İyulun 23-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1.2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2.Naxçıvan Muxtar Respublikasının 2012-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov demişdir ki, 2013-cü ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 9,3 faiz, sənaye məhsulu 12,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 9,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, dövlət büdcəsinin gəlirləri 4,2 faiz, orta aylıq əməkhaqqı isə 4,5 faiz artmışdır. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,9 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 23,2 faizlik xüsusi çəkiylə tikinti sektoru tutmaqdadır. İlk altı ay üzrə yaradılmış 975 milyon manat və ya 1 milyard 250 milyon ABŞ dolları həcmində ümumi daxili məhsulun 62 faizi maddi istehsal sektorunun payına düşmüşdür. Bu dövrdə xarici ticarət dövriyyəsinin 30,9 faizini idxal, 69,1 faizini isə ixrac təşkil etmiş, ixracın həcmi 7,3 faiz artmış, müsbət saldo yaranmışdır. Naxçıvan Muxtar Respublikasında tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 178 obyekt istifadəyə verilmiş, 1351 yeni iş yeri açılmışdır ki, bu iş yerlərinin 94,7 faizi daimi iş yerləridir. İlin əvvəlindən ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında 0,2 faizlik deflyasiya (ucuzlaşma) qeydə alınmışdır. Bu gün muxtar respublikamızda demoqrafik siyasət də əhali rifahının yaxşılaşdırılması və ailələrin iqtisadi müstəqilliyinin təmin edilməsi fonunda reallaşdırılmaqdadır. 1 iyul 2013-cü il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 8774 nəfər artaraq 431 min 628 nəfərə çatmışdır.
Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov çıxış edərək demişdir ki, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində bazar iqtisadiyyatı mexanizmləri əsasında yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələr yaradılmış, son illər ərzində 450-dən çox istehsal sahəsi fəaliyyətə başlamış, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faiz təşkil etmişdir. Bu ilin altı ayı ərzində istehsal və xidmət üzrə bütün mənbələr hesabına 27 yeni sahə istifadəyə verilmiş, 49 sahənin yaradılması davam etdirilmişdir. Bununla yanaşı, bağçılıq təsərrüfatı, istixana və arıçılıq kompleksləri, kiçikhəcmli soyuducu anbar, bərk pendir, südün emalı və xama, balın emalı və qablaşdırılması, lokum istehsalı, meyvə-tərəvəzin qurudulması və cır meyvələrin emalı, fərdi quşçuluq təsərrüfatı olmaqla 51 layihə üzrə sahibkarlara 1 milyon 263 min 500 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Hazırda muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yeni qurulmuş istehsal müəssisələrində 344 növdə məhsul istehsal olunur, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov qeyd etmişdir ki, 2013-cü ilin 6 ayı ərzində bank sistemində maliyyə sabitliyi təmin edilmiş, sektor üzrə bütün göstəricilərin artımı davam etmişdir. Bu dövrdə bankların kassa mədaxili 144,4 milyon manat olmuş, keçən ilin müvafiq dövrü ilə müqayisədə 23,8 milyon manat artmışdır. Bankların kassa məxarici isə 334,4 milyon manat olmuş, keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 milyon manat artmış və ya 103,9 % təşkil etmişdir. Muxtar respublika üzrə bankların emissiya göstəricisi keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faizə qədər azalmışdır. Əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı isə ötən ilin müvafiq dövründə 151 min 209 idisə, hazırda ödəniş kartlarının ümumi sayı 173 min 378 ədədə çatmışdır.
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov Naxçıvan Muxtar Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası və 2013-cü ilin yarımillik icrası haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən dinamik artım tempi büdcənin gəlirlərinə də öz təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2012-ci il ərzində bütün mənbələr hesabına 47 milyon 300 min manat proqnoza qarşı 61 milyon 253 min 566 manat vəsait daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2012-ci ildə 472 milyon 746 min 808 manat dürüst təyinata qarşı 469 milyon 404 min 79 manat və ya 99,3 faiz icra olunmuşdur. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2013-cü ilin birinci yarımilində isə bütün mənbələr hesabına 25 milyon 912 min 40 manat proqnoza qarşı 30 milyon 989 min 951 manat və ya 119,6 faiz icra olunmaqla 5 milyon 77 min 911 manat artıq vəsait daxil olmuşdur.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın 2013-cü ilin birinci yarısındakı sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məruzə etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun məruzəsi
Hörmətli deputatlar və sessiya iştirakçıları!
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi strategiyanın bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da iqtisadi yüksəlişin yeni keyfiyyət mərhələsinə qalxmasına səbəb olmuşdur.
Ümummilli liderimizin 90 illik yubileyi ilə əlaqədar 2013-cü ilin muxtar respublikada “Heydər Əliyev ili” elan olunması bu qədim diyarın sakinlərinin qurub-yaratmaq əzmini daha da artırmışdır. 2013-cü il həmçinin ölkəmizdə ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışının - Milli Qurtuluş Gününün 20-ci ildönümü ilə əlamətdardır. Bu gün əldə olunmuş ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat məhz Milli Qurtuluş Gününün xalqımıza bəxş etdiyi nailiyyət, ümummilli lider Heydər Əliyev yoluna sədaqətin bəhrəsidir.
Əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin ilk yarısında da muxtar respublikamızın iqtisadi və sosial həyatında dinamik inkişaf meyilləri qorunub saxlanmış, bütün sahələrdə inkişafa nail olunmuşdur.
Lakin bütün bunlar arxayınlaşmaq üçün əsas vermir. Nailiyyətlərin daha da artırılması üçün hər cür şərait var. Muxtar respublikanın müvafiq dövlət orqanları bununla bağlı öz fəaliyyətlərini daha da gücləndirməlidirlər. 2013-cü ilin qalan dövrü üçün qarşıda ciddi vəzifələr dayanır.
Bu gün sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərlə bərabər muxtar respublika büdcəsinin, eləcə də iqtisadi fəaliyyətin müxtəlif sahələrinə yönəldilən maliyyə vəsaitlərinin həcmi də artır. Bu isə öz növbəsində maliyyə resurslarından səmərəli istifadənin vacibliyini ön plana çəkir. Maliyyə Nazirliyi və onun yerli orqanları pul vəsaitlərinin təyinatı üzrə istifadəsini təmin etmək üçün dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsinə nəzarəti artırmalı, büdcədən maliyyələşən və təsərrüfathesablı dövlət müəssisələri tərəfindən alınan bütün növ mal və materialların qiymətlərinin reallığı əks etdirməsinə nail olmalıdır.
Büdcə gəlirlərinin həcminin artırılmasında nağdsız əməliyyatlara üstünlük verilməsinin əhəmiyyəti böyükdür. Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılmasını təmin etməlidir. Hüquqi və fiziki şəxslər üçün açılmış bank hesabları işlək olmalı və bank hesablarının aktivləşdirilməsi ilə bağlı tədbirlər bundan sonra da davam etdirilməlidir.
Nağd əməliyyatların qarşısının alınmasının və dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasının bir yolu da ticarət və ictimai-iaşə obyektlərində qoyulmuş POS-terminallardan istifadə ilə bağlıdır. Cari ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2012-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bununla əlaqədar verilmiş tapşırıqların icrası nəticəsində ötən dövr ərzində 91 yeni POS-terminal quraşdırılmış, 2013-cü ilin əvvəli ilə müqayisədə fəaliyyət göstərən POS-terminalların sayı 2 dəfəyə yaxın artırılmışdır. Buna baxmayaraq alqı-satqı və göstərilən xidmətin dəyərinin ödənilməsi zamanı nağdsız hesablaşmalardan istifadə tələb olunan səviyyədə deyil. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Vergilər Nazirliyi quraşdırılan POS-terminallardan səmərəli istifadəni təmin etmək məqsədi ilə tədbirlər görməlidir. Bununla yanaşı POS-terminallardan istifadə mədəniyyətinin artırılmasına və təşviqinə də diqqət yetirmək lazımdır. POS-terminallardan istifadənin qaydaları, üstünlükləri və əhəmiyyəti ilə bağlı maarifləndirici materiallar hazırlanaraq kütləvi informasiya vasitələrində verilməlidir.
Ölkəmizdə müxtəlif sahələrin və regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq olunmuş bir sıra dövlət proqramlarının müvəffəqiyyətli icrası muxtar respublikamızın da inkişafına müsbət təsir göstərmişdir. Əldə olunmuş makroiqtisadi sabitlik yeni investisiyalara meydan açmış, yeni istehsal sahələri fəaliyyətə başlamışdır. Qarşıdakı dövr üçün əsas vəzifə bu dinamikanı qoruyub saxlamaq və hər bir muxtar respublika sakininin rifahına xidmət edən iqtisadi artımı təmin etməkdir. İqtisadi İnkişaf Nazirliyi yerli xammaldan istifadə əsasında fəaliyyət göstərən yeni istehsal sahələrinin yaradılması istiqamətində tədbirləri bundan sonra da davam etdirməlidir. Bunun üçün rəqabətə davamlı istehsal və xidmət sahələri yaradılmalı, istehsal prosesində müasir standartlara uyğun yüksək texnologiyadan istifadəyə üstünlük verilməli, keyfiyyətli məhsul istehsalı diqqət mərkəzində saxlanılmalıdır. Nazirlik təkcə yeni istehsal sahələrinin işə salınması ilə kifayətlənməməli, eyni zamanda bu məhsulların daxili və xarici bazarlara çıxışının təmin olunmasında da sahibkarlıq subyektlərinə müvafiq köməklik göstərməlidir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehsal olunan məhsulların keyfiyyətinə, müasir standartlara cavab verməsinə və rəqabət qabiliyyətinə malik olmasına ciddi diqqət yetirməlidir. Aidiyyəti orqanlarla birlikdə ticarət obyektlərində vaxtı ötmüş və sağlamlıq üçün zərərli məhsulların satışdan çıxarılması təmin olunmalıdır.
Naxçıvan Muxtar Respublikasında iqtisadi artımın və makroiqtisadi dayanıqlığın təmin olunmasında özəl sektorun əhəmiyyəti nəzərə alınaraq sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün müvafiq addımlar atılır, mütəmadi olaraq sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir. Bunun nəticəsidir ki, istehsal olunan ümumi daxili məhsulun 87 faizi özəl bölmənin payına düşür. Sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi tədbirləri bundan sonra da davam etdirilməli, bu məqsədlə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyası tələbata uyğun genişləndirilməli, onların təyinatı üzrə sərf olunması təmin edilməlidir. Yerli istehsalın stimullaşdırılmasında maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, bu dəstəyin mütəmadi xarakter alması üçün verilmiş kreditlərin vaxtında geri qaytarılması da mühüm əhəmiyyət kəsb edir. Ona görə də Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və şəhər, rayon icra hakimiyyəti orqanları kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına nəzarəti gücləndirməlidirlər.
Muxtar respublikada aqrar sektorun inkişafı istər əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində, istərsə də emal müəssisələrinin xammalla təchizatında böyük əhəmiyyətə malikdir. Məhz bu səbəbdən muxtar respublikanın sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramlarında, eləcə də 2008-2015-ci illər üzrə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına və 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dair dövlət proqramlarında kənd təsərrüfatının inkişafı ilə bağlı kompleks tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin icrası aqrar sektorda məhsul istehsalının həcminin artmasına səbəb olmuşdur. Hazırda kənd təsərrüfatı məhsullarının kütləvi yığım dövrüdür. İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirlikləri və şəhər, rayon icra hakimiyyətləri istehsal olunmuş məhsulların birbaşa istehsalçılar tərəfindən satışını həyata keçirmək üçün yarmarkaların təşkilini davam etdirməlidirlər. Mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların soyuducu anbarlara alınması üçün də məqsədyönlü tədbirlər görülməli, anbarlarda bu məhsulların normativ qaydalara uyğun şəkildə saxlanılması təmin edilməlidir. Daxili bazarın keyfiyyətli ərzaq və kənd təsərrüfatı məhsulları ilə təchiz olunması üçün Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarını mövsümə uyğun olaraq tənzimləməlidir.
Strateji təyinatlı kənd təsərrüfatı məhsulu olan taxılın vaxtında və itkisiz tədarük olunaraq ehtiyat anbarlarına və dəyirmanlara qəbulu üçün İqtisadi İnkişaf, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirlikləri, yerli icra hakimiyyətləri və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti onlara həvalə olunmuş vəzifələri səlahiyyətləri daxilində yerinə yetirməlidirlər.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında əkinçiliklə yanaşı, heyvandarlığın inkişafı da mühüm əhəmiyyətə malikdir. Əhalinin sağlam və keyfiyyətli qida məhsulları ilə təminatı baytarlıq xidmətinin təşkilindən xeyli dərəcədə asılıdır. Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları öz işlərini günün tələbləri səviyyəsində qurmağı bacarmalı, profilaktiki tədbirləri gücləndirməli, heyvanlar arasında xəstəliklərin qarşısının alınması, onların cins tərkibinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görməlidirlər.
Kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi üçün məhsul istehsalçılarına bir sıra güzəştlər olunur. Belə ki, onlar torpaq vergisi istisna olmaqla bütün növ digər vergilərdən azaddırlar. Həmçinin istifadə etdikləri motor və sürtgü yağlarına görə də onlara maddi yardımlar edilir, güzəştli şərtlərlə gübrə satışı təşkil olunur. Bütün bunlarla yanaşı müasir texnikadan istifadəni təmin etmək və məhsuldarlığı yüksəltmək məqsədi ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya müxtəlif təyinatlı ən müasir texnika və damazlıq cins mal-qara gətirilərək lizinqə verilir. Görülmüş işlərin nəticəli və davamlı olmasını təmin etmək üçün “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və şəhər, rayon icra hakimiyyəti orqanları təşkilati işi gücləndirməli, lizinqə verilmiş texnikaların və damazlıq mal-qaranın saxlanılmasına, eləcə də dəyərinin vaxtında ödənilməsinə diqqəti artırmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatına yararsız torpaq sahələrində meşə və qoruyucu meşə zolaqlarının salınmasını davam etdirməli, meşə massivlərində qurumuş ağacların bərpasını, salınmış yaşıllıqların isti yay günlərində mühafizəsini və vaxtlı-vaxtında suvarılmasını diqqət mərkəzində saxlamalıdır.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etmişdir. Bu sahənin prioritet olması nəzərə alınaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi muxtar respublikada poçt xidmətlərinin yaxşılaşdırılması, eləcə də simsiz internetin əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da artırmalı, “Elektron Hökumət”in və elektron təhlükəsizliyin formalaşdırılması üzrə tədbirləri aidiyyəti dövlət orqanları ilə birlikdə davam etdirməli, elektron xidmətlərdən sadə və məqsədyönlü istifadə təmin olunmalıdır.
Muxtar respublikada son illər tikinti-abadlıq işlərinin geniş vüsət alması bu sahəyə investisiya qoyuluşlarının da həcminə müsbət təsir göstərmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi çalışmalıdır ki, ayrılan maliyyə vəsaitindən səmərəli istifadə olunsun. Tikinti-quruculuq işlərində keyfiyyət amilinə xüsusi diqqət yetirilməli, keyfiyyət sertifikatı olmayan materiallardan istifadənin qarşısı alınmalıdır. İstehsalatda bədbəxt hadisələrin qarşısını almaq üçün təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirləri də gücləndirilməli, işçilərin xüsusi qoruyucu vasitələrlə təmin olunması və onlardan istifadə nəzarətdə saxlanılmalıdır. Tikinti təşkilatları, xüsusilə infrastruktur tikintisini həyata keçirən təşkilatlar öz işlərini aidiyyəti təşkilatlarla əlaqələndirməli, qaz, su, elektrik və rabitə xətlərinin zədələnməsinə və bu səbəbdən təkrar xərclərin yaranmasına yol verməməlidirlər.
Enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublika əhalisini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etməyə imkan vermişdir. Görülmüş işlərin səmərəliliyini artırmaq üçün Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi elektrik enerjisi və təbii qazdan qanunsuz istifadəyə qarşı tədbirləri gücləndirməli və itkinin səviyyəsi minimum həddə olmalıdır. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi muxtar respublikada həyata keçirilən içməli su və kanalizasiya xətlərinin tikintisinin yüksək keyfiyyətlə aparılmasına nəzarəti artırmalıdır.
Savadlı kadrlar olmadan ictimai və iqtisadi həyatın heç bir sahəsində müvəffəqiyyət qazanmaq mümkün deyil. Təhsil Nazirliyi, eləcə də ali və orta ixtisas təhsili müəssisələri savadlı və geniş dünyagörüşə malik gənc kadrların yetişməsi üçün təhsilin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirməlidirlər. Təhsil ocaqlarında informasiya-kommunikasiya texnologiyalarının imkanlarından və interaktiv metodlardan istifadəyə üstünlük verilməlidir. Kompyuter biliklərinin və xarici dillərin tədrisi diqqət mərkəzində saxlanılmalı, uşaqların fiziki hazırlığını gücləndirmək məqsədi ilə bədən tərbiyəsi və hərbi hazırlıq dərslərinin təşkilinə nəzarət artırılmalıdır.
Son illər muxtar respublikada istifadəyə verilən tibb ocaqları ən müasir avadanlıqlarla təmin olunur. Səhiyyə Nazirliyi bu avadanlıqlarla işləyən tibbi kadrların bilik səviyyəsinin artırılması üçün onların ixtisasartırma kurslarına göndərilməsini davam etdirməli, quraşdırılan avadanlıqların qorunmasına və onlardan səmərəli istifadəyə nail olmalıdır. Nazirlik müvafiq qurumlarla birlikdə ictimai-iaşə obyektlərində və satış mərkəzlərində sanitar-gigiyena qaydalarına əməl olunmasına nəzarəti gücləndirməlidir.
Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan müəssisə və təşkilatların fəaliyyətinə nəzarəti gücləndirməli, həmin müəssisələrdə çalışan kadrların peşə hazırlığının artırılmasına və nizam-intizama nail olmalıdır. Kitabxanalarda ilk növbədə qiymətli nəşr nümunələri və nadir kitablar olmaqla, bütün kitabların elektron kataloqlarının yaradılması təmin edilməlidir. Nazirlik muxtar respublikanın turizm potensialından səmərəli istifadəni təmin etməli, turizmin müxtəlif növlərinin inkişafı ilə bağlı tədbirlər görməlidir.
Gənclər və İdman Nazirliyi gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi üçün tədbirləri gücləndirməli, asudə vaxtın səmərəli təşkilinə nail olmalı, gənclərin müxtəlif idman federasiyalarına cəlb olunması və idman yarışlarının kütləviliyinin təmin edilməsi üçün tədbirlər görməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçi və işəgötürənlər arasında əmək münasibətlərinin tənzimlənməsi, əlillərin reabilitasiyası istiqamətində fəaliyyətini gücləndirməli, sosial pensiya və müavinətlərin, o cümlədən ünvanlı dövlət sosial yardımının təyinatında qanunvericiliyin tələblərini təmin etməlidir. Görmə və eşitmə qabiliyyəti məhdud şəxslər üçün audio və elektron kitabxananın zənginləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməlidir. Nazirlik Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə istehsal müəssisələrində və tikinti təşkilatlarında işəgötürənlər tərəfindən işçilərin bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya cəlb olunmasını diqqət mərkəzində saxlamalıdır.
Dövlət Sosial Müdafiə Fondu sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin tam şəkildə məcburi dövlət sosial sığortasına cəlb olunması, sığortaolunanların fərdi hesabları ilə bağlı müraciətlərinin operativ cavablandırılması və avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması üçün tədbirlərin icrasını müəyyən olunmuş qaydada davam etdirməlidir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının reyestrinin aparılmasını və test imtahanları üçün sual bazalarının daim yenilənməsini təmin etməlidir.
Muxtar respublikanın hüquq-mühafizə orqanları hüquqi maarifləndirmə tədbirlərini artırmalı, vətəndaşlara hüquq və vəzifələri izah olunmalıdır.
Dövlət Statistika Komitəsi muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı təhlili materialların, eləcə də tematik icmalların hazırlanaraq kütləvi informasiya vasitələrində işıqlandırılmasını bundan sonra da davam etdirməlidir.
Şəhər və rayon icra hakimiyyətləri yerlərdə abadlıq işlərinin keyfiyyətlə aparılmasına, tullantıların vaxtlı-vaxtında daşınmasına, yaşıllıqların mühafizəsinə, istifadəyə verilmiş xidmət və infrastruktur obyektlərinin normal fəaliyyətilə yanaşı, qorunmasına da xüsusi diqqət yetirməli, nizam-intizam gücləndirilməli, vətəndaşların müraciətləri vaxtında həll olunmalıdır.
Kütləvi informasiya vasitələri fəaliyyətlərini gücləndirməli, hazırlanan teleradio verilişlərinin və qəzet məqalələrinin yaradıcılıq baxımından keyfiyyəti artırılmalıdır. Qəzetlər, televiziya və radiolar tənqidi materialların hazırlanmasından çəkinməməli, nöqsanlar tənqid olunmalı, bununla yanaşı tarix və vətənpərvərlik mövzularına aid materialların verilməsini də diqqət mərkəzində saxlamalı, mətbuat hər bir vətəndaşımızda vətənpərvərlik, yurd sevgisi, milli duyğular oyatmalı, milli dəyərlərimiz və milli mədəniyyətimiz təbliğ edilməlidir.
Muxtar respublikanın bütün müəssisə və təşkilatları “Heydər Əliyev ili”ni yüksək nailiyyətlərlə başa vurmaq üçün kəmiyyətlə yanaşı, keyfiyyət amilinə də ciddi diqqət yetirməlidirlər.
2013-cü ilin ilk yarısının nəticələri ümummilli liderimizin Naxçıvan Muxtar Respublikasının inkişafı ilə bağlı planlarının və arzularının yerinə yetirilməsinin daha bir ifadəsidir. Ulu öndərimizin qoyduğu inkişaf və tərəqqi yolunun davam etdirilməsi hesabına uğurlarımız ildən-ilə dinamik templə artır. Bu siyasətin yaradıcı gücü əhalinin gündəlik yaşayış səviyyəsində, maddi rifah halının yaxşılaşmasında, şəhər və kəndlərimizin sosial mənzərəsinin dəyişməsində öz əksini tapmışdır. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Qarşıda duran bütün vəzifələri yerinə yetirmək üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu siyasət bu gün də Azərbaycana lazımdır, sabah da lazım olacaqdır. Məhz bu yolla gedərək biz daim irəliyə və yeni qələbələrə doğru addımlayacağıq”.
Bu yolda Sizin hamınıza uğurlar arzulayıram.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış yeddinci sessiyası öz işini başa çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.