Azərbaycan XİN ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsini şərh etmişdir

 

 

“Azərbaycanın ATƏT ilə əlaqələri davam edəcək, biz təşkilatın tamhüquqlu üzvüyük və qərarların qəbulu prosesində iştirak edirik”. Bu açıqlamanıAPA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev vermişdir.

Diplomat ATƏT Daimi Şurasının iclasında ATƏT-in Bakı ofisinin statusunun layihələrin əlaqələndiricisi statusuna dəyişdirilməsi barədə qəbul olunmuş qərarı APA-ya şərh etmişdir. Onun sözlərinə görə, Azərbaycan ATƏT üçün maraqlı ölkədir: “Bizim ATƏT ilə layihələrin sayı artır. Biz regionda ən dinamik inkişaf edən və ən iri ölkəyik. Azərbaycan regionun lokomotividir. Ona görə də, bir çox beynəlxalq təşkilatlar kimi, ATƏT də regionda əsas diqqətini Azərbaycana cəmləşdirib. Yəni burada söhbət ATƏT-in Bakı ofisinin statusunun aşağı salınmasından getmir, bu statusun dəyişdirilməsindən gedir”.

Bu qərardan sonra ATƏT-in Minsk qrupunda dəyişikliklərin mümkünlüyünü şərh edən E.Abdullayev bildirmişdir ki, ATƏT-in Minsk qrupu digər məqsədlər üçün yaradılan tamam fərqli formatdır: “Minsk qrupu ATƏT-in üzvləri tərəfindən yaradılan və üçü həmsədr ölkə olmaqla 15 üzv ölkədən ibarət olan vasitəçi missiyadır. Bu format sırf münaqişənin həlli üçün yaradılmışdır”.

Qeyd edək ki, iyulun 26-da ATƏT-in Bakı ofisi layihələrin əlaqələndiricisi statusu almışdır. Bu qərar ATƏT-in Daimi Şurasının iclasında təşkilatın üzvləri ilə konsensus çərçivəsində qəbul edilmişdir. Yeni mandat 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Qərar böyük dəyişikliklərə səbəb olmayacaq. Bu mandat çərçivəsində ofis Azərbaycanda layihələri icra etməyə davam edəcək. Ofisin rəhbəri isə layihələrin əlaqələndiricisi olacaq.

ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna XİN başçısı Leonid Kojara bildirmişdir ki, layihələrin əlaqələndiricisi mandatının qəbul edilməsi ATƏT və Azərbaycan arasında təşkilatın prinsip və öhdəliklərinin həyata keçirilməsinə yönəlmiş qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün vacib addımdır.

Xatırladaq ki, bu ilin yazında Azərbaycan tərəfi ATƏT-ə təşkilatın Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında