Azərbaycan təmsilçisi BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin üçüncü sessiyasında təqdimatla çıxış etmişdir

 

Böyük Britaniyada keçirilən Kembric konfransında ölkəmizi təmsil edən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin üçüncü sessiyasında təqdimatla çıxış etmişdir.

Qərib Məmmədov bildirmişdir ki, müasir Azərbaycan müstəqilliyinin bərpasının 21 illik tarixində mürəkkəb və eyni zamanda, şərəfli yol keçmişdir. Sosial-iqtisadi sahədə ölkənin nailiyyətləri “Fitch Ratings”, “Moody”, “Standard & Poors” kimi beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əksini tapmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hesabatlarında da Azərbaycanın mövqeyi yüksəlmiş və MDB ölkələri arasında aparıcı yer tutmuşdur. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında isə region ölkələri arasında aparıcı mövqeyə malik olmuşdur.

Bununla yanaşı, 2010-cu ildə insan inkişafı üzrə BMT-nin İnkişaf Proqramının hesabatına görə, Azərbaycan “orta insan inkişafı” dan “yüksək insan inkişafı”na malik olan ölkələr qrupuna daxil olmuşdur. XXI əsrin ilk onilliyində ölkəmizin informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf etmiş və dünya ölkələrinin sosial-iqtisadi həyatına təsir edən qloballaşma prosesindən kənarda qalmamışdır.

Azərbaycanın inkişaf strategiyasına toxunan Q.Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə hazırlanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından bəhs etmiş, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən və gələcək planlardan danışmışdır.

Ölkəmizdə geoməkan informasiyalarının idarəedilməsi sahəsindəki yeniliklərdən və uğurlardan bəhs edən Q.Məmmədov Azərbaycanda xəritəçəkmə və analiz sahələrində istifadə olunan müasir texnologiyalar haqqında məlumat vermişdir.

Peyk sənayesindəki uğurlarımızdan danışan komitə sədri, bildirmişdir ki, Azərbaycan bir neçə ay bundan əvvəl süni peyki olan ölkələr sırasına daxil olmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycanın vahid elektron kartoqrafiya bazası mövcuddur. Ölkənin inkişaf strategiyasında bu sahə mühüm əhəmiyyət kəsb edir. İnformasiya cəmiyyətinə keçid, səmərəli və şəffaf dövlət idarəçiliyini həyata keçirməyə imkan verən elektron idarəetmə sisteminə çox böyük maraq vardır. Dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və ölkədə “Elektron hökumət”in formalaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər xüsusi vurğulanmışdır.

Q.Məmmədov nəzərə çatdırmışdır ki, Azərbaycan daha böyük nailiyyətlər əldə etməyə qadir olan ölkədir. Lakin Ermənistanın işğalçılıq siyasəti buna mane olur. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuşdur. Komitə olaraq biz hazırda işğal olunmuş ərazilərimizin real coğrafi adlarının mühafizəsi və bununla bağlı xüsusi xəritələrin hazırlanmasına böyük əhəmiyyət veririk.

Azərbaycanda beynəlxalq əməkdaşlıq çərçivəsində əldə edilən nailiyyətləri sadalayan Q.Məmmədov, ölkəmizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını və geoməkan məlumatlarının idarə olunması sahəsində Avropa ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırmışdır.

Sonda Q.Məmmədov geoməkan məlumatlarının idarə olunması sahəsindəki uğurlarımızın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etmiş, konfransda iştirak edən müxtəlif ölkələrin nümayəndələrinə səmərəli təcrübə mübadiləsi arzulamışdır.

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

Kembric


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında