Şriftin ölçüsü:
24.07.2010 07:29 | Oxunma sayı: 375
ABŞ Senatının Komitəsi Azərbaycana göndəriləcək səfirin namizədliyini nəzərdən keçirmişdir
ABŞ Senatının Xarici Münasibətlər Komitəsi iyulun 22-də keçirdiyi dinləmələrdə Ağ Evin Azərbaycan, Yunanıstan, İslandiya, Bosniya və Herseqovinaya göndərmək istədiyi səfirlərin namizədliklərini nəzərdən keçirmişdir.
Dinləmələrə sədrlik edən Nyu-Həmpşir ştatının demokrat təmsilçisi xanım Cin Şahin bildirmişdir ki, adı çəkilən ölkələrdəki səfir vəzifələri ABŞ maraqlarının Avropa və Qafqazda təmin edilməsi baxımından olduqca vacibdir. Bu ölkələrin hər biri ABŞ üçün əhəmiyyətli müttəfiq rolunu oynayır. Azərbaycana gəldikdə, xanım Şahin qeyd etmişdir ki, Azərbaycan müsəlman dünyası ilə Qərb dünyasını birləşdirən və geostrateji əhəmiyyət daşıyan bölgədə yerləşir. ABŞ müdafiə naziri Robert Geyts və dövlət katibi Hillari Klintonun Bakıya son səfərlərindən istifadə olunaraq münasibətlər inkişaf etdirilməlidir. Senator vurğulamışdır ki, ABŞ-ın Minsk qrupundakı rolu Dağlıq Qarabağda zorakılığa son qoyulmasında və yeni səhifənin açılmasında mühüm olacaqdır.
Xarici Münasibətlər Komitəsində respublikaçı azlığın başçısı senator Riçard Luqar bütün namizədlərin etimadnaməsi ilə tanış olduğunu, onların Avropa və Avrasiyada qarşıda duran vəzifələri layiqincə yerinə yetirə biləcəklərinə əminliyini bildirmişdir. O, Azərbaycana səfir kimi təqdim edilən Mətyu Brayzənin namizədliyinə xüsusi diqqət yetirərək həmkarlarını onu vəzifəsinə tezliklə təsdiqləməyə çağırmışdır. "Mənim narahatlığım budur ki, artıq uzun müddətdir Azərbaycanda Senat tərəfindən təsdiq olunan ABŞ nümayəndəsinin olmaması burada Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarının təmin edilməsini ləngidə bilər", deyən senator Luqar Azərbaycanla bir sıra sahələrdə qurulan əməkdaşlığı nəzərə çarpdırmışdır. Onun sözlərinə görə, Senat komitəsi Cənub enerji dəhlizinin əsas tərkib hissələrindən biri olacaq Nabukko kəmərinin gerçəkləşməsi üzrə Dövlət Departamentində Avrasiya enerjisi üzrə xüsusi təyinatlı səfir Riçard Moninqstarla iş aparır. Bu layihə üzrə irəliləyiş ABŞ-ın müttəfiqləri üçün enerji təchizatı mənbələrinin müxtəlifləşdirilməsi, həm də bölgə dövlətlərinə daha yaxın əməkdaşlıq üçün verilən imkan deməkdir. Luqar Nabukko kəmərinin kommersiya və siyasi cəhətdən səmərəliliyinin Azərbaycanın öz təbii ehtiyatlarını inkişaf etdirmək və Mərkəzi Asiya enerjisinin nəqli üçün tranzit nöqtəsinə çevrilmək istəyindən asılı olacağını bildirmişdir. Azərbaycan və Cənubi Qafqazın digər ölkələri ilə yaxın tərəfdaşlıq Yaxın Şərqdə ABŞ qüvvələrinə təchizatın çatdırılması və Dağlıq Qarabağla bağlı mürəkkəb münaqişənin həlli üçün də vacibdir. Senator Luqarın fikrincə, Bakıdakı növbəti ABŞ səfirinin diqqətində bioloji qurğuları dəstəkləyən "Nann-Luqar" təşəbbüsünün uğuru və Azərbaycanın sahil mühafizəsinin müasirləşdirilməsinin izlənilməsi olmalıdır. Mətyu Brayzəni Ağ Evdə və Dövlət Departamentində işlədiyi müddətdə ABŞ-ın Avropa və Qafqaz bölgəsində xarici siyasət sahəsində böyük təcrübə toplamış diplomat hesab edən Luqar vurğulamışdır ki, diplomat bu mürəkkəb regionda ABŞ maraqlarının balanslı şəkildə təmin olunmasına kömək etmişdir.
