Yeni Azərbaycan Partiyasının cəbhə bölgəsindən olan fəalları ilə görüş keçirilmişdir

 

Quzanlı qəsəbəsindəki mədəniyyət evində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, növbəti prezident seçkilərinə hazırlıqla bağlı qarşıda duran vəzifələrə həsr olunan görüşdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov və Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, partiyanın Ağdam rayon təşkilatının fəalları iştirak etmişlər.

Görüşdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev partiya üzvlərinin rayonun ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatındakı fəal rolundan danışmış, prezident seçkilərinə hazırlıqla əlaqədar görülən işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, sıralarında 5544 partiya üzvünü birləşdirən rayon təşkilatı seçkilərlə bağlı fəaliyyətini perspektiv iş planı əsasında qurmuş, təşkilatlanma tədbirlərinə diqqəti artırmışdır. Seçkilərin gedişini izləyəcək müşahidəçilərin, imza toplayacaq şəxslərin, məşvərətçi şəxs hüququna malik komissiya üzvlərinin siyahısı tərtib edilmiş, 18 nəfərdən ibarət seçki qərargahı yaradılmışdır. YAP Ağdam rayon təşkilatı öz fəaliyyətini nizamnamə tələbləri və Seçki Məcəlləsi əsasında qurmaqla partiyanın namizədinin seçkilərdə qələbə qazanması üçün bütün qüvvələri səfərbər edəcəkdir.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ötən 10 il ərzində respublikamızda həyatın bütün sahələrində müşahidə olunan inkişaf və yüksəlişdən danışmış, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi cəhətdən qüdrətli dövlətə çevrildiyini, regional və beynəlxalq nüfuzunun artdığını, əhalinin rifah halının yaxşılaşdığını diqqətə çatdırmışdır.

Bildirmişdir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artmış, 1 milyon 200 min yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enmişdir.

Əli Əhmədov vurğulamışdır ki, xalqımız ötən 10 ilin nailiyyətlərini yüksək dəyərləndirir və gələcək beş ildə Azərbaycanın daha da inkişaf edəcəyinə, işğal altındakı torpaqlarımızın azad olunacağına dərin inam bəsləyir. Elə bu inamla da YAP-ın sədri İlham Əliyevi dəstəkləyir, onu  yenidən Prezident kürsüsündə görmək istəyir. YAP sədrinin müavini prezident seçkilərinə hazırlıqla bağlı görüləcək işlərdən və qarşıda duran vəzifələrdən də danışmış, partiyanın cəbhə bölgəsindən olan fəallarına müvafiq tövsiyələrini çatdırmışdır.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və YAP rayon təşkilatının fəalları çıxış edərək Ağdam rayonunda gedən sosial-iqtisadi inkişafı, aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri dövlət başçısının diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirmişlər. Çıxışlarda belə bir fikir ifadə olunmuşdur ki,  ağdamlılar Azərbaycanın və bölgənin gələcəyini Prezident İlham Əliyevin yeritdiyi siyasətdən kənarda təsəvvür etmirlər. Odur ki,  qarşıdan gələn seçkilərdə də ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevi hamılıqla dəstəkləyəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında