İyulun 22-də “Min bir gecə” istirahət mərkəzində Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov mərasimdə çıxış edərək media nümayəndələrini milli mətbuatımızın yaranmasının 138-ci ildönümü münasibətilə təbrik etmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır.
Əli Həsənov bildirmişdir ki, bu gün artıq dünyanın müxtəlif ölkələrinin mediası ilə rəqabət aparmaq qabiliyyətinə malik olan Azərbaycanın güclü mətbuatı formalaşmışdır. Ölkəmizdə çağdaş jurnalistikanın bütün janrları dövrün tələbinə uyğun surətdə inkişaf edərək dünya mediasında özünün layiqli yerini tutmaqdadır.
Prezident Administrasiyasının şöbə müdiri diqqətə çatdırmışdır ki, bu gün Azərbaycan dövləti özünün media siyasətini və müxtəlif mətbuat orqanlarına münasibətini heç bir fərq qoymadan davam etdirir. Azərbaycan dövləti azad sözə, siyasi plüralizm prinsiplərinə sadiq qalaraq bütün media qurumlarına eyni münasibət sərgiləyir.
Əli Həsənov bir daha xatırlatmışdır ki, milli mətbuatımızın bayramı günündə Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlər üçün inşa edilmiş yeni binanın açılış mərasimindəki nitqi, dövlətimizin başçısının media mənsubları ilə görüşündə mətbuatımızın bu günü və sabahı ilə bağlı söylədiyi fikirlər bu reallığı bir daha ortaya qoydu. Jurnalistlərin Azərbaycanın dövlət başçısı ilə görüşündə çağdaş mediamızın vəzifələri, onu fərqləndirən xarakterik xüsusiyyətlər, dövlət və jurnalistika, mətbuat orqanlarında çalışanların peşəkarlıq səviyyəsi, jurnalistika və vətənpərvərlik, cəmiyyətin informasiya təminatı ilə bağlı son dərəcə aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Prezident Administrasiyasının rəsmisi demişdir ki, dövlətimizin başçısı İlham Əliyevin yeni binanın istifadəyə verilməsi mərasimindəki dərin məzmunlu nitqi, dəyərli tövsiyələri 138 illiyini qeyd edən Azərbaycan mətbuatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Həmin tədbirdə çağdaş Azərbaycan jurnalistikasının 155 nümayəndəsinin Prezidentin müvafiq sərəncamı ilə tikilmiş binadan mənzil alması faktı ölkəmizdə mətbuata dövlət qayğısının ən bariz nümunəsindən biri kimi tarixə düşəcəkdir.
Şöbə müdiri vurğulamışdır ki, ulu öndər Heydər Əliyev 15 il bundan əvvəl senzuranı ləğv etməklə, Azərbaycanın müstəqil mediasında azad sözün, siyasi plüralizmin dairəsini genişləndirdi, bununla da çağdaş mətbuatımızın tarixinə öz adını qızıl hərflərlə yazdı.
Əli Həsənov, eyni zamanda, xatırlatmışdır ki, ulu öndərin siyasi xətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan dövlətinə başçılıq etdiyi son 10 ildə mətbuatın inkişafını daim diqqət mərkəzində saxlamışdır. Prezidentin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2008-ci ildə mətbuata Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması və bu mühüm sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və onun səmərəli fəaliyyəti Azərbaycan hakimiyyətinin mediaya gündən-günə artan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salmış, “Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı rolu qeyd etmişdir.
Sonra Mətbuat Şurasının təsis etdiyi “Ali media mükafatı” sahiblərinə təqdim olunmuşdur.
Mərasimdə çıxış edən Türkiyə Qəzetçilər Federasiyasının sədr müavini Mehmet Ali Dim qardaş ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulamışdır. O, ölkəmizdə bu sahədə əldə olunan uğurları yüksək qiymətləndirmişdir.
“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer əlamətdar gün münasibətilə jurnalistləri təbrik etmiş və bu qurumun mükafatları media nümayəndələrinə təqdim olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev şirkət rəhbərliyinin jurnalistlərə təbrikini çatdırmış və Mətbuat Şurasının sədri Əflatun Amaşova hədiyyə təqdim etmişdir.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli son illər ölkəmizdə medianın inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır.
V.Səfərli milli mətbuatın 138-ci ildönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat vermişdir. Bildirmişdir ki, müsabiqəyə 92 jurnalistin yazısı təqdim olunmuşdur. Bu yazılar fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilmişdir. Yazı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilmişdir. Sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 45 jurnalistin müsabiqənin qalibi, 15-nin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul etmişlər.
Sonra müsabiqə qaliblərinə fondun mükafatları təqdim edilmişdir.
Tədbir konsert proqramı ilə başa çatmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.