Bu təqdimatlardan sonra Mətyu Brayzə Senat komitəsi qarşısında Azərbaycana ABŞ səfiri təsdiq ediləcəyi təqdirdə fəaliyyət istiqamətləri barədə çıxış etmişdir. O, Azərbaycanı Birləşmiş Ştatlar üçün mühüm tərəfdaş adlandıraraq dini və etnik müxtəlifliyi ilə seçilən dünyəvi dövlətimizi iqtisadi artımın sürəti baxımından dünyada ən qabaqcıl ölkələrdən biri kimi dəyərləndirmişdir. ABŞ bu artımı geniş islahatlara çevirərək bölgədə sülh və sabitliyin bərqərar olması prosesində üzləşdiyi çətinliklərdə Azərbaycana yardım etməyə hazırdır. Brayzə xüsusi olaraq təhlükəsizlik, enerji və demokratik islahatlar sahəsində ABŞ-Azərbaycan tərəfdaşlığının gücləndirilməsi işinə sadiq qalacağını nəzərə çatdırmışdır. 2001-ci il sentyabr hadisələrindən dərhal sonra Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-a dəstəyini vurğulamışdır. Mətyu Brayzə ATƏT-in Minsk qrupu həmsədri olduğu müddətdə digər həmkarları ilə yanaşı, Helsinki Yekun Aktının münaqişənin həllinin əsasını təşkil edəcək zorakılıqdan çəkinmə, dövlətlərin ərazi bütövlüyünün tanınması və öz müqəddəratını təyinetmə prinsipləri üzrə Azərbaycanı və Ermənistanı yaxınlaşdırmaq üçün gərgin iş apardığını demişdir. Səfir təyin ediləcəyi təqdirdə o, Minsk qrupunun hazırkı həmsədrlərini bu istiqamətdə səylərin davam etdirilməsi üçün dəstəkləyəcəkdir. Brayzə senatorlar qarşısında Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli olmadığını vurğulamışdır. Azərbaycan neftlə yanaşı, həm də təbii qaz təchizatı mənbələrinin müxtəlifləşdirilməsində artan rol oynayır. Brayzə "Cənub dəhlizi"nin qaz infrastrukturunun inkişaf edərək Azərbaycan və Mərkəzi Asiyanın qaz ehtiyatlarının Avropa bazarlarına çatdırılması istiqamətində çalışmaq niyyətindədir. O əlavə etmişdir ki, ABŞ-ın öz siyasi məqsədlərinə çatması üçün Azərbaycan sabit ölkə olmalıdır. Bu sabitlik üçün islahatları genişləndirərək siyasi və iqtisadi azadlıqlara nail olunmalı, korrupsiya ilə mübarizə aparılmalı, qanunun aliliyi, insan haqları və mətbuat azadlığı təmin edilməlidir. Dinləmələrin sual-cavab hissəsində Ağ Evin Azərbaycana səfir namizədi, gözlənildiyi kimi, erməni mənşəli seçicilərin "sifarişli" suallarını verən senatorların təzyiqinə məruz qalmışdır. Xüsusilə, Kaliforniya ştatının təmsilçisi senator Barbara Bokser və Nyu-Cersi ştatının təmsilçisi senator Robert Menendez diplomatdan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri kimi Azərbaycan hökumətini hərbi bəyanatlarına görə nə üçün pisləmədiyi, Konqres tərəfindən separatçı Dağlıq Qarabağ rejiminə ayrılan milyonların nədən son qəpiyədək xərclənmədiyi, Azərbaycanın Culfa bölgəsində erməni qəbir daşları-"xaçkarların" dağıdılmasına niyə daha kəskin münasibət göstərmədiyi ilə bağlı izahat tələb etmiş, Azadlığa Dəstək Aktına 907-ci maddənin qanun kimi saxlanılmasına çağırmışlar.
Senat Komitəsinin dinləmələri rəsmi olaraq iyulun 24-dək davam edəcəkdir. Bu müddət ərzində senatorlar Azərbaycana səfir namizədinə əlavə suallar göndərərək cavablar alacaqlar. Daha sonra namizəd üzrə səsvermə keçiriləcəkdir.
{nl}
Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.