissor Rüstəm İbrahimbəyovun seçkidə iştirakının xaricdəki anti-Azərbaycan dairələrin qərarından asılı olduğunu etiraf etmək məcburiyyətində qalıblar. O da məlum olub ki, bəzi dairələr əlavə namizəd kimi diqqətlərini reneqat Eldar Namazovun üzərinə yönəldiblər. Yəni belə anlaşılır ki, bu gün prezidentliyə namizədliyi irəli sürülən Müsavat Partiyasının başqanı İsa Qəmbər nə ölkə daxilindəki radikal düşərgə nümayəndələri, nə də xaricdəki antimilli qüvvələr tərəfindən dəstəklənir. Buqələmun siyasətçi Eldar Namazovun da qaragüruhun qəzəbi ilə qarşılaşmaq ehtimalı çoxdur. Çünki bu düşərgədə onu bir siyasətçidən daha çox xəyanətkar, satqın, ikiüzlü kimi qəbul edənlərin sayı kifayət qədər çoxdur. “Yeni Müsavat” qəzetinin yazdıqları da belə qənaətə gəlməyimizə səbəb olur.
Qəzetdə jurnalist araşdırması kimi təqdim edilən yazıda bu il iyulun 30-da Tbilisidə “Milli Şura”nın toplantısı çərçivəsində Rüstəm İbrahimbəyovla İsa Qəmbərin görüşünün və əldə olunmuş razılaşmanın təfərrüatları barədə bəzi maraqlı məqamlar yer alıb. Müəllif Rüstəm İbrahimbəyova istinad edərək qeyd edib ki, guya kinodramaturq onun vətəndaşlıq məsələsinin həll olunmasının Rusiya Prezidentinin siyasi rəyindən asılı olduğunu bildirib: “Ona Kremldən bu cür də deyiblər, Putin istəməsə, olmayacaq”. Danışıqlar zamanı müxalifətin “B planı” ilə bağlı razılaşma əldə olunub. Razılaşmaya əsasən, İbrahimbəyov seçkilərə qatıla bilməsə də, müxalifətin əsas lideri və “Milli Şura”nın rəhbəri statusunu saxlayır. Bununla bərabər, guya, Müsavat Partiyasının namizədini dəstəklədiyini bəyan edir, ona dəstək verir. Lakin bu qurumu təsis edən digər siyasi partiyaların da iddiaçılarına anlayışla yanaşılır. Eldar Namazovun müzakirələrə qatılmasından sonra qərara alınır ki, qarşıdakı prezident seçkilərində şuranın vahid namizədi iştirak edə bilməyəcəyi təqdirdə, İsa Qəmbər və Eldar Namazov seçkilərə gedirlər.
Bu cür qərar verən “Milli Şura”nın digər hər hansı üzvünə də maneçilik törədilmir. Seçki prosesində kimin şansı daha çox olacaqsa, o, vahid namizəd kimi qalacaq, digərləri isə onun xeyrinə öz namizədliklərindən imtina edəcəklər. Bundan sonra İsa Qəmbərin Bakıya, Rüstəm İbrahimbəyovla Eldar Namazovun isə Moskvaya qayıtdıqlarını bildirən qəzet qeyd edir ki, guya reneqatı Moskvadakı bəzi dairələrə təqdim edilmək üçün aparıblar: “Rüstəm İbrahimbəyova stavka edən güclərin bəzi təmsilçiləri ilə Moskvada görüşən Namazov Bakıya ehtiyat namizəd kimi dönüb. Bu da o deməkdir ki, İbrahimbəyovun “pasport problemi”nin öz həllini tapması mümkünsüz sayıla bilər. Onu 2013 seçkilərində Eldar Namazov əvəz edəcək. Lakin “Milli Şura”nın vahid namizədi kimi yox – “EL” hərəkatının rəhbəri kimi”.
Məqaləni oxuyanda bir daha anlaşılır ki, radikal düşərgədə artıq heç kəs ssenarist Rüstəm İbrahimbəyovun vətəndaşlıq probleminin həll olunacağına və onun “Milli Şura”nın namizədi kimi seçkidə iştirak edəcəyinə inanmır. Bunu fürsət bilən Müsavat başqanı İsa Qəmbər özünü vahid namizəd kimi sırımağa çalışır. Ancaq, əvvəldən deyildiyi kimi, bugünədək kinodramaturqla reneqat daim eyni mövqedən çıxış etmiş, hər bir məsələdə bir-birilərinə dəstək vermişlər. Təsadüfi deyil ki, dağıdıcı düşərgədəki bəzi əleyhdarlar Rüstəm İbrahimbəyovu Eldar Namazovun kölgəsi adlandırmış, bəzən isə kinodramaturqu onun kölgəsinə sığınmaqda, ondan əmr almaqda ittiham etmişdilər. Biz bunlardan hansının digərinin əmrində olduğunu deməyə tərəddüd etsək də, əminik ki, hər ikisi xaricdəki anti-Azərbaycan dairələrin himayədarlığında, onların göstəriş və təlimatları əsasında fəaliyyət göstərirlər. Belə olmasaydı, Rusiyanın ermənipərəst dairələri tərəfindən təklif olunan “Milli Şura” layihəsi xüsusən bu iki şəxsin əli ilə həyata keçirilməyə çalışılmazdı.
Ssenarist Rüstəm İbrahimbəyovun namizədliyinin radikal düşərgənin bir sıra üzvləri tərəfindən ironiya ilə qarşılandığını və əslində, dəstək qazana bilmədiyini, bir çoxlarının isə yalnız məcburiyyət ucbatından, candərdi dəstək verdiyini gördükdən sonra reneqat Eldar Namazovu gündəmə gətirmələri də təsadüfi deyil. Kinodramaturqun təlimatlandırılması üçün Moskvaya aparılması da bu baxımdan diqqəti cəlb edir. Ancaq bu, heç də Eldar Namazovun vahid namizəd olacağı mənasına gəlmir. Ən azından, necə deyərlər, ömrünü müxalifətçilikdə çürütmüş, müxalifətçilikdən təqaüdə çıxmağa namizəd olan AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər buna imkan verməzlər. Çünki vaxtilə hakimiyyət dairəsində özünü sədaqətli göstərdiyi halda xəyanətkarlıqla məşğul olan Eldar Namazovun verəcəyi vədlərə sadiq qalacağı çox şübhəlidir.
Bu da reallıqdır ki, radikal müxalifət düşərgəsindəki liderlərin hamısı prezidentliyə namizədliyə iddialıdırlar və onların heç biri öz iddialarından əl çəkmək niyyətində deyillər. Əslində, bəzən əl çəkdiklərini desələr də, daxilən özlərindən başqa heç kəsi buna layiq görmürlər. Bu mənada, Əli Kərimlinin, Mirmahmud Mirəlioğlunun, Lalə Şövkət Hacıyevanın, Rəsul Quliyevin və digərlərinin İsa Qəmbərin və ya Eldar Namazovun liderliyini qəbul edəcəklərinə heç bir ümid yoxdur. Hətta “Milli Şura”nın və İbrahimbəyovun arxasında duran müəyyən dairələrinin Eldar Namazova stavka etməsi belə vəziyyəti sabitləşdirə bilməyəcək. Bu isə “Milli Şura” və vahid namizəd ideyasının tam iflası, pərakəndəlik və qarşıdurmanın tam açıq müstəviyə keçməsi, müxalifətin hakimiyyət iddialarının üzərindən xətt çəkilməsi deməkdir.
Hər şeyi əlahəzrət faktlar deyir. Budur, AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində müxalifət düşərgəsində “Milli Şura”ya və onun prezidentliyə namizədi Rüstəm İbrahimbəyova qarşı kampaniya aparanları ittiham edərək yazıb: “İlk gündən “Milli Şura”nı vuranlar, müxtəlif “arqumentlərlə” onu gözdən salmaq istəyənlər hakimiyyətin “Milli Şura”ya və onun vahid namizədinə yaratdığı maneələrdən çox ruhlanıblar. “Milli Şura”nı, onun vahid namizədini Rusiyaya bağlamaq üçün dəridən-qabıqdan çıxanlar iqtidarın Rusiyanın əli ilə “Milli Şura”ya yaratdığı maneədən çox məmnun görünürlər. Qalib ədası ilə hər kəsə irad tutub, ağıl verirlər”. Daha sonra İsa Qəmbəri və onun tərəfdarlarını nəzərdə tutan Əli Kərimli yazıb: “Səhvmi edib ən müxtəlif qüvvələri “Milli Şura”da birləşdirdik? “Milli Şura”nın yaranmasının, onun vahid namizədinin irəli sürülməsinin alternativi nə idi?”.
Bəli, Əli Kərimlinin yazısından da görünür ki, İsa Qəmbərin prezident seçkilərində iştirak edəcəyi ehtimalının artması və AXCP-nin hazırkı durumda oyundan kənar vəziyyətdə qalması onu möhkəm qəzəbləndirir. Nə etməli, hər seçki İsa Qəmbərlə Əli Kərimlinin bir-birinə atması, bir-birini xəyanətdə ittiham etmələri ilə yadda qalır. Əslinə qalsa, burada təəccüblü heç nə yoxdur. AXC-Müsavat hakimiyyətini çökdürən səbəblərdən biri də “yurdçu”, “müsavatçı”, nə bilim “cəbhəçi” dartışması oldu. Bunlar üçün ölkənin maraqları yox, öz şəxsi mənafeləri daha vacibdir. Günün faktı isə ondan ibarətdir ki, “Milli Şura” öz namizədini nəinki dəstəkləyə, heç ölkə paytaxtına gətirə bilmir.
Rauf KƏNGƏRLİ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.