Prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə 12 rayon təşkilatında yaradılmış seçki qərargahı üzvlərinin iclası keçirilmişdir

 

Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı partiyanın Bakı şəhəri üzrə 12 rayon təşkilatında yaradılmış seçki qərargahı üzvlərinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclası açan YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Seçki Məcəlləsinə uyğun olaraq yerlərdə seçkilərin keçirilməsinə, təbliğat-təşviqat və imzatoplama kampaniyalarının aparılmasına, müşahidəçilik və digər proseslərin hər birinə Yeni Azərbaycan Partiyasının seçki qərargahının və rayon, şəhər təşkilatlarının seçki qərargahlarının nəzarət edəcəklərini bildirmişdir.

 Seçki prosedurunun iki ay müddətinə həyata keçiriləcəyini qeyd edən Siyavuş Novruzov artıq avqustun əvvəllərindən seçki kampaniyasına başlandığını vurğulamışdır. Qeyd etmişdir ki, seçkilərlə bağlı təbliğat materialları hazırlanacaqdır. Onlar müxtəlif yerlərdə, müxtəlif vasitə və metodlarla seçicilərin diqqətinə çatdırılacaqdır.

Bildirilmişdir ki, Bakı şəhərinin hər bir rayonunda orta hesabla 100 mindən yuxarı, ümumilikdə isə ölkə ərazisində 5 milyona yaxın seçici vardır. Seçki kampaniyası dövrdə bu seçicilərin böyük əksəriyyəti ilə görüşlər nəzərdə tutulmuşdur.

Siyavuş Novruzov qeyd etmişdir ki, artıq ölkəmizdə seçki təcrübəsi mütəmadi olaraq təkmilləşir. YAP seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı bir sıra beynəlxalq təcrübələrdən yararlanmaqdadır.

Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirmişdir ki, təşkilat bundan əvvəlki seçkilərdə olduğu kimi, növbəti kampaniyaya da ciddi hazırlaşır. Partiya bütün resurslarını seçki kampaniyasının daha uğurlu şəkildə həyata keçirilməsinə səfərbər edəcəkdir.

M.İbrahimqızı vurğulamışdır ki, YAP Nəsimi rayon təşkilatının 25 minə yaxın üzvü vardır. Sevindirici haldır ki, üzvlərin 50 faizdən çoxunu gənclər, xüsusən də tələbə gənclər təşkil edir.

Qeyd olunmuşdur ki, təbliğat kampaniyası dövründə müasir informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən mobil rabitə və sosial şəbəkələrin imkanlarından istifadə ediləcəkdir. Bu istiqamətdə gənc fəalların işi xüsusi önəm daşıyacaqdır.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov ötən müddətdə görülən işlər barədə məlumat vermiş və qarşıda duran vəzifələrdən danışmışdır.

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov rəhbərlik etdikləri təşkilatların seçkiyə hazırlıq çərçivəsində gördükləri işlərdən danışmış, gündəlikdə duran məsələlər barədə ətraflı məlumat vermişlər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